Məhkəmə qərarları › İş №2(045)-1918/2023

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1918/2023

05.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1918/2023 05.12.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Cəmilova Zəhra Davud qızının katibliyi, İddiaçı, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evə köçürülmə və istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 24 fevral 2023-cü il təvəllüdlü X7 ilə birlikdə Goranboy rayonu, Azad kəndində yerləşən Cavabdeh2 adına olan fərdi yaşayış evinə köçürülməyi və yaşayış evində istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh1 arasında 1 saylı Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 2022-ci ilin 02 ayının 23 günündə 536 № ilə nikah qeyd edilmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 - mülkiyyətçi Goranboy rayonu, Azad kəndində yerləşən özlərinə məxsus fərdi yaşayış evinə onu öz razılıqları ilə evdə yaşamaq, evdən istifadə etmək üçün gəlin gətirmiş, cehiz əşyalarını həmin evə yığmış, həmin evdə o, cavabdehlərlə birgə yaşamış, onlarla birgə təsərrüfat aparmış, onun uşağı evdə doğulmuş, yaşamışdır. Onun və uşağının evin mülkiyyətçisi və onunla birgə yaşayan ailə üzvləri ilə etibarlı ailə əlaqələri mövcud olmuş, onlar yaşayış sahəsinə olan ehtiyacını yalnız mülkiyyətçinin evindən istifadə etməklə qarşılamış, hazırda da buna onun və uşağının daha çox ehtiyacı vardır. Bu nikahdan 24 fevral 2023-cü il təvəllüdlü X7 adlı övladı vardır. Onun məhkəməyə müraciət etməyinə, onların ayrı yaşamağına əsas səbəb evlilik müddətində Əsət və onun valideynlərinin, əzizlərinin ona həm fizioloji, həm də psixoloji şiddət göstərmələri, qayınatası, qayınanası, baldızı, eltisinin hər birinin onun ünvanına xoşagəlməz, əxlaqsız, tərbiyəsiz sözlər işlədib təhqir etmələri, onunla dalaşmaları, onu hamilə vəziyyətdə yoldaşının döyməsi, pilləkəndən itələyib yıxması, doğulacaq uşağın qız olacağını qəbul etməmələri və onu evdən qovmaları olmuşdur. 19 sentyabr 2022-ci il tarixdən onların arasında ailə münasibətləri kəsilmiş, o, azyaşlı uşağıyla birlikdə valideynlərinin yanında müvəqqəti sığınacaq tapmışdır. Cavabdeh onunla, uşaqla maraqlanmamış və maraqlanmaq da istəmir. Cavabdehin bu hərəkətlərinə görə o, uşağın saxlanılması üçün aliment tələb etmək qərarına gəlmiş, Goranboy Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2(045)-1106/2023 №li qətnaməsi ilə 24 fevral 2023-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü hər ay Cavabdeh1 qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir (1/4) hissəsi məbləğində aliment tutulub iddiaçı X6 ödənilməsi, 24 ferval 2023-cü il tarixdə doğulmuş X7 3 yaşına çatanadək Cavabdeh1 İddiaçı xeyrinə hər ay 30 (otuz) manat məbləğində aliment tutulması qət edilmişdir. Hal-hazırda onlar arasında nikah mövcuddur. Hesab edir ki, yuxarıda qeyd edilənlərə, tərəflər arasında nikahın mövcud olmasına, 7 aylıq körpə uşağın olmasına, onun işləmək imkanının, maddi vəziyyətinin qənaətbəxş olmamasına, himayəsində uşağın olmasına, başqa heç bir evinin, yaşayış sahəsinin, mənzilinin olmamasına görə onun mübahisəli fərdi yaşayış evinə köçürülməyi və yaşayış evində istifadə hüquqlarının tanınması qanunamüvafiqdir. Cavabdeh2 iddiaya etiraz göndərərək bildirmişdir ki, o, iddianı qəbul etmir. İddiaçının qeyd etdiyi Goranboy rayonu, Azad kəndində yerləşən mübahisəli fərdi yaşayış evi onun tərəfindən 30 iyul 2019-cu il tarixli, AN-1 ******* saylı alğı-satqı müqaviləsi əsasında X1 alınmışdır. Həmin fərdi evə dair o, ********** (reyestr nömrəsi **********38-10301) saylı çıxarış almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinin tələblərinə əsasən iddiaçı onun evinə istifadə hüququna o şərtlə malik ola bilər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın, yəni onun çıxarışında iddiaçının adı qeyd olunsun. O, iddiaçı ilə mübahisəli fərdi yaşayış evinə dair belə bir müqavilə bağlamamışdır. İddiaçı onun oğlunun arvadıdır. Onlar 23 fevral 2022-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından 24 fevral 2023-cü il təvəllüdlü X7 dünyaya gəlmişdir. Aralarında olan nikah faktiki olaraq bitmişdir. İddiaçı onun fərdi evinə müvəqqəti yaşamaq üçün köçmüşdür. Oğlu Cavabdeh1 yaşaması üçün ayrı yer olmadığından (oğlunun qeydiyyatda olduğu Goranboy rayonu, Gürzallar kəndində yerləşən yaşayış evi qəzalı vəziyyətdədir) keçmiş gəlinini və oğlunu müvəqqəti həmin fərdi yaşayış evinə köçürmüşdür (onlar həmin fərdi yaşayış evində 2 ay yaşamışlar). İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdehlərlə aralarında barışıq və ya razılaşma olmamışdır. O, hal-hazırda uşağı ilə birlikdə atasının evində yaşayır və həmin evdə yaşamağa şərait var. Lakin, mübahisəli fərdi yaşayış evi uşağın atasının zəhməti ilə aldığı evdir, həmin evə gəlin köçmüş və əşyaları da ordadır. Məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında bildirdi ki, o, iddianı qəbul etmir. Oğlu Gürzallar kəndində yaşamışdır. Ailə qurduqdan sonra oğlu ilə gəlininə öz evində müvəqqəti yaşayış vermişdir. Ev onun mülküdür və heç kimin həmin evə aidiyyəti yoxdur. Məhkəmədən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh1 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. xx.xx.2023-cü il tarixdə Cavabdeh1 məhkəməyə teleqram ünvanlayaraq cavabdeh İddiaçı məxsus əmlakla onun heç bir əlaqəsinin olmadığını, həmin əmlakın ona məxsus olmadığını və hərbçi olduğu üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Gəncə şəhəri 5 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin surətindən görünür ki, Goranboy rayonu, Azad kəndi ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsi və ümumi sahəsi 31.8 kv.m olan fərdi yaşayış evi 30 iyul 2019-cu il tarixdə X2 tərəfindən Cavabdeh2 satılmışdır; 21 avqust 2019-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 31.80 kv.m fərdi yaşayış evi və 0.12 ha torpaq sahəsi Cavabdeh2 xüsusi mülkiyyətindədir; Gəncə ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 493195 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə X4 arasında nikah 23 fevral 2022-ci il tarixdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 536 nömrə ilə qeyd edilmişdir; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 828390 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 24 fevral 2023-cü il tarixdə Goranboy rayonunda doğulmuş, atası Cavabdeh1, anası İddiaçıdır; Goranboy Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 2(045)-1106/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanmasından ötrü hər ay Cavabdeh1 qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi məbləğində aliment tutulub İddiaçı verilməsi, xx.xx.2023-cü il tarixdə doğulmuş X7 3 yaşına çatanadək Cavabdeh1 İddiaçı xeyrinə hər ay 30 manat məbləğində aliment tutulması qət edilmişdir; Goranboy RİHB-nin Yeni Qəsəbə İcra Nümayəndəliyi tərəfindən verilmiş 31 iyul 2023-cü il tarixli, 266 nömrəli arayışdan görünür ki, İddiaçı övladı X7 ilə birlikdə Goranboy rayonu, Yeni Qəsəbə, 14 saylı evdə yaşayır. Məhkəmə qeyd edir ki, işin hallarına görə tərəflər arasında yaranmış mübahisə istifadə hüququnun tanınması və evə köçürülmə ilə bağlıdır və mübahisə aşağıdakı hüquq normaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 29.2-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi mülki qanunvericiliklə, bu Məcəllə ilə müəyyən edilmiş tələblər nəzərə alınmaqla ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsini kirayə müqaviləsi, əvəzsiz istifadə və ya digər qanuni əsaslarla fiziki və ya hüquqi şəxslərin istifadəsinə vermək hüququna malikdir; 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər; 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar; 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli Qərarında qeyd edilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Mübahisənin mahiyyəti üzrə həlli üçün məhkəmə tərəfindən müəyyən olunmuş işin faktiki halları ondan ibarətdir ki, ünvan 1 ünvanında yerləşən 31.80 kv.m fərdi yaşayış evi və 0.12 ha torpaq sahəsi Cavabdeh2 xüsusi mülkiyyətindədir. Həmin əmlak 30 iyul 2019-cu il tarixdə alğı-satqı müqaviləsi əsasında alınmış və 21 avqust 2019-cu il tarixdə onun adına rəsmiləşdirilmişdir. İddiaçı ilə Cavabdeh1 arasında nikah 23 fevral 2022-ci il tarixdə bağlanmış və onların 24 fevral 2023-cü il tarixdə X7 adlı övladları anadan olmuşdur. Onlar ailə qurduqdan sonra mübahisəli fərdi yaşayış evində yaşamışlar. Hazırda onların nikahı pozulmamış, lakin, onlar faktiki olaraq ayrılmışlar və 19 sentyabr 2022-ci il tarixdən iddiaçı uşağı ilə birlikdə atasına məxsus evdə yaşayır. Məhkəmə qeyd edir ki, tərəflər arasında münasibətlər 01 oktyabr 2009-cu il tarixdən sonra yaranmış olduğundan mübahisəyə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tətbiqi üçün yaşayış sahəsinin mülkiyyətçisi və onun ailə üzvləri arasında həmin yaşayış sahəsinə dair qarşılıqlı hüquq və vəzifələrin həcmini müəyyən edən hüquqi əsasları, o cümlədən ailə üzvlərinin yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması əsaslarını müəyyən etmək vacibdir. Həmin maddədə göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh1 arvadı, Cavabdeh2 isə gəlinidir. Mübahisəli fərdi yaşayış evi Cavabdeh2, yəni iddiaçının qayınanasının mülkiyyətindədir. Cavabdeh2 mülkiyyət hüququ əsasında özünə məxsus olan fərdi yaşayış evini oğlunun və gəlininin əvəzsiz istifadəsinə vermişdir. İddiaçının müəyyən müddət ərzində mübahisəli fərdi yaşayış evində yaşaması həmin evə istifadə hüququnun yaranması üçün əsas deyildir. Belə ki, Konstitusiya Məhkəməsinin qərarında ifadə olunmuş hüquqi mövqeyə uyğun olaraq iddiaçının mülkiyyətçinin ailə üzvü olubolmaması araşdırıldıqda görünür ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinə və müvafiq olaraq Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə uyğun olaraq iddiaçı mülkiyyətçinin ailə üzvü hesab edilmir. Məhkəmə hesab edir ki, iddiaçı qeyd olunan fərdi yaşayış evinin mülkiyyətçisinin ailə üzvü olmadığından, eləcə də ailə qanunvericiliyi əsasında iddiaçının mülkiyyətçi ilə birlikdə yaşamaq və ondan özünün saxlanılmasını tələb etmək hüququ olmadığından mübahisəli fərdi yaşayış evinə köçürülərək ondan istifadə hüququ da tanına bilməz. Nəzərə alınmalıdır ki, iddiaçının istifadə hüququ mülkiyyətçinin bilavasitə razılığı ilə şərtləndirildiyindən, mülkiyyətçinin isə belə razılığı olmadığından, həmçinin, iddiaçının mübahisəli fərdi yaşayış evi üzərində hər hansı bir əşya hüququ qeydə alınmadığından iddiaçının fərdi yaşayış evindən istifadə hüququnun yaranması üçün əsaslar müəyyən olunmur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı ilə Cavabdeh1 arasında ailə münasibətlərinə xitam verilməməsi halı isə hazırkı mübahisənin həlli baxımından hər hansı bir əhəmiyyət kəsb etmir. Belə ki, fərdi yaşayış evinin mülkiyyətçisi iddiaçının əri deyil, iddiaçının qayınanasıdır. “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evə köçürülmə və istifadə hüququnun tanınması” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı aid edilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evə köçürülmə və istifadə hüququnun tanınması” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar