Məhkəmə qərarları › İş №2(045)-1635/2023

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1635/2023

19.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1635/2023 19.10.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ X6 Məhəmməd oğlunun sədrliyi, məhkəmə iclasının katibi Vəliyev Rövşən Rafail oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «uşaqla ünsiyyət» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 birgə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27 noyabr 2016-cı il tarixdə anadan olmuş nəvə X2 ilə görüş-ünsiyyət verilməsi, nəvələri ilə görüşmək və ünsiyyətdə olmaqlarına cavabdeh tərəfindən maneə olmamanın cavabdehin üzərinə vəzifə kimi qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 birgə iddia ərizəsində dəqiqləşdirmə apararaq 27 noyabr 2016-cı il tarixdə anadan olmuş nəvə X2 ilə hər həftənin şənbə günü saat 11:00dan 18:00-dək görüş-ünsiyyət verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onların gəlini olmuşdur. Gəlini və oğlu X1 ilə 2015-ci ildə ailə qurmuşlar. Birgə yaşadıqları müddətdə 27 noyabr 2016-cı il tarixdə X2 doğulmuşdur. Oğlu ilə gəlin arasında münaqişə olmuş, cavabdeh uşağı da götürərək özü ilə aparmışdır. Lakin cavabdeh nəvələrini onlara müxtəlif bəhanələrlə göstərməmişdir. Buna görə də 27 noyabr 2016-cı il tarixdə anadan olmuş nəvəsi X2 ilə hər həftənin şənbə günü saat 11:00-dan 18:00-dək görüş-ünsiyyət verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermişdir. Məhkəmə iclasında İddiaçı2 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, nənə babanın nəvə ilə ünsiyyətdə olmaq hüququ vardır. Bu səbəbdən də iddiaçıların nəvəsi ilə ünsiyyətdə olmasına etiraz etmir. Lakin cavabdeh görüşün şənbə günü saat 11:00-dan 16:00-dək verilməsinə razıdır. İddiaçıların 27 noyabr 2016-cı il tarixdə anadan olmuş nəvəsi X2 ilə hər həftənin şənbə günü saat 11:00-dan 16:00-dək görüş-ünsiyyət verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: Gəncə Asan Xidmət Mərkəzi tərəfindən verilmiş AZ-İV 043805 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2016-cı il tarixdə Gəncə şəhərində doğulmuş, atası X1 və anası Cavabdehdır. İİİ-JQ 451953 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 ilə İddiaçı2 arasında nikah xx.xx.1986-cı il tarixdə 48 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Maraqlı şəxs başçısının Nizami kənd İƏD nümayəndəliyi tərəfindən verilmiş 06 iyul 2023-cü il tarixli 157 saylı arayışından görünür ki, İddiaçı1 Goranboy rayonu Nizami kəndində qeydiyyatdadır. Aşağıdakı ailə tərkibi vardır: Arvadı - İddiaçı2, oğlu - X1, gəlini - Cavabdeh, nəvəsi - X2. xx.xx.2023-cü il tarixli 30581 saylı qəbzdən görünür ki, İddiaçı1 məhkəməyə müraciət edərkən 50 manat dövlət rüsumu ödəmişdir. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı1 50 manat mediasiya xərci ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıların oğlu İddiaçı1 ilə Cavabdeh nikaha daxil olmuşlar. İddiaçıların nəvəsi X2 27 noyabr 2016-cı il tarixdə doğulmuşdur. Cavabdehin nümayəndəsi iddiaçıların 27 noyabr 2016-cı il tarixdə anadan olmuş nəvəsi X2 ilə hər həftənin şənbə günü saat 11:00-dan 18:00-dək görüş-ünsiyyət verilməsini xahiş etmiş, iddianı qismən etiraf etmişdir. Məhkəmə iddia ilə əlaqədar aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 62.1-62.3-cü maddələrinə əsasən baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqla ünsiyyət hüququna malikdirlər. Valideynlər (onlardan biri) uşağın yaxın qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamağını tələb edə bilər. Valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə uşağın rəyini və marağını nəzərə almaqla mübahisəni həll edir. Qeyd olunan hüquq normalarının məzmunundan görünür ki, valideynlər (onlardan biri) uşağın yaxın qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamağını tələb edə bilər. Valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmin hüquq normalarını hazırki iş üzrə tətbiq etməklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh iddianı qismən qəbul etdiyindən iddiaçılar İddiaçı1 və İddiaçı2 27 noyabr 2016-cı il tarixdə anadan olmuş nəvə X2 ilə hər həftənin şənbə günü saat 11:00-dan 16:00-dək görüş-ünsiyyət hüququ təmin edilməli, hər həftənin şənbə günü 18:00-dək görüş-ünsiyyət hüququnun təmin edilməsi hissəsində iddia rədd edilməlidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının MPM-in 119-cu maddəsinə əsasən iddia üzrə ödənilmiş 50 (əlli) manat dövlət rüsumu və ödənilmiş 50 manat mediasiya xərci cavabdehdən tələb edilmədiyindən İddiaçı1 özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 27 noyabr 2016-cı il tarixdə anadan olmuş nəvə X2 ilə hər həftənin şənbə günü saat 11:00-dan 16:00-dək görüş-ünsiyyət hüququ təmin edilsin. İddia üzrə ödənilmiş 50 (əlli) manat dövlət rüsumu və ödənilmiş 50 manat mediasiya xərci iddiaçının özünə aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar