Məhkəmə qərarları › İş №2(045)-366/2025

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-366/2025

25.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-366/2025 25.02.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Nağızadə Tuncay Göyüş oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin sabit pul məbləğində tutulmasl” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 245 (iki yüz qırx beş) manat, üç uşaq üçün isə 735 (yeddi yüz otuz beş) manat miqdarında sabit pul məbləğində aliment tutularaq ona verilməsi barədə qətnəmə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o Cavabdeh ilə ailəli olmuşdur. Onların birgə evlilikdən üç övladı olmuşdur. xx.xx.2010-cu il təvəllüdlü X4, xx.xx.2013-cü il il təvəllüdlü X6 və xx.xx.2015-cü il il təvəllüdlü X7. Əvvəllər ailə münasibətləri normal olmuşdur. Bir-birilərini başa düşmüşlər və aralarında heç bir narazılıq olmamışdır. Bir müddət keçdikdən sonra ailə münasibətləri tədricən soyuyaraq hazırda tamamilə kəsilmişdir. Onlar ayrı-ayrılıqda yaşayır. Yetkinlik yaşına çatmayan uşaqları isə onun himayəsindədirlər. Cavabdeh onların maddi vəziyyəti ilə maraqlanmır, heç bir kömək göstərmir. Onun qazancı ilə uşaqların təminatını ödəmək çətindir. Cavabdeh fərdi əməklə məşğul olur, yaxşı qazancı vardır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddiaçının izahatına uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclaslarında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 275208 nömrəli arayışdan görünür ki, Cavabdeh xx.xx.2015-ci ildə İddiaçı doğulmuş X2 atası hesab edilmişdir; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 226137 nömrəli arayışdan görünür ki, Cavabdeh xx.xx.2013-cü ildə İddiaçı doğulmuş X3 atası hesab edilmişdir; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 226138 nömrəli arayışdan görünür ki, Cavabdeh xx.xx.2010-cu ildə İddiaçı doğulmuş X1 atası hesab edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh birgə ailə münasibətindən xx.xx.2010-cu il təvəllüdlü X4, xx.xx.2013-cü il il təvəllüdlü X6 və xx.xx.2015-cü il il təvəllüdlü X7 anadan olmuşdur. Tərəflər hazırda ayrı yaşayır və uşaqlar iddiaçının yanında qalır. Hazırda iddiaçı uşaqların atasının onların saxlanılmasında maddi yardım göstərmədiyini əsas gətirərək hər ay hər uşağın saxlanması üçün 245 manat miqdarında aliment tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludur, aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda alimentin tulması barədə məhkəmədə iddia qaldıra bilərlər; 78-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur; 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunveriliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8- 2/2016 nömrəli Qərarının 8.4-1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanılmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini «xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun» məzmununda ifadə etməlidir). Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarına əsaslanaraq qeyd edir ki, valideynlərin yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq vəzifəsi valideynlərin yaşından, əmək qabiliyyətindən, hətta fəaliyyət qabiliyyətindən asılı olmayaraq müəyyən edilir. Valideynlərin zəruri vəsaitinin olmaması onları alimentin təyin edilməsi ödəmək vəzifəsindən azad etmir. Valideynlər uşaqlarının saxlanması barədə öz aralarında qarşılıqlı razılığa əsasən xüsusi qayda və forma müəyyənləşdirə bilərlər. Lakin onlar (valideynlər) uşaqlarını saxlamaq vəzifəsini könüllü icra etmədikdə, bu, məhkəmə qaydasında həyata keçirilir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2023-cü il tarixli sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Məhkəmə iddia tələbinin tam təmin edilməsini məqsədəmüvafiq hesab etmir. Belə ki, uşaqların saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşağın saxlanılması üçün yalnız atanın maddi öhdəliyini tanıyaraq alimentin məbləğini hər ay 245 manat, ümumulikdə 735 maant miqdarında müəyyən etmək, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinə uyğun deyildir. Həmin normaların mənasından görünür ki, uşaqların saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini və gəlirlərini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. Məhkəmə tərəflərin maddi və ailə vəziyyətlərini, uşaqların mənafeyini, eləcə də yuxarıda qeyd olunan dəyərlənməni nəzərə alaraq hesab edir ki, uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulacaq alimentin miqdarı sonrakı artımlar nəzərə alınmaqla hər ay üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,32 misli həddində müəyyən edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 234.2.1-ci maddəsinə əsasən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə, MPM-in 112.1.3, 119.2-ci və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1.2-ci maddələrini rəhbər tutaraq belə hesab edir ki, hazırkı iş üzrə dövlət rüsumunun ödənilməsi məsələsi də həll edilməli, Cavabdeh dövlət büdcəsinə 66,08 manat (384*12ay=4608 manat) məbləğində dövlət rüsumu tutulmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X4, xx.xx.2013-cü il il təvəllüdlü X6 və xx.xx.2015-cü il il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən başlayaraq İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,32 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Qeyd olunanlara əsasən, MPM-in 216-220-ci, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə xx.xx.2010-cu il təvəllüdlü X4, xx.xx.2013-cü il il təvəllüdlü X6 və xx.xx.2015-cü il il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,32 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamə dərhal icra edilsin. Cavabdeh dövlət büdcəsinin xeyrinə 66,08 manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar