Məhkəmə qərarları › İş №2(046)-1786/2023

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-1786/2023

28.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-1786/2023 28.09.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində alimentin tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq , müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 13 avqust 2009-cu il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ayda 220 manat sabit pul məbləğində alimentin Cavabdeh tutulub ona verilməsinə, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödədiyi 50 manat mediasiya xərcinin cavabdehdən alınıb ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, 05 dekabr 2008-ci il tarixdə Göyçay rayon Qeydiyyat Şöbəsində nikah qeyd etdirməklə Cavabdeh ilə ailə qurmuşdur. Birgə nikahlarından 13 avqust 2009-cu il tarixdə Fidan adlı qızı doğulmuşdur. Göyçay Rayon Məhkəməsinin 13 may 2010-cu il tarixli 2(046)-235 saylı qətnaməsinə əsasən qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay cavabdehin qazancının (başqa gəlirlərinin) 4/1 hissəsinin aliment kimi tutulub ona verilməsi qət edilmişdir. Həmin vaxt cavabdeh "xxxx" ASC "xxxx" MMC-də mütəxəssis vəzifəsində işləyirdi və əlilliyə görə pensiya alırdı. Sonradan cavabdeh işdən çıxmış və artıq 4-5 aydır ki, pensiya da almadığı üçün qazancından aliment tutulmur. Bu səbəbdən də alimentin sabit pul məbləğində müəyyən edilməsi üçün mediatora müraciət etmiş, lakin cavabdeh ilkin mediasiya sessiyasına gəlmədi. Cavabdehin etirazları: Cavabdeh iddiaya qarşı etiraz vermişdir. Etirazda göstərmişdir ki, o hal hazırda heç bir yerdə işləmir. İİ qrup əlilliyi aprel ayından dayandırıldığı üzündən hazırda qüvvədə olan 95 manat alimenti ödəməyə çətinlik çəkir, belə ki, ikinci dəfə ailə qurmuş, həyat yoldaşı Əliyeva Xəyalə və xx.xx.2012-ci il təvəllüdlü Şamil, xx.xx.2013-cü il Gümüş, xx.xx.2017-ci il təvəllüdlü Gülər və xx.xx.2022-ci il təvəllüdlü Fəxri adlı 4 övladı ilə birlikdə çox yoxsul şəraitdə yaşayır və dövlətdən minumum yaşayışını təmin edilməsi ilə əlaqədar sosial yardım alması üçün onun etibarnamə əsasında yoldaşı X5 Sosial Təminat nazirliyinə elektron olaraq müraciət etmişdir. Odur ki, bütün bunları nəzərə alaraq İddiaçı ona qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsini təmin edilməməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə etdi,izahat verərək bildirdi ki,cavabdeh ikinci dəfə ailə quraraq və bu nikahdan 4 uşağının olması onu göstərir ki,onun maddi imkanı yaxşıdır.İddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etmədi, izahat verərək bildirdi ki, ikinci dəfə ailə qurmuş və həmin nikahdan dörd uşağı vardır.Uşaqların saxlanmasında çətinliklər çəkir.İddianın təmin edilməməsini xahiş etdi. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: Göyçay Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(046)-235/2010 saylı qətnaməsinin surətindən görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2010-cu il tarixdən başlayaraq hər ay Cavabdeh qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi alimet kimi tutulub İddiaçı xeyrinə tutulması qət edilmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(046)-1793/2016 saylı qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, tərəflərin ümumi uşaqı, xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 95 (doxsan beş) manat sabit pul məbləğində aliment Cavabdeh İddiaçı xeyrinə tutulması, qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(046)-4272/2016 saylı qətnaməsinin surətindən görünür ki, xx.xx.2009-cu il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ondan tutulan alimentin miqdarının azaldılması tələbinə dair iddiası təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli 2(107)- 609/2017 saylı qətnaməsinin surətindən görünür ki, Göyçay Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(046)4272/2016 saylı qətnaməsindən iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Göyçay rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 1165 saylı arayışdan görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2009-cu il tarixdə X3 anadan olmuşdur. Mediator tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası qanununa görə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərlən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci bəndinə görə uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır(«Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir.Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq,qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə nəzərə çatdırır ki,İddiaçı yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün sabit pul məbləğində aliment tutulması tələbinə dair iddia ərizəsi irəli sürməsinə baxmayaraq, 13 avqust 2009-cu il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Göyçay Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(046)-1793/2016 saylı qətnaməsi ilə hər ay 95 (doxsan beş) manat sabit pul məbləğində aliment müəyyən edildiyindən verilmiş tələbə məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının artırılması tələbi kimi baxılmışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası qanununa görə 2023-cü il üçün yaşayış minimumunun uşaqlar üçün 220 manat məbləğində müəyyən edilməsi İddiaçı maddi vəziyyətində dəyişikliyin olmasına səbəb olmuşdur. Bununla yanaşı məhkəmə onu da nəzərə alır, Cavabdeh X2 ilə olan ər-arvad münasibətlərindən dörd uşağının olması onun da ailə vəziyyətində dəyişikliyin olmasına səbəb olmuşdur. Məhkəmə hesab edir ki,valideynlərin hər ikisi uşaqlarını saxlamağa borclu olduğundan, tərəflərdən birinin (cavabdehin) ailə vəziyyətində,digər tərəfin (iddiaçının) maddi vəziyyətində dəyişikliyin olması nəzərə alınmalı , Cavabdeh xx.xx.2009-cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 110 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, qətnamənin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanmalı, bununla da iddia qismən təmin olunmalıdır. Məhkəmə hesab edir ki, aliment tələbi üzrə İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib Cavabdeh dövlət nəfinə alınmalı,mediasiya xərci Cavabdeh alınaraq İddiaçı verilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Göyçay Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(046)-1793/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. Cavabdeh xx.xx.2009-cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 110 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Mediasiya Şurasına ödənilmiş 50 manat xidmət haqqı Cavabdeh alınaraq İddiaçı verilsin. Dövlət rüsumu üçün ödənilməli olan 33 manat 20 qəpik məbləğində pul Cavabdeh alınaraq dövlət nəfinə keçirilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar