Məhkəmə qərarları › İş №2(045)-624/2024

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-624/2024

28.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-624/2024 28.06.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Qasımov Behbud Telman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “uşağın respublikadan xarici ölkələrə sərbəst gedib-gəlmə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi məhkəməyə müraciət edərək, 05 fevral 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək atası Cavabdeh icazəsi olmadan, onun himayəsi altında Azərbaycan Respublikasının hüdudlarından kənara çıxmaq hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, 2009-cu ildə Cavabdeh ilə ailə qurmuşdur. Birgə nikahdan 05 fevral 2010-cu il tarixində qızı X4 dünyaya gəlmişdir. Lakin, sonradan onların şəxsi münasibətləri pozulmuş və ayrılmaq qərarına gəlmişlər. Nikahı pozulan zaman qızı onun yanında qalmışdır. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, özünün və uşağın sağlamlıqlarında müxtəlif problemlər olur. Bununla əlaqədar olaraq o uşağı özü ilə xarici ölkəyə aparmaq istəyir. Həmçinin, yay aylarında qızını xarici ölkəyə istirahət üçün də aparmaq istəyir, bunun üçün uşağın atası, yəni cavabdeh də razılıq verməlidir. Lakin, cavabdeh belə bir razılığı vermir. Cavabdeh ümumiyyətlə uşağı ilə maraqlanmır, onun taleyinə biganədir. Ancaq o övladının taleyinə biganə qala bilmir. Bu səbəbdən də cavabdehin icazəsi olmadan 05 fevral 2010-cu il təvəllüdlü X2 onun himayəsi altında ölkə hüdudlarından kənara çıxmaq hüququnun tanınması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etməyərək bildirib ki, birgə nikahlarından doğulmuş uşağının anası ilə xaricə getməsinə icazə vermir. Çünki xarici ölkədə uşağının başına iş gələcəyindən ehtiyat edir. Əlavə olaraq bildir ki, onun uşağı ilə ünsiyyət hüququ iddiaçı tərəfindən məhdudlaşırılmışdır. O, dəfələrlə uşağını görmək üçün məktəbə getsə də, müəllimələri tərəfinən qovulmuşdur. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Gəncə şəhəri, Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 393351 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 05 fevral 2010-cu ildə Gəncə şəhərində doğulmuş, atası Cavabdeh, anası X5; Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 20 okyabr 2015-ci il tarixli, 2(044)- 2017/2015 saylı qətnaməsindən görünür ki, iddiaçı Kərimova (Ələsgərova) İlahə Faxrəddin qızı ilə Cavabdeh arasında 12 yanvar 2010-cu il tarixdə X8 08 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından 05 fevral 2010-cu il tarixdə anadan olmuş X4 iddiaçı Kərimova (Ələsgərova) İlahə Faxrəddin qızının himayəsində saxlanılması qət edilmişdir; Gəncə şəhəri, Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 224726 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 arasında bağlanmış nikah 17 dekabr 2015-ci il tarixdə ləğv edilmişdir. Nikah pozulduqdan sonra sonuncuya “Ələsgərova” soyadı verilmişdir; xx.xx.2024-cü il tarixli yaşayış yeri haqqında arayışdan görünür ki, İddiaçı övladı X4 ilə birlikdə ünvan 1 ünvanında qeydiyyatdadır və yaşayır; xx.xx.2021-ci il tarixli reyetr çıxarışından görünür ki, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, ev 29, mənzil 20 İddiaçı xüsusi mülkiyyətindədir; xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X1 şəhəri M.Mehdizadə adına 4№-li xarici dil təmayüllü məktəb-liseyin rus bölməsinin 8 “E” sinfini bitirib 9 “E” sinfinə keçirilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflərin birgə nikahından 05 fevral 2010-cu il təvəllüdlü X4 doğulmuşdur. Yetkinlik yaşına çatmayan uşaq hazırda anasının himayəsindədir. İddiaçı övladının fiziki və mənəvi inkişafının, dünya görüşünün formalaşması məqsədi ilə uşağı ölkə hüdudlarından kənara aparmaq istəyir. Azərbaycan Respublikası Konstitusiyasının: 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır; 28-ci maddəəsinin İİİ və İV hissəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikası vətəndaşlarının hər zaman maneəsiz öz ölkəsinə qayıtmaq hüququ vardır. Birləşmiş Millətlər Təşkilatının 1989-cu il tarixli “Uşaq Hüquqları” haqqında Konvensiyasının: 9-cu maddəsinin 1-ci hissəsinə əsasən iştirakçı dövlətlər təmin edirlər ki, uşaq və valideynləri onların arzusuna zidd olaraq ayrı düşməsinlər, amma məhkəmənin qərarına uyğun olaraq səlahiyyətli orqanların tətbiq edilən qanuna və prosedurlara müvafiq surətdə belə ayrılığın uşağın ən yaxşı mənafeyi üçün zəruri olduğunu müəyyənləşdirdikləri hallar istisna təşkil edir. Belə müəyyənləşdirmə bu və ya digər konkret halda, məsələn, valideynlər uşaqla qəddarcasına rəftar etdikdə və ya onun qayğısına qalmadıqda və ya valideynlər bir-birindən ayrı yaşadıqda və uşağın yaşayış yeri barədə qərar qəbul edilməli olduqda zəruri ola bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 51.4-cü maddəsinə əsasən uşağın valideynləri tərəfindən sui-istifadə etmə hallarından müdafiə olunmaq hüququ vardır; 58.2-ci maddəsinə əsasən valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar; 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin: 9.1 və 9.2-ci maddələrinə əsasən, Azərbaycan Respublikasının vətəndaşı dövlət sərhədinin buraxılış məntəqələrindən keçərək, sərbəst surətdə ölkədən getmək və ölkəyə gəlmək hüququna malikdir. Vətəndaş ölkədən getmək və ölkəyə gəlmək hüququndan məhrum edilə bilməz. Vətəndaşın ölkədən getmək hüququnun məhdudlaşdırılmasının mümkünlüyü isə dəqiq dairəsi göstərilən Məcəllənin 9.3-9.5–ci maddələrində əks olunan halların mövcudluğu ilə əlaqələndirilmişdir. 11.1-ci maddəsinə əsasən, 11.2-ci maddədə nəzərdə tutulmuş hallar istisna olmaqla, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynləri, övladlığa götürəni, himayəçisi və ya qəyyumu ilə gedə bilərlər. 11.2-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə isə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Həmin şəxslərdən birinin razılığı olmadıqda, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında yaranan mübahisələr üzrə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 13 nömrəli, xx.xx.2021-ci il tarixli qərarının: 1.7-ci bəndində qeyd olunur ki, məhkəmələr tərəfindən uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında mübahisələrə baxılarkən, uşağın təhsil, peşə hazırlığı, tibbi xidmət, sağlamlığının bərpası, əmək fəaliyyətinə hazırlıq sahəsində xidmətlərdən səmərəli istifadə etməsini və istirahət vasitələrindən bəhrələnməsini təmin etmək məqsədi ilə bütövlükdə uşağın sosial həyata mümkün qədər daha yaxşı cəlb edilməsi, uşağın mədəni və mənəvi inkişafı da daxil olmaqla, şəxsiyyətinin formalaşması naminə hər bir halda üstün mənafeyi nəzərə alınmalıdır. 7.6-cı bəndində göstərilir ki, iddianın qaldırılmasınadək razılıq verməməsi, razılığın rəsmiləşdirilməsindən yayınması, yaxud da olduğu yeri müəyyənləşdirilməyin mümkünsüzlüyü sübuta yetirilən valideynin sonradan işə məhkəmədə baxılarkən notarial qaydada təsdiq edilmiş razılığını təqdim etməsi iş üzrə icraata xitam verilməsi, iddia ərizəsinin baxılmamış saxlanması və yaxud da iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, həmin valideynin təqdim etdiyi notarial qaydada təsdiq edilmiş ərizəsini hüququndan sui-istifadə etməklə sonradan ləğv etmə imkanının olması qarşı tərəfi müdafiəsiz qoymaqla, hüquqlarının pozulması ilə nəticələnə bilər. Bu baxımdan, mübahisəyə məhkəmə icraatında baxıldığı vaxt müvafiq razılığı əks etdirən ərizənin təqdim edilməsi mahiyyət etibarı ilə iddianın tam və yaxud qismən etiraf edilməsi kimi qiymətləndirilməlidir. 7.17-ci bəndində qeyd olunur ki, uşağın digər valideynin razılığı olmadan ölkədən çıxarılmasına dair iddia tələbi ilə məhkəməyə müraciət edən valideyn iddia ərizəsində uşağın ölkə hüdudlarından kənara çıxarılmasının məqsədi ilə bağlı (uşaqların xarici ölkələrdə daha etibarlı və düzgün müalicə almaları, eləcə də onların dünya görüşlərinin artırılması, xarici dövlətlərdə yaşayan qohumları ilə əlaqələrin bərpa və inkişaf etdirilməsi, təhsil alması, istirahətinin təşkili və.s) aydın mövqe sərgiləməlidir. Belə ki, bu qaydaya riayət edilməklə verilən iddia tələbi uşağın xarici ölkəyə aparılmasının onun mənafeyinə uyğunluğunu yoxlamağa imkan verir. Məhkəmə “uşağın respublikadan xarici ölkələrə sərbəst gedib-gəlmə hüququnun tanınması tələbinə dair” iddianın məzmunu barədə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında yaranan mübahisələr üzrə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 13 nömrəli, xx.xx.2021-ci il tarixli qərarının 4.1 və 4.2-ci bəndlərində göstərilir ki, bu kateqoriya işlər üzrə iddiaçılar bir çox hallarda iddia tələblərini qanunvericiliyin tələblərinə zidd olaraq, yetkinlik yaşına çatmayan vətəndaşın (uşağın) digər valideynin razılığı olmadan ölkədən çıxarılmasınagətirilməsinə, getməsinə-gəlməsinə hüququn tanınması və s. bu kimi məzmunda ifadə edirlər. Halbuki, Azərbaycan Respublikası vətəndaşlarının öz ölkəsinə qayıtmaq hüququ Konstitusiyanın 28-ci maddəsinin İV hissəsində nəzərdə tutulmuş konstitusion hüquq olmaqla, hər hansı formada məhdudlaşdırıla bilmədiyindən, ölkəyə gətirilməsinə icazənin verilməsi ilə bağlı tələblərə məhkəmə qaydasında baxıla bilməz. Digər tərəfdən, tələbin hüququn tanınması şəklində ifadə edilməsi də, bir valideynin digər valideynə münasibətdə üstünlüyü baxımından doğru hesab edilə bilməz. Belə ki, ailə qanunvericiliyinin tələblərinə görə, uşağın yanında qalması müəyyən edilmiş valideyn digər valideynə münasibətdə hər hansı üstün hüquqlar əldə etmir, əksinə Ailə Məcəlləsinin 61-ci maddəsində təsbit edilmişdir ki, uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Qeyd edilənlərdən belə nəticə hasil olur ki, Miqrasiya Məcəlləsinin 9.1-ci, 9.2-ci, 11.1-ci və 11.2-ci maddələrinə əsasən, bu kateqoriya işlər üzrə tələb “yetkinlik yaşına çatmayan vətəndaşın (uşağın) digər valideynin razılığı olmadan ölkədən getməsinə icazənin verilməsi” məzmununda qoyulmalıdır. Bu baxımdan məhkəmələrə izah edilir ki, iddia tələbinin məzmunu bu şəkildə qoyulmadıqda, məhkəmələr MPM-in 14 və 53-cü maddələrinə əsasən iddiaçıya tələbin dəqiləşdirilməsini təklif edə bilər, təklifin qəbul edilib-edilməməsindən asılı olmayaraq, qətnamənin nəticə hissəsi tələbin məzmunu ilə bağlı qanunvericiliyin göstərişlərinə uyğun olmalıdır. Məhkəmə hazırki iş üzrə iddia tələbinin dəlillərini nəzərə alır. Belə ki, iddiaçı iddia ərizəsində övladının dünyagörüşünün artırılması, təhsil alması və həmçinin istirahət etməsi məqsədi ilə onunla xarici ölkələrə getmək istədiyini bildirmişdir. Bu halda iddianın təmin edilməsi uşağın mənafeyinə uyğun olmaqla bərabər, onun qanunla qorunan hüuqlarını da müdafiə etmiş olacaqdır. Həmçinin, bu hal uşağın inkişafının da təmin olunmasına xidmət edəcəkdir. Göstərilən qanunvericilik aktı normalarına və beynəlxalq təcrübəyə əsaslanaraq, məhkəmə hazırki mübahisədə uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verərək hesab edir ki, iddia təmin olunmalı, tərəflərin birgə nikahından olan yetkinlik yaşına çatmayan uşağın cavabdehin razılığı olmadan ölkədən kənara çıxarılmasına icazə verilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 05 fevral 2010-cu il təvəllüdlü X2 atası Cavabdeh razılığı olmadan 18 yaşına çatanadək, anası İddiaçı himayəsi altında xarici ölkələrə getməsinə icazə verilməlidir. Qeyd olunanlara əsasən MPM-in 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 05 fevral 2010-cu il təvəllüdlü X2 atası Cavabdeh razılığı olmadan 18 yaşına çatanadək, anası İddiaçı himayəsi altında xarici ölkələrə getməsinə icazə verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar