Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 2(045)-365/2025 13.01.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlu İddiaçı Cavabdeh qarşı «ödənilməli aliment məbləğinin indeksasiyası» tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Goranboy Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(045)-354/2020 saylı və xx.xx.2023-cü il tarixli, 2(045)-879/2023 saylı qətnamələri ilə xx.xx.2019-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün müəyyən edilmiş ödənilməli aliment məbləğinin indeksasiya edilməsi, X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,67 misli həddində sabit pul məbləğində aliment tutulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçı bir-biri ilə əlaqədər olmayan bir neçə tələbi birləşdirdiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yəni, iddia ərizəsinin məzmunundan görünür ki, ərizə iki tələbdən ibarətdir: Birinci tələb qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiyası, ikinci tələb isə məhkəmənin müəyyən etdiyi alimentin miqdarının minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin dəyişdirilməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunveriliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» xx.xx.2016-cı il tarixli, 8-2/2016 nömrəli Qərarının 8.4-2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Eyni zamanda həmin Qərarın 8.4-3-cü bəndində qeyd edilmişdir ki, alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq qeyd edir ki, iddiaçı icra icraatı qaydasında baxılmalı olan tələbini iddia icraatı qaydasında baxılmalı olan tələblə birləşdirərək məhkəməyə müraciət etmişdir. Belə ki, birinci tələb üzrə müəyyən olunmuş 150 (bir yüz əlli) manat alimentin məbləğinin 2023-cü il üçün müəyyən edilmiş 345 manat məbləğində minimum əmək haqqının 0,435 mislini (1 – 345, x – 150, x = 150 : 345 = 0,435) təşkil etdiyini nəzərə aldıqda, iddiaçının ikinci tələbi (hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,67 misli həddində sabit pul məbləğində aliment tutulması) artıq məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması kimi başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır; 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 30505 saylı qəbzdən görünür ki, İddiaçı tərəfindən 53 (əlli üç) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə, hesab edir ki, məhkəməyə müraciət edilərkən hər bir şəxs iddia ərizəsinə və ya onun verilməsinə dair MPM-lə müəyyən edilmiş qaydaya, formaya və məzmuna, həmin sənədlərə dair müəyyən edilmiş tələblərə əməl etməlidir. Yuxarıda göstərilənlərə və MPM-in 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «ödənilməli aliment məbləğinin indeksasiyası» iddia ərizəsi, ona əlavə edilmiş sənədlər və ödənilmiş 53 (əlli üç) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İddiaçı izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində işə baxan Goranboy Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-365/2025
Goranboy Rayon Məhkəməsi Qərardad — İş №2(045)-365/2025
13.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver