Məhkəmə qərarları › İş №2(045)-378/2024

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-378/2024

12.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-378/2024 12.03.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 250 manat alimentin və 50 manat mediasiyaya ödənilən xidmət haqqının Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə rəsmi nikaha girərək ailə həyatı qurmuşlar. Hər ikisinin razılığı ilə nikahı xx.xx.2023-cü il tarixdə 1 saylı Gəncə Regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində pozulmuşdur. Nikah pozularkən o, hamilə olmuşdur. Birgə nikahdan xx.xx.2023-cü il tarixdə Zəhra adlı uşağı olmuşdur. Cavabdeh uşağının saxlanması üçün hər hansı köməklik etməmişdir. Ona görə də, məhkəmədə aliment tələbinə dair iddia qaldırmaq məcburiyyətində qalır. Məhkəmə iclasında İddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin bildirdi ki, onunla cavabdeh arasında bağlanmış nikah razılıq əsasında Gəncə “ASAN xidmət” mərkəzində pozulmuşdur. Həmin vaxt o, hamilə olmuşdur. Hazırda onların xx.xx.2023-cü il təvəllüdlü X2 adlı uşağı doğulmuşdur. O, uşağını tək başına saxlaya bilmir və istəyir ki, cavabdeh də uşağa maddi cəhətdən köməklik göstərsin. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, İddiaçı ilə arasında olan nikah Gəncə “ASAN xidmət” mərkəzində pozulmuşdur. Həmin vaxt İddiaçı hamilə olduğunu bilməmiş, lakin bu yaxınlarda uşağı olduğunu öyrənmişdir. İddiaçı ilə arasında münasibətlər kəskindir, belə ki, o, pəncərədən tullanıb evdən qaçmışdır. Hazırkı iddia tələbi ilə bağlı qeyd edir ki, heç yerdə işləmədiyi üçün uşağının saxlanması üçün hər ay 150 manat məbləğində aliment ödəyə bilər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 468292 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikaha xx.xx.2023-cü il tarixdə xitam verilmişdir; 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 917243 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X2 xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri Kəpəz rayonunda doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır; Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2023-cü il təvəllüdlü X1 atasıdır. İddiaçı uşağın saxlanılması üçün hər ay Cavabdeh 250 manat məbləğində aliment ödəməyi tələb etsə də, cavabdeh etiraz edərək alimentin 150 manat məbləğində tutulmasını istəyir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludur, aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda alimentin tulması barədə məhkəmədə iddia qaldıra bilərlər; 76-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən aliment tutulur; 78-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat müəyyən edilmişdir. Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbinin tam təmin edilməsi aşağıdakı əsaslara görə məqsədəuyğun deyildir. Belə ki, əvvəla iddiaçı cavabdehin tələbdə göstərilən məbləğdə alimenti ödəyə biləcəyini təsdiqləyən sübutu məhkəməyə təqdim etməmişdir. İkincisi, uşağın saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşağın saxlanılması üçün yalnız atanın maddi öhdəliyini tanıyaraq alimentin məbləğini 250 manat miqdarında müəyyən etmək Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinə uyğun deyildir. Həmin normaların mənasından görünür ki, uşaqların saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. İddiaçının sabit pul məbləğində alimentin tutulmasına dair tələbi olduğundan məhkəmə hesab edir ki, hazırkı iş üzrə yetkinlik yaşına çatmayan uşağın saxlanılmasına görə hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment müəyyən edilməlidir. Azərbaycan Respublikasnın Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 234.2.1-ci maddəsinə əsasən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə, MPM-in 112.1.3, 119.2-ci və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1.2-ci maddələrini rəhbər tutaraq belə hesab edir ki, hazırkı iş üzrə dövlət rüsumunun ödənilməsi məsələsi də həll edilməli, Cavabdeh dövlət büdcəsinə 40,4 (qırx manat qırx qəpik) manat (170 manat*12ay=2040 manat) məbləğində dövlət rüsumu tutulmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh oğlundan İddiaçı xeyrinə tərəflərin birgə nikahından doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən etibarən hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment, həmçinin 40,4 (qırx manat qırx qəpik) manat məbləğində dövlət rüsumu cavabdehdən dövlət büdcəsinə tutulmalıdır. Qeyd olunanlara əsasən, MPM-in 216-220-ci, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə tərəflərin birgə nikahından doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən etibarən hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh dövlət büdcəsinə 40,4 (qırx manat qırx qəpik) manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar