Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1470/2025 24.06.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Məmmədova Ayşən Valeh qızının katibliyi ilə, İddiaçı Qəhrəman qızının cavabdeh Aktrük Mahsuma qarşı qarşı aliment təyin edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Qəhrəman qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Aktürk Mahsumdan xx.xx.2019-cü il təvəllüdlü X2 yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay 600 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, cavabdeh Aktürk Mahsum ilə faktiki nikah münasibətlərində olmuş və ailə kimi bir yerdə yaşamışlar. Onun cavabdehlə faktiki nikah münasibətindən xx.xx.2019-cü il təvəllüdlü Milay adlı bir qız övladları anadan olmuşdur. Aktürk Mahsumla rəsmi nikaha daxil olmasa da, cavabdeh onların faktiki nikah münasibətlərindən olan qızına öz atalığını vermişdi. Belə ki, 1 saylı Bakı «Asan xidmət mərkəzi» qeydiyyat şöbəsi tərəfindən verilmiş atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Atatürk Mahsum xx.xx.2019-cu ildə doğulmuş qızı Milayın atası hesab edilmişdir. Hətta qızına verilmiş doğum haqqında şəhadətnamədən də görünür ki, uşağın atası məhz cavabdehdir. Cavadehlə ailə münasibətləri alınmadığı üçün ayrılmalı olmuş və hazırda onlar ayrı-ayrılıqda yaşayırlar. Yetkinlik yaşına çatmayan uşağı isə onun himayəsindədir. Cavabdeh onun maddi vəziyyəti ilə maraqlanmır, heç bir kömək göstərmir. Uşaq balaca olduğu üçün o heç bir yerdə işləyə bilmir. Uşağın saxlanmasında yaxınları köməklik edir. Heç bir yerdən əlavə gəliri yoxdur. Özü xərçəng xəstəliyindən əziyyət çəkir. Müalicələrinə külli miqdarda pullar xərcləyir. Cavabdeh uşağın saxlanmasında ona heç bir maddi yardım etmir, nəticədə də, hazırkı vəziyyətdə uşağın təminatını tək qadın olaraq ödəmək ona çox çətindir. Bildiyinə görə cavabdeh şirkət rəhbəridir və özünün ayrıca işçiləri var. Belə ki, cavabdeh Şəmkir rayonu ərazisində ağac əkmə ilə məşğul olur. Cavabdehin yaxşı gəliri var. Lakin, şirkətin adı və cavabdehin qazancı barədə dəqiq məlumatı yoxdur. Birgə yaşadıqları dövrdə bu barədə cavabdehdən dəfələrlə soruşsa da, o, rəhbərlik etdiyi şirkətin adı və gəlirləri barədə ona dəqiq heçnə demirdi. Ona görə də cavabdehin aylıq gəlirləri barədə dəqiq sübut təqdim edə bilmir. Hər ikisi mediasiya prosesində iştirak etmişdir. Mediasiya prosesi zamanı cavabdeh uşağın saxlanmasında hər ay ona 400 manat aliment verəcəyini təklif etsə də, o onun təklifi ilə razı olmamış və bu səbəbdən də cavabdeh mediasiya prosesini davam etdirmək istəməmişdir. Ona görə də cavabdehə qarşı aliment tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş İddiaçı Qəhrəman qızı məhkəməyə gəlməmiş, vəsatət göndərərək məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini, iddia tələbinin isə tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh Aktürk Mahsuma məlumat verilməsinə baxmayaraq o məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Aktürk Mahsum 12 avqust 2019-cu il tarixdə anadan olmuş X2 atası hesab edilmişdir. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin xx.xx.2019-cu il tarixdə X3 adlı uşaqları anadan olmuşdur. İşə əlavə edilmiş xx.xx.2025-ci il tarixdə mediator tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı Qəhrəman qızına ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. İlkin mediasiya sessiyası ilə bağlı 60 manat mediasiya xərci İddiaçı Qəhrəman qızı tərəfindən ödənilmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər halları nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli qərarının 8.4-1-ci bəndinə görə Ailə Məcəllsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74=255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan Anın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərlən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci bəndinə görə uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır(«Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi,uşağa qulluq,onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir.Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq,qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Valideynlər uşaqlarını saxlamağa borcludurlar. (Ailə Məcəlləsinin 75.1-ci maddəsi). Tərəflər arasında yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün aliment ödənilməsi barədə saziş bağlanmadığından və iddiaçının aliment tutulması barədə tələbi olduğundan aliment məhkəmə qaydasında tutulmalıdır. Məhkəmə alimentin miqdarını müəyyən edərkən aliment ödəməli olan cavabdeh Aktürk Mahsumun uşağını saxlamaq vəzifəsinin olmasını, aliment ödəmək vəzifəsindən azad edilməməsini nəzərə alıb, hesab edir ki, cavabdeh Aktürk Mahsumdan xx.xx.2019cu ildə anadan olmuş X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün İddiaçı Qəhrəman qızının xeyrinə tutulmalı olan aliment hər ay 252 manat həddində müəyyən edilməlidir. Alimentin tutulmasının əvvəli iddiaçı X1 iddia ərizəsinin məhkəməyə daxil olduğu 12 may 2025-ci il tarixindən başladığından, məhkəmə hesab edir ki, 2025-ci il ölkə üzrə minimum əmək haqqına (400 manat) münasibətdə hesablama aparılmalı, sonraki artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,63 misli (400x 0,63=252 manat) həddində sabit pul məbləğində aliment tutulmalıdır. İddiaçı tərəfindən ödənilmiş 60 manat mediasiya xərcinin yarısı 30 manat alınaraq cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə hesab edir ki, aliment tələbi üzrə İddiaçı Qəhrəman qızı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib cavabdeh Aktürk Mahsumdan dövlət nəfinə alınmalıdır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə qeyd olunanları və Azərbaycan Respublikası MPM-nin 216-220,234.2-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Aktürk Mahsumdan xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün İddiaçı Qəhrəman qızının xeyrinə sonraki artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0,63 misli həddində sabit pul məbləğində aliment tutulsun. Alimentin tutulmasının əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Alimentin tutulması hissədə qətnamə dərhal icra edilsin. Məhkəmə xərcləri cavabdehə aid edilsin. Cavabdeh Aktürk Mahsumdan 50 manat məbləğində dövlət rüsumu alınaraq dövlət nəfinə keçirilsin. Mediasiya xərcləri bərabər şəkildə tərəflərə aid edilsin. Cavabdeh Aktürk Mahsumdan 60 manat mediasiya xərcinin yarısı 30 manat alınaraq İddiaçı Qəhrəman qızına verilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №2(046)-1470/2025
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1470/2025
24.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver