Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-855/2024 05.06.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Qasımov Behbud Telman oğlunun katibliyi, İddiaçı, Cavabdeh X2 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 21 noyabr 2014-cü il təvəllüdlü X7 və 06 noyabr 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına, yəni 18 yaşına çatanadək saxlanması üçün hər bir uşağa görə hər ay 235 (iki yüz otuz beş) manat, cəmi 470 (dörd yüz yetmiş) manat pul vəsaitinin aliment şəklində alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 05 iyun 2012-ci ildə toy edib ailə qurmuşdur. Nikahı 05 iyun 2012-ci ildə Goranboy rayonu Qarqucaq kənd ərazi icra nümayəndələyində 05 nömrə ilə qeydə alınmışdır. Birgə nikah dövründə 21 noyabr 2014-cü ildə X7 və 06 noyabr 2018-ci ildə X8 doğulmuşdur. Hazırda ayrı yaşayır, azyaşlı uşaqları onun himayəsindədir və müvəqqəti olaraq Goranboy şəhərində valideynlərinin himayəsində yaşayır. Cavabdeh uşaqlarının saxlanması üçün heç bir maddi köməkliklər göstərmir, onların sağlamlıqları və sairə ehtiyaclan ilə maraqlanmır. O, himayəsində olan azyaşlı uşaqları X7 və X8 qızının yetkinlik yaşına çatanadək saxlanması üçün aliment tələbi ilə əlaqədar məhkəməyə müraciət etməzdən əvvəl Goranboy 1 saylı Mediasiya təşkilatına müraciət etmişdir. Lakin, cavabdeh Sahibzadə X5 şurasının iclasına gəlmədi. Bu barədə 30 mart 2024-cü il tarixli MŞG/MT/032-2024- 00335 saylı Arayışı ərizəyə əlavə edir. Odur ki, onun himayəsində olan 21 noyabr 2014-cü il təvəllüdlü X7 və 06 noyabr 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər bir uşağa görə hər ay 235 (iki yüz otuz beş) manat, cəmi 470 (dörd yüz yetmiş) manat pul vəsaitinin aliment şəklində cavabdehdən alınaraq ona ödənilməsini iddia edir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh X2 nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini qismən qəbul edərək bildirdi ki, tərəflərin birgə nikahından doğulmuş uşaqların saxlanması üçün hər ay hər iki uşaq üçün cəmi 235 manat miqdarında aliment tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy rayon Qarqucaq kənd icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İ seriyalı 747194 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 ilə İddiaçı arasında nikah 05 iyun 2012-ci il tarixdə bağlanmış və və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 05 nömrə ilə qeyd edilmişdir; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı 477722 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada arayışdan görünür ki, X7 21 noyabr 2014-cü ildə Bərdə şəhərində doğulmuş, atası X9, anası İddiaçıdır; Goranboy rayon Xanqərvənd kənd icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İV seriyalı 186825 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada arayışdan görünür ki, X8 xx.xx.2018 ildə Bərdə şəhərində doğulmuş, atası X9, anası İddiaçıdır; Goranboy rayon X6 hüquqi şəxsi tərəfindən verilmiş 16 aprel 2024-cü il tarixli, 47 nömrəli arayışdan görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X7 xx.xx.2016-cı il tarixdən “visserial leyşmanioz, hipoxram və dəmirdefisitli anemiya, hepatospleno mqaliya, bronxit və skolioz” diaqnozu ilə Goranboy RMX-da dispanser qeydiyyatında alınmışdır; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X11 xx.xx.2021-ci ildə Goranboy şəhərində doğulmuş, atası X9, anası İddiaçıdır; Goranboy-Daşkəsən rayonlar üzrə təhsil sektoru tərəfindən verilmiş 19 aprel 2024-cü il tarixli, 02 nömrəli məktubdan görünür ki, Tağıyeva X10 rayon X16 Mərkəzinin dərnək rəhbəri vəzifəsində işləyir və 2024-cü tədris ili üzrə aylıq əmək haqqı 228,72 manat təşkil edir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X9 21 noyabr 2014-cü il təvəllüdlü X7 və 06 noyabr 2018-ci il təvəllüdlü X3 atasıdır. İddiaçı uşaqlarnın saxlanılması üçün hər ay hər uşaq cavabdeh X1 235 manat məbləğində aliment ödəməyi tələb etsə də, cavabdeh iddia tələbinə etiraz edərək qeyd olunan məbləğdə alimenti ödəmək iqtidarında olmadığını bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludur, aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda alimentin tulması barədə məhkəmədə iddia qaldıra bilərlər; 76-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən aliment tutulur; 78-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat müəyyən edilmişdir. Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbinin tam təmin edilməsi aşağıdakı əsaslara görə məqsədəuyğun deyildir. Belə ki, əvvəla iddiaçı cavabdehin tələbdə göstərilən məbləğdə alimenti ödəyə biləcəyini təsdiqləyən sübutu məhkəməyə təqdim etməmişdir. İkincisi, uşaqların saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşaqların saxlanılması üçün yalnız atanın maddi öhdəliyini tanıyaraq alimentin məbləğini hər uşaq üçün 470 manat miqdarında müəyyən etmək, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinə uyğun deyildir. Həmin normaların mənasından görünür ki, uşaqların saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. İddiaçının sabit pul məbləğində alimentin tutulmasına dair tələbi olduğundan tərəflərin birgə nikahından doğulmuş 21 noyabr 2014-cü il təvəllüdlü X7 və 06 noyabr 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması müəyyən edilməlidir. Azərbaycan Respublikasnın Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 234.2.1-ci maddəsinə əsasən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə, MPM-in 112.1.3, 119.2-ci və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1.2-ci maddələrini rəhbər tutaraq belə hesab edir ki, hazırkı iş üzrə dövlət rüsumunun ödənilməsi məsələsi də həll edilməli, cavabdeh X1 dövlət büdcəsinə 68 manat (400 manat*12ay=4800 manat) məbləğində dövlət rüsumu tutulmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdeh X9 oğlundan İddiaçı xeyrinə tərəflərin birgə nikahından doğulmuş 21 noyabr 2014-cü il təvəllüdlü X7 və 06 noyabr 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən etibarən hər ay hər uşaq üçün 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment, həmçinin 68 (altmış səkkiz) manat məbləğində dövlət rüsumu cavabdehdən dövlət büdcəsinə tutulmalıdır. Qeyd olunanlara əsasən, MPM-in 216-220-ci, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X9 oğlundan İddiaçı xeyrinə tərəflərin birgə nikahından doğulmuş 21 noyabr 2014-cü il təvəllüdlü X7 və 06 noyabr 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən etibarən hər ay hər uşaq üçün 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh X1 dövlət büdcəsinə 68 (altmış səkkiz) manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-855/2024
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-855/2024
05.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver