Məhkəmə qərarları › İş №2(045)-997/2023

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-997/2023

27.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-997/2023 27.09.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi X1, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “uşaqla görüş günlərinin müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, azyaşlı övladı 23 avqust 2019-cu il təvəllüdlü X3 həftənin 3 günü (bazar ertəsi, çərşənbə axşamı, çərşənbə) onunla, həftənin 4 günü isə cavabdehlə qalması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 14 sentyabr 2018ci ildə rəsmi nikaha girərək ailə qurmuşdur. Cavabdehlə birgə nikahdan 23 avqust 2019-cu il təvəllüdlü X6 adlı bir övladları olmuşdur. Goranboy Rayon Məhkəməsinin 07 fevral 2023cü il tarixli qətnaməsi ilə cavabdehlə arasında bağlanmış nikahın pozulması və azyaşlı övladının anasının himayəsində saxlanılması qət edilmişdir. O, azyaşlı övladının həftənin müəyyən günləri onun yanında qalması üçün cavabdehə dəfələrlə müraciət etsə də, cavabdeh bununla razılaşmır, onların görüşünə mane olur, övladı ilə görüşməyi üçün ona şərait yaratmır. Bu isə, azyaşlı övladının psixoloji vəziyyətinə mənfi təsir göstərir. Belə ki, azyaşlı övladı anası tərəfindən onunla mütəmadi və sistemli görüşə buraxılmadığına görə vaxtlı-vaxtında ata qayğısı görmədiyi və normal mühitdə yaşamadığı üçün narahat ola və ya xəstələnə bilər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki, iddiaçı ilə 2018-ci il tarixdə rəsmi nikaha girərək ailə qurmuşdur. Birgə nikahdan 23 avqust 2019-cu il təvəllüdlü X6 adlı bir övladı olmuşdur. İddiaçı ilə aralarında yaranmış narazılığa görə boşanmaq qərarına gəlmiş və iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin qətnaməsinə əsasən iddiaçı ilə arasında bağlanmış nikah pozulmuş, azyaşlı uşağı onun himayəsinə verilmiş və uşaq yetkinlik yaşına çatanadək 200 maant məbləğində iddiaçıdan alimentin tutulması müəyyən edilmişdir. Hazırkı iddia tələbi ilə bağlı qeyd edir ki, uşağı elə yaşdadır ki, onun mütəmadi olaraq ana qayğısına ehtiyacı vardır, həmçinin övladı Goranboy rayonunda 1 saylı körpələr evi uşaq bağçasına getdiyi üçün həftənin 3 günü atasının yanında qalmaqla ünsiyyətdə olması uşağın həyat şəraitinə və mənafeyinə uyğun gəlmədiyinə görə buna etiraz edir, lakin həftə sonları günün müəyyən saatlarında uşağın atası ilə görüşməsinə heç bir etirazı yoxdur. Göstərilənlərin nəzərə alınmasını və tərəfindən verilmiş izahata uyğun olaraq iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy Rayon Məhkəməsinin 2(045)-45/2023 nömrəli, 07 fevral 2023-cü il tarixli qanuni qüvvəsini almış qətnaməsindən görünür ki, cavabdeh İddiaçı ilə iddiaçı Cavabdeh arasında Zəngilan rayon Qeydiyyat şöbəsində 14 sentyabr 2018-ci il tarixdə bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 59 №-ilə qeyd edilmiş nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş 23 avqust 2019-cu təvəllüdlü X7 anası (iddiaçı) Cavabdeh himayəsinə verilmiş, cavabdeh İddiaçı Cavabdeh xeyrinə 23 avqust 2019-cu təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir; Goranboy Rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyindən görünür ki, adı çəkilən Komissiya 23 avqust 2019-cu təvəllüdlü X4 atası İddiaçı ilə ünsiyyətdə olmasını və görüş verilməsini məqsədəmüvafiq hesab etmişdir; Goranboy şəhər şamil Quliyev adına 1 nömrəli körpələr evi-uşaq baöçası tərəfindən verilmiş məlumatdan görünür ki, X2 evi-uşaq bağçasına gəlir və böyük qrupda qeydiyyatdadır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin sənədlərini araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh birgə nikahından 23 avqust 2019-cu təvəllüdlü X7 doğulmuşdur. Tərəflər arasında olan ailə münasibətləri pozulduğu üçün məhkəmə qərarı ilə nikahları pozulmuş və uşaq cavabdehin, yəni anasının himayəsində saxlanmışdır. İddiaçı övladının inkişaf və tərbiyəsində yaxından iştirak etmək arzusundadır. İddiaçının əqli və fiziki cəhətdən sağlam olmadığı, habelə uşağa münasibətdə hər hansı mənfi təsirinin olması ilə bağlı hallar müəyyən edilməmişdir. Goranboy Rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyi ilə İddiaçı övladı 23 avqust 2019cu təvəllüdlü X7 ilə ünsiyyətdə olması yetkinlik çatmayanın hüquq və mənafeyinə uyğun hesab edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Həmin Konstitusiyasının 34-cü maddəsinin İV hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 50.1-ci maddəsinə əsasən uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir; 61.1-ci maddəsinə görə uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir; 61.2-ci maddəsinə əsasən uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır; 61.3-cü maddəsinə əsasən uşaqlardan ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir; 73.1-ci maddəsinə əsasən uşaqların tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə baxılarkən, uşağın müdafiəsi üçün iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanı işə cəlb edilir; 73.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı mübahisə ilə bağlı uşağın və onun tərbiyəsi ilə məşğul olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair ona əsaslanmış rəyini məhkəməyə təqdim etməyə borcludur. Uşaq hüquqlarına dair BMT Konvensiyasının 9-cu maddəsinin 1-ci bəndinə əsasən, iştirakçı dövlətlər təmin etməlidirlər ki, uşaq öz valideynlərinin arzusuna zidd olaraq onlardan ayrılmasın. Həmin Konvensiyanın 3-cü maddəsinə görə, məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 8-ci maddəsinə əsasən, hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün sağlamlığı, yaxud mənəviyyatı mühafizə etmək üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, dövlət hakimiyyəti orqanları tərəfindən bu hüququn həyata keçirilməsinə mane olmağa yol verilmir. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dovlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xususən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 oktyabr 2011-ci il tarixli 6 nömrəli Qərarının 2-ci bəndində qeyd edilmişdir ki, məhkəmələr uşaqla ünsiyyətdə olma vaxtını müəyyən edərkən işin bütün hallarını, o cümlədən ailədə neçə uşağın olmasını, onların yaşını, bağçaya, yaxud məktəbə gedib-getməməsini, səhhətini, hansı valideynə daha çox bağlılığını, onun mənəvi, psixi və fiziki inkişafına təsir edən digər amilləri nəzərə almalıdır. Tərəflərin qarşılıqlı münasibətləri, işin faktiki halları nəzərə alınmaqla məhkəmənin qətnaməsində uşaqla görüşün (ünsiyyətin) yeri, vaxtı, hansı şəraitdə keçirilməsi, eyni zamanda görüşdə iştirak edən şəxslərin dairəsi göstərilə bilər. Həmin qərarın 6-cı bəndində məhkəmələrə izah edilmişdir ki, uşaqların öz valideynləri və digər qohumları ilə ünsiyyətdə olmasının formaları (yazışma, şəxsi görüşlər, telefon danışıqları və s.) uşağın yaşından, onun və valideyninin yaşayış yerindən, ailədə münaqişələrinin olubolmamasından və sair konkret hallardan asılı olaraq təyin edilə bilər. Göründüyü kimi, hazırda uşağından ayrı yaşayan iddiaçının övladı ilə ünsiyyətdə olma hüququnun təmin olunmasına ümumilikdə cavabdeh tərəfindən etiraz edilməmişdir. Məhkəmə bu halı, habelə İddiaçı uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına və tərbiyəsinə zərər yetirə bilməsi halının müəyyən edilməməsini və uşağın mənafeyini nəzərə alaraq hesab edir ki, iddiaçının uşağı ilə ünsiyyət hüququ təmin olunmalıdır. Bununla belə məhkəmə, tərəflərin münasibətlərinin mövcud vəziyyətini, uşağın yaşını və onun mənafeyi ilə bağlı digər diqqətəlayiq halları, eyni zamanda cavabdehin ünsiyyət imkanlarını məhdudlaşdırmamaqla iddiaçının uşağı ilə ünsiyyət imkanından maksimum istifadə edə bilməsinin təmininin zəruriliyini, habelə cavabdehin iddiaçının uşağı ilə həftə sonları günün müəyyən saatlarında ünsiyyətdə olmasına etiraz etməməsini və uşağın bağçaya getməsini nəzərə alıb belə qənaətə gəlir ki, iddiaçının uşağı ilə ünsiyyətdə olması günləri və müddəti hər həftənin şənbə günü saat 12:00-dan saat 18:00dək, bazar günü saat 11:00-dan saat 17:00-dək müəyyən edilməlidir. Eyni zamanda məhkəmə, tərəflərin bir-biri ilə ziddiyyətli münasibətlərini və iddiaçının uşağa münasibətdə hər hansı mənfi təsirinin müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, iddiaçının uşaqla görüşü ananın, yəni cavabdehin iştirakı olmadan keçirilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yekunda belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı övladı 23 avqust 2019-cu il təvəllüdlü X7 ilə ünsiyyətdə olma qaydası hər həftənin şənbə günü saat 12:00-dan saat 18:00-dək, bazar günü saat 11:00-dan saat 17:00-dək Cavabdeh iştirakı olmadan müəyyən edilməlidir. Qeyd olunanlara əsasən, MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı övladı 23 avqust 2019-cu təvəllüdlü X7 ilə ünsiyyətdə olma qaydası hər həftənin şənbə günü saat 12:00-dan saat 18:00-dək, bazar günü saat 11:00-dan saat 17:00-dək Cavabdeh iştirakı olmadan müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar