Məhkəmə qərarları › İş №2(045)-79/2023

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-79/2023

15.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-79/2023 15.03.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi, İddiaçı və onun vəkili X3, Cavabdeh nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “uşaqla ünsiyyət” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 22 iyun 2018-ci il təvəllüdlü X6 adlı övladı ilə onun cavabdehin və kənar şəxslərin müdaxiləsi olmadan hər həftənin bazar ertəsi və cümə günləri saat 16:00-dan 20:00-dək, həftənin şənbə və bazar günləri isə bütün günü onunla qalmaqla gün ərzində ünsiyyət hüququnun (vaxtının), həmçinin övladının doğum günü və bayram günlərində isə ən azı 6 (altı) saat olmaqla ünsiyyət vaxtının müəyyən olunmasına dair onun xeyrinə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh ilə əvvəl fatiki nikahla ailə qurmuş və cavabdehlə birgə nikahından 20 iyul 2018-ci il təvəllüdlü X6 adlı övladı doğulmuşdur. Cavabdehlə rəsmi nikaha daxil olduqdan bir müddət sonra aralarında olan narazılıqlar baş vermiş və ailədaxili ziddiyyətlər səbəbindən ayrılmalı olmuşlar. Artıq cavabdehlə ailə bağları tamamilə qırılmış və ər-arvad kimi yaşamaqları qeyri-mümkün hala gəlmişdir. Cavabdeh şəxsi qərəz aparır və ambisyalı hərəkətləri ilə ona psixoloji təsir göstərir və himayəsində olan övladı ilə atasını, yəni valideyninin ünsiyyət saxlamasına qəti şəkildə maneçilik törədir. Uşaqla ünsiyyətlə bağlı mediasiya şurasının mediatoruna müraciət edib və mediator üçün 50 (əlli) manat rüsum və xidmət haqqı keçirtmişdir. Lakin, cavabdeh mediator xidmətinə gəlməmiş və sessiyada iştirak etməkdən imtina etmişdir. Ona mediasiyanın mediatoru tərəfindən cavabdehin mediasiyaya gəlməkdən imtina etməsi barədə arayış verilmişdir və həmin arayışı da iddia ərizəsinə əlavə edir. Həmçinin, 50 (əlli) manat mediator xidmət haqqını da iddia ərizəsinə əlavə edir. Ona görə də o, bir ata kimi övladı ilə ünsiyyət saxlamaq istəyində olaraq məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmış və düşünür ki, məhkəmə ədalətli qaydada işə baxaraq iddiasının təmin olunması barədə qətnamə çıxaracaqdır. Lakin, cavabdeh bir valideyn olaraq hüquqlarını pozur və övladı ilə görüşməsinə maneə törədir. Cavabdeh nəinki maneələr törədir, ümumiyyətlə övladı ilə ünsiyyət saxlamağını ona qadağan etmiş və övladını ona göstərməkdən imtina edirlər. O, uşağına hər ay aliment ödəməyinə baxmayaraq, cavabdeh öz öhdəliklərini icra etmir və onun uşaqla ünsiyyətini qadağan edir. O, bir valideyn kimi övladı ilə həftədə bir neçə dəfə olmaqla görüşmək istəyir və hesab edir ki, onun bu tələbi məhkəmə tərəfindən təmin ediləcəkdir. Məhkəmə iclasında İddiaçı və onun vəkili X7 iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq İddiaçı bildirdi ki, yol uzaq olduğundan ən azı hər həftənin 1 günü uşağın onun yanında qalmasını istəyir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili X4 iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, cavabdeh tərəfindən iddiaçının uşağı ilə görüşməsinə dair hər hansı məhdudiyyət qoyulmur. Uşağın normal inkişafını təmin etmək üçün uşaq valideynləri ilə ünsiyyət saxlamalıdır. Lakin, bu zaman uşağın mənafeyi əsas götürülməlidir. Belə ki, hazırda tərəflərin birgə nikahından doğulmuş 22 iyun 2018-ci il təvəllüdlü X6 hər həftənin İ-V günləri səhər saat 08:00-dan axşam saat 17:00-dək uşaq baxçasına gedir. Buna dair baxça tərəfindən verilmiş müvafiq arayışı da məhkəməyə təqdim etmişdir. Göstərilənləri nəzərə alaraq hər həftənin bazar günü iddiaçının 22 iyun 2018-ci il təvəllüdlü X6 ilə ünsiyyətdə olmasına razıdırlar. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalargna müvafiq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Göygöl rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 186764 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 22 iyun 2018-ci ildə Göygöl rayonunda doğulmuşdur, atası İddiaçı, anası Cavabdehdır; Goranboy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(045)-170/2022 nömrəli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Göygöl rayon Qeydiyyat Şöbəsində xx.xx.2017-ci il tarixdə bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 73 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X5 anası Cavabdeh yanında saxlanılması qət edilmişdir; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 423478 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikaha xx.xx.2022-ci il tarixdə xitam verilmişdir; Goranboy rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyindən görünür ki, adı çəkilən Komissiya 22 iyun 2018ci il təvəllüdlü X5 atası İddiaçı ilə ünsiyyətdə olmasını məqsədəmüvafiq hesab olunur; X1 adına Səfikürd kənd Körpələr evi-uşaq bağçasının 01 nömrəli, xx.xx.2022ci il tarixli arayışından görünür ki, uşaq bağçası və körpələr evi həftənin 5 günü (İ-V günlər) səhər saat 08:00-dan axşam saat 17:00-dək fəaliyyət göstərir. X6 uşaq bağçası və körpələr evində 4 yaşlılar qrupuna daxildir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh birgə nikahından 22 iyun 2018-ci il təvəllüdlü X6 adlı uşaqları doğulmuşdur. Hazırda iddiaçı övladı ilə cavabdehin və kənar şəxslərin müdaxiləsi olmadan hər həftənin bazar ertəsi və cümə günləri saat 16:00-dan 20:00-dək, həftənin şənbə və bazar günləri isə bütün günü onunla qalmaqla gün ərzində ünsiyyət hüququnun (vaxtının), həmçinin övladının doğum günü və bayram günlərində isə ən azı 6 (altı) saat görüş hüququnun verilməsini tələb edir. Yəni, iddiaçı övladının inkişafı və tərbiyəsində yaxından iştirak etmək arzusundadır. İddiaçının əqli və fiziki cəhətdən sağlam olmadığı, habelə uşağa münasibətdə hər hansı mənfi təsirinin olması ilə bağlı hallar müəyyən edilməmişdir. Goranboy rayon İcra Hakimiyyəti başçısı Aparatı yaında Qəyyumluq və Himayəçilik Komissiyası İddiaçı övladı ilə ünsiyyətdə olmasını yetkinlik yaşına çatmayanın hüquq və mənafeyinə uyğun hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur; 34-cü maddəsinin İV hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 50-ci maddəsinə əsasən uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. Valideynlər ayrı yaşadıqda uşaq onların hər biri ilə ünsiyyət hüququna malikdir; 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; 58.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar; 61-ci maddəsinə əsasən uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqlardan ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir; 62.3-cü maddəsinə əsasən valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə uşağın rəyini və marağını nəzərə almaqla mübahisəni həll edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar; 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür; 18-ci maddəsinə əsasən valideynlərinin hər ikisindən və ya birindən ayrı yaşayan uşağın onları tanımaq, habelə bu ona mənfi təsir göstərmirsə, valideynləri ilə ünsiyyətdə olmaq hüququ vardır; 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyyəsində bərabər hüququ və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Elşolts Almaniyaya qarşı” iş üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yuksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. “Valideyinlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli, 6/2011 nömrəli qərarına əsasən ailə qanunvericiliyinə və uşaq hüquqları ilə bağlı beynəlxalq hüquq normalarına uyğun olaraq, uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyətdə olmaq, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqla birlikdə yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı sazişi bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının) nümayəndəsinin iştirakı ilə onların yazılı rəyi və 10 yaşına çatmış uşağın fikri nəzərə alınmaqla məhkəmə tərəfindən həll edilir. Uşaqlardan ayrı yaşayan valideynlərə uşaqlarla ünsiyyət üçün elə vaxt və müddət müəyyən edilməlidir ki, o, qanunla nəzərdə tutulan valideynlik hüquqlarını real və maneəsiz həyat keçirə bilsin. Məhkəmələr nəzərə almalıdırlar ki, uşaqla ünsiyyətdə olmaq istəyən valideynin iddiasının formal təmin edilməsi, uşaqla ünsiyyət üçün simvolik və əlverişsiz müddət müəyyən edilməsi yolverilməzdir. Məhkəmələrin diqqətinə çatdırılsın ki, qanunvericilik uşaqlarla ünsiyyət hüququnun birbaşa məhkəmə müdafiəsi qaydasını yalnız ayrı yaşayan valideynlərə aid etmişdir. Məhkəmələr uşaqla ünsiyyətdə olma vaxtını müəyyən edərkən işin bütün hallarını, o cümlədən ailədə neçə uşağın olmasını, onların yaşını, bağçaya, yaxud məktəbə gedibgetməməsini, səhhətini, hansı valideynə daha çox bağlılığını, onun mənəvi, psixi və fiziki inkişafına təsir edən digər amilləri nəzərə almalıdır. Tərəflərin qarşılıqlı münasibətləri, işin faktiki halları nəzərə alınmaqla məhkəmənin qətnaməsində uşaqla görüşün (ünsiyyətin) yeri, vaxtı, hansı şəraitdə keçirilməsi, eyni zamanda görüşdə iştirak edən şəxslərin dairəsi göstərilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, uşaqlarla ünsiyyət hüququ ilə bağlı münasibətlər davam edən xarakter daşıdığı üçün qətnamə qanuni qüvvəyə mindikdən sonra, eyni məsələ ilə bağlı məhkəmədə təkrar iddia qaldırmaq hüququ istisna edilmir. BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Konvensiyasının 18-ci maddəsində görə, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşaqların ən yaxşı maraqları onların qayğı obyektidir. Məhkəmə, qanunvericiliyin yuxarıda sadalanmış müddəalarını əsas götürməklə İddiaçı azyaşlı övladı ilə ünsiyyət məsələsini araşdıraraq qeyd edir ki, tərəflər arasında olan münasibətlərin pozulması nəticəsində onların azyaşlı uşağı Cavabdeh himayəsində qaldığı üçün iddiaçı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 58.1-ci maddəsinə əsasən özündən ayrılıqda yaşayan övladı ilə ünsiyyətdə olmaq, onun tərbiyəsi və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Valideynlərin ayrı yaşaması onlardan hər birinin uşaqla bağlı hüquqlarına, o cümlədən ünsiyyət hüququna təsir etmir. İş üzrə Goranboy rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyi, eləcə də iddiaçının övladı ilə ünsiyyət hüququnun həyata keçirilməsinə mane ola biləcək hər hansı səbəblərin müəyyən olunmadığı nəzərə alınmaqla iddiaçının ata kimi övladı ilə ünsiyyət hüququ təmin edilməlidir. Uşaqla ünsiyyət hüququnun həyata keçirilməsi qaydasına, yəni bu hüququn həyata keçiriləcəyi yerə, onun gününə və davam etmə müddətinə münasibətdə isə məhkəmə qeyd edir ki, bu zaman ilk növbədə uşağın mənafeyi, o cümlədən valideynlərin hər ikisinin iş və məişət rejimi, onların münasibətlərindəki gərginlik və mübahisənin müəyyən olunmuş diqqətəlayiq digər halları nəzərə alınmaqla ünsiyyət qaydası mümkün qədər elə müəyyən edilməlidir ki, uşağın yanında olmayan digər valideyn özünün ən əsas hüquqlarından biri olan övladları ilə ünsiyyət imkanından maksimum istifadə edə bilsin. Məhkəmə, hazırki mübahisənin həlli zamanı, ilk növbədə tərəflərin birgə nikahından doğulmuş azyaşlı uşağın hüquqlarını və mənafeyini nəzərə almağı zəruri hesab edir. Bu halda məhkəmə azyaşlı uşağın hər həftənin 5 günü baxçaya getməsini nəzərə alır. Eyni zamanda, tərəflərin bir-biri ilə ziddiyyətli münasibətlərini və iddiaçının uşağa münasibətdə hər hansı mənfi təsirinin müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, iddiaçının uşaqla görüşü ananın iştirakı olmadan keçirilməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı övladı 22 iyun 2018-ci il təvəllüdlü X6 ilə hər həftənin şənbə və bazar günləri saat 12:00-dan saat 15:00-dək, uşağın anası Cavabdeh iştirakı olmadan görüşüb ünsiyyətdə olmaq üçün görüş vaxtı təyin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı övladı 22 iyun 2018-ci il təvəllüdlü X6 ilə hər həftənin şənbə və bazar günləri saat 12:00-dan saat 15:00-dək, uşağın anası Cavabdeh iştirakı olmadan görüşüb ünsiyyətdə olmaq üçün görüş vaxtı təyin edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar