Məhkəmə qərarları › İş №2(045)-55/2025

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-55/2025

18.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-55/2025 18.02.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Nağızadə Tuncay Göyüş oğlunun katibliyi, İddiaçı, Cavabdeh və nümayəndəsi vəkil X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyaları” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3000 manat dəyərində 750 əyyarlı qızıldan hazırlanmış, 18 qram çəkidə olan brilliant qaşlı 6 karat, qolbağ, üzük, sırğa dəsti, 2500 manat dəyərində 583 əyyarlı qızıldan hazırlanmış, 28 qram çəkidə olan boyunbağı (yoloçka), 600 manat dəyərində 583 əyyarlı qızıldan hazırlanmış, 4 qram çəkidə brilliant qaşlı 1 karat, üzük olmadıqda isə onların ümumi dəyəri 6100 manat məbləğində pulun alınaraq ona verilməsi, Cavabdeh 100 manat hüquqi xidmət haqqı, 83 manat məbləğində dövlət rüsumu və 60 manat məbləğində mediasiya xərcinin əvəzinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında el adəti üzrə nişan və toy olmuş, xx.xx.2019-ci il tarixdən ailə qurub yaşamışlar. Cavabdehin təqsiri üzündən nikah rəsmiləşdirilməmişdir. Birgə ailə münasibətlərindən xx.xx.2022-ci il təvəllüdlü X5 adlı övladı vardır. Cavabdehlə xx.xx.2022-ci il tarixdən ayrılmış, o, Qaradağlı kəndində valideynlərinin yanında yaşayır. Ona məxsus bütün cehiz əşyaları, əmlakları cavabdehdən alınmış, lakin qızıl-zinət əşyaları cavabdehdə qalmışdır. Həmin əşyaları cavabdeh deyir ki, nişan və toyda onlar alıb ona hədiyyə etdiyinə görə onda qalmalıdır, onun üçün də, ona qaytarıb vermək istəmir. Cavabdeh xx.xx.2023-cü il tarixdə yeni ailə qurmuşdur. Ona məxsus qızılları yeni arvadına verib istifadə etdirir. Fotoşəkil iddia ərizəsinə əlavə edilir. Hazırkı iddia ərizəsi ilə o, cavabdehdən məhkəmə qaydasında ona məxsus qızıl-zinət əşyalarını tələb edir. Qızıl-zinət əşyaları aşağıdakılardan ibarətdir: 1) 750 əyyarlı qızıldan hazırlanmış brilliant qaşlı 6 karat, qolbağ, üzük, sırğa dəsti, çəkisi 18 qram - 3000 manat, 2) 583 əyyarlı qızıldan hazırlanmış boyunbağı (yoluçka), çəkisi 28 qram - 2500 manat, 3) 583 əyyarlı qızıldan hazırlanmış brilliant qaşlı 1 karat, üzük, çəkisi 4 qram - 600 manat olmaqla, cəmi 6100 (altı min yüz) manat. Qeyd edilənlərə əsasən hesab edir ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəməyə müraciət etmək üçün xərclər çəkmişdir. "xxxx" MMC Million elektron ödəmə sistemi 51505 №-li terminal vasitəsilə **********5 nömrəli, xx.xx.2024-cü il tarixli qəbzlə o, mediasiya təşkilatına 60 manat rüsum ödəmiş, "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qəbzlə o, hazırkı iddia tələbi ilə bağlı 83 manat dövlət rüsumu ödəmiş, "xxxx" ASC tərəfindən verilmiş 30379 nömrəli, xx.xx.2024-cü il tarixli qəbzlə o, vəkil sorğusuna görə xidmət haqqı üçün 50 manat məbləğində vəsait köçürmüş və iddia ərizəsinin tərtibinə görə vəkilə 50 manat məbləğində vəsait köçürmüşdür. Tərəflər ailə mübahisələri ilə bağlı mediasiya proseduru zəruri olduğu üçün ilkin olaraq mediasiya prosedurundan keçmiş, ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli, MŞG/MT/032/2024-00531 №-li arayış iddia ərizəsinə əlavə edilir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, tələb etdiyi qızıl-zinət əşyalarının əsl çəkiləri cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş “X8”ın xx.xx.2022-ci il tarixli təhvil-təslim aktında əks olunan çəkilərlə eynilik təşkil edir və ekspertin rəyi ilə də razı deyildir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, həqiqətən onun tərəfindən iddiaçıya ailə qurarkən qızıl-zinət əşyaları hədiyyə olunmuş və ayrıldıqdan sonra həmin qızılları iddiaçıya verməmişdir. Eyni zamanda iddiaçının tələb etdiyi qızılların dəyəri və çəkisi onun hədiyyə etdiyi qızıllarla eynilik təşkil etməyərək, həqiqəti əks etdirmir. O, həmin qızılları ailəli olan vaxtı lombarda borc qarşılığında girov qoymuş, daha sonra iddiaçıdan ayrıldıqdan sonra atası tərəfindən onun lombarda olan borcu ödənilərək, sözügedən qızıllar girovdan azad edilmiş və atası həmin qızıllar satılaraq, əldə olunan vəsait hesabına başqa borcları bağlanmışdır. O, iddiaçının qızıllara qoyduğu qiymətlə razı deyildir, çünki qızıllarda brilliant qaşları olmamışdır, iddiaçının qoyduğu qiymətlər həddən yuxarı şişirdilmiş qiymətlərdir, ekspertizanın rəyi ilə müəyyən olunmuş qiymət daha real və ağlabatan olduğu üçün məhkəmədən qətnamənin həmin ekspert rəyinə uyğun çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X4 cavabdehin izahatına uyğun izahat verərək, məhkəmədən iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Gəncə univermaq qızıl-zinət əşyalarının qiymətləndirilməsi mütəxəssisi tərəfindən verilmiş məktubundan görünür ki, 750 əyyarlı (İtaliya) qızıldan hazırlanmış brilliant qaşlı 6 karat, qolbağ, üzük, sırğa dəsti, çəkisi 18 qram - 2700 (iki min yeddi yüz) manat, 583 əyyarlı (rus) qızıldan hazırlanmış boyunbağı (yoluçka) çəkisi 28 qram - 2100 (iki min yüz) manat, 583 əyyarlı (rus) qızıldan hazırlanmış brilliant qaşlı 1 karat üzük çəkisi 4 qram - 500 (beş yüz) manat təşkil edir; Fotoşəkillərdən İddiaçı üzərində qızıl-zinət əşyalarının olması görünür; “X8” MMC-nin girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndimə və təhviltəslim aktından görünür ki, 500 əyyarlı boyunbağı, çəkisi 20,32 qram - 589 manat, 500 əyyarlı üzük ağlı çəkisi 4 qram – 116 manat, 500 komplekt ağlı çəkisi 12,93 qram – 375 manat olmaqla, cəmi 1080 manat civarında qiymətləndirilmişdir; Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 16 dekabr 2024-cü il tarixli, 9/9249 nömrəli ekspert rəyinin tədqiqatın nəticəsi hissəsindən görünür ki, iddia ərizəsində adları sadalanan qızıl-zinət əşyalarının nəzəri qaydada real bazar dəyəri təxminən 1524,00 manat müəyyən edilir həmin qızılzinət əşyalarının ayrı-ayrılıqda adları və qiyməti rəyin tədqiqi hissəsində göstərilmişdir. Zərgərlik məmulatlarının üzərində olan dəyərli qaşların (almaz, brilliant, zümrüd və sair) qiymətini müəyyən etmək üçün həmin qaşlara baxış keçirmədən onların keyfiyyətini müəyyən etmək mümkün deyildir. Bu səbəbdən həmin dəyərli qaşlar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Ekspert tədqiqatın dəyəri 50 manat təşkil edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh xx.xx.2019-ci il taixdə faktiki nikaha girmiş, bundan sonra iddiaçı Cavabdeh yaşadığı Goranboy rayonu Qaradağlı kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Gəlin köçdüyü zaman ona iddiada göstərilən qızıllar hədiyyə olunmuşdur. Yaşadığı müddət ərzində qızıl-zinət əşyaları özündə olmuşdur. İddiaçı daha sonra ər evindən ayrılaraq atası evinə getmiş və gedərkən qızıl-zinət əşyaları cavabdehdə qalmışdır. İddiaçı hazırda iddia ərizəsində göstərilən qızıl-zinət əşyalarını tələb edir. Cavabdeh iddia tələbində tələb olunan qızıl-zinət əşyalarının mövcudluğunu, iddiaçıya məxsus olmasını və iddiaçıdan ayrıldıqdan sonra satdığını mübahisələndirməmiş və inkar etməmişdir. Odur ki, qeyd olunan hallar işin mübahisəsiz hallarıdır. Lakin tələb edilən qızıl-zinət əşyaların dəyərinin müəyyən edilməsi işin mübahisəli halıdır. Bu hala məhkəmə iclasında tədqiq edilmiş sübutlarla qanunauyğun qiymət verilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər; 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. “İnsan Hüquqlarının və X3 Haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir; 34.2-ci maddəsinə əsasən zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Məhkəmə işin mübahisəli halı olan qızıl-zinət əşyalarının dəyəri hissəsində qeyd edir ki, İddiaçı tələb edilən qızıl-zinət əşyalarının dəyəri ilə bağlı məhkəməyə hər hansı mötəbər dəlil təqdim etməmişdir. Halbuki, sübutetmə yükü də qanunla iddiaçının üzərinə düşür. Belə ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 77.1-ci maddəsi). Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olması nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Göründüyü kimi İddiaçı tələbdə göstərilən qızıl-zinət əşyalarının dəyərini 6100 manat məbləğində qeyd etsə də bu halları məhkəmə iclasında sübut edə bilməmişdir. Lakin məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 21 avqust 2024cü il tarixli, 3-16-16/1-10/5630 nömrəli rəyini daha mötəbər sübut növü kimi qəbul edir. MPM-in: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyindən ekspertiza tədqiqatının dəyəri olan – 50 (əlli) manat məbləğində ekspertiza xərcinin 12,50 manat hissəsi Cavabdeh, qalan 37,50 manat hissəsi isə İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə, iddia tələbinin ödənilmiş 83 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməli, yəni tələbin təmin edilmiş hissəsinə mütənasib olaraq “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə (30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi) əsasən cavabdehdən tutulmalı olan ödənilmiş dövlət rüsumunun əvəzi 20,75 manat məbləğində müəyyən edilməli və qalıq 62,25 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Məhkəmə iddia tələbinin mediasiya xərcinin tutulması hissəsində qeyd edir ki, hazırkı iddia ilə məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirak etmək üçün ödənilmiş 60 manat məbləğində mediasiya haqqının yarısı, yəni 30 manat hissəsinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan yarı hissə iddiaçıya aid edilməlidir (əsas: “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36.5-ci maddəsi) Məhkəmə iddia tələbinin vəkilə ödənilmiş xdimət haqqı pulunun cavabdehdən tutulması hissəsində qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməli, yəni tələbin təmin edilmiş hissəsinə mütənasib olaraq Cavabdeh İddiaçı xeyrinə 25 manat məbləğində hüquqi yardıma görə ödənilmiş xidmət haqqının əvəzi tutulmalıdır. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 500 əyarlı qızıldan hazırlanmış 6 karat brilliant qaşlı, 12,93 qram qolbağ, üzük, sırğa dəsti, 500 əyarlı qızıldan hazırlanmış 20,32 qram boyunbağı (yoluçka), 500 əyarlı qızıldan hazırlanmış 1 karat brilliant qaşlı 4 qram üzük, olmadıqda isə onların ümumi dəyəri - 1524 manat məbləğində pul, ödənilmiş 20,75 manat məbləğində dövlət rüsumu, 25 manat məbləğində hüquqi yardıma görə ödənilmiş xidmət haqqı və 30 manat məbləğində mediasiya xərcinin əvəzi alınaraq İddiaçı verilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 500 əyarlı qızıldan hazırlanmış 6 karat brilliant qaşlı, 12,93 qram qolbağ, üzük, sırğa dəsti, 500 əyarlı qızıldan hazırlanmış 20,32 qram boyunbağı (yoluçka), 500 əyarlı qızıldan hazırlanmış 1 karat brilliant qaşlı 4 qram üzük, olmadıqda isə onların ümumi dəyəri - 1524 manat məbləğində pul, ödənilmiş 20,75 manat məbləğində dövlət rüsumu, 25 manat məbləğində hüquqi yardıma görə ödənilmiş xidmət haqqı və 30 manat məbləğində mediasiya xərcinin əvəzi alınaraq İddiaçı verilsin. Ekspertiza tədqiqatının dəyəri olan – 50 (əlli) manat məbləğində ekspertiza xərcinin 12,50 manat hissəsi Cavabdeh, qalan 37,50 manat hissəsi isə İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifanını kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, X2: kod 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ **********0000003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi: VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar