Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-178/2023 02.03.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Sirac oğluna qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, mülkiyyət hüququnun tanınması və dövlət reyestrində qeydiyyata alınması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla, Cavabdeh Sirac oğlu arasında KOD-40812018, JN 856 nömrəli dövlət aktına əsasən 1.36 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması və dövlət reyestrində qeydiyyata alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, mərhum atası X5 Cavabdeh Sirac oğlundan xx.xx.2001 -ci ildə JN 856 kod 40812018 nömrəli 1.36 hektar Pay Torpağını 300000 manat pul verməklə satın almışdır. Torpaq sahəsinin alqı -satqısını Çərəkə kənd inzibati ərazi nümayəndəliyində 08 yanvar 2001 - ci il tarixində notariat əməliyyatları kitabında 200 nömrəli qeydi aparılmışdır. Həmçinin 31 oktyabr 2001-ci il tarixdə Göyçay rayon Torpaq şöbəsinin Nofəl Fərzəliyev, Potu icra nümayəndəsi İlham Həmidov, Çərəkə İcra nümayəndəsi Ağamirzə Vəliyev, Çərəkə Bələdiyyəsinin sədri Əbiilfət İsmayılov və Ulaşlı - Şıxlı kənd sakini Cavabdeh Sirac oğlunun iştirakı ilə Akt tərtib edilərək, torpaq sahəsi naturada ona təhvil verilmişdir. Torpaq sahəsinə ödənilən 300.00 manat pulu satıcı tərəfindən vəkil edilmiş X4 təhvil verilmişdir. Həmin satın aldığım Pay torpağı Göyçay rayon Aqrar İslahat Komissiyasının 1998-ci il tarixli 39 nömrəli qərarı ilə Potu kənd sakini Cavabdeh Sirac oğlu və ailə üzvləri X6, X7, X1 adına olan 1.36 ha ölçüdə JN 856kod 40812018 nömrədə Dövlət aktlarının qeydiyyatı kitabında qeydə alınmışdır. Satıcı tərəf X9 Aktının əslini ona təhvil verdikdən sonra və torpaq sahəsi yuxarıda qeyd etdiyim səlahiyyətli şəxslərin iştirakı ilə ona göstərildikdən sonra mübahisəsiz qaydada 2022-ci ilədək istifadə etmişdir. Torpaq sahəsində təyinatına uyğun qaydada kənd təsərrüfatı bitkiləri əkib becərmişdir. Müvafiq qaydada vergi ödənişlərini ödəməklə dövlət tərəfindən verilən subsidya almışam. Bütün bunlara baxmayaraq 2022-ci ildə məlum olur ki, faktiki olaraq alqı -satqı yolu ilə onun mülkiyyətində olan torpaq sahəsini tanımadığı Bakı şəhərində yaşayan X2 adına sənədləri saxtalaşdırmaqla 16 saylı Ucar ərazisində qeydiyyata almışlar. Bununla da qanuna zidd olaraq torpaq üzərində olan mülkiyyət hüququ pozmuşlar. İddiaya etiraz: İddia ərizəsinə əlavə edilmiş sənədlərin siyahısında iddiaçı onunla hər hansısa alqısatqı müqaviləsinin tərtib edilməsi barədə rəsmi sənəd təqdim etməmiş, hər hansısa əldə edə bilmədiyi rəsmi sənədlərə istinad etməmişdir. İddiaçı heç bir torpaq sahəsi satmamış, onunla heç bir iş birliyi olmamışdır. İddiaçı tanımır əvvəllərdə heç bir tanışlığı olmamışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək təmin edilməsini xahiş edir. İş üzrə digər Cavabdeh Sirac oğlu ərizə ilə məhkəməyə müraciət edərək mülki işin iştirakı olmadan keçirilməsini iddianın rədd edilməsini xahiş edir. İş üzrə iddiaçını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Mülki işdə olan sənədlər: Məhkəməyə təqdim edilmiş Torpağa mülkiyyət hüququna dair JN-856 saylı dövlət aktının surətindən görünür ki, Göyçay rayonu Potu kəndində yerləşən 1.36 ha torpaq sahəsi Cavabdeh Sirac oğlu və ailə üzvləri X6, X7, X1 mülkiyyətinə verilmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2001-ci il tarixli Göyçay rayon Torpaq şöbəsinin müdiri Nofəl Fərzəliyev, Hüngütlü bələdiyyəsinin sədri Ş.Ələkbərovun, Potu icra nümayəndəsi İlham Həmidov, Çərəkə kənd İcra nümayəndəsi A.Vəliyev, Çərəkə Bələdiyyəsinin sədri Ə.İsmayılov və Ulaşlı - Şıxlı kənd sakini Cavabdeh iştirakı ilə tərtib edilmiş aktın surətindən görünür ki, tərtib edilir akt ona görə ki, aparılmış torpaq islahatı ilə əlaqədar dövlət aktı ilə “22 hektar adlanan” sahədən verilmiş 1.36 ha torpaq pay torpağın bir hektarı üç yüz min (300000) manat hesabı ilə cəmi dörd yüz səkkiz min manat pulu aktda imza edən yoldaşların iştirakı ilə vəkil olunmuş X4 təhvil verildi. Təhvil verdi: Ə.Həmidov Təhvil aldı: X.Ağayev QEYD: akt Göyçay rayon Torpaq şöbəsinin müdiri Nofəl Fərzəliyev, Hüngütlü bələdiyyəsinin sədri Ş.Ələkbərovun, Çərəkə İcra nümayəndəsi Ağamirzə Vəliyev, Çərəkə Bələdiyyəsinin sədri Əbülfət İsmayılov, Ə.Əhmədov və X.Ağayev tərəfindən imzanlanmışdır. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.7-ci maddsinə əsasən ümumi mülkiyyətdə olan əşya digər mülkiyyətçilərlə razılaşma əsasında mülkiyyətçilərdən birinin xeyrinə və mənafeyi üçün girov qoyula bilər və ya başqa şəkildə yüklü edilə bilər. Həmin Məcəllənin 215.4-cü maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. "İnsan hüquqları və əsas azadlıqların müdafiəçi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə əlaqədar Avropa İnsan Hüquqları Məhkəməsi Sporronq və Lonnrotun İsveçrə qarşı məhkəmə işində belə hüquqi mövqe müəyyən etmişdir ki, həmin norma özündə: 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə etməsi prinsipini; 2) mülkiyyətindən məhrum edilmənin yolverilməzliyini; 3) mülkiyyətdən istifadə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli plenumum qərarında şərh edilmişdir ki, Mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət (məsələn, nigahda olan ərarvadın mülkiyyəti) və paylı mülkiyyətdən (iştirakçılardan, məsələn, ailə üzvlərindən hər birinin müəyyən payı olan mülkiyyət) ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı üzrə həyata keçirilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, İddiaçı Cavabdeh Sirac oğlunun və digər ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan Göyçay rayon Potu kəndində yerləşən 1.36 ha torpaq sahəsini müqavilə əsasında xx.xx.2001-ci il tarixdə satın aldığını iddia edir, həmin müqavilənin balanmış hesab edilməsini və etibarlı sayılmasını xahiş edir. Məhkəmə baxışı zamanı təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2001-ci il tarixdə Cavabdeh Sirac oğlu ilə aralarında torpaq sahəsinin alğı-satqısına dair müqavilə (akt) bağladığını iddia etməsinə baxmayaraq, JN 856 nömrəli dövlət aktına əsasən ümumi birgə mülkiyyətçilər Cavabdeh Sirac oğlu və ailə üzvləri X6, X7, X3 ilə torpaq sahəsinin alqı-satqısına dair müqavilə bağlandığına dair heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, İddiaçı xx.xx.2001-ci il tarixli Ə.Əhmədovun, X.Ağayevin və digərlərinin imzaladığı akta istinad etməklə Cavabdeh Sirac oğlunun və ailə üzvlərinin ümumi-birgə mülkiyyətində olan 1.36 ha torpaq sahəsinin alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə tələbi tam əsassızdır. İddiaçı tərəfindən istinad edilən aktda nəyinki Cavabdeh Sirac oğlunun, eləcə də digər mülkiyyətçilərin həmin torpaq sahəsinin iddiaçıya satılmasına razılığını təsdiq edən heç bir müddəa öz əksini tapmamışdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh Sirac oğluna qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, həmin müqavilənin etibarlı sayılması, mülkiyyət hüququnun tanınması və dövlət reyestrində qeydiyyata alınması tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia rədd edilsin. İddiaçı Cavabdeh Sirac oğluna qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, həmin müqavilənin etibarlı sayılması, mülkiyyət hüququnun tanınması və dövlət reyestrində qeydiyyata alınması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-178/2023
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-178/2023
02.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver