Məhkəmə qərarları › İş №2(046)-1431/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1431/2021

12.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1431/2021 12.07.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Göyçay şəhərində 12 iyul 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh bir uşağın saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı iddianı müdafiə edərək tələbini belə əsaslandırmışdır ki, cavabdehlə birgə nikahdan 21.04.2007-ci il tarixdə X3 anadan olmuşdur. Xeyli müddətdir ki faktiki olaraq ayrı yaşayırlar. Azyaşlı Aygün onun himayəsindədir. Ayrı yaşadıqları müddət ərzində cavabdeh uşaqla maraqlanmamış, uşağın saxlanılması üçün maddi kömək göstərməmişdir. Azyaşlı uşağı saxlamaqda maddi çətinlik çəkir. Buna görə də azyaşlı uşağın saxlanması üçün cavabdehdən hər ay 200 manat məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə iddiaçının izahatını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş X1 surətindən görünür ki, X3 21.04.2007-ci il tarixdə anadan olmuşdur. anası Cavabdeh, atası İddiaçıdur. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh ilə ayrı yaşayırlar, azyaşlı Aygün iddiaçının yanında yaşayır. Cavabdeh azyaşlı uşağın saxlanması üçün iddiaçıya könüllü olaraq maddi köməklik göstərmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda, uşaqlarının saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Hənin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideyinin qazançı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazançın hamısının və ya bir hissəsinin həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazançın müəyyən hissəsi kimi müəyyən edilə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Bronda İtaliyaya qarşı” işi üzrə qərarda göstərilmişdir ki, hər bir işdə uşağın mənafeyinə uyğun olan vəziyyəti daha dəqiq müəyyən etmək lazımdır. Məhkəmə sabit pul məbləğində cavabdehdən tutulacaq alimentin miqdarını müəyyən edən zaman uşağın mənafeyini iddiaçının əmlak vəziyyətini və digər diqqətəlayiq halları nəzərə alır. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin konvensiyanın 27-ci maddəsinin 2 bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Məhkəmə baxışı zamanı İddiaçı Cavabdeh hər ay 200 manat məbləğində aliment tutulmasına əsas verən heç bir sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 21.04.2007-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçının xeyrinə iddiaçı məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 14.06.2021-ci il tarixdən etibarən hər ay 140 manat sabit pul məbləğində aliment tutulmalı və qətnamə alimentlə bağlı hissədə dərhal icra edilməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü və Dövlət rüsumu haqqında qanunun 8.1-ci maddəsinə əsasən Cavabdeh illik alimentin məcmuyu ilə dövlət rüsumu tutulmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 14.06.2021-ci il tarixdən başlayaraq 21.04.2007-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 140 manat sabit pul məbləğində aliment tutularaq İddiaçının xeyrinə verilsin. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə kecirilsin. Qətnamə alimentlə bağlı hissədə dərhal icraya yönəldilsin. Qətnamənin icrası Cavabdeh yaşadığı ərazi üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar