Məhkəmə qərarları › İş №2(045)-2161/2025

Goranboy Rayon Məhkəməsi Qərardad — İş №2(045)-2161/2025

28.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 2(045)-2161/2025 28.11.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlu, İddiaçı Cavabdeh qarşı “Birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü, cavabdehin evində qalan cehiz əşyaların və evin təmirinə çəkilmiş xərcin” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabadehdən 40 manat dəyərində 1 ədəd saç feninin, 100 manat dəyərində 1 ədəd jurnalnı stolun, 100 manat dəyərində 1 ədəd şirə çəkən maşının, 40 manat dəyərində 2 ədəd dəmir stolun, 50 manat dəyərində 1 ədəd krosnu aparatının, 50 manat dəyərində 1 ədəd krosnu antenanın çanağının naturada və yaxud onların ümumi dəyəri 380 manatın, habelə evin təmirinə çəkilmiş xərcin yarı dəyəri olan 2550 manatın və birgə nikah dövründə əldə edilmiş əmlakın yarı dəyəri olan 800 manatın, ümumilikdə isə 3730 manat pulun və ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin verilməsinə dair Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə (bundan sonra - MPM) müəyyən edilmiş qaydaya, formaya və məzmuna, həmin sənədlərə dair müəyyən edilmiş tələblərə əməl edilməmişdir. İddia ərizəsində iddianın predmeti və qiyməti, tələbinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı (əşyaların növü, markası, dəyərini təsdiq edən sənədlər və s.) göstərilməmişdir. 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir; 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı 67 (altmış yeddi) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, məhkəməyə müraciət edilərkən hər bir şəxs iddia ərizəsinə və ya onun verilməsinə dair MPM-lə müəyyən edilmiş qaydaya, formaya və məzmuna, həmin sənədlərə dair müəyyən edilmiş tələblərə əməl etməlidir. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə iddia ərizəsi, ona əlavə edilmiş sənədlər və ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən MPM-in 152, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “Birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü, cavabdehin evində qalan cehiz əşyaların və evin təmirinə çəkilmiş xərcin” tələbinə dair iddia ərizəsi, ona əlavə edilmiş sənədlər və ödənilmiş 67 (altmış yeddi) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın İddiaçı izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində işə baxan Goranboy Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar