Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-62/2023 31.01.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “uşaqla görüş” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 14 avqust 2019-cu il təvəllüdlü X3 və 01 fevral 2021ci il təvəllüdlü X4 ilə hər həftənin bazar günü saat 10:00-dan 14:00-dək ananın iştirakı olmadan görüş hüququnun verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2018-ci ildə ailə həyatı qurmuşdur. 14 avqust 2019-cu ildə X3 və 01 fevral 2021-ci ildə X4 adlı 2 övladı olmuşdur. 2020-ci ildə cavabdehlə arasında olan narazılığa əsasən ayrılmış və hazırda ayrı yaşayır. Goranboy Rayon Məhkəməsi ilə hər ay ondan 250 manat sabit pul məbləğində aliment tutularaq xx.xx.2019-cu il təvəllüdlü X1 və xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh xeyrinə verilməsi qət edilmişdir. Hal-hazırda alimenti vaxtı-vaxtında ödəyir. Goranboy Rayon Məhkəməsinin qətnaməsinə əsasən ona həftədə bir gün şənbə günü saat 10:00-dan 12:00-a qədər (anasının iştirakı ilə) uşağı ilə ünsiyyətdə olmaq hüququ verilmişdir. O, övladları ilə daha çox ünsiyyətdə olmaq, onların daha çox qayğısına qalmaq üçün cavabdehə dəfələrlə müraciət etsə də cavabdeh razı olmamışdır. Bu övladlarının psixoloji vəziyyətinə mənfi təsir edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək əlavə olaraq bildirdi ki, Cavabdeh uşaqları ilə ünsiyyətdə olmasına problem yaradır. Məhkəmə qətnaməsi ilə 1 övladı ilə, yəni X3 ilə hər həftənin şənbə günü saat 10:00-dan 12:00-dək ananın iştirakı ilə ona ünsiyyət hüququ verilmişdir. Bu müddət az olmaqla yanaşı, ünsiyyət hüququnun ananın iştirakı ilə müəyyən edilməsi həmin görüşə çətinlik yaradır. Belə ki, onun cavabdehlə münasibəti kəskin olduğundan bu görüş baş tutmur və bu da uşağın normal inkişafına maneə yaradır. Digər övladı ilə ünsiyyətdə olmasına cavabdeh maneə yaradır. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərdi ki, uşaqları ilə iddiaçının hər həftənin bazar günü saat 10:00-dan 14:00-dək ünsiyyət hüququnun müəyyən edilməsinə etiraz etmir. Amma bu görüş yalnız onun iştirakı ilə ola bilər. Belə ki, uşaqların yaşı azdır, onların müalicəyə ehtiyacı var. Bu səbəbdən də uşaqları nəzarətsiz qoymaq istəmir. Göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalargna müvafiq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 317216 nömrəli arayışdan görünür ki, X3 xx.xx.2019-cu ildə Goranboy rayonunda doğulmuşdur, atası İddiaçı, anası Cavabdehdır; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 566230 nömrəli arayışdan görünür ki, X4 xx.xx.2021-ci ildə Goranboy rayonunda doğulmuşdur, atası İddiaçı, anası Cavabdehdır; Goranboy Rayon Məhkəməsinin 2(045)-427/2021 nömrəli, 04 may 2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı hər həftənin şənbə günü saat 10:00-dan 12:00-dək X3 ilə (anasının iştirakı ilə) görüş, ünsiyyətdə olmaq hüququ verilmişdir; Goranboy rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyindən görünür ki, 14 avqust 2019-cu il təvəllüdlü X3 və 01 fevral 2021-ci il təvəllüdlü X2 ataları İddiaçı ilə ünsiyyətdə olmalarını məqsədəmüvafiq hesab olunur; Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmi.dir ki, İddiaçı ilə Cavabdeh birgə yaşadığı dövrdə 14 avqust 2019-cu il təvəllüdlü X3 və 01 fevral 2021-ci il təvəllüdlü X4 adlı uşaqları doğulmuşdur. İddiaçının həmin uşaqlardan biri ilə, yəni X3 ilə hər həftənin şənbə günü saat 10:00-dan 12:00-dək X3 ilə ananın iştirakı ilə görüş hüququ müəyyən edilmişdir. Hazırda iddiaçı hər iki övladı ilə ananın iştirakı olmadan hər həftənin bazar günü saat 10:00-dan 14:00-dək gösrüş hüququnun verilməsini tələb edir. Yəni, iddiaçı övladlarının inkişafı və tərbiyəsində yaxından iştirak etmək arzusundadır. İddiaçının əqli və fiziki cəhətdən sağlam olmadığı, habelə uşaqlara münasibətdə hər hansı mənfi təsirinin olması ilə bağlı hallar müəyyən edilməmişdir. Goranboy rayon İcra Hakimiyyəti başçısı Aparatı yaında Qəyyumluq və Himayəçilik Komissiyası İddiaçı övladları ilə ünsiyyətdə olmasını yetkinlik yaşına çatmayanın hüquq və mənafeyinə uyğun hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur; 34-cü maddəsinin İV hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 50-ci maddəsinə əsasən uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. Valideynlər ayrı yaşadıqda uşaq onların hər biri ilə ünsiyyət hüququna malikdir; 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; 58.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar; 61-ci maddəsinə əsasən uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqlardan ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir; 62.3-cü maddəsinə əsasən valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə uşağın rəyini və marağını nəzərə almaqla mübahisəni həll edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar; 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür; 18-ci maddəsinə əsasən valideynlərinin hər ikisindən və ya birindən ayrı yaşayan uşağın onları tanımaq, habelə bu ona mənfi təsir göstərmirsə, valideynləri ilə ünsiyyətdə olmaq hüququ vardır; 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyyəsində bərabər hüququ və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Elşolts Almaniyaya qarşı” iş üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yuksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. “Valideyinlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli, 6/2011 nömrəli qərarına əsasən ailə qanunvericiliyinə və uşaq hüquqları ilə bağlı beynəlxalq hüquq normalarına uyğun olaraq, uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyətdə olmaq, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqla birlikdə yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı sazişi bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının) nümayəndəsinin iştirakı ilə onların yazılı rəyi və 10 yaşına çatmış uşağın fikri nəzərə alınmaqla məhkəmə tərəfindən həll edilir. Uşaqlardan ayrı yaşayan valideynlərə uşaqlarla ünsiyyət üçün elə vaxt və müddət müəyyən edilməlidir ki, o, qanunla nəzərdə tutulan valideynlik hüquqlarını real və maneəsiz həyat keçirə bilsin. Məhkəmələr nəzərə almalıdırlar ki, uşaqla ünsiyyətdə olmaq istəyən valideynin iddiasının formal təmin edilməsi, uşaqla ünsiyyət üçün simvolik və əlverişsiz müddət müəyyən edilməsi yolverilməzdir. Məhkəmələrin diqqətinə çatdırılsın ki, qanunvericilik uşaqlarla ünsiyyət hüququnun birbaşa məhkəmə müdafiəsi qaydasını yalnız ayrı yaşayan valideynlərə aid etmişdir. Məhkəmələr uşaqla ünsiyyətdə olma vaxtını müəyyən edərkən işin bütün hallarını, o cümlədən ailədə neçə uşağın olmasını, onların yaşını, bağçaya, yaxud məktəbə gedib-getməməsini, səhhətini, hansı valideynə daha çox bağlılığını, onun mənəvi, psixi və fiziki inkişafına təsir edən digər amilləri nəzərə almalıdır. Tərəflərin qarşılıqlı münasibətləri, işin faktiki halları nəzərə alınmaqla məhkəmənin qətnaməsində uşaqla görüşün (ünsiyyətin) yeri, vaxtı, hansı şəraitdə keçirilməsi, eyni zamanda görüşdə iştirak edən şəxslərin dairəsi göstərilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, uşaqlarla ünsiyyət hüququ ilə bağlı münasibətlər davam edən xarakter daşıdığı üçün qətnamə qanuni qüvvəyə mindikdən sonra, eyni məsələ ilə bağlı məhkəmədə təkrar iddia qaldırmaq hüququ istisna edilmir. BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Konvensiyasının 18-ci maddəsində görə, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşaqların ən yaxşı maraqları onların qayğı obyektidir. Göründüyü kimi uşaqlarla ünsiyyət hüququ ilə bağlı münasibətlər davam edən xarakter daşıyır və bu səbəbdən də iddiaçının hazırda məhkəmə qətnaməsi ilə ünsiyyət hüququ müəyyən edilmiş övladı ilə, yəni X3 ilə göüş vaxtına dair məhkəmədə təkrar iddia qaldırmaq hüququ istisna edilmir. Məhkəmə, qanunvericiliyin yuxarıda sadalanmış müddəalarını əsas götürməklə İddiaçı azyaşlı övladları ilə ünsiyyət məsələsini araşdıraraq qeyd edir ki, tərəflər arasında olan münasibətlərin pozulması nəticəsində onların azyaşlı uşaqları Cavabdeh himayəsində qaldığı üçün iddiaçı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 58.1-ci maddəsinə əsasən özündən ayrılıqda yaşayan övladları ilə ünsiyyətdə olmaq, onların tərbiyəsi və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Valideynlərin ayrı yaşaması onlardan hər birinin uşaqla bağlı hüquqlarına, o cümlədən ünsiyyət hüququna təsir etmir. İş üzrə Goranboy rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyi, eləcə də iddiaçının övladları ilə ünsiyyət hüququnun həyata keçirilməsinə mane ola biləcək hər hansı səbəblərin müəyyən olunmadığı nəzərə alınmaqla iddiaçının ata kimi övladları ilə ünsiyyət hüququ təmin edilməlidir. Uşaqla ünsiyyət hüququnun həyata keçirilməsi qaydasına, yəni bu hüququn həyata keçiriləcəyi yerə, onun gününə və davam etmə müddətinə münasibətdə isə məhkəmə qeyd edir ki, bu zaman ilk növbədə uşaqların mənafeyi, o cümlədən valideynlərin hər ikisinin iş və məişət rejimi, onların münasibətlərindəki gərginlik və mübahisənin müəyyən olunmuş diqqətəlayiq digər halları nəzərə alınmaqla ünsiyyət qaydası mümkün qədər elə müəyyən edilməlidir ki, uşaqların yanında olmayan digər valideyn özünün ən əsas hüquqlarından biri olan övladları ilə ünsiyyət imkanından maksimum istifadə edə bilsin. Məhkəmə, hazırki mübahisənin həlli zamanı, ilk növbədə tərəflərin birgə nikahdan anadan olmuş azyaşlı uşaqların hüquqlarını və mənafeyini nəzərə almağı zəruri hesab edir. Eyni zamanda, tərəflərin bir-biri ilə ziddiyyətli münasibətlərini və iddiaçının uşaqlara münasibətdə hər hansı mənfi təsirinin müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, iddiaçının uşaqlarla görüşü ananın iştirakı olmadan keçirilməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı övladları 14 avqust 2019-cu il təvəllüdlü X3 və 01 fevral 2021-ci il təvəllüdlü X4 ilə hər həftənin bazar günü saat 10:00-dan 14:00-dək, uşaqların anası Cavabdeh iştirakı olmadan görüşüb ünsiyyətdə olmaq üçün görüş vaxtı təyin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı övladları 14 avqust 2019-cu il təvəllüdlü X3 və 01 fevral 2021-ci il təvəllüdlü X4 ilə hər həftənin bazar günü saat 10:00-dan 14:00-dək, uşaqların anası Cavabdeh iştirakı olmadan görüşüb ünsiyyətdə olmaq üçün görüş vaxtı təyin edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №2(045)-62/2023
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-62/2023
31.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver