Məhkəmə qərarları › İş №2(045)-1887/2025

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1887/2025

25.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1887/2025 25.11.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Abbasov Seymur Rafiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hər ay sabit pul məbləğində 246 (iki yüz qırx altı) manat miqdarında alimentin 09 dekabr 2021-ci il təvəllüdlü X1 üçün ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 05 noyabr 2020-ci ildə ailə qurmuşlar. Lakin cavabdehin səhlənkarlığı ucbatından nikahları rəsmi qeyd etdirməmişlər. Birgə yaşadıqları müddətdə bir uşaqları olmuşdur. Cavabdehlə ilk günlər yaxşı yaşamışlar. Lakin sonradan münasibətləri cavabdehin təqsiri ucbatından pisləşdi. Belə ki, cavabdehə nikahı rəsmiləşdirək dedikdə onu təhqir edirdi, söyürdü, hətta döyürdü də. Ona görə də dəfələrlə polisə də müraciət etməli olmuşdur. Hətta uşağı olduqdan sonra ona atalıq da vermədi. Məcbur olub məhkəmə vasitəsi ilə uşağa atalıq müəyyən etdirməli oldu. Həmin vaxt alimenti də ona görə isdəməmişdi ki, cavabdeh söz verdi ki, bir ailə kimi birgə yaşayacaqlar, uşağa da özü baxacağına söz verdi. Altı ay bir yerdə yaşadıqdan sonra yenə də məcbur olub atası evinə getməli oldu. Hazırda uşağı ilə birlikdə cavabdehdən ayrı yaşayırlar. Bu ağır vaxtlarda uşağına tək baxır. İstəyir ki, bir ata kimi cavabdeh də uşağı qarşısında öhtəliyi olduğunu anlasın. Ona görə də istəyir ki, hər ay cavadehdən sabit pul məbləğində hər ay yaşayış minimumu həddində, yəni 246(iki yüz qırx altı) manat miqdarında aliment tutularaq ona verilsin. Buna cavabdehin hər cürə imkanı var. Çünki, Kamaz markalı maşını var, onu icarəyə verir, fərdi təsərrüfatla məşğul olur, qoyun, toyuqcücə saxlayır, onların alqı-satqısı ilə məşğul olur, ayda yaxşı qazanır. Hesab edir ki, uşağın diqqətəlayiq mənafeyini nəzərə alaraq, eləcə də qanunvericiliyin tələblərinə uyğun olaraq, cavabdeh uşaqların saxlanması xərclərini ödəməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək, müharibə veteranı olduğunu və 80 manat aliment ödəməyə maddi imkanının çatdığını bildirdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Kəlbəcər rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 435376 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2021-ci ildə İddiaçı doğulmuş və Cavabdeh onun atası hesab edilmişdir; Kəlbəcər rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-V seriyalı, 053506 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2021-ci ildə Goranboy şəhərində doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır; “Elektron Məhkəmə İnformasiya” sistemindən çıxarışdan görünür ki, Cavabdeh məcburi köçkündür; “Elektron Məhkəmə İnformasiya” sistemindən çıxarışdan görünür ki, Cavabdeh müharibə veteranıdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh birgəliyindən xx.xx.2021-ci il təvəllüdlü X3 anadan olmuşdur. Tərəflər ayrı yaşayır və uşaq iddiaçının yanında qalır. Hazırda iddiaçı cavabdehin uşağın saxlanılmasında maddi yardım göstərmədiyini əsas gətirərək, hər ay sabit pul məbləğində 246 manat miqdarında alimentin tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludur, aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda alimentin tulması barədə məhkəmədə iddia qaldıra bilərlər; 76-cı maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən aliment tutulur; 78-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur; 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği xx.xx.2025-ci il tarixdən 400 manat həddində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat müəyyən edilmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunveriliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8- 2/2016 nömrəli Qərarının 8.4-1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanılmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini «xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun» məzmununda ifadə etməlidir). Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarına əsaslanaraq qeyd edir ki, valideynlərin yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq vəzifəsi valideynlərin yaşından, əmək qabiliyyətindən, hətta fəaliyyət qabiliyyətindən asılı olmayaraq müəyyən edilir. Valideynlərin zəruri vəsaitinin olmaması onları alimentin təyin edilməsi ödəmək vəzifəsindən azad etmir. Valideynlər uşaqlarının saxlanması barədə öz aralarında qarşılıqlı razılığa əsasən xüsusi qayda və forma müəyyənləşdirə bilərlər. Lakin onlar (valideynlər) uşaqlarını saxlamaq vəzifəsini könüllü icra etmədikdə, bu, məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə iddia tələbinin tam təmin edilməsini məqsədəmüvafiq hesab etmir. Belə ki, uşağın saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşağın saxlanılması üçün yalnız atanın maddi öhdəliyini tanıyaraq alimentin məbləğini hər ay 246 manat miqdarında müəyyən etmək, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinə uyğun deyildir. Həmin normaların mənasından görünür ki, uşaqların saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini və gəlirlərini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. Məhkəmə tərəflərin maddi və ailə vəziyyətlərini, uşağın mənafeyini, eləcə də, yuxarıda qeyd olunan dəyərlənməni nəzərə alaraq hesab edir ki, uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,425 misli həddində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 234.2.1-ci maddəsinə əsasən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə dövlət büdcəsinə dövlət rüsumunun tutulması məsələsinə dair qeyd edir ki, cavabdeh müharibə veteranı və məcburi köçkün olduğuna görə “Dövlət rüsumu haqqında” Qanunun 9.1.20-ci maddəsinə əsasən dövlət rüsumu ödəməkdən azaddır. Bundan başqa iddiaçının dövlət rüsumunun ödənilməsindən azad olunması nəzərə alınmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən başlayaraq, sonrakı artımlar nəzərə alınmaqla, bir uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,425 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Qeyd olunanlara əsasən MPM-in 216-220-ci, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, bir uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,425 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar