Məhkəmə qərarları › İş №2(046)-2120/2025

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-2120/2025

12.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-2120/2025 12.12.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentdən imtina razılaşmasının pozulması, alimentin xitamı və hüquqi məsuliyyətin bərpası tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göyçay rayon İcra və Probasiya şöbəsinə təqdim olunmuş xx.xx.2025-ci il tarixli alimentdən imtina razılaşmasını hüquqi əsas kimi qəbul edərək, onun aliment ödəmə öhdəliyinə xitam verilməsinə və cavabdehin tərəflərarası razılaşmanı pozaraq yenidən aliment tələb etməsinin qanunsuz olduğuna və razılaşmanın etibarsız pozulması olduğuna dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar : İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.2013-cü il tarixdə cavabdeh X3 ilə Göyçay rayon Qeydiyyat Şöbəsində nikaha daxil olmuşdur. Birgə nikahlarından xx.xx.2014-cü il təvvəllüdlü X6 anadan olmuşdur. Bu nikah Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(046)-1156/2025 saylı qətnaməsi ilə pozulmuşdur. Nikah dövründə aralarında övladla bağlı aliment öhdəliyinə dair mübahisə olmuş və Göyçay Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(046)-1465/2018 saylı qətnaməsi ilə onun xeyrinə aliment ödəməyi barədə qərar çıxarılmışdır. Lakin sonradan cavabdehlə aralarında razılaşma əldə olunaraq cavabdeh X3 tərəfindən xx.xx.2025-ci il tarixində yazılı surətdə aliment tələbindən könüllü imtina ərizəsi tərtib edilmiş, bu ərizə Göyçay rayon İcra və Probasiya Şöbəsinə təqdim olunmuş, həmin razılaşma əsasında icra işinə xitam verilmiş və aliment borcuna görə müavinətinə (pensiyasına) yönəlmiş olan məbləğ dayandırılmışdır. Qeyd olunan ərizədə cavabdeh öz imzası və iradəsi ilə “...gələcəkdə heç bir aliment tələbi irəli sürməyəcəyini və alimentə görə yaranmış borcun tam şəkildə ödənildiyini...” bəyan etmişdir. Bu sənəd hüquqi razılaşma xarakteri daşıyır və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 422-ci və 424-cü maddələrinə əsasən hüquqi nəticələr doğuran yazılı razılaşma kimi qəbul olunmalıdır. Hətta həmin gün cavabdehlə aralarında “Watsapp” danışıqları olub, cavabdeh alimentə olan borcunun ödənildiyini və gələcəkdə ona qarşı aliment tələb etməyəcəyini bildirmişdir. Həmin səs yazısını subut kimi disk şəklində iddia ərizəsinə də əlavə etmişdir. Razılaşma əldə edildikdən və onun əmlakı girov qoyulduqdan sonra cavabdeh onun etibarı və sadəlövhlüyündən istifadə edərək bankdan böyük məbləğdə (təxminən 30 min manat) kredit götürüb avtomobil əldə etmiş və sonra yenidən aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə icraatında iştirak edə bilmədiyi üçün sübut təqdim edə bilməmişdir. Aliment işinə dair qarşı tərəflə razılıq əldə etmək üçün ilkin mediasiya sessiyasında iştirak etmişdir. Qarşı tərəf sessiyada iştirak etmədiyi üçün xx.xx.2025-ci il tarixli mediator arayışı ilə təsdiqlənmişdir ki, proses davam etdirilə bilməyib. Mediasiya xərci olaraq 50 manat ödəmişdir. Aliment işi üzrə aparılan son məhkəmə proseslərində o Göyçay rayonunda olmaması və səhhəti ilə bağlı (İİ qrup əliləm, nevroloji və epileptik pozuntularla əziyyət çəkirəm) iştirak edə bilmədiyi üçün razılaşmanı və sübutları təqdim etmək imkanı olmamışdır. Nəticədə məhkəmə birtərəfli qaydada qərar çıxarıb və bu qərar qanuni qüvvəyə minmişdir. Aliment işinə dair qarşı tərəflə razılıq əldə etmək üçün ilkin mediasiya sessiyasında iştirak etmişdir. Qarşı tərəf sessiyada iştirak etmədiyi üçün xx.xx.2025-ci il tarixli mediator arayışı ilə təsdiqlənmişdir ki, proses davam etdirilə bilməyib. Mediasiya xərci olaraq 50 manat ödəmişdir. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı aliment öhdəliyinə xitam verilməsi ilə bağlı məhkəməyə təqdim etdiyi iddia tələbinə etiraz edir. Bildirir ki, o və iddiaçı xx.xx.2013-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Bu nikahdan xx.xx.2014-cü il təvəllüdlü X8 dünyaya gəlmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(046)- 1465/2018-ci il saylı qətnaməsi ilə İddiaçı üzərinə aylıq 120 manat aliment öhdəliyi qoyulmuşdur. Aliment öhdəliyi uşağın saxlanılması üçün valideynlərin qanuni borcu olmaqla, bu öhdəlik uşağın hüquq və mənafelərinin qorunması məqsədilə müəyyən edilmişdir. Qeyd edir ki, Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(046)-1156/2025 saylı qətnaməsi ilə onunla İddiaçı nikahına rəsmi xitam verilmişdir. Lakin rəsmi nikah pozulduqdan sonra ona məlum olmuşdur ki, xx.xx.2025-ci il tarixdə guya o Göyçay İcra Probasiya xidmətinə ərizə təqdim edərək alimentdən imtina etmiş və bunun əsasında aliment öhdəliyinə qanunsuz olaraq xitam verilmişdir. O, həmin ərizə ilə tanış olmamış, onun iradəsi ilə yazılmadığını qətiyyətlə bildirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88.1-ci maddəsinə əsasən, tərəflərin iradəsini əks etdirməyən, saxta sənədlər sübut qüvvəsinə malik deyil. Həmçinin MPM-in 90-cı maddəsinə görə məhkəmə sübutların etibarlılığını hərtərəfli və obyektiv araşdırmalıdır. İddiaçı məhkəməyə onun guya alimentdən imtina etməsi bağlı səs yazısı təqdim etmişdir. Bildirir ki, həmin səs yazısı onun razılığı olmadan, qanunsuz şəkildə əldə edilmiş və montaj olunmuşdur. İddiaçı qeyd edir ki, ikinci qrup əlildir və aldığı sosial müavinətdən aliment tutulmuşdur. Lakin bununla bağlı heç bir rəsmi sənəd və sübut təqdim etməmişdir. Bildirir ki, iddiaçının aldığı sosial müavinətdən aliment tutulması ilə bağlı fikirləri həqiqəti əks etdirmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə görə, tərəflər iddialarını sübut etməyə borcludurlar. Sübut təqdim edilmədiyinə görə, iddiaçının arqumentləri əsassızdır. Əksinə 2018-ci ildən bu günə qədər aliment öhdəliyi icra edilməmişdir ki, bu da iddiaçının məsuliyyətsiz münasibətini təsdiq edir. Yuxarıda göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq, İddiaçı aliment öhdəliyinə xitam verilməsi barədə iddia tələbini əsassız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materialları : Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(046)-1156/2025 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında xx.xx.2013-cü il tarixdə Göyçay rayon Qeydiyyat Şöbəsində 230 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. xx.xx.2014-cü il təvəllüdlü X6 iddiaçı Cavabdeh yanında saxlanılmışdır. Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(046)-76/2025 saylı qərardadından görünür ki, Göyçay Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(046)-1465/2018 nömrəli qətnaməsi ilə tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş minumum əmək haqqının 0.92 misli həddində indeksasiya olunmuşdur. Göyçay 1 saylı Mediasıya təşkilatının mediatoru tərəfində verilmiş “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı nümayəndəsi Nümayəndə1 ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İlkin mediasiya sessiyası barədə 50 manat mediasiya xərci və 10 manat dəftərxana xərci İddiaçı tərəfindən Göyçay 1 saylı Mediasıya Təşkilatına ödənilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair çıxarışdan görünür ki, İddiaçı ikinci dərəcəli əlildir. Diaqnoz (Epilapsiya nəticəsində şəxsiyyət dəyişməsi). Cavabdeh Göyçay rayon İcra və Probasiya Şöbəsinin rəisi İlqar Abdurahmanova ünvanladığı ərizənin surətindən görünür ki, Göyçay rayon sakini İddiaçı 2018-ci il tarixdə Göyçay Rayon Məhkəməsinin qərarı üzrə kəsilən aliment borcu ödənildiyini, həmin icra sənədini Azərbaycan Respublikasının İcra Haqqında 23.1.1-ci madəsi ilə məhkəməyə geri qaytarılmasını xahiş etmişdir. Gələcəkdə İddiaçı qarşı heç bir aliment tələbi olmayağını bildirmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(046)-126/2025 saylı qərardadı ilə Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi və Göyçay Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(046)-1465/2018 saylı icra sənədi üzrə icra hərəkətləri davam etdirilməsi qərara alınmışdır. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdi və əlavə olaraq bildirdi ki, aliment məbləği üçün hesablanmış pul xitam edilmiş, lakin sonradan aliment ödənilməsi bərpa edilmişdir. Bununla bağlı məhkəməyə sənədlər təqdim olunmuş, aralarında olan aliment pulu bağlanmışdır. Cavabdeh öz yazısı ilə ərizə yazaraq pulun ödənildiyini bildirmişdir. Aliment məbləği 10.000 (on min) manat olmalıdır. Həmin məbləğ 2018-ci il tarixdən yığılmış pul idi. Həmin borc 2022-2024-cü il tarixlərində yaranmış borc olmuş, pulun tam ödənilməsi ilə bağlı cavabdeh ərizə yazmış və gələcəkdə aliment iddiası olmayacağını bildirmişdir. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə2 izahat verərək bildirdi ki, xx.xx.2018-ci il tarixdən bugünədək toplanmış alimentdir. Tərəflərin arasında razılıq olmamış, İddiaçı 3 nömrəli Asan Xidmət Mərkəzində online ərizə yazaraq birgə nikah dövründə alınmış əmlaklardan imtina etdiyini bildirmişdir. Cavabdeh öz razılığı və istəyi olmadan ərizə yazmışdır. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Ailə Məcəlləsi:

75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən isə valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə və xx.xx.1989-cu ildə qəbul edilmiş “Uşaq hüquqları haqqında” BMT-nin konvensiyasının 27-ci maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. "Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli 8-2/2016 №-li qərarının 8.2-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır ("Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

İcra Haqqında Qanunun: 23.1. Tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi və xüsusi icra məmurunun icraatında olan icra sənədi tələbkara) qaytarılır: 23.1.1. tələbkarın ərizəsi əsasında; 23.3. İcra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. 20.1. İcra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir: 20.1.1. məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə; 20.1.2. məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə

İşin faktiki halı:

İddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında xx.xx.2013-cü il tarixdə Göyçay rayon Qeydiyyat Şöbəsində 230 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. xx.xx.2014-cü il təvəllüdlü X6 iddiaçı Cavabdeh yanında saxlanılmışdır. İddiaçı Cavabdeh xx.xx.2025-ci l tarixdə Göyçay rayon İcra və Probasiya Şöbəsinə ərizə ilə müraciət edərək icra sənədini “İcra haqqında” Qanunun 23.1-ci maddəsinə əsasən məhkəməyə qaytarılmasını xahiş etmişdir. Göyçay rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Tərlan Əhmədzadənin xx.xx.2025-ci il tarixli qərarı ilə icra sənədi Göyçay rayon Məhkəməsinə qaytarılmışdır. Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(046)-76/2025 saylı qərardadından görünür ki, Göyçay Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(046)-1465/2018 nömrəli qətnaməsi ilə tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş minumum əmək haqqının 0.92 misli həddində indeksasiya olunmuşdur.

Məhkəmənin mövqeyi:

Məhkəmə mülki iş üzrə iddia ərizəsini, mülki iş materiallarına əlavə edilmiş sənədləri nəzərdən keçirib təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı birgə nikahda olmuşlar və onların birgə nikahından xx.xx.2014-cü il təvəllüdlü X6 anadan olmuşdur. Cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbinə dair məhkəməyə müraciət etmiş, Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(046)-1156/2025 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında xx.xx.2013-cü il tarixdə Göyçay rayon Qeydiyyat Şöbəsində 230 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. xx.xx.2014-cü il təvəllüdlü X1 Aysel İntiqam qızının yanında saxlanılmışdır. Hal-hazırda faktiki olaraq xx.xx.2014-cü il təvəllüdlü X1 Aysel İntiqam qızının himayəsindədir. Məhkəmə iddia tələbi ilə əlaqədar qeyd edir ki, uşaqların saxlanılması hər iki valideynin vəzifəsidir. Eyni zamanda valideynlərin uşaqları saxlamaq vəzifəsi təkcə onlara edilən maddi yardımla məhdudlaşmır. Uşaqların saxlanılması, onlara qulluq edilməsi, təlim-tərbiyələri ilə məşğul olmaq və sair valideynlərin uşaqları saxlamaq vəzifələrinə daxildir. Uşaqların saxlanılması, bütün qayğıları ilə, təlim-tərbiyəsi ilə məşğul olmaq hazırda həm iddiaçı həm də cavabdehin üzərindədir. Belə olan halda iddiaçının uşağa maddi yardım etmək vəzifəsindən də boyun qaçırması, maddi tələbatının ödənilməsini də cavabdehin üzərinə qoymaq istəməsi əsassız və ədalətsizdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 aliment məbləğinə xitam verildikdən sonra İddiaçı hər ay uşağın saxlanılması üçün aliment ödəyəcəyini bildirmiş, lakin iddia tələbinin xahiş etdi hissəsində aliment ödəmə öhdəliyinə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 qeyd etdikləri ilə iddia tələbində göstərilənlərin biri-birini təkzib etdiyi üçün iddia tələbinin dəqiqləşdirilməsi təklif edilsə də, iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verməmişdir. Bundan başqa İddiaçı iddia tələbində aliment ödənilməsi öhdəliyinə xitam verilməsini Cavabdeh Göyçay rayon İcra və Probasiya Şöbəsində ona qarşı 2018-ci il tarixdən Göyçay Rayon Məhkəməsinin qərarı üzrə təyin olunan aliment borcunun ödənildiyini və həmin icra sənədini Azərbaycan Respublikasının İcra Haqqında 23.1.1-ci madəsi ilə məhkəməyə geri qaytarılması ilə bağlı verdiyi ərizəyə istinad etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikasının İcra Haqqında 23.1.1-ci maddəsinə əsasən icra sənədinin geri qaytarılması aliment ödənilməsi öhdəliyinə xitam verilməsi üçün əsas deyildir. İcraata xitam verilməsinin əsasları və qaydası qeyd olunan qanunun 20-ci maddəsində göstərilmişdir ki, hal-hazırda həmin maddədədə sadalanan hallar mövcud deyildir. Həmçinin, 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. İş materiallarından da görünür ki, Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(046)-126/2025 saylı qərardadı ilə Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi və Göyçay Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(046)- 1465/2018 saylı icra sənədi üzrə icra hərəkətləri davam etdirilməsi qərara alınmışdır. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı Göyçay rayon İcra və Probasiya şöbəsinə təqdim olunmuş xx.xx.2025-ci il tarixli alimentdən imtina razılaşmasını hüquqi əsas kimi qəbul edərək, onun aliment ödəmə öhdəliyinə xitam verilməsinə və cavabdehin tərəflərarası razılaşmanı pozaraq yenidən aliment tələb etməsinin qanunsuz olduğuna dair iddia tələbi təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır.

Məhkəmə xərcləri:

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119.1 maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən 50 manat məbləğində dövlət rüsumu iddiaçıdan tutularaq dövlət nəfinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı Göyçay rayon İcra və Probasiya şöbəsinə təqdim olunmuş xx.xx.2025-ci il tarixli alimentdən imtina razılaşmasını hüquqi əsas kimi qəbul edərək, onun aliment ödəmə öhdəliyinə xitam verilməsinə və cavabdehin tərəflərarası razılaşmanı pozaraq yenidən aliment tələb etməsinin qanunsuz olduğuna dair iddia tələbi təmin edilməsin. Dövlət rüsumu 50 manat iddiaçıdan tutularaq dövlət nəfinə keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar