Məhkəmə qərarları › İş №2(045)-2204/2023

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-2204/2023

12.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-2204/2023 12.12.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hаkim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, X5 kаtibliyi, İddiaçı, Cavabdeh iştirаkları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi mülki işə məhkəmənin inzibati binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci ildə anadan olmuş oğlu X2 və xx.xx.2022-ci ildə anadan olmuş X1 üçün Cavabdeh hər ay cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2019-cu ilin dekabr ayının 01-də toyları olmuş, onlar evlənib ailə qurmuş və birlikdə yaşamışlar. Cavabdehlə aralarında rəsmi nikah 2019-cu ilin dekabr ayının 20-də bağlanmışdır. Birgə yaşadıqları dövrdə onların 2 uşağı olmuşdur. X6 xx.xx.2020-ci ildə, X7 xx.xx.2022-ci ildə anadan olmuşdur. Onlar bir neçə illərdir bir ailə kimi yaşamışlar. Lakin, münasibətlərinin pisləşməsi nəticəsində Cavabdeh ilə ayrılmalı olmuşlar. Beləliklə, onların arasında heç bir əlaqə qalmamışdır. Uşaqları isə ayrıldığı vaxtdan onun himayəsindədir. Uşaqları onun himayəsində qalmasına baxmayaraq Cavabdeh ona uşaqlarına baxmağına görə heç bir köməklik göstərmir və aliment ödəmir. Hazırda o, uşaqları ilə birlikdə ata və anasının yanında Goranboy şəhəri Düz Qışlaq kəndində yerləşən evdə yaşayır. Maddi vəziyyəti aşağı olduğu üçün uşaqlarına yaxşı baxa bilmir və cavadeh Cavabdeh aliment almaq üçün məhkəməyə müraciət etməli olmuşdur. İki uşağının maddi təminatını ödmək həm onun üçün, həm də ata və anası üçün çox çətindir. Cavabdeh həm təssərüfatla məşğul olur (iri və xırda buynuzlu heyvan saxlayır), həm də fərdi işlərlə məşğul olaraq qazanc əldə edir(orta aylıq qazancı təxminən 1500 manat təşkil edir). Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, onlar dünəndən cavabdehlə bir evdə yaşayırlar, lakin buna baxmayaraq o, aliment tələb edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərdi ki, hazırda heç bir yerdə işləmir. İddia ərizəsində tələb edilən məbləğdə aliment ödəməyə imkanı çatmır. Bundan başqa onlar ailə kimi bir evdə yaşayırlar və uşaqlarına baxır. Birgə nikahdan doğulmuş uşaqlarının saxlanması üçün hər ay hər uşaq üçün 100 manat məbləğində aliment ödəyə bilər. Bunu nəzərə alaraq iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Gəncə “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 373557 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 arasında nikah 20 dekabr 2019-cu il tarixdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 3002 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra sonuncuya “Nağıyeva” soyadı verilmişdir; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 511816 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 09 noyabr 2020-ci ildə Gəncə şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 695097 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 28 fevral 2022-ci ildə Gəncə şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, Cavabdeh ilə İddiaçı birgə nikahından 09 noyabr 2020-ci il təvəllüdlü X6 və 28 fevral 2022-ci il X7 doğulmuşdur. İddiaçı birgə nikahdan olan uşaqlarının saxlanılması üçün hər ay hər uşaq üçün 200 manat, cəmi 400 manat sabit pul məbləğində aliment tələb edir. Cavabdeh həmin məbləğlə razı olmayaraq hər ay hər uşaq üçün 100 manat məbləğdə aliment ödəməyi qəbul edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludur, aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda alimentin tulması barədə məhkəmədə iddia qaldıra bilərlər; 78-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbinin tam təmin edilməsi aşağıdakı əsaslara görə məqsədəuyğun deyildir. Belə ki, əvvəla, iddiaçı cavabdehin tələbdə göstərilən məbləğdə alimenti ödəyə biləcəyini təsdiqləyən sübutu məhkəməyə təqdim etməmişdir. İkincisi, uşaqların saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşaqların saxlanılması üçün yalnız atanın maddi öhdəliyini tanıyaraq alimentin məbləğini hər ay hər uşaq üçün 200 manat miqdarında müəyyən etmək, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinə uyğun deyildir. Həmin normaların mənasından görünür ki, uşaqların saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci mаddəsinə əsаsən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 234.2.1-ci maddəsinə əsasən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə, MPM-in 112.1.3, 119.2-ci və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1.2-ci maddələrini rəhbər tutaraq belə hesab edir ki, hazırkı iş üzrə dövlət rüsumunun ödənilməsi məsələsi də həll edilməli, Cavabdeh dövlət büdcəsinə 53.6 manat (280 manat*12ay=3360 manat) məbləğində dövlət rüsumu tutulmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2020-ci il təvəllüdlü X2 və xx.xx.2022-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 140 (yüz qırx) manat, cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 216-220-ci, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2020-ci il təvəllüdlü X2 və xx.xx.2022-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 140 (yüz qırx) manat, cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh 53.6 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Aliment tutulmasına dair hissədə qətnamə dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar