Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-150/2022 10.03.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh üçüncü şəxs Azərbaycan Respublikası ƏMDX-nın yanında DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı «daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Göyçay rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh üçüncü şəxs Azərbaycan Respublikası ƏMDX-nın yanında DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı «daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh və ailə üzvlərinə verilmiş Göyçay rayonu Mirzəhüseynli kəndində yerləşən 1,57 ha torpaq sahəsi üzərində mülkiyyət hüququna dair **********76 reyestr nömrəli elektron çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Göyçay rayonu Mirzəhüseynli kəndində yerləşən 29,49 hektar torpaq sahəsinin mülkiyyətçisidir. Torpaq sahəsi Göyçay rayonu Dövlət Notariat Kontorunda rəsmiləşdirilmiş 07.03.05, 15.03.05, 17.03.05, 29.03.05, 28.03.05, 11.10.05, 13.10.05, 03.05.05, 07.04.05, 04.04.05, 18.05.05, 08.07.05ci il tarixli 4e-125-144-143-158-189-162-149-187-175-161-126-625-190-620-619-505, 123- 226-146-147-209-309-163-164-188-178-191-471 və 7e-148 saylı alğı-satqı müqavilələri ilə iddiaçının mülkiyyətinə verilmişdir. Həmin torpaq sahələrindən biri Umudov Yolçu və onun ailə üzvlərindən alınmışdır. Onlar arasında 11.10.2005-ci il tarixli notarial qaydada təsdiq edilmiş alğı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı alğı-satqı müqavilələri əsasında torpağa mülkiyyət hüququna dair JN-1742 nömrəli dövlət aktının surəti verilmişdir. Torpaq sahələri kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuşdur. İddiaçı həmin torpaq sahəsini həmin vaxtdan əkib-becərmişdir. Torpaq aktı qeydiyyat kitabında 230 nömrə ilə 06.05.2006-cı il tarixdə qeydiyyata alınıb. Eyni zamanda dövlət aktı ilə mülkiyyət verilmiş torpaq sahəsinin planı və cizgisi təsdiq edilmişdir. İddiaçı həmin torpaq sahələri üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 16 saylı Ucar ərazi idarəsinə müraciət etmişdir. ƏMDK-nın yanında DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinin 12.01.2021-ci il tarixli cavab məktubu ilə İddiaçı JN-1742 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının 1742E hissəsi olan Göyçay rayonu Mirzəhüseynli kəndində yerləşən 1,57 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasından imtina edilməsinə dair bildiriş verilmişdir. Bildirişdə qeyd olunur ki, Göyçay rayonu Mirzəhüseynli kəndində yerləşən 1,57 ha kənd təsərrüfatlı torpaq sahəsi üzərində Cavabdeh və ailə üzvlərinin 21.08.2020-ci il tarixdə əvvəllər tanınmış hüquqları qeydiyyata alınaraq torpağa mülkiyyət hüququna dair JN-1119 nömrəli dövlət aktına əsasən daşınmaz əmlakın dövlət reyestrindən **********76 reyestr nömrəli elektron çıxarış və torpaq sahəsinin planı və ölçüsü işlənmişdir. Bu səbəbdən, ərizənin icrasından imtina edilmişdir və iddiaçıya məxsus torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınmasından imtina edilmişdir. Məlum olmuşdur ki, Göyçay rayonu Mirzəhüseynli kəndində yerləşən 1,57 ha torpaq sahəsi alğı-satqı müqaviləsi əsasında satılmasına baxmayaraq, əvvəlki mülkiyyətçilərdən biri olan Cavabdeh satmış olduğu torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında cavabdeh quruma müraciət edərək, elektron çıxarış əldə etmişdir. Ona görə də, iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd etmək zəruridir ki, İddiaçı əvvəlcə daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh və ailə üzvlərinə verilmiş **********76 reyestr nömrəli elektron çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Şəki İnzibati Məhkəməsi tərəfindən iddiaçıya göndərilmiş məktubda mülki məhkəmə icraatı qaydasında müraciət etməli olduğu izah edilmişdir. İddiaçı nümayəndəsi X9 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası ƏMDX-nın yanında DƏDRXnin 16 saylı Ucar Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh və maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - 18 iyul 1999-cu il tarixdə verilmiş Torpağa mülkiyyət hüququna dair JN-1119 saylı, 40814058 kodlu Dövlət aktından görünür ki, Göyçay rayonu Aqrar İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli 41 nömrəli qərarı ilə cizgidə göstərilən sərhəd daxilində 1,57 hektar torpaq sahəsi Göyçay rayonu Mirzəhüseynli kəndinin sakini X3 və onun ailə üzvlərinə (X14, X10, Cavabdeh, X5, X20) verilmişdir. - 11.10.2005-ci il tarixdə Göyçay rayon Notariat Kontorunda bağlanmış 4Ə-620 reyestr saylı alğı-satqı müqaviləsindən görünür ki, X6 17 mart 1999-cu il tarixdə verilmiş JN-1119 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktına və 17.10.2005-ci il tarixli 462 saylı arayışa əsasən paylı mülkiyyətində olan Göyçay rayonu Qarabağlar kəndində yerləşən 1,31 ha torpaq sahəsini İddiaçı satmışdır. - 06 may 2006-cı il tarixdə verilmiş Torpağa mülkiyyət hüququna dair JN-1742 saylı, 40814058 kodlu Dövlət aktından görünür ki, 29,49 ha torpaq sahəsi (o cümlədən alğı-satqı müqaviləsinə əsasən əldə olunmuş 1,31 ha torpaq sahəsi) alğı-satqı müqavilələrinə əsasən İddiaçı adına qeydiyyata alınmışdır. Həmin dövlət aktına əlavə olunmuş plan cizgilərdən görünür ki, alğı-satqı müqaviləsinə əsasən əldə olunmuş 1,31 ha torpaq sahəsi (cizgidə 1742Z sayı ilə qeyd olunmuşdur) ilə yanaşı, paylı mülkiyyətçilər tərəfindən iddiaçıya satılmamış (özgəninkiləşdirilməmiş) 1,57 hektar torpaq sahəsinə (cizgidə 1742E sayı ilə qeyd olunmuşdur) dair də plan (cizgi) hazırlanmışdır. - Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş 21.08.2020-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Göyçay rayonu Mirzəhüseynli kəndində yerləşən 1,57 ha kənd təsərrüfatı təyinatlı torpaq paylı mülkiyyət kimi Cavabdeh və onun digər ailə üzvlərinin adına daşınmaz əmlakın dövlət reyestrində 88 nömrəli reyestr kitabının 84 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş 21.08.2020-ci il tarixli AA seriyalı 531444 saylı torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Göyçay rayonu Mirzəhüseynli kəndində yerləşən 1,57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair Cavabdeh adına torpaq sahəsinin planı və ölçüsü tərtib edilməklə, torpaq sahəsinə dair zəruri göstəricilər (torpaq sahəsinin kadastr göstəriciləri və s.) qeyd olunmuşdur. - Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinə ünvanladığı sorğu məktubuna cavabdan görünür ki, ünvan 2N-1119 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə ayrılmış 1,57 ha torpaq sahəsinin mülkiyyətçiləri barədə məlumatın verilməsi barədə 14.10.2020-ci il tarixli ********** saylı məktuba baxılmışdır. Xidmətin arxivində mövcud olan Göyçay rayon Aqrar İslahat Komissiyası tərəfindən təsdiq olunmuş Göyçay rayon İHB-nin Şəhadət bölgə üzrə nümayəndəliyində torpaq payı almaq hüququ olan vətəndaşların siyahısında sözügedən torpaq sahəsinin mülkiyyətçiləri aşağıdakı kimi qeyd edilmişdir:
1. X6;
2. X15;
3. X11;
4. Cavabdeh;
5. X5;
6. X20. - Göyçay rayon İHB-nin Ərəbcəbirli kənd İƏD üzrə nümayəndəliyinin 02 sentyabr 2020-ci il tarixli arayışından görünür ki, 1-ci Ərəbcəbirli kəndinin sakini Cavabdeh mərhum atası X6 vəfat etdiyi, 16.10.2010-cu il tarixədək Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində pasport qeydiyyatında olmuş və yaşamışdır. X6 vəfat etdiyi tarixədək onunla birgə yaşamış aşağıda adları göstərilən varisləri vardır:
1. X15 (21.08.2015-ci il tarixdə vəfat edib);
2. X12 (28.02.1999-cu il tarixdə vəfat edib);
3. Cavabdeh;
4. X21 (08.07.2003-cü il tarixdə vəfat edib). - Göyçay RPŞ-nin 17 iyun 2020-ci il tarixli arayışından və KİV-də verilən elandan göründüyü kimi, Cavabdeh mərhum atası X3 verilmiş JN-1119 saylı Dövlət aktının naməlum şəraitdə itməsi barədə ərizə ilə Göyçay RPŞ-yə müraciət etmiş, faktla əlaqədar RPŞ tərəfindən bir sıra tədbirlər həyata keçirilmiş, o cümlədən qonşu RPŞ-lərə istiqamətləndirici məktublar göndərilmiş, lakin göstərilən Dövlət aktının tapılması mümkün olmamışdır. - DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinin 21 yanvar 2022-ci il tarixli və 31 yanvar 2022-ci il tarixli məktublarından görünür ki, Umudov X18 rayonu Mirzəhüseynli kəndi ərazisində yerləşən 1,57 ha torpaq sahəsi üzərində əvvəllər tanınmış hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi idarəsinə müraciət etmişdir. Vətəndaşın ərizəsinə JN-1119 saylı dövlət aktının itməsi barədə Göyçay RPŞ-nin arayışı və dövlət aktının etibarsız hesab edilməsi barədə qəzet elanı əlavə olunmuşdur. Vətəndaşın ərizəsinin icrasından imtina olunması üçün qanunla müəyyən olunmuş əsaslar mövcud olmadığı üçün sözügedən torpaq sahəsi üzərində onun və ailə üzvlərinin əvvəllər tanınmış hüquqlarının dövlət reyestrində qeydiyyatı aparılmışdır. Qeydiyyat aparılan zaman 29.11.2021-ci il tarixli 2(046)-1581/2021 saylı müraciətdə qeyd olunan alğı-satqı müqaviləsi ilə bağlı ərazi idarəsində məlumat olmamışdır. - Sorğuya əsasən Dövlət Notariat Arxivindən məhkəməyə təqdim edilmiş notariat işində olan sənədlərdən görünür ki, 4Ə-620 saylı notariat işinin üz qabığında nomenklatura üzrə işin aid olduğu bəndin nömrəsi, həmçinin işin məzmunu kimi «satıcı X1 alıcı İddiaçı ilə Göyçay rayonu Şah. Qarabağlar kəndində yerləşən yaşayış sahəsinin alğısatqı müqaviləsi» qeyd edilmişdir. Notariat işində sənədlərin surətləri arasında həmin üz qabığından başqa, mündəricat (arayış, akt, etibarnamə, ərizə, müqavilə, qəbz); Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon Şöbəsinin 17 oktyabr 2005-ci il tarixli 462 saylı arayışı (1,57 hektar torpaq sahəsinin girova qoyulmaması və onunla bağlı məhkəmə mübahisəsinin olmamasına dair); 17 mart 1999-cu il tarixdə X1 və ailə üzvlərinin adına həmin torpaq sahəsinə dair verilmiş JN-1119 saylı 40814058 kodlu Dövlət aktı və s. əlavə edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasına görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (13 və 29-cu maddələrin müddəaları). Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur (insan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadılıqların müdafiəsi haqqında Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsi və s.) . Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur (Mülki Məcəllənin 152.1-ci maddəsi). Lakin dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir (Mülki Məcəllənin 178-ci maddəsi). Mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət (məsələn, nigahda olan ər-arvadın mülkiyyəti) və paylı mülkiyyətdən (iştirakçılardan, məsələn, ailə üzvlərindən hər birinin müəyyən payı olan mülkiyyət) ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı üzrə həyata keçirilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli 41 nömrəli qərarı ilə X3, X8, X7, Cavabdeh, X2 və X16 Göyçay rayonu Mirzəhüseynli kəndi ərazisindən 1.57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən JN- 1119 saylı dövlət aktı verilmişdir. Həmin torpaq sahəsinin 1,31 ha hissəsinə dair İddiaçı ilə X6 arasında 11 oktyabr 2005-ci il tarixli alğı-satqı müqaviləsi bağlanmış və Göyçay rayon Notariat Kontorunun notariusu tərəfindən təsdiq edilmişdir. Sözügedən alğı-satqı müqaviləsi bağlanarkən Yolçu Umudovla yanaşı digər paylı mülkiyyətçilər də həmin torpaq sahəsinin satılmasına dair razılıq verməmiş, yəni onlar alğı-satqı müqaviləsini imzalamamışlar. Həmin torpaq sahəsinin iddiaçıya satılmasından xəbəri olmayan Cavabdeh torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənədi itirməsi barədə aidiyyatı polis şöbəsinə müraciət etmiş, həmçinin itirilmiş sənədin etibarsız sayılmasına dair KİV-də elan vermiş, bundan sonra qeydiyyat orqanı tərəfindən ona mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Bunu bilən iddiaçı, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh və ailə üzvlərinə verilmiş Göyçay rayonu Mirzəhüseynli kəndində yerləşən 1,57 ha torpaq sahəsi üzərində mülkiyyət hüququna dair **********76 reyestr nömrəli elektron çıxarışın etibarsız hesab edilməsini xahiş etmişdir. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Daşınmaz əşyaların (o cümlədən yaşayış mənzilinin) alqı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir (Mülki Məcəllənin 329.1, 334.1, 334.2, 334.3.1 və 647.1-ci maddələri). «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin müddəalarına görə notariat hərəkətlərinin aparılması qaydaları bu Qanun, Azərbaycan Respublikasının digər qanunvericilik aktları və onların əsasında Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi müvafiq təlimatla, Azərbaycan Respublikasının konsulluqlarında aparılan notariat hərəkətlərinin qaydaları, həmçinin Azərbaycan Respublikasının Konsul Nizamnaməsi, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının birgə təsdiq etidyi təlimatla müəyyən edilir. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1, 338 və 339-cu maddələri). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Notariat işində olan Göyçay rayon İcra Hakimiyyəti Başçısının Şəhadət kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən təsdiq edilmiş 11 oktyabr 2005-ci il tarixli ərizədən görünür ki, mülkiyyətçilərdən X15, Cavabdeh və X5 ümumi birgə mülkiyyətdə olan 1,57 ha torpaq sahəsinin satılmasına etiraz etməmələri barədə ərizə versələr də, digər mülkiyyətçilər, yəni X10 və X20 həmin torpaq sahəsinin satılmasına razılıq verməmişlər. Məhkəmə həmin razılıq ərizəsinə yuxarıda istinad olunan qanun normalarının tələblərinə uyğun olaraq qiymət verərək qeyd etməyi zəruri hesab edir ki, daşınmaz əmlakın alğı-satqısı ilə bağlı əqdlər rəsmiləşdirilərkən lazımi subyektlərin, yəni bütün mülkiyyətçilərin iştirakı təmin edilməli, onların arasında iradə və onun bildirilməsi vahidliyi mövcud olmalı, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olmasına ciddi riayət edilməlidir. Buradan da aydın olur ki, ümumi birgə mülkiyyətdə olan əmlak özgəninkiləşdirilərkən, digər mülkiyyətçilərin razılıq ərizəsinin verilməsi yolu ilə deyil, lazımi subyektlərin özləri, yaxud etibarnamə üzrə nümayəndələrinin iştirakı ilə alğı-satqı müqaviləsi rəsmiləşdirilməli və onlar həmin müqaviləyə imza etməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Həmin Məcəllənin 222.3-cü maddəsinə əsasən birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. Həmin Məcəllənin 222.4-cü maddəsinə əsasən birgə mülkiyyətin digər mülkiyyətçiləri razılıq vermədikdə borclu ayrıca birgə mülkiyyətçiyə olan tələbini əvəzləşdirə bilməz. Sadalanan qanun normalarının tələbindən göründüyü kimi, ümumi birgə mülkiyyətdə olan əmlaka dair sərəncam verilərkən bütün mülkiyyətçilərin razılığı alınmalı, eləcə də bir mülkiyyətçi tərəfindən ümumi birgə mülkiyyətdə olan əmlaka dair sərəncam verilərkən digər mülkiyyətçilərin adından çıxış etmək üçün lazımi səlahiyyəti olmalı, belə səlahiyyəti olmadan ümumi əşyaya dair əqd bağlayarkən qarşı tərəfin, yəni alıcının bunu bilməməsi sübuta yetirilməli, sübuta yetirilmədiyi halda bağlanmış əqd etibarsız sayılmalıdır. İddia ərizəsindən görünür ki, iddiaçı alğı-satqı müqaviləsinə əsasən əldə etdiyi torpaq sahəsinin X6, X14, X10, Cavabdeh, X5, X13 ümumi birgə mülkiyyətində olmasını, eləcə də digər mülkiyyətçilərin adından səlahiyyəti olmadan Yolçu Umudovun əqdi bağlamasını bilmişdir. Belə olan halda, iddiaçının daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh və ailə üzvlərinə verilmiş Göyçay rayonu Mirzəhüseynli kəndində yerləşən 1,57 ha torpaq sahəsi üzərində mülkiyyət hüququna dair **********76 reyestr nömrəli elektron çıxarışın etibarsız hesab edilməsi tələbini irəli sürməsi əsaslı və qanuni hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi, daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh və ailə üzvlərinə verilmiş Göyçay rayonu Mirzəhüseynli kəndində yerləşən 1,57 ha torpaq sahəsi üzərində mülkiyyət hüququna dair **********76 reyestr nömrəli elektron çıxarışın etibarsız hesab edilməsi üçün əsaslar mövcud deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh üçüncü şəxs Azərbaycan Respublikası ƏMDX-nın yanında DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı «daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh üçüncü şəxs Azərbaycan Respublikası ƏMDX-nın yanında DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı «daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim İbrahim Fəttahov