Məhkəmə qərarları › İş №2(045)-1749/2023

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1749/2023

14.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1749/2023 14.11.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi X1, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh (Maraqlı şəxs Başçısı yanında Qəyyumluq və Himayəçilik orqanı maraqlı şəxs kimi göstərilməklə) qarşı “uşaqla ünsiyyət” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun uşağı 21 may 2022-ci il təvəllüdlü X4 ilə hər həftənin üçüncü, şənbə və bazar günləri onun yanında qalması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə nikahı 11 iyul 2023cü il tarixdə 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 586 nömrə ilə rəsmi qeyd etdirmiş, bu nikahdan onların xx.xx.2022-ci il təvəllüdlü X4 adlı bir uşağı olmuşdur. Bildirir ki, onlar bir müddət mehriban yaşasalar da, sonralar münasibətləri tamamilə pisləşmişdir. Belə ki, sözləri tutmamış, xasiyyətləri bir-birinə uyğun gəlməmişdir. Bu səbəbdən də, cavabdeh uşağı götürərək atası evinə getmişdir. O, uşağı ilə dəfələrlə görüşməyə cəhd etsə də, buna nail ola bilməmişdir. Cavabdeh ona uşağı ilə görüşməyə imkan vermir. Cavabdeh ona məhkəmə qərarı olmadan uşağı ilə görüşməyə imkan verməyəcəyini bildirmişdir. Odur ki, o, məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh və Maraqlı şəxs Başçısı yanında Qəyyumluq və Himayəçilik orqanı məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmişdir, məhkəmə iclaslarında iştirak etməməyinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddianı qismən qəbul edərək, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, iddiaçının birgə nikahlarından doğulmuş uşağı ilə onun yanında ünsiyyətdə olmasına etiraz etmir. Lakin iddiaçı tərəfindən göstərilən müddət həddindən artıq çox hesab edir. Çünki uşaq hələki körpə olduğu üçün ana qayğısına daha çox ehtiyacı vardır. Bu səbəbdən iddiaçının uşaqla həftədə bir dəfə 2- 3 saat və onun iştirakı ilə ünsiyyətdə olmasına razıdır. Göstərilənlərin nəzərə alınmasını və tərəfindən verilmiş izahata uyğun olaraq iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 2 saylı Gəncə “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 554465 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında nikah xx.xx.2023-cü il tarixdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 586 nömrə ilə qeyd edilmişdir; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 746454 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2022-ci ildə Gəncə şəhəri, Nizami rayonunda doğulmuş, atası İddiaçı, anası Cavabdehdır; Maraqlı şəxs başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyindən görünür ki, adı çəkilən Komissiya 21 may 2022-ci il təvəllüdlü X3 atası İddiaçı ilə ünsiyyətdə olmasını və görüş verilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin sənədlərini araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh birgə nikahından 21 may 2022-ci il təvəllüdlü X4 doğulmuşdur. Birgə nikahdan doğulmuş uşaq hazırda cavabdehin himayəsindədir. İddiaçı ilə cavabdeh ayrı yaşayır. İddiaçı övladının inkişafı və tərbiyəsində yaxından iştirak etmək arzusundadır. İddiaçının əqli və fiziki cəhətdən sağlam olmadığı, habelə uşağa münasibətdə hər hansı mənfi təsirinin olması ilə bağlı hallar müəyyən edilməmişdir. Maraqlı şəxs başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyi ilə İddiaçı övladı X4 ilə ünsiyyətdə olması yetkinlik çatmayanın hüquq və mənafeyinə uyğun hesab edilmişdir. Cavabdeh, iddiaçının uşaqla həftənin bir günü və yalnız onun iştirakı ilə ünsiyyətdə olmasına etiraz etmir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Həmin Konstitusiyasının 34-cü maddəsinin İV hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 50.1-ci maddəsinə əsasən uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir; 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə bilər; 61.1-ci maddəsinə görə uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir; 61.2-ci maddəsinə əsasən uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır; 61.3-cü maddəsinə əsasən uşaqlardan ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir; 61.4-cü maddəsinə əsasən məhkəmənin qətnaməsinə əməl etməyən valideynə qarşı mülki-prosessual qanunvericiliyə uyğun ölçü götürülür. Bu qətnaməyə qəsdən əməl edilmədikdə, məhkəmə uşaqdan ayrı yaşayan valideynin tələbi ilə uşağın mənafeyi və rəyi nəzərə alınmaqla onun həmin valideynə verilməsi haqqında qətnamə qəbul edə bilər. 73.1-ci maddəsinə əsasən uşaqların tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə baxılarkən, uşağın müdafiəsi üçün iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanı işə cəlb edilir; 73.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı mübahisə ilə bağlı uşağın və onun tərbiyəsi ilə məşğul olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair ona əsaslanmış rəyini məhkəməyə təqdim etməyə borcludur. Uşaq hüquqlarına dair BMT Konvensiyasının 9-cu maddəsinin 1-ci bəndinə əsasən, iştirakçı dövlətlər təmin etməlidirlər ki, uşaq öz valideynlərinin arzusuna zidd olaraq onlardan ayrılmasın. Həmin Konvensiyanın 3-cü maddəsinə görə, məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasinin 8-ci maddəsinə əsasən, hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün sağlamlığı, yaxud mənəviyyatı mühafizə etmək üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, dövlət hakimiyyəti orqanları tərəfindən bu hüququn həyata keçirilməsinə mane olmağa yol verilmir. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dovlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yuksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xususən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 oktyabr 2011-ci il tarixli 6 nömrəli Qərarının 2-ci bəndində qeyd edilmişdir ki, məhkəmələr uşaqla ünsiyyətdə olma vaxtını müəyyən edərkən işin bütün hallarını, o cümlədən ailədə neçə uşağın olmasını, onların yaşını, bağçaya, yaxud məktəbə gedib-getməməsini, səhhətini, hansı valideynə daha çox bağlılığını, onun mənəvi, psixi və fiziki inkişafına təsir edən digər amilləri nəzərə almalıdır. Tərəflərin qarşılıqlı münasibətləri, işin faktiki halları nəzərə alınmaqla məhkəmənin qətnaməsində uşaqla görüşün (ünsiyyətin) yeri, vaxtı, hansı şəraitdə keçirilməsi, eyni zamanda görüşdə iştirak edən şəxslərin dairəsi göstərilə bilər. Həmin qərarın 6-cı bəndində məhkəmələrə izah edilmişdir ki, uşaqların öz valideynləri və digər qohumları ilə ünsiyyətdə olmasının formaları (yazışma, şəxsi görüşlər, telefon danışıqları və s.) uşağın yaşından, onun və valideyninin yaşayış yerindən, ailədə münaqişələrinin olubolmamasından və sair konkret hallardan asılı olaraq təyin edilə bilər. Göründüyü kimi, hazırda uşağından ayrı yaşayan iddiaçının övladı ilə ünsiyyətdə olma hüququnun təmin olunmasına ümumilikdə cavabdeh tərəfindən etiraz edilməmişdir. Məhkəmə bu halı, habelə İddiaçı uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına və tərbiyəsinə zərər yetirə bilməsi halının müəyyən edilməməsini və uşağın mənafeyini nəzərə alaraq hesab edir ki, iddiaçının uşağı ilə ünsiyyət hüququ təmin olunmalıdır. Bununla belə məhkəmə, tərəflərin münasibətlərinin mövcud vəziyyətini, uşağın yaşını və onun mənafeyi ilə bağlı digər diqqətəlayiq halları, eyni zamanda cavabdehin ünsiyyət imkanlarını məhdudlaşdırmamaqla iddiaçının uşağı ilə ünsiyyət imkanından maksimum istifadə edə bilməsinin təmininin zəruriliyini, habelə cavabdehin iddiaçının uşağı ilə ünsiyyətdə olmasına etiraz etməməsini nəzərə alıb belə qənaətə gəlir ki, iddiaçının uşağı ilə ünsiyyətdə olması müddəti yalnız hər həftənin şənbə və bazar günləri saat 11:00-dan saat 17:00-dək müəyyən edilməlidir. Eyni zamanda, məhkəmə cavabdehin bu barədə etirazını, habelə uşağın azyaşlı olmasını nəzərə alaraq hesab edir ki, iddiaçının uşaqla görüşləri cavabdehin (ananın) iştirakı iə keçirilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı uşağı 21 may 2022-ci il təvəllüdlü X4 ilə ünsiyyətdə olma qaydası hər həftənin şənbə və bazar günləri saat 11:00-dan saat 17:00-dək cavabdehin (ana) Cavabdeh iştirakı ilə müəyyən edilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavadeh İddiaçı uşağı 21 may 2022-ci il təvəllüdlü X4 ilə ünsiyyətdə olma qaydası hər həftənin şənbə və bazar günləri saat 11:00-dan saat 17:00-dək cavabdehin (ana) Cavabdeh iştirakı ilə müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar