Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-2215/2023 27.12.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X5 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hər ay sabit pul məbləğində 220 (iki yüz iyirmi) manat alimentin tutularaq azyaşlı uşağı 31 avqust 2023-cü il təvəllüdlü X1 üçün ona və ərizəsi məhkəməyə daxil olduğu tarixdən başlayaraq oğlu Adəmin 3 yaşı tamam olanadək ona hər ay 100 (bir yüz) manat sabit pul məbləğində alimentin tutularaq verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 29 yanvar 2022-ci ildə ailə qurmuşdur. Lakin cavabdehin səhlənkarlığı ucbatından bugünə kimi nikahı rəsmi qeyd edilməmişdir. Birgə yaşadığı müddətdə 31 mart 2023-cü il təvəllüdlü X4 adlı bir uşağı olmuşdur. Cavabdehlə ailə münasibətləri onun təqsiri ucbatından pozulmuşdur. Belə ki, o bilmirdi ki, cavabdeh içki düşkünüdür. Ailə qurduqdan sonra gördü ki, hər gün içki içir, sərxoş olurdu, sonra da ona döyürdü. Bu hal dəfələrlə təkrarlandığı üçün 2023-cii ilin fevral ayında atası evinə gəlmişdir. Uşağı da burada dünyaya gəlmişdir. Cavabdeh uşağı doğulduqdan sonra bir dəfə gələrək uşağa atalıq vermişdir. Bundan sonra bugünə kimi bir dəfə də olsun ki, uşağı ilə maraqlanmamışdır. O, bir ana kimi uşağının gələcəyi üçün hər şey edir ki, o, sağlam böyüsün. Lakin cavabdeh bir ata kimi üzərinə düşən məsuliyyəti başa düşmür. Belə ki, onlar birgə yaşayanda kompyuter mühəndisi işləyirdi, ayda yaxşı əmək haqqı alırdı. Ayda yaxşı qazansa da, qazancını nə onlar ailəli olanda, nə də ki, indi uşağına sərf etmir. Demək olar ki, uşağı ilə heç maraqlanmır. Uşaq necə dolanır, nə yeyir, sağlamlığı necədir, demək olar ki, bunlarla heç maraqlanmırda. İndi istəyir ki, bir ata kimi cavabdeh da uşağı qarşısında öhdəliyi olduğunu anlasın. Ona görə də hər ay cavadehdən sabit pul məbləğində yaşayış minimumu həddində uşağı üçün 220 (iki yüz iyirmi) manat məbləğində aliment tutularaq ona verilsin. Hesab edir ki, uşağının diqqətəlayiq mənafeyini nəzərə alaraq, eləcə də, qanunvericiliyin tələblərinə uyğun olaraq, cavabdeh uşağının saxlanması xərclərini ödəməlidir. Ona görə də, cavabdehdən hər ay sabit pul məbləğində uşağı üçün 220 (iki yüz iyirmi) manat alimentin alınaraq ona verilməsini istəyir. Məhkəməyə təqdim etdiyi oğlu Adəmin doğum haqqında şəhadətnaməsinin təsdiqlənmiş surətindən görünür ki, o, hələ çox körpədir. Onun ana qayğısına, nəvazişinə daha çox ehtiyacı var. Ona görə də, o, hazırda işləmir uşağına qulluq edir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclaslarında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş, AZ-İ seriyalı 454298 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh xx.xx.2023-cü ildə İddiaçı doğulmuş X3 atası hesab edilmişdir; Goranboy Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş, AZ-İV seriyalı, 852213 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 xx.xx.2023-cü ildə Goranboy şəhərində doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır; Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh 31 mart 2023-cü il təvəllüdlü X2 atasıdır. İddiaçı uşağın saxlanılması üçün hər ay bir uşaq üçün 220 manat sabit pul məbləğində aliment tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludur, aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda alimentin tulması barədə məhkəmədə iddia qaldıra bilərlər; 78-ci maddəsinə əsasən uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 85.1.1-ci maddəsinə əsasən hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir; 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat müəyyən edilmişdir. Məhkəmə iddia tələbinin tam təmin edilməsini məqsədəmüvafiq hesab etmir. Belə ki, uşaqların saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşağın saxlanılması üçün yalnız atanın maddi öhdəliyini tanıyaraq alimentin məbləğini hər ay 220 manat miqdarında müəyyən etmək, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinə uyğun deyildir. Həmin normaların mənasından görünür ki, uşaqların saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini və gəlirlərini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. Beləliklə, iddiaçının sabit pul məbləğində alimentin tutulmasına dair tələbi olduğundan məhkəmə hesab edir ki, hazırkı iş üzrə yetkinlik yaşına çatmayan 31 mart 2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmasına görə hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment müəyyən edilməlidir. İddia tələbinin ümumi uşağın 3 yaşına çatanadək arvadın xeyrinə 100 manat məbləğində aliment tutulması hissəsinə dair məhkəmə qeyd edir ki, qanunvericinin tələbinə əsasən arvad ərdən sözügedən alimenti aralarındakı rəsmi nikah pozulduqdan sonra tələb edə bilər ki, iş materiallarından da göründüyü kimi tərəflərin arasında rəsmi nikah olmamışdır. Odur ki, iddia bu hissədə təmin edilməməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 234.2.1-ci maddəsinə əsasən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə, MPM-in 112.1.3, 119.2-ci və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1.2-ci maddələrini rəhbər tutaraq belə hesab edir ki, hazırkı iş üzrə dövlət rüsumunun ödənilməsi məsələsi də həll edilməli, Cavabdeh dövlət büdcəsinə 44,40 manat (170 manat*12ay=2040 manat) məbləğində dövlət rüsumu tutulmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə tərəflərin birgəliyindən doğulmuş 31 mart 2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən etibarən hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulmalıdır. Qeyd olunanlara əsasən, MPM-in 216-220-ci, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə tərəflərin birgəliyindən doğulmuş 31 mart 2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən etibarən hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh dövlət büdcəsinə 44,40 manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-2215/2023
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-2215/2023
27.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver