Məhkəmə qərarları › İş №2(045)-2100/2023

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-2100/2023

30.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-2100/2023 30.11.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hаkim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, X1 kаtibliyi, İddiaçı iştirаkı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi mülki işə məhkəmənin inzibati binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddia ərizəsi məhkəməyə daxil olduğu gündən xx.xx.2017-ci il təvəllüdlü X3, xx.xx.2019-cu il təvəllüdlü X4, xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər bir uşaq üçün sabit pul məbləğində 220 manat miqdarında alimentin tutulub ona verilməsi, ana himayəsində olan və saxlanılan xx.xx.2021-ci il təvəllüdlü X2 3 (üç) yaşı tamam olanadək Cavabdeh onun xeyrinə hər ay 100 (yüz) manat məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında nikah 1 saylı Gəncə “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 2017-ci ilin 5-ci ayının 30-cu günündə 1091 nömrə ilə qeyd edilmişdir. Bu nikahdan xx.xx.2017-ci il təvəllüdlü X8, xx.xx.2019-cu il təvəllüdlü X9, xx.xx.2021-ci il təvəllüdlü X6 adlı övladları vardır. Məhkəməyə müraciət etməyinə səbəb cavabdehin xx.xx.2021-ci il tarixdən işləmək adı ilə Bakı şəhərinə getməsi, ailə və uşaqlarla əlaqəni kəsməsi, ailə və uşaqlara maddi cəhətdən baxmaması, kömək etməməsi olmuşdur. Onun bu hərəkətlərinə görə o, uşaqların saxlanılması üçün aliment tələb etmək qərarına gəlmişdir. Cavabdeh heç bir maddi köməklik göstərmir. Uşaqları saxlamaq onun üçün maddi cəhətdən çox çətindir. Özü də öhdəsində üç azyaşlı uşaqlar olduğu üçün işləyə bilmir, kiçik uşağın 2 yaşı vardır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, o, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 201572 nömrəli çıxarışdan görünür ki, Cavabdeh ilə X5 arasında nikah xx.xx.2017-ci il tarixdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1091 nömrə ilə qeyd edilmişdir; Gəncə “ASAN Xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 990355 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 xx.xx.2017-ci il tarixdə Gəncə şəhərində doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır; Gəncə “ASAN Xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 233794 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 xx.xx.2019-cu il tarixdə Gəncə şəhərində doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır; Gəncə “ASAN Xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 650950 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 xx.xx.2021-ci il tarixdə Gəncə şəhərində doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, Cavabdeh ilə İddiaçı birgə nikahından xx.xx.2017-ci il təvəllüdlü X8, xx.xx.2019-cu il təvəllüdlü X9 və xx.xx.2021-ci il təvəllüdlü X7 doğulmuşdur. İddiaçı uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 220 manat sabit pul məbləğində, həmçinin xx.xx.2021-ci il təvəllüdlü X2 3 yaşı tamam olanadək 100 manat məbləğində alimentin cavabdehdən tutulmasını xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludur, aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda alimentin tulması barədə məhkəmədə iddia qaldıra bilərlər; 78-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər; 84.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir; 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbinin tam təmin edilməsi aşağıdakı əsaslara görə məqsədəuyğun deyildir. Belə ki, əvvəla, iddiaçı cavabdehin tələbdə göstərilən məbləğdə alimenti ödəyə biləcəyini təsdiqləyən sübutu məhkəməyə təqdim etməmişdir. İkincisi, uşaqların saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşaqların saxlanılması üçün yalnız atanın maddi öhdəliyini tanıyaraq alimentin məbləğini hər ay hər uşaq üçün 220 manat miqdarında müəyyən etmək, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinə uyğun deyildir. Həmin normaların mənasından görünür ki, uşaqların saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. Həmçinin, iddia tələbinin xx.xx.2021-ci təvəllüdlü X2 üç yaşına çatanadək İddiaçı xeyrinə Cavabdeh hər ay 100 (yüz) manat məbləğində alimentin tutulması hissəsinə dair məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin həmin məbləğdə zəruri vəsaitə malik olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən, tələb bu hissədə qismən təmin olunmalı və tərəflərin birgə nikahından doğulmuş xx.xx.2021-ci təvəllüdlü X6 3 yaşına çatanadək İddiaçı xeyrinə Cavabdeh hər ay 30 (otuz) manat məbləğində aliment tutulmalıdır. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci mаddəsinə əsаsən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 234.2.1-ci maddəsinə əsasən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə, MPM-in 112.1.3, 119.2-ci və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1.2-ci maddələrini rəhbər tutaraq belə hesab edir ki, hazırkı iş üzrə dövlət rüsumunun ödənilməsi məsələsi də həll edilməli, Cavabdeh dövlət büdcəsinə 66.8 manat (390 manat*12ay=4680 manat) məbləğində dövlət rüsumu tutulmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2017-ci il təvəllüdlü X8, xx.xx.2019-cu il təvəllüdlü X9, xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 120 (yüz iyirmi) manat, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment, həmçinin xx.xx.2021-ci təvəllüdlü X6 3 yaşına çatanadək hər ay 30 (otuz) manat məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 216-220-ci, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2017-ci il təvəllüdlü X8, xx.xx.2019-cu il təvəllüdlü X9, xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 120 (yüz iyirmi) manat, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment, həmçinin xx.xx.2021-ci təvəllüdlü X6 3 yaşına çatanadək hər ay 30 (otuz) manat məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh 66.8 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Aliment tutulmasına dair hissədə qətnamə dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar