Məhkəmə qərarları › İş №2(045)-1596/2023

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1596/2023

18.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1596/2023 18.10.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X34 qızının katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evdən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evdən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin uşaqları X2, X3 və X4 ilə birlikdə ona mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi 0,8 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarış və texniki pasportla təsdiq edilir. Həmin sənədlərin notarial surətləri iddia ərizəsinə əlavə olunur. Onun vəfat etmiş böyük qardaşı 1951-ci il təvəllüdlü X8 1980-ci ildə evləndikdən sonra hal-hazırda onun mülkü olan ev təsərrüfatından rəsmi qaydada ayrılaraq Goranboy şəhərinin 36-cı kvartal deyilən ərazisindən 0,6 ha torpaq sahəsi almışdır. Lakin, maddi imkanı olmadığından ev tikdirə bilməmiş və müvəqqəti olaraq onun tərəfindən öz sahəsində sənədsiz inşa etdiyi əlavə otaqlarında ailəsi ilə birlikdə qonaq olaraq yaşamışdır. Cavabdeh1 qardaşı qızıdır. Digər Cavabdeh2 onun əridir. Cavabdeh1 2005-ci ildə Goranboy rayonunun Abbasqulular kənd sakini Cavabdeh2 ərə getmişdir. Cavabdehlər həmin Abbasqulular kəndində özlərinə məxsus torpaq sahəsində hər şəraiti olan yaşayış evi tikdirmişlər və orada yaşamışlar. Həmin kənddə yaşadıqları dövr ərzində onların birgə nikahdan 2006-cı il təvəllüdlü Feyzullayeva Fəridə, 2013-cü il təvəllüdlü Feyzullayeva Kəmalə ve 2015-ci il təvəllüdlü Feyzullayeva Həmayə adlı 3 övladı doğulmuş və onlar uşaqları ilə birlikdə daimi olaraq Abbasqulular kəndindəki evlərində yaşamışlar. Qardaşı və onun arvadı 2021-ci ilin oktyabr ayına kimi Bakı şəhərində kiçik qızlarının evində yaşamışlar. Qardaşı 12 oktyabr 2021-ci il tarixdə vəfat etmişdir. Bundan sonra onun dul arvadı Goranboya gələrək müvəqqəti olaraq onun evində yaşamışdır. Bundan istifadə edən 1-ci Cavabdeh1 anasına kömək etmək adı ilə onun evinə gəlibgetmiş, qardaşının 40 mərasiminin səhərisi günü isə əri 2-ci Cavabdeh2 və 3 uşağını da özü ilə gətirərək onun icazəsi olmadan zorla evinə soxulub orada qalırlar. Nə evinə, nə də torpaq sahəsinə heç bir hüquqlarının olmadığına baxmayaraq hər iki cavabdeh özbaşına əmlakına sahiblik edir və onun icazəsi və razılığı olmadan 4 otaqdan ibarət olan 124,3 m2 yaşayış evinə həyətdən girişi hördürüblər və evin arxasını sökərək çöldən qapı açdırıblar. 2021-ci ilin oktyabr ayından başlayaraq onun mülkiyyəti olan ünvan 1 ünvandakı fərdi yaşayış evi cavabdehlərin qanunsuz sahibliyindədir. Cavabdehlərdən dəfələrlə tələb etdiyinə baxmayaraq onlar hal-hazıra kimi evinə qanunsuz sahiblik edirlər va evindən çıxmırlar. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və əlavə olaraq bildirdi ki, əvvəllər qardaşı ilə birlikdə ata evində yaşamışlar. Sonradan qardaşı ailə qurmuş, evdə sıxlıq yarandığı üçün 1981-1987-ci illərdə qardaşına ayrı ev tikdirmişdir. O, evi müvəqqəti yaşamaq üçün qardaşına vermiş, qardaşıgil evə köçərək daimi yaşamış və uşaqları da həmin evdə anadan olmuşdur. Cavabdeh atası vəfat edəndən sonra ailəsi ilə birlikdə evi zəbt etmişdir. Evin hüquq müəyyənedici sənədi olmasa da ev ona məxsusdur. Tikinti üçün işlənmiş materialların onun tərəfindən alınmasını şahidlər də təsdiq edirlər. Məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında bildirdi ki, iddia tələbi əsassızdır. Belə ki, hazırda yaşadığı ev onun valideynlərinə məxsusdur. Anası bankda işləmiş, atası ilə birlikdə özlərinə ayrı ev tikdirmişlər. Onlar həmin evdə anadan olmuş və uşaqlıqdan orada yaşamışlar. Evin kommunal xidmətləri də atasının adınadır. Atası vəfat etdikdən sonra evin boş qalmamağı və ev şəhərin mərkəzində yerləşdiyi üçün ora köçmüşdür. Atasının sağlığında heç vaxt belə söhbət olmamışdır. Atası vəfat etdikdən sonra iddiaçı evin ona məxsus olduğunu bildirmişdir. Hazırda valideynləri vəfat etdiyi və onların oğlu olmadığı üçün iddiaçı atasına məxsus evə sahiblənmək niyyətindədir. Məhkəmədən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, o, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatlarını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində bildirdi ki, o, iddiaçının bacısı, cavabdehin bibisidir. Mübahisəli evin iddiaçıya heç bir aidiyyəti yoxdur. Belə ki, hazırda mövcud olan tikililərin yerində onların ata evi olmuş, həmin evdə birlikdə yaşamışlar. Atası 1965-ci ildə ata evini yenidən tikdirmişdir. Cavabdehin atası 1980-ci ildə, iddiaçı isə 1994-cü ildə ailə qurmuşdur. İddiaçı ata evində yaşamış, cavabdehin atası üçün isə ailə qurduqdan sonra atası ayrı ev tikdirmişdir. Cavabdehin anası bankda işləmiş, evin tikintisinə cavabdehin valideynləri də köməklik etmişlər. İddiaçı mübahisəli evin tikintisinə qəpik də pul xərcləməmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirdi ki, o, iddiaçının bacısı, cavabdehin bibisidir. Cavabdehin atası və anası 1980-ci ildə ailə qurmuş, onların qız övladları anadan olmuşdur. Anası hər iki qardaşını çox istədiyindən oğlanlarının eyni həyətdə yaşamasını istəmişdir. Bu səbəbdən ata evləri iddiaçıya verilmiş, cavabdehin atasına isə həmin torpaq sahəsində ayrı ev tikdirmişlər. Mübahisəli evi iddiaçı deyil cavabdehin valideynləri və atası tikdirmişlər. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirdi ki, o, iddiaçının arvadının dayısıdır. İddiaçı ilə əvvəldən dostluq münasibətləri olmuşdur. Evi iddiaçı tikdirmişdir. 1994-1995-ci illərdə evin tikintisi üçün taxta almışlar. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş X24 ifadəsində bildirdi ki, o, iddiaçı ilə uşaqlıq dostudur. İddiaçı evi qardaşı üçün tikdirmişdir. O, iddiaçının evin tikintisi üçün sement, daş, qum almasına şahid olmuş, iddiaçı ilə birlikdə 3 dəfə gedib dam örtüyü almışlar. O, daim Bakı şəhərində yaşamış, sadəcə material alanda gələrək bazadan gedib birlikdə almışlar. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində bildirdi ki, o, iddiaçı ilə iş yoldaşı olmuşdur. Onun VAZ 2106 markalı minik avtomobili olmuş, iddiaçı onunla Kürəkçay tikinti bazasına getmişdir. Bazadan alınan taxta şalmanın yük maşınına yüklənib gətirilməsini görmüş, lakin materialın pulunun iddiaçı tərəfindən verilməsinin şahidi olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: JN-902A, KOD 50901004 nömrəli “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, Goranboy Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 35 saylı qərarına əsasən 0.08 hektar torpaq sahəsi Goranboy şəhər sakini İddiaçı mülkiyyətinə verilmişdir; Goranboy ŞİƏDÜ nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, 1709 nömrəli arayışdan görünür ki, xx.xx.1989-cu il tarixdə vəfat etmiş X14 və xx.xx.1996-cı il tarixdə vəfat etmiş X22 vəfat edənədək ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamışlar və vərəsələri: oğlu - İddiaçıdur; Goranboy Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arxiv arayışının surətindən görünür ki, Goranboy Rayon (keçmiş Qasım İsmayılov şəhəri) XDS İcraiyyə Komitəsinin Goranboy Rayon Dövlət Arxivində mühafizə olunan (1983-1985-ci illər) təsərrüfatbaşına kitabın 250 №li şəxsi hesabında ailə başçısı X8 olmaqla ailə üzvlərinin siyahısı həyat yoldaşı X7, qızları Cavabdeh1, X5 və X6 qeyd olunmuşdur; Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən 0.08 ha torpaq sahəsi və 104.70 kv.m fərdi yaşayış evi İddiaçı adına qeyd edilmişdir. Goranboy ŞİƏDÜ nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1946 nömrəli arayışdan görünür ki, İddiaçı adına Goranboy Şəhər İcra Nümayəndəliyinin 2018-2022-ci illər üçün 15 saylı təsərrüfat başına uçot kitabının 3 saylı vərəqində 0.08 ha həyətyanı torpaq sahəsi qeyd olunmuşdur; Goranboy Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arxiv arayışının surətindən görünür ki, Goranboy Rayon İcra Hakimiyyəti başçısının Goranboy şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Goranboy Rayon Dövlət Arxivində mühafizə olunan təsərrüfatbaşına kitabın (1983-1985-ci illər) 249 №li şəxsi hesabında ailə başçısı X14 olmaqla təsərrüfat üzvlərinin siyahısı arvadı X22, oğlu İddiaçı, qızı X9, gəlini X10, qadınlar X15 və X16, təsərrüfatın şəxsi istifadəsində olan torpaq sahəsi 0.08 ha qeyd olunmuşdur; Goranboy Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arxiv arayışının surətindən görünür ki, Goranboy Rayon İcra Hakimiyyəti başçısının Goranboy şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Goranboy Rayon Dövlət Arxivində mühafizə olunan təsərrüfatbaşına kitabın (1977-1979, 1980-1982-ci illər) 61-ci şəxsi hesabında ailə başçısı X8 tək təsərrüfat sahibi olmaqla şəhərin 36-cı kvartalından 0.06 ha torpaq sahəsi verildiyi qeyd olunmuşdur. Mübahisənin mahiyyəti üzrə həlli üçün məhkəmə tərəfindən müəyyən olunmuş işin faktiki halları ondan ibarətdir ki, ünvan 3 ünvanında 0.08 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Cavabdeh1 iddiaçının ölmüş qardaşı X1 qızı, Cavabdeh2 isə onun əridir. Cavabdehlər övladları ilə birlikdə mübahisəli tikilidə yaşayır, iddiaçı isə evin özünə məxsus olduğunu, cavabdehlərin evini zəbt etdiyini bildirərək onlara qarşı hazırkı iddia tələbini irəli sürmüşdür. Məhkəmə qeyd edir ki, işin hallarına görə tərəflər arasında yaranmış mübahisə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış fərdi yaşayış evindən çıxarılma ilə bağlıdır və mübahisə aşağıdakı hüquq normaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının: 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur; 158.1.2-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır; 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər; 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir; 159-cu maddəsinə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir; 163.1-ci maddəsinə əsasən sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur; 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir; 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir; 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir; 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir; 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehlərin onun mülkiyyətini mənimsəməsi nəticəsində mülkiyyət hüququnun pozulmasına dəlil olaraq istinad etsə də məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, mübahisəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış və hüquqi statusu etibarilə özbaşına tikilidir. Bundan əlavə, məhkəmə araşdırması zamanı cavabdehlərin istifadəsində olan həmin tikiliyə dair hər hansı hüquq müəyyənedici sənəd təqdim edilməmişdir. Mübahisəli ev fiziki obyekt kimi daşınmaz əşyadır və həmin evin özbaşına tikili statusuna malik olması həmin əmlakla bağlı hər hansı tələb irəli sürməni məhdudlaşdıran hal kimi qəbul edilə bilməz. Belə ki, mülkiyyətçi olmayan şəxsin əmlak (əşya) hüquqları istənilən şəxsin, o cümlədən mülkiyyətçinin qanunsuz hərəkətlərindən müdafiə edilir. Lakin, bu halda hüquq müəyyənedici sənədi olmasa da həmin tikilinin iddiaçıya məxsusluğu öz təsdiqini tapmalıdır. Sübutetmənin bölüşdürülməsi qaydalarına uyğun olaraq iddiaçı ilkin olaraq tikilinin ona məxsus olmasını sübut etməlidir. Onun sübutları ağlabatan göründüyü təqdirdə cavabdehin etirazları araşdırılmalıdır. Lakin, nə qədər ki, iddiaçı tikilinin ona məxsus olması halını sübuta yetirə bilmir, cavabdeh tərəfin etirazının araşdırılmasına zərurət aradan qalxır. Çünki iddia tələbi cavabdehin etirazları araşdırılmadan özü-özlüyündə təmin olunmayan iddia hesab olunur. Məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Belə ki, iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Hazırkı iş üzrə isə iddiaçının mülkiyyətində olduğunu iddia etdiyi tikiliyə bu cür statusa malik olduğu, ümumiyyətlə sözügedən tikilinin hər hansı hüquqla iddiaçıya məxsusluğu müəyyən edilməmişdir. Belə ki, işin araşdırılmış halları ilə tikilinin hər hansı hüquq müəyyənedici sənədi mövcud olmamaqla yanaşı, həmin tikilinin məhz iddiaçının faktiki sahibliyi və istifadəsində olması işin halları ilə təsdiqini tapmır. Hər hansı əmlakın şəxsin mülkiyyətində olması faktı dövlət reyestrindən verilmiş çıxarışla təsdiq olunur. Belə bir çıxarış məhkəməyə təqdim edilməmiş və iş materiallarında aşkar edilməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş çıxarış isə hazırda cavabdehlərin çıxarılmasını tələb etdiyi evin deyil iddiaçının özünün yaşadığı evin mülkiyyət sənədidir. Məhkəmə qeyd edir ki, iddia tələbi üzrə iddiaçının müvafiq subyektiv hüquqa malik ola bilməsi üçün iddiaçı əmlakın mülkiyyətçisi olmalı və mülkiyyətin müdafiəsi ilə bağlı normalar tətbiq olunmaqla mübahisə həll edilməli və ya mülkiyyətdə olmasa belə əmlak faktiki iddiaçıya məxsus olmalı və mübahisəyə sahibliyin müdafiəsi ilə bağlı normalar tətbiq olunmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin mülkiyyət hüququnun müdafiəsi ilə bağlı 157.2-ci və sahibliyin müdafiəsi ilə bağlı 164.1-ci maddələri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülkiyyətin müdafiəsi ilə bağlı normanın dispozisiya şərtlərindən aydın olur ki, iddiaçının həmin tələblə çıxış edə bilməsi üçün əşyanın mülkiyyətçisi olması və cavabdehin əşyaya sahibliyinin qanunsuz olması aşkar edilməlidir. Tələbin qanuni əsası kimi bu normaya söykənən iddianın təmin olunması üçün həmin ünsürlərin hər biri müəyyən edilməlidir. Başqa sözlə, iddiaçının bildirdiyi hallar, göstərilən dispozisiya şərtləri ilə uzlaşdıqda iddia əsaslı sayıla və təmin edilə bilər. Onlardan biri aşkar olunmadıqda sonrakı ünsürlərin araşdırılmasına gərək qalmadan həmin normaya söykənən iddia rədd olunmalıdır. Odur ki, mübahisəli ev hal-hazırda özbaşına tikili statusundadır, iddiaçının mülkiyyətində olan evin ayrılmaz tərkib hissəsi deyildir, Avropa Məhkəməsinin presedentləri baxımından qanuni və əsaslı gözlənti hüququ mülkiyyət hüququ kimi qiymətləndirilsə də iddiaçının həmin yaşayış sahəsinə mülkiyyət hüququnu tanıtmağa gözlənti hüququ yoxdur. Göründüyü kimi, mübahisəli tikiliyə dair hüquqi vəziyyət belədir ki, həmin tikili özbaşına olmaqla iddiaçı onun mülkiyyətçisi deyil, eyni zamanda iddiaçının həmin tikili üzərində mülkiyyət hüququna gözləntisinin qanuni və əsaslı sayıla bilməsi üçün zəruri şərtlər də müəyyən edilməmişdir. Belə olan halda, əksi müəyyən olunanadək mülkiyyətçi olmayan şəxs Mülki Məcəllənin 157.2-ci maddəsinə istinad edərək iddia qaldırsa da məhkəmə həmin normaya əsaslanmaqla tələbi təmin edə bilməz. Məhkəmə iddia tələbinin digər qanuni əsaslarını nəzərdən keçirərək qeyd edir ki, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur (Mülki Məcəllənin 157.8-ci maddəsi). Mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ, servitutlar da əmlak hüquqları sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Nəzərə alınmalıdır ki, bu normalarda məhdud əşya hüquqlarından (məsələn servitut, uzufrukt, girov və s.) irəli gələn sahiblik və istifadə nəzərdə tutulmuşdur. Hazırkı işdə mübahisə predmeti olan tikiliyə iddiaçının hər hansı məhdud əşya hüququna malik olması müəyyən edilməmişdir. Belə olan halda, Mülki Məcəllənin 157.8-ci maddəsinin tətbiq edilməsi də mümkün deyil. Məhkəmə qeyd edir ki, iddianın hüquqi əsası kimi sahibliyin müdafiəsi və pozulmasına dair Mülki Məcəllənin 164.1 və 165.1-ci maddələrinin yoxlanıla bilməsi üçün iddiaçının əşyaya sahiblik etməsi faktı müəyyən edilməlidir. Lakin, iddiaçının mübahisəli tikiliyə sahiblik etməsi faktı da müəyyən edilməmiş, əksinə işin mübahisəsiz hallarından görünür ki, hazırda həmin tikilidə cavabdehlər və övladları yaşamaqla sahiblik edirlər. Həmin maddələri tətbiq etməklə iddia o zaman təmin edilə bilərdi ki, mübahisəli tikili iddiaçıya məxsus olmaqla onun sahibliyində olsun, cavabdeh mübahisəli tikiliyə sahibin iradəsinə zidd olaraq özbaşına köçsün və onu sahiblikdən məhrum etsin. Həmçinin nəzərə alınmalıdır ki, mübahisə predmetinin özbaşına tikili olması özlüyündə həmin evə ümumiyyətlə hüququn olmaması kimi qəbul edilməməlidir. Özbaşına tikilidən istifadə ilə bağlı mübahisələrdə başlanğıc prinsip olaraq şəxsin əşya hüquqlarının qorunması üstün tutulmalıdır. Ev özbaşına tikili olsa da, şəxs həmin tikiliyə öz vəsaitini xərcləmişdirsə tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər (məsələn, maraqlı şəxsin iddiası ilə məhkəmə qətnaməsi əsasında sökülənə qədər) onun taleyini həll etmək tikintiyə xərc çəkmiş şəxsə məxsusdur. Həmin əşyanı sökmək, ona sərf etdiyi materialı başqa yerdə istifadə etmək, satmaq, bağışlamaq və.s hüquqlar əşya sahibinə məxsusdur. Həmin hüquqlar ona vəsait xərcləməyən (əşyanın maddiləşmiş kütləsində payı olmayan) digər şəxsin hüquqları ilə yüklü edilə bilməz. Müasir dünyada hüququn inkişafı bu istiqamətdədir, ona görə analoji işlərdə mövqe əşyanın sahibinin hüquqlarının qorunması istiqamətində olmalıdır. Hazırkı halda mübahisənin həlli üçün müəyyən edilməli olan zəruri hal evin kimə məxsus olması, kimin tərəfindən, kimin vəsaiti hesabına inşa edilməsidir. Lakin, iddiaçı bu halları sübuta yetirə bilməmişdir. Evin tikilməsində iddiaçının hər hansı formada iştirak etməsi, həmin evin iddiaçı tərəfindən tikilməsi halı öz təsdiqini tapmır. Həmçinin, qeyd olunmalıdır ki, cavabdeh həmin evdə doğulmuş, yaşamış, hal-hazırda da ailəsi ilə birlikdə orada yaşayır və daşınmaz əmlakdan istifadədən irəli gələn bütün sənədlər, o cümlədən, ödənişlər cavabdehin adına rəsmiləşdirilmişdir. Cavabdeh həmin ünvanda daimi yaşayış yeri üzrə pasport qeydiyyatındadır, həmin ünvan üzrə qazla bağlı ödəniş qəbzləri sağ olduğu dövrdə cavabdehin atası X1, hazırda isə cavabdehin adına qeydə alınmışdır. Qeyd olunmalıdır ki, Mülki Məcəllənin 180-ci maddəsinin ümumi məzmununa görə özbaşına tikili aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Doğrudur həmin Məcəllənin 180.3-cü maddəsinin dispozisiyasına görə mülkiyyətində olan torpaq sahəsində özbaşına tikili aparmış şəxsin həmin tikiliyə mülkiyyət hüququ məhkəmə tərəfindən tanına bilər. Lakin, işin tədqiq olunan faktiki hallarından göründüyü kimi özbaşına tikilinin yerləşdiyi torpaq sahəsi iddiaçının mülkiyyətində olsa da tikili 1980-ci illərdə tikilmiş, torpaq sahəsi isə 1999-cu ildə iddiaçının mülkiyyətinə verilmişdir. Həmçinin evin cavabdeh tərəfindən tikilməsi sübuta yetirilməmişdir. Başqa sözlə, iddiaçının iddia etdiyi özbaşına tikiliyə hər hansı hüququ yoxdur. Belə olan halda iddiaçının həmin əmlaka dair subyektiv hüququndan söhbət gedə bilməz. Məhkəmə iddiaçı tərəfindən dindirilən şahidlərin ifadələrini mötəbər sübut kimi qəbul etmir. Belə ki, onların ifadələri ağlabatan deyildir. Məsələn, X12 1994-1995-ci illərdə evin tikintisi üçün taxta alındığını bildirmiş, lakin ev 1980-ci illərdə tikilmişdir. X24 daim Bakı şəhərində yaşadığını, sadəcə material alanda gələrək bazadan gedib birlikdə aldıqlarını bildirmiş, lakin həmin illərdə xüsusilə də nəqliyyat vasitələrinim məhdud olduğu vaxtda material almağa Bakı şəhərindən Goranboy rayonuna gəlməsi inandırıcı deyildir. X13 isə bazadan alınan taxta şalmanın yük maşınına yüklənib gətirilməsini gördüyünü, lakin materialın pulunun iddiaçı tərəfindən verilməsinin şahidi olmadığını bildirmişdir. Həmin şahidlərin ifadələri iddiaçının mənafeyinə uyğun olmaqla həmin evin iddiaçıya aid olması barədə mötəbər sübut kimi qəbul edilə bilməz. Cavabdeh tərəfindən dindirilmiş şahidlər isə iddiaçının bacıları, cavabdehin isə bibiləridir. Onların ifadələrinin ümumi məzmunundan aydın olur ki, ata evlərinin yerində yeni ev tikilmiş, həmin ev iddiaçının yaşaması üçün nəzərdə tutulmuş, sonradan inşa edilmiş mübahisəli tikili isə cavabdehin atasına məxsus olmuşdur. Mübahisəli tikilini atası və cavabdehin valideynləri tikdirmişdir. Həmin şahidlər hər iki tərəflə qohumluq münasibətində olduğundan ifadələri tərəfsiz olmaqla mötəbər hesab edilə bilər. Mübahisəli tikilinin iddiaçıya məxsusluğu sübut olunmadığı halda yalnız mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsinin iddiaçının mülkiyyətində olması əsası ilə iddia təmin edilə bilməz. Tikili özbaşına olsa da yerləşdiyi torpaq sahəsinin mülkiyyətdə olmasına əsaslanaraq iddia o halda əsaslı hesab edilə bilərdi ki, tikilinin iddiaçıya məxsusluğu işin mübahisəsiz halı olsun. Belə ki, həmin tikilinin kimin tərəfindən inşa edilmiş olması mübahisənin həlli üçün əhəmiyyət kəsb edən hallardandır. Tikilinin hazırda iddiaçının istifadəsində və sahibliyində olması da müəyyən edilməmiş, ümumiyyətlə iddiaçıya məxsusluğu sübut olunmamışdır. Odur ki, iddiaçı cavabdehlərin uşaqları ilə birlikdə ona məxsus olan fərdi yaşayış evindən çıxarılmasını xahiş etsə də, işin faktiki halları ilə müəyyən edilmişdir ki, fərdi yaşayış evi iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış və mübahisəli tikilinin işin faktiki halları ilə iddiaçıya aid olması müəyyən edilməmiş, iddiaçının həmin evə qanunla müəyyən edilmiş qaydada hər hansı bir hüququnun olması sübuta yetirilməmişdir. Başqa sözlə, iddiaçını hazırkı iddia tələbini irəli sürməkdə subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mübahisəli tikilinin qanunla müəyyən olunmuş qaydada əldə edilməsi, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və ya evin tikintisinin iddiaçı tərəfindən həyata keçirilməsi barədə sübutlar təqdim edilmədiyindən, tələbin əsaslı hesab edilməsi üçün iddiaçı mübahisəli ev üzərində dövlət tərəfindən tanınan hüquqlara malik olmadığından iddiaçının hazırkı tələbinin qanuni əsası yoxdur, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün müvafiq subyektiv hüquqa malik deyildir və bu səbəbdən iddia təmin edilə bilməz. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. İddiaçının ev üzərində hüququ olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçıya qarşı törətdiyi məhrumetmə (mənzildən çıxarma) qanunsuzdur. Beləliklə, iddia təmin ediləcəyi halda yuxarıda qeyd olunan qadağanedici norma pozulmuş olar. “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evdən çıxarılma” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı aid edilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evdən çıxarılma” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar