Məhkəmə qərarları › İş №2(045)-2077/2023

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-2077/2023

21.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-2077/2023 21.11.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X6 qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə İddiaçı iddia ərizəsi ilə və daha sonra dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən, xx.xx.2022-ci il tarixdə anadan doğulmuş X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay bir uşaq üçün yaşayış minimumunu təmin edəcək həddə, 220 manat sabit pul məbləği miqdarında alimentin tutulması, ana himayəsində olan və saxlanılan xx.xx.2022-ci il təvəllüdlü X2 3 (üç) yaşı tamam olanadək Cavabdeh İddiaçı xeyrinə hər ay 50 (əlli) manat məbləğində alimentin tutulması, və ödədiyi mediasiya xərcinin əvəzinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə onun birgə ailə münasibətindən xx.xx.2022-ci il tarixdə anadan doğulmuş X4 adlı uşaqları vardır. O, valideynlərinin yanında və evində yaşayır. xx.xx.2022-ci il tarixdə anadan doğulmuş X4 onun yanında və himayəsində qalmışdır. Cavabdeh bugünədək uşaqla maraqlanmamışdır. Cavabdehin bu hərəkətlərinə görə o, uşağın saxlanılması üçün aliment tələb etmək qərarına gəlmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdən heç bir maddi köməklik göstərmir. Uşağı saxlamaq onun üçün maddi cəhətdən çətindir. Onun körpə uşağı olduğu üçün heç bir yerdə işləmir. Ölkə üzrə müəyyən edilən yaşayış minimumunu, minimal aylıq əmək haqqının miqdari, eləcə də, cavabdehin maddi vəziyyətini nəzərə alaraq, cavabdehdən öz yetkinlik yaşına çatmayan uşağının saxlanması üçün hər ay ən azından yaşayış minimumunu təmin edəcək həddə aliment tutulmalıdır. Ailə mübahisələri ilə bağlı mediasiya proseduru zəruri olduğu üçün ilkin olaraq mediasiya proseduru keçirilmiş, İMSdə qarşı tərəf iştirak etməmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Verilən suala cavab olaraq bildirdi ki, cavabdehlə onun arasında olan rəsmi nikah olmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, iddianın aliment tutulması hissəsində qismən təmin edilməsini və tərəflərin arasında rəsmi nikah olmadığından iddianın uşağın üç yaşı tamam olanadək cavabdehdən 50 (əlli) manat məbləğində alimentin tutulması hissəsində isə təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 1 saylı Gəncə Regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 428815 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh xx.xx.2022-ci ildə İddiaçı doğulmuş X3 atası hesab edilmişdir; 1 saylı Gəncə Regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 798423 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 xx.xx.2022-ci ildə Goranboy rayonunda doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır; Goranboy 1 saylı Mediasiya təşkilatının xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh ilkin mediasiya prosesində iştirak etməmiş və İddiaçı tərəfindən 50 (əlli) manat məbləğində mediasiya xərci tutulmuşdur. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2022-ci il təvəllüdlü X2 atasıdır. İddiaçı uşağın saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində və uşağın 3 (üç) yaşı tamam olanadək özü üçün 50 (əlli) manat məbləğində aliment tələb edir. Cavabdehin nümayəndəsi verilmiş iddiaya etiraz etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludur, aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda alimentin tulması barədə məhkəmədə iddia qaldıra bilərlər; 78-ci maddəsinə əsasən uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 85.1.1-ci maddəsinə əsasən hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən aliment ödəməyi tələb etmək hüququna malikdir; 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat müəyyən edilmişdir. Məhkəmə iddia tələbinin tam təmin edilməsini məqsədəmüvafiq hesab etmir. Belə ki, uşaqların saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşağın saxlanılması üçün yalnız atanın maddi öhdəliyini tanıyaraq alimentin məbləğini hər ay 220 manat miqdarında müəyyən etmək, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinə uyğun deyildir. Həmin normaların mənasından görünür ki, uşaqların saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini və gəlirlərini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. Beləliklə, iddiaçının sabit pul məbləğində alimentin tutulmasına dair tələbi olduğundan məhkəmə hesab edir ki, hazırkı iş üzrə yetkinlik yaşına çatmayan xx.xx.2022ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmasına görə hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment müəyyən edilməlidir. Məhkəmə, iddianın uşağın 3 (üç) yaşı tamam olanadək cavabdehdən iddiaçının xeyrinə hər ay 50 (əlli) manat məbləğində aliment tutulması hissəsinə dair qeyd edir ki, tərəflər arasında rəsmi nikah olmadığından iddiaçının da sözügedən alimenti cavabdehdən tələb etmək hüququ yaranmamışdır. Ona görə də, iddia bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasnın Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1 və 119.2-ci maddələrinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İiddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 234.2.1-ci maddəsinə əsasən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarında göründüyü kimi Cavabdeh ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməmiş və mediasiya xərcini iddiaçı ödəmişdir. Ona görə də, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə ödənilmiş 50 (əlli) manat məbləğində mediasiya xərcinin əvəzi tutulmalıdır. Məhkəmə, MPM-in 112.1.3, 119.2-ci və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2, 9.1.2-ci maddələrini rəhbər tutaraq belə hesab edir ki, hazırkı iş üzrə dövlət rüsumunun ödənilməsi məsələsi də həll edilməli, cavabdeh X1 dövlət büdcəsinə 40,40 manat (170 manat*12ay=2040 manat) məbləğində dövlət rüsumu tutulmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə tərəflərin birgə nikahından doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən etibarən hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulmalıdır. Qeyd olunanlara əsasən, MPM-in 216-220-ci, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə tərəflərin birgə nikahından doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən etibarən hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh İddiaçı xeyrinə ödənilmiş 50 (əlli) manat məbləğində mediasiya xərcinin əvəzi tutulmalıdır Cavabdeh dövlət büdcəsinə 40,40 manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar