Məhkəmə qərarları › İş №2(046)-1224/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1224/2021

29.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1224/2021 29.09.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı iştirakı ilə, Cavabdeh qarşı alimentin məbləğinin azaldılması tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xeyrinə 17.08.2011ci il tarixdə anadan olmuş X1 üçün hər ay tutulan 250 manat alimentin azaldılaraq hər ay 170 manat məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı iddianı müdafiə edərək tələbini belə əsaslandırmışdır ki, Cavabdeh Əlibaba qızı ilə nikah qeyd etdirməklə ailə həyatı qurmuş, birgə nikahdan 17.08.2011-ci il tarixdə Səma adlı qızları anadan olmuşdur. Cavabdehlə nikah münasibətləri pozulduğu üçün Göyçay rayon Məhkəməsinin 25.12.2017-ci il tarixli qətnaməsi ilə Göyçay rayon Qeydiyyat şöbəsində rəsmiləşmiş nikah pozulmuş, 17.08.2011-ci il təvəllüdlü X8 cavabdehin himayəsinə verilmiş, eyni zamanda Səmanın saxlanılması üçün hər ay sabit pul məbləğində 100 manat aliment məndən tutularaq, Cavabdeh Əlibaba qızına verilməsi qət edilmişdir. Bundan sonra Cavabdeh Əlibaba qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göyçay rayon Məhkəməsinin 25.12.2017-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılmasını xahiş etmiş, sözügedən məhkəmənin 24.02.2020-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı artırılaraq hər ay Səmanın saxlanılması üçün 250 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Məhkəmə alimentin miqdarının artırarkən onun N saylı hərbi hissədə batareyanın baş çavuşu işləməklə hər ay 974 manat əmək haqqı aldığını əsas götürmüşdür. Alimentin miqdarı artırıldıqdan sonra, əmək haqqında azalma olmuş, eyni zamanda 04.12.2020-ci il tarixdə X7 ilə rəsmi nikah qeyd etdirməklə ailə həyatı qurmuşdur. Ailə qurduqdan sonra işlədiyi “N” saylı hərbi hissənin yaxınlığında aylıq kirayə haqqı 250 manat olan mənzil kirayəyə götürərək, həyat yoldaşı ilə həmin mənzildə kirayədə yaşayır. Həmçinin 2021-ci ilin yanvar ayından ona təyin edilmiş əmək haqqının məbləği azaldılmış, vəzifə maaşı 603.31 manat təyin edilmişdir. Aldığı aylıq əmək haqqının 250 manatı kirayə haqqına, 250 manat Səmanın saxlanmasına yönəlir ki, qalan 170 manat 1 aylıq yaşayış ehtiyaclarını, eləcə də kommunal xərclərini ödəməyə kifayət etmir. Buna görə də məhkəmədən tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə iddiaçının izahatını dinləyib, təqdim edilmiş sübutlara qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş Göyçay Rayon Məhkəməsinin 2(046)-324/2020 saylı 24.02.2020 il tarixli qətnaməsindən görünür ki, Cavabdeh İddiaçı 17.08.2011-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 250 manat aliment tutularaq iddiaçı Cavabdeh xeyrinə verilməsi qət edilmişdir. Məhkəməyə təqdim edilmiş X4 görünür ki, İddiaçı ilə X7 04.12.2020-ci il tarixdə nikah bağlamışlar. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Mudafiə Nazirliyinin N saylı hərbi hissəsinin 10.03.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı N saylı hərbi hissədə xidmət edir, aylıq əmək haqqı 603.31 manat təşkil edir. Məhkəməyə təqdim edilmiş Samux rayon notariat oxfisində bağlanmış 08.02.2021ci il tarixli 3M-152 nömrəli reyestrdə qeydə alınmış kirayə müqaviləsindən görünür ki, X3 məxsus ünvan 1 ünvanda yerləşən mənzilini İddiaçı hər ay 250 manat ödəmək şərti ilə kirayə vermişdir. Təqdim edilmiş sübutlardan görünür ki, İddiaçı Göyçay Rayon Məhkəməsinin 2(046)-324/2020 saylı 24.02.2020 il tarixli qətnaməsinə əsasən hər ay 250 manat məbləğində aliment tutularkən, iddiaçı 970 manat əmək haqqı alırmış, lakin hazırda iddiaçı yenidən ailə həyatı qurmuş, aylıq əmək haqqı azalmış, hazırda 603.31 manat əmək haqqı alır və Gəncə şəhərində yeni qurmuş ailəsi ilə kirayədə yaşayır. İddiaçı ailə və maddi vəziyyətində dəyişiklik olduğunu əsas gətirərək cavabdehin xeyrinə tutulan alimentin azaldılaraq 170 manat müəyyən edilməsini xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1-ci maddəsinə əsaəsn aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi. Təqdim edilmiş sübutlardan göründüyü kimi iddiaçının aylıq əmək haqqı 603.3 manat təşkil edir, həmin məbləğin ¼ hissəsi 150.75 manatdır. İddiaçı isə bir uşağın saxlanması üçün cavabdehin xeyrinə hər ay 170 manat sabit pul məbləğində aliment ödəməyə razıdır. İddiaçı tərəfindən təklif edilən məbləğ bir uşağın saxlanması üçün qanunda nəzərdə tutulmuş qazancın ¼ hissəsindən artıqdır. Belə olan halda məhkəmə 17.08.2011-ci il tarixdə anadan olmuş X2 üçün İddiaçı tutulan 250 manat alimentin miqdarı azaldılaraq hər ay 170 manat sabit pul məbləğində müəyyən edilməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1.-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Göyçay Rayon Məhkəməsinin 2(046)-324/2020 saylı 23 may 2018-cı il tarixli qətnaməsinə əsasən 17.08.2011-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh xeyrinə İddiaçı tutulan alimentin miqdarı qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən dəyişdirilərək hər ay 170 manat məbləğində müəyyən edilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə şikayət vermək olar. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar