Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-740/2023 03.10.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi X1, İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “uşaqla sərbəst ünsiyyətinin təmin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi və daha sonra dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il təvəllüdlü X7 adlı nəvələri ilə hər həftənin şənbə günü saat 10:00-dan 18:00-dək Cavabdeh iştirakı olmadan görüşüb ünsiyyətdə olmaları, belə görüşə tərəflərin yaşayış yeri imkan vermədikdə ünsiyyətin virtual olaraq “Whatsapp” və digər proqram vasitələri ilə görüntülü həyata keçirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onların keçmiş gəlinidir. X2 ilə Aytac xx.xx.2018-ci ildə rəsmi nikaha daxil olmuşlar, xx.xx.2022-ci il tarixdə isə Goranboy Rayon Məhkəməsinin qətnaməsi ilə nikahları pozulmuşdur və birgə nikahlarından xx.xx.2019-cu ildə doğulmuş X7 anasının himayəsində saxlanmışdır. Lakin təəssüf ki, cavabdeh nəvəsi ilə sərbəst görüşməyə imkanı yaratmır. Nəvəsi 4 il onların yanında qalmışdır, onların gözünün önündə böyüyüb, biz uşağa, uşaq da onlara çox bağlıdır. Lakin Aytac uşağın onlarla sərbəst ünsiyyətinə şərait yaratmır. Onlar da uşaqla ünsiyyət saxlaya bilmədiyi üçün çox narahatdırlar və nəvələri üçün çox darıxırlar. Bununla əlaqədar olaraq, o, Kəlbəcər Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Lakin oradan onlara rəsmi məktub göndərilərək bildiriblər ki, bu məsələ məhkəmənin səlahiyyətindədir. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh bildirmişdir ki, uşağı anaya çox bağlı və yaşı az olduğu üçün onun iddiaçılar ilə canlı görüşünə razılıq verə bilməz. Lakin, ünsiyyətin “Whatsapp” və digər proqramlar vasitəsi ilə həyata keçirilməsinə etiraz etmir. Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Rusiya Federasiyası Orenburq vilayətinin Saraktaş rayonun qeydiyyat şöbəsi tərəfindən verilmiş 15 may 2019-cu il tarixli, İİİ-PA 533657 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2019-cu il tarixdə Rusiya Federasiyası Orenburq vilayətinin Saraktaş rayonu, Saraktaş qəsəbəsində doğulmuşdur, atası X6, anası Cavabdehdır; Goranboy Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 10 avqust 2022-ci il tarixli, 2(045)-903/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, Orenburq vilayətinin Saraktaş rayonunun Qeydiyyat şöbəsində xx.xx.2018-ci il tarixdə bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında ********************3 nömrə ilə qeyd edilmiş nikah pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X7 anası Cavabdeh yanında saxlanılması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən başlayaraq cavabdeh X3 iddiaçı Cavabdeh xeyrinə hər ay 193 (yüz doxsan üç) manat məbləğində aliment tutulması qət edilmişdir; Goranboy Rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyindən görünür ki, adı çəkilən Komissiya xx.xx.2019-cu il təvəllüdlü X5 babası İddiaçı1 və nənəsi İddiaçı2 ilə ünsiyyətdə olmasını və görüş verilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə, tərəflərin fikrini nəzərə alıb, mülki işin sənədlərini araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X6 ilə Cavabdeh birgə nikahından xx.xx.2019-cu il təvəllüdlü X7 doğulmuşdur. Goranboy Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli, 2(045)-903/2022 nömrəli qətnaməsi ilə X6 ilə Cavabdeh arasında bağlanmış nikah qeydi pozulmuş, birgə nikahlarından doğulmuş uşaq anası Cavabdeh himayəsində saxlanmış və alimentin tutulması müəyyən edilmişdir. Uşaq hazırda cavabdehin yanında yaşayır. İddiaçılar nəvəsinin inkişafı və tərbiyəsində yaxından iştirak etmək arzusundadır. İddiaçıların əqli və fiziki cəhətdən sağlam olmadığı, habelə uşaqlara münasibətdə hər hansı mənfi təsirinin olması ilə bağlı hallar müəyyən edilməmişdir. Goranboy Rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyi ilə xx.xx.2019-cu il təvəllüdlü X5 babası İddiaçı1 və nənəsi İddiaçı2 ilə ünsiyyətdə olması onun hüquq və mənafeyinə uyğun hesab edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Həmin Konstitusiyasının 34-cü maddəsinin İV hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 50.1-ci maddəsinə əsasən uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir; 51.2-ci maddəsinə əsasən uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər), bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata keçirilir. 62.1-ci maddəsinə əsasən baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqla ünsiyyət hüququna malikdirlər. 62.2-ci maddəsinə əsasən valideynlər (onlardan biri) uşağın yaxın qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamağını tələb edə bilər. 62.3-cü maddəsinə əsasən valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə uşağın rəyini və marağını nəzərə almaqla mübahisəni həll edir. 73.1-ci maddəsinə əsasən uşaqların tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə baxılarkən, uşağın müdafiəsi üçün iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanı işə cəlb edilir; 73.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı mübahisə ilə bağlı uşağın və onun tərbiyəsi ilə məşğul olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair ona əsaslanmış rəyini məhkəməyə təqdim etməyə borcludur. Uşaq hüquqlarına dair BMT Konvensiyasının 9-cu maddəsinin 1-ci bəndinə əsasən, iştirakçı dövlətlər təmin etməlidirlər ki, uşaq öz valideynlərinin arzusuna zidd olaraq onlardan ayrılmasın. Həmin Konvensiyanın 3-cü maddəsinə görə, məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dovlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 oktyabr 2011-ci il tarixli 6 nömrəli Qərarının 2-ci bəndində qeyd edilmişdir ki, məhkəmələr uşaqla ünsiyyətdə olma vaxtını müəyyən edərkən işin bütün hallarını, o cümlədən ailədə neçə uşağın olmasını, onların yaşını, bağçaya, yaxud məktəbə gedib-getməməsini, səhhətini, hansı valideynə daha çox bağlılığını, onun mənəvi, psixi və fiziki inkişafına təsir edən digər amilləri nəzərə almalıdır. Tərəflərin qarşılıqlı münasibətləri, işin faktiki halları nəzərə alınmaqla məhkəmənin qətnaməsində uşaqla görüşün (ünsiyyətin) yeri, vaxtı, hansı şəraitdə keçirilməsi, eyni zamanda görüşdə iştirak edən şəxslərin dairəsi göstərilə bilər. Həmin qərarın 6-cı bəndində məhkəmələrə izah edilmişdir ki, uşaqların öz valideynləri və digər qohumları ilə ünsiyyətdə olmasının formaları (yazışma, şəxsi görüşlər, telefon danışıqları və s.) uşağın yaşından, onun və valideyninin yaşayış yerindən, ailədə münaqişələrinin olubolmamasından və sair konkret hallardan asılı olaraq təyin edilə bilər. Məhkəmə, iddiaçılar İddiaçı1 və İddiaçı2 uşağın fiziki, psixi sağlamlığına, onların əxlaqi inkişafına və tərbiyəsinə zərər yetirə bilməsi halının müəyyən edilməməsini və uşağın mənafeyini nəzərə alaraq hesab edir ki, iddiaçının nəvələri ilə ünsiyyət hüququ təmin olunmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, baba və nənənin nəvələri ilə kənar müdaxilə olmadan sərbəst şəkildə ünsiyyətdə olmaq, onunla vaxt keçirmək, tərbiyələrində iştirak etmək və s. hüquqları var və müəyyən müstəsna hallar olmadan bu hüquqların məhdudlaşdırılması yolverilməzdir. Lakin hazırkı iş üzrə qeyd olunan hüquqların müəyyən həddə məhdudlaşdırılması üçün əsaslar mövcuddur və bunu uşağın mənafeyi tələb edir. Yuxarıda sadalanan daxili və beynəlxalq qanunvericilik normalarının məzmunundan göründüyü kimi bu qəbildən olan işlərə baxarkən məhkəmələr ilk növbədə uşağın mənafeyini üstün tutmalı, ailədaxili ziddiyyətli münasibətləri uşağın maraqlarına uyğun gəlməyən şəkildə həll etməməlidirlər. Bununla belə məhkəmə, tərəflərin münasibətlərinin mövcud vəziyyətini, uşağın yaşını və onun mənafeyi ilə bağlı digər diqqətəlayiq halları, eyni zamanda cavabdehin ünsiyyət imkanlarını məhdudlaşdırmamaqla iddiaçıların nəvələri ilə ünsiyyət imkanından maksimum istifadə edə bilməsinin təmininin zəruriliyini, habelə cavabdehin iddiaçıların nəvələri ilə virtual ünsiyyətdə olmasına etiraz etməməsini nəzərə alıb belə qənaətə gəlir ki, iddiaçıların nəvələri ilə ünsiyyətdə olması qaydası və müddəti hər həftənin şənbə günü saat 11:00-dan saat 18:00-dək, bu mümkün olmadıqda “Whatsapp” və digər proqram vasitələri ilə görüntülü ünsiyyətdə olması müəyyən edilməlidir. Eyni zamanda, məhkəmə tərəflər arasında mövcud münasibətləri (tərəflər arasında münasibətlər gərgindir) nəzərə alaraq hesab edir ki, iddiaçının nəvəsi ilə görüşləri cavabdehin (ananın) iştirakı olmadan keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçılar İddiaçı1 və İddiaçı2 nəvələri xx.xx.2019-cu il təvəllüdlü X7 ilə ünsiyyətdə olma qaydası və müddəti Cavabdeh iştirakı olmadan hər həftənin şənbə günü saat 11:00-dan saat 18:00-dək, belə görüşə tərəflərin yaşayış yeri imkan vermədikdə “Whatsapp” və digər proqram vasitələri ilə görüntülü ünsiyyətdə olmaları müəyyən edilməlidir. Qeyd olunanlara əsasən, MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 nəvələri xx.xx.2019-cu il təvəllüdlü X7 ilə görüşübünsiyyətdə olma qaydası Cavabdeh iştirakı olmadan hər həftənin şənbə günü saat 11:00dan saat 18:00-dək, belə görüşə tərəflərin yaşayış yeri imkan vermədikdə “Whatsapp” və digər proqram vasitələri ilə görüntülü ünsiyyətdə olmaları müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-740/2023
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-740/2023
03.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver