Məhkəmə qərarları › İş №2(045)-978/2025

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-978/2025

18.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-978/2025 18.06.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Nağızadə Tuncay Göyüş oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi gündən xx.xx.2022-ci il təvəllüdlü X1 üçün onun yetkinlik yaşına çatana qədər hər ay 246 (iki yüz qırx altı) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi, mediasiya xərcinə ödənmiş - 60 manat, hüquqi xidmət göstərilməsi üçün ödənmiş 50 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, onnunla Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə nikah bağlanmış, bu barədə Goranboy rayon Qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 221 nömrə ilə nikah qeyd edilmişdir. Cavabdeh ilə onun İddiaçı birgə nikahından, ailə münasibətindən xx.xx.2022-cı il təvəllüdlü X4 adlı uşağı vardır. Cavabdeh ona qarşı kobud hərəkətlərinə görə xx.xx.2024-cü il tarixdən ayrılmış, o həmin tarixdən Veyisli kəndində valideynlərinin yanında yaşayır. Cavabdeh ailəyə, uşağa baxmır, heç bir maddi köməklik göstərmir, uşağın gündəlik tələbatını və ehtiyaclarını ödəməkdə çətinlik çəkir. O məcbur qalıb mediasiya təşkilatına və məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh fermada gözətçi işləyir, ayda 500 manat maaş alır. Ailə mübahisələri ilə bağlı mediasiya proseduru zəruri olduğu üçün ilkin olaraq mediasiya proseduru keçirilmiş, ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2025 - ci il tarixli, MŞG/MT-032-2025-00180 saylı arayış iddia ərizəsinə əlavə edilir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, xəstə olduğu üçün heç bir yerdə işləmir. Ona görə də, iddia tələbində göstərilən aliment məbləğini ödəmək iqtidarında deyildir. Odur ki, məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 443321 nömrəli çıxarışdan görünür ki, Cavabdeh ilə X3 arasında nikah xx.xx.2021-cü il tarixdə Goranboy rayon qeydiyyat şöbəsində bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 221 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra sonuncuya “Orucova” soyadı verilmişdir; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 792033 nömrəli arayışdan görünür ki, X4 xx.xx.2022-ci ildə Goranboy rayonunda doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır; "xxxx" ASC tərəfindən verilmiş ********* nömrəli, xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı vəkilin iddia ərizəsi tərtib edilməsinə görə 50 manat məbləğində vəsait köçürmüşdür; "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli qəbzlərdən görünür ki, Orucova X5 rayon 1 saylı mediyasiya təşkilatına 60 manat məbləğində rüsum ödəmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh birgə nikahından xx.xx.2022-ci il təvəllüdlü X4 anadan olmuşdur. Tərəflər ayrı yaşayır və uşaq iddiaçının yanında qalır. Hazırda iddiaçı cavabdehin uşağın saxlanılmasında maddi yardım göstərmədiyini əsas gətirərək, hər ay uşağın saxlanması üçün 246 manat aliment tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludur, aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda alimentin tulması barədə məhkəmədə iddia qaldıra bilərlər; 78-ci maddəsinə əsasən uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli Qərarının 8.4-1-ci bəndinin izahına görə Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarına əsaslanaraq qeyd edir ki, valideynlərin yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq vəzifəsi valideynlərin yaşından, əmək qabiliyyətindən, hətta fəaliyyət qabiliyyətindən asılı olmayaraq müəyyən edilir. Valideynlərin zəruri vəsaitinin olmaması onları alimentin təyin edilməsi ödəmək vəzifəsindən azad etmir. Valideynlər uşaqlarının saxlanması barədə öz aralarında qarşılıqlı razılığa əsasən xüsusi qayda və forma müəyyənləşdirə bilərlər. Lakin onlar (valideynlər) uşaqlarını saxlamaq vəzifəsini könüllü icra etmədikdə, bu, məhkəmə qaydasında həyata keçirilir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2023-cü il tarixli sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Məhkəmə iddia tələbinin tam təmin edilməsini məqsədəmüvafiq hesab etmir. Belə ki, uşaqların saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşağın saxlanılması üçün yalnız atanın maddi öhdəliyini tanıyaraq, alimentin məbləğini hər ay 246 manat miqdarında müəyyən etmək, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinə uyğun deyildir. Həmin normaların mənasından görünür ki, uşaqların saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini və gəlirlərini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. Məhkəmə tərəflərin maddi və ailə vəziyyətlərini, uşağın mənafeyini, eləcə də yuxarıda qeyd olunan dəyərlənməni nəzərə alaraq hesab edir ki, uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,375 misli həddində aliment müəyyən edilməlidir. Azərbaycan Respublikasnın Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 234.2.1-ci maddəsinə əsasən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə, MPM-in 112.1.3, 119.2-ci və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1.2-ci maddələrini rəhbər tutaraq belə hesab edir ki, hazırkı iş üzrə dövlət rüsumunun ödənilməsi məsələsi də həll edilməli, Cavabdeh dövlət büdcəsinə 38 manat (150*12ay=1800 manat) məbləğində dövlət rüsumu tutulmalıdır. Məhkəmə iddia tələbinin vəkilə ödənilmiş xidmət haqqının tutulması hissəsində qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli və ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq Cavabdeh İddiaçı xeyrinə 30,50 manat məbləğində vəkilə görə ödənilmiş xidmət haqqının əvəzi tutulmalıdır. Məhkəmə iddia tələbinin mediasiya xərcinin tutulması hissəsində qeyd edir ki, hazırki iddia ilə məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirak etmək üçün ödənilmiş 60 manat məbləğində haqqının yarısı, yəni müvafiq olaraq 30 manat hissəsinin əvəzi də Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. (Əsas “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36.5-ci maddəsi) Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, bir uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,375 misli həddində sabit pul məbləğində aliment, 30 manat mediasiya xərci və vəkil görə ödənilmiş 30,50 manat məbləğində xidmət haqqının əvəzi tutulmalıdır. Qeyd olunanlara əsasən, MPM-in 216-220-ci, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, bir uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,375 misli həddində sabit pul məbləğində aliment tutulsun. Cavabdeh İddiaçı xeyrinə 30 manat mediasiya xərci və vəkil görə ödənilmiş 30,50 manat məbləğində xidmət haqqının əvəzi tutulsun. Cavabdeh 38 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə aliment tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar