Məhkəmə qərarları › İş №2(046)-2032/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-2032/2021

23.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-2032/2021 23.11.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Cavabdehun iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «2.345 manat sığorta ödənişi məbləği, 500 manat işlərin görülməsi xərci və 30 manat dövlət rüsumu olmaqla, cəmi 2.875 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması» tələbinə dair iddiası üzrə mülki işə Göyçay rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı «2.345 manat sığorta ödənişi məbləği, 500 manat işlərin görülməsi xərci və 30 manat dövlət rüsumu olmaqla, cəmi 2.875 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2.345 manat sığorta ödənişi məbləği, 500 manat işlərin görülməsi xərci və 30 manat dövlət rüsumu olmaqla, cəmi 2.875 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Sığorta Şirkəti ASC-nin etibarnamə üzrə nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə baxışını nümayəndənin iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında 12.09.2018-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və «VAZ-21705» markalı ** ZS *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh 21.02.2019-cu il tarixdə «VAZ-21705» markalı ** ZS *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Göyçay şəhəri H.Əliyev prospektində yol-nəqliyyat hadisəsi törətmiş və «Mercedes Benz C180» markalı ** UO *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC 2.345 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Göyçay RPŞ DYPB-dən ünvanlarına 22.02.2019-cu il tarixli AP ******* saylı inzibati xəta haqqında protokol daxil olmuş, həmin protokola əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə təqsirli bilinmişdir. Göyçay RPŞ DYPB-nin "xxxx" ASC-yə təqdim etdiyi 01.03.2019-cu il tarixli 196-5232-1219 saylı arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Həmçinin qeyd olunan arayışda Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt «VAZ-21705» markalı ** ZS *** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etdiyi qeyd olunmuşdur. İddiaçı «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.2-ci, 25.2ci maddələrinə, Mülki Məcəllənin aidiyyatı maddələrinə istinad edərək daha sonra qeyd etmişdir ki, iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 2.345 manat sığorta ödənişinin məbləğini cavabdehdən tələb etmək hüququna malikdir. İddiaçı tərəfindən Cavabdeh ünvanına 24.07.2019-cu il tarixli AS-19/1932 saylı geriyə tələb (subroqasiya) məktubu göndərsə də, müvafiq sığorta ödənişi məbləği bu günədək iddiaçıya ödənilməmişdir. Cavabdeh iddianı qismən qəbul edərək göstərmişdir ki, yol nəqliyyat hadisəsi zamanı dəymiş ziyanı qəbul edir. Lakin 500 manat işlərin görülməsi üçün pulu əsassız hesab edir. Məhkəmə, cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, 12.09.2018-ci il tarixdə bağlanmış PAA********** nömrəli sığorta müqaviləsinə əsasən Cavabdeh idarə etdiyi «VAZ-21705» markalı ** ZS *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi «avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» növü üzrə sığortalanmışdır. 21.02.2019-cu il tarixdə Cavabdeh idarə etdiyi «VAZ-21705» markalı ** ZS *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə Göyçay şəhəri H.Əliyev prospektində YNH törətmiş və nəticədə X1 idarə etdiyi «Mercedes Benz C180» markalı ** UO *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmuşdur. Cavabdeh avtomobili sərxoş vəziyyətdə idarə etmişdir. Hadisə ilə bağlı 22.02.2019-cu il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və Cavabdeh Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsinə əsasən inzibati tənbeh edilmişdir. 25.02.2019-cu il tarixli dəymiş zərərin qiymətləndirilməsi hesabatına əsasən «Mercedes Benz C180» markalı ** UO *** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün (dəymiş ziyanın aradan qaldırılması üçün ehtiyat hissələrinin alınması və görüləcək işlər) 2.345 manat tələb olunur. Sığorta aktına əsasən "xxxx" ASC tərəfindən 2.345 manat məbləğində sığorta ödənişinin X2 ödənilməsi qərara alınmış və ödəniş tapşırığına əsasən 2.345 manat məbləğində sığorta ödənişi X1 hesabına köçürülmüşdür. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.1, 25.1.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Göründüyü kimi, Cavabdeh YNH-ni sərxoş vəziyyətdə idarə etmiş, yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmiş və iddiaçının subroqasiya qaydasında tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam ödənilməlidir. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortalıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 1114-cü maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmlak vəzifələrinin icrası zamanı işçinin nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə iclasında təsdiq olundu ki, mülki hüquq pozuntusu məhz Cavabdeh tərəfindən törədilmişdir və o, törətdiyi hüquq pozuntusu ilə vurduğu zərəri ödəməyə borcludur. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ərtafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən … və i.a. istifadə edilməsi;…) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göstərilən maddənin mənasına görə zərərin əvəzini ödəmək vəzifəsi yalnız bir nəfərin, yəni yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən şəxsin üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə hesab edir ki, vurulmuş zərər Cavabdeh tutulmalıdır. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, subroqasiya qaydasında 2.345 manat və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. İddia qalan hissədə rədd edilməlidir. Çünki, iddiaçı 500 manat işlərin görülməsi üçün real xərc çəkilməsinə dair sübutları məhkəməyə təqdim etməmiş, iddia ərizəsində həmin işlərin nədən ibarət olmasını göstərməmiş və əsaslandırmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Subroqasiya qaydasında 2.345 manat və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar