Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1568/2023 25.10.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi X1, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “uşağla görüş” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, azyaşlı xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X7 ilə hər həftənin şənbə günü saat 10:00-dan 18:00-dək, eyni ilə bazar günü saat 10:00-dan 18:00-dək, ad günləri və bayram günləri görüş (ünsiyyət hüququ) verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə 02 iyul 2014-cü il tarixdə Gəncə “ASAN xidmət” mərkazi Qeydiyyyat şöbəsində nikahı qeyd etdirməklə ailə həyatı qurmuşdur. Birgə nikah dövründə xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X7 adlı iki övladı olmuşdur. Cavabdehlə xasiyyəti tutmur, bir-birilərini başa düşmürlər. Artiq aralarında kı, ailə münasibətləri kəskinləşmişdir. Ailə, münasibətlarinin bərpa olunması mümkün deyildir. Nikahları formal xarakter daşıyır. Cavabdehlə barışmaq fikri yoxdur və onların gələcak birgə ailə həyatinın barpa olunması, ailənin qorunub saxlanması mümkün deyildir. Cavabdehlə faktiki olaraq ayrilmiş və uşaqlar cavabdehin himayəsində qalır. Cavabdeh Goranboy rayon Məhkəməsində uşaqların saxlanılması üçün aliment iddiası qaldırmış və bir uşaq üçün 140 manat olmaqla, iki uşaq üçün 280 manat aliment təyin edilmişdir. O, uşaqlarının saxlanılması üçün təyin edilən alimenti vaxtli-vaxtında ödəyir. Cavabdeh ona uşaqları ilə görüşməyə icazə vermir. O, isə uşaqları ilə mütəmadi olaraq görüşmək və ünsiyyətdə olmaq istəyir. Onun, xx.xx.2014-cü il tavəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X7 ilə uşaqlarin atası kimi hər həftənin şənbə, bazar, ad günləri və bayram günləri görüş verilməsini istayir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul edərək izahatında bildirdi ki, iddiaçının uşaqları ilə şənbə günləri saat 13:00-dan 17:00-dək ünsiyyətdə olmasına etiraz etmir. Odur ki, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində bağlanmış AZ-İ seriyalı 963699 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X8 arasında nikah 02 iyul 2014-cü il tarixdə bağlanmış və bu barədə nikahın bağlanmması haqqında akt qeydləri kitabında 1239 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra sonuncuya “Zeynalova” soyadı verilmişdir; Gəncə “ASAN xidmət məkəzi” Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2014-cü ildə Gəncə şəhərində doğulmuşdur, atası İddiaçı, anası Cavabdehdır; Gəncə “ASAN xidmət məkəzi” Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2017-ci ildə Goranboy rayonunda doğulmuşdur, atası İddiaçı, anası Cavabdehdır; Goranboy rayon Məhkəməsinin 2(045)-746/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 140 (yüz qırx) manat, cəmi 280 manat (iki yüz səksən) manat sabit pul məbləğində alimentin iddiaçı Cavabdeh xeyrinə tutulması qət edilmişdir; Goranboy Rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyindən görünür ki, adı çəkilən Komissiya xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X7 ilə ünsiyyətdə olmasını və görüş verilməsini məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin sənədlərini araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh birgə nikahından xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X7 doğulmuşdur. Tərəflər arasında olan ailə münasibətləri pozulmuş və uşaqlar hazırda cavabdehin yanında qalır. İddiaçı ilə cavabdeh ayrı yaşayır. İddiaçı övladını inkişafı və tərbiyəsində yaxından iştirak etmək arzusundadır. İddiaçının əqli və fiziki cəhətdən sağlam olmadığı, habelə uşağa münasibətdə hər hansı mənfi təsirinin olması ilə bağlı hallar müəyyən edilməmişdir. Goranboy Rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyi ilə İddiaçı övladı xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X7 ilə ünsiyyətdə olması yetkinlik çatmayanın hüquq və mənafeyinə uyğun hesab edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Həmin Konstitusiyasının 34-cü maddəsinin İV hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 50.1-ci maddəsinə əsasən uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir; 61-ci maddəsinə görə uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Uşaqlardan ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. Məhkəmənin qətnaməsinə əməl etməyən valideynə qarşı mülki-prosessual qanunvericiliyə uyğun ölçü götürülür. Bu qətnaməyə qəsdən əməl edilmədikdə, məhkəmə uşaqdan ayrı yaşayan valideynin tələbi ilə uşağın mənafeyi və rəyi nəzərə alınmaqla onun həmin valideynə verilməsi haqqında qətnamə qəbul edə bilər; 73-cü maddəsinə əsasən uşaqların tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə baxılarkən, uşağın müdafiəsi üçün iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanı işə cəlb edilir. Müvafiq icra hakimiyyəti orqanı mübahisə ilə bağlı uşağın və onun tərbiyəsi ilə məşğul olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair ona əsaslanmış rəyini məhkəməyə təqdim etməyə borcludur. Uşaq hüquqlarına dair BMT Konvensiyasının 9-cu maddəsinin 1-ci bəndinə əsasən, iştirakçı dövlətlər təmin etməlidirlər ki, uşaq öz valideynlərinin arzusuna zidd olaraq onlardan ayrılmasın. Həmin Konvensiyanın 3-cü maddəsinə görə, məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 8-ci maddəsinə əsasən, hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün sağlamlığı, yaxud mənəviyyatı mühafizə etmək üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, dövlət hakimiyyəti orqanları tərəfindən bu hüququn həyata keçirilməsinə mane olmağa yol verilmir. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dovlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xususən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 oktyabr 2011-ci il tarixli 6 nömrəli Qərarının 2-ci bəndində qeyd edilmişdir ki, məhkəmələr uşaqla ünsiyyətdə olma vaxtını müəyyən edərkən işin bütün hallarını, o cümlədən ailədə neçə uşağın olmasını, onların yaşını, bağçaya, yaxud məktəbə gedib-getməməsini, səhhətini, hansı valideynə daha çox bağlılığını, onun mənəvi, psixi və fiziki inkişafına təsir edən digər amilləri nəzərə almalıdır. Tərəflərin qarşılıqlı münasibətləri, işin faktiki halları nəzərə alınmaqla məhkəmənin qətnaməsində uşaqla görüşün (ünsiyyətin) yeri, vaxtı, hansı şəraitdə keçirilməsi, eyni zamanda görüşdə iştirak edən şəxslərin dairəsi göstərilə bilər. Həmin qərarın 6-cı bəndində məhkəmələrə izah edilmişdir ki, uşaqların öz valideynləri və digər qohumları ilə ünsiyyətdə olmasının formaları (yazışma, şəxsi görüşlər, telefon danışıqları və s.) uşağın yaşından, onun və valideyninin yaşayış yerindən, ailədə münaqişələrinin olubolmamasından və sair konkret hallardan asılı olaraq təyin edilə bilər. Göründüyü kimi, hazırda uşaqlarından ayrı yaşayan iddiaçının övladları ilə ünsiyyətdə olma hüququnun təmin olunmasına ümumilikdə cavabdeh tərəfindən etiraz edilməmişdir. Məhkəmə bu halı, habelə İddiaçı uşağın fiziki, psixi sağlamlığına, onların əxlaqi inkişafına və tərbiyəsinə zərər yetirə bilməsi halının müəyyən edilməməsini və uşaqların mənafeyini nəzərə alaraq hesab edir ki, iddiaçının uşaqları ilə ünsiyyət hüququ təmin olunmalıdır. Bununla belə məhkəmə, tərəflərin münasibətlərinin mövcud vəziyyətini, uşaqların yaşını və onların mənafeyi ilə bağlı digər diqqətəlayiq halları, eyni zamanda cavabdehin ünsiyyət imkanlarını məhdudlaşdırmamaqla iddiaçının uşaqları ilə ünsiyyət imkanından maksimum istifadə edə bilməsinin təmininin zəruriliyini, habelə cavabdehin iddiaçının uşaqlarla ünsiyyətdə olmasına etiraz etməməsini nəzərə alıb belə qənaətə gəlir ki, iddiaçının uşaqlarla ünsiyyətdə olması qaydası hər həftənin şənbə günləri saat 13:00-dan saat 18:00-dək və bazar günləri saat 12:00-dan saat 17:00-dək müəyyən edilməlidir. Eyni zamanda məhkəmə, tərəflərin bir-biri ilə soyuq münasibətlərini və iddiaçının uşaqlara münasibətdə hər hansı mənfi təsirinin müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, iddiaçının uşaqlarla görüşü ananın, yəni cavabdehin iştirakı olmadan keçirilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı övladı xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X7 ilə ünsiyyətdə olma hüququ təmin olunmalı, İddiaçı övladları xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X7 ilə ünsiyyətdə olma qaydası hər həftənin şənbə günləri saat 13:00-dan saat 18:00-dək və bazar günləri saat 12:00-dan saat 17:00-dək Cavabdeh iştirakı olmadan müəyyən edilməlidir. Qeyd olunanlara əsasən, MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı övladı xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X7 ilə ünsiyyətdə olma hüququ təmin olunmalı, İddiaçı övladları xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X7 ilə ünsiyyətdə olma qaydası hər həftənin şənbə günləri saat 13:00-dan saat 18:00-dək və bazar günləri saat 12:00-dan saat 17:00-dək Cavabdeh iştirakı olmadan müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-1568/2023
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1568/2023
25.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver