Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1535/2023 16.08.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X7 qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qızına qarşı “sabit pul məbləğində aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2010-ci il təvəllüdlü X1 və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat, cəmi 440 (dörd yüz qırx ) manat və ödənilmiş 50 (əlli) manat mediasiya xərcinin Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində tələbini onunla əsaslandırmışdır ki o, cavabdehlə xx.xx.2011-ci il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahdan xx.xx.2010-ci il təvəllüdlü Mübariz Zeynalov və xx.xx.2011-ci il təvəllüdlü Əkbər Zeynalov adlı övladları dünyaya gəlmişdir. Goranboy rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə aralarında bağlanan nikah pozulmuş və birgə nikahdan doğulmuş xx.xx.2010-ci il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X2 onun yanında qalması qət edilmişdir, lakin uşaqlara dair aliment məsələsi həll olunmamışdır. Cavabdeh Gəncə şəhərində “Adilşəkər”də işləyir və hər ay ***-**** manat arası əmək haqqı alır. Cavabdeh nikah pozulduqdan sonra aliment ödəməmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, cavabdehlə nikahı pozulduqdan sonra o, başqa şəxslə yeni nikaha girmiş və həmin şəxs uşaqların maddi ehtiyacları üçün ona köməklik etsə də, kifayət etmir. Ona görə istəyir ki, uşaqlarının atası da ona maddi köməklik etsin.. Məhkəmə iclasında Cavabdeh izahatında bildirdi ki, iddiaçının iddia tələbində göstərdiyi aliment məbləğini ödəməyə maddi imkanı çatmır. Çünki o da yeni ailə qurmuş və xərcləri artmışdır. Əmək haqqısı cəmi 600 manat təşkil edir və həmin gəlirlə 440 manat aliment ödəməsi maddi cəhətdən çox çətindir, o, hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat miqdarında aliment ödəyə bilər. Eyni zamanda bildirdi ki, nikah pozularkən iddiaçı ilə onun arasında alimentə görə şifahi razılıq olduğu üçün iddiaçı məhkəmədə aliment tələb etməmişdir. Odur ki, qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 822112 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 12 sentyabr 2011-ci ildə Goranboy rayonu, Dəliməmmədli şəhərində doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır; Goranboy Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 605471 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X3 10 avqust 2010-cu ildə Gəncə şəhərində doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır; Goranboy Rayon Məhkəməsinin 2(045)-843/2020 nömrəli, 29 oktyabr 2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 10 fevral 2011-ci il tarixdə Goranboy Rayon Qeydiyyat şöbəsində 74 nömrəli akt qeydi ilə qeydiyyata alınmış nikah pozulmuş, boşanmadan sonra xx.xx.2010-ci il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X5 anaları İddiaçı yanında saxlanılmaları qət edilmişdir; Goranboy Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 380743 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah Goranboy rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə pozulmuşdur; “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh "xxxx" MMC-də təmirçi çilingər-qaynaqçı vəzifəsində işləyir və 669,71 manat əmək haqqı alır; "xxxx" ASC tərəfindən verilmiş 12750 nömrəli, xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Zeynalova X4 təşkilatı üçün 50 manat məbləğində pul ödəmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2010-ci il təvəllüdlü X1 və xx.xx.2011-ci il təvəllüdlü X2 atasıdır. İddiaçı uşaqların saxlanılması üçün hər ay hər uşaq üçün 220 manat, cəmi 440 sabit pul məbləğində aliment tələb edir. Cavabdeh isə alimentin hər ay hər uşaq üçün 220 manat tutulmasına etiraz edərək aylıq qazancına uyğun aliment ödəməyə razıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludur, aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda alimentin tulması barədə məhkəmədə iddia qaldıra bilərlər; 78-ci maddəsinə əsasən uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat müəyyən edilmişdir. Məhkəmə iddia tələbinin tam təmin edilməsini məqsədəmüvafiq hesab etmir. Belə ki, uşaqların saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşağın saxlanılması üçün yalnız atanın maddi öhdəliyini tanıyaraq alimentin məbləğini hər ay 220 manat miqdarında müəyyən etmək, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinə uyğun deyildir. Həmin normaların mənasından görünür ki, uşaqların saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini və gəlirlərini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. Beləliklə, iddiaçının sabit pul məbləğində alimentin tutulmasına dair tələbi olduğundan məhkəmə hesab edir ki, hazırkı iş üzrə yetkinlik yaşına çatmayan xx.xx.2010ci il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmasına görə hər ay hər uşaq üçün 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment müəyyən edilməlidir. Azərbaycan Respublikasnın Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 234.2.1-ci maddəsinə əsasən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə tərəflərin birgə nikahından doğulmuş xx.xx.2010-ci il təvəllüdlü X1 və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən etibarən hər ay hər uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment, həmçinin ödənilmiş 50 (əlli) manat məbləğində mediasiya xərcinin əvəzi tutulmalıdır. Qeyd olunanlara əsasən, MPM-in 216-220-ci, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə tərəflərin birgə nikahından doğulmuş xx.xx.2010-ci il təvəllüdlü X1 və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən etibarən hər ay hər uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment, həmçinin ödənilmiş 50 (əlli) manat məbləğində mediasiya xərcinin əvəzi tutulsun. Qətnamə alimentə dair hissədə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-1535/2023
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1535/2023
16.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver