Məhkəmə qərarları › İş №2(046)-2140/2025

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-2140/2025

16.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-2140/2025 16.10.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi : İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2013-cü il X1 üçün yetkinlik yaşlarına çatanadək Cavabdeh onun xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar : İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ilə ailə qurmuş, aralarında xx.xx.2006-cı il tarixdə nikah akt qeydləri kitabında 14 № ilə qeyd edilməklə rəsmi nikah bağlanmışdır. Birgə nikahdan xx.xx.2007-ci il təvəllüdlü X4, xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X5 doğulmuşdur. Zamanla aralarında yaranmış ciddi fikir ayrılıqları səbəbindən nikah münasibətləri pozulmuş, vətəndaş münasibətləri tamamilə dayanmış və faktiki olaraq ayrılmışdır. Zərdab Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(035)- 302/2024 saylı qətnaməsi ilə onunla Cavabdeh arasındakı nikah pozulmuşdur. Bundan sonra Zərdab Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(035)-126/2025 saylı qətnaməsi ilə onun iddiası təmin edilərək xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X5 onun himayəsinə verilmişdir. Ayrıldıqları tarixdən etibarən uşaqlar faktiki olaraq onun himayəsində yaşamış, onların gündəlik zəruri ehtiyacları - ərzaq, geyim, məktəb və digər məsrəfləri onun tərəfindən qarşılanır. Cavabdeh isə bu günədək uşaqların saxlanılması üçün heç bir maliyyə vəsaiti ayırmamış, yaşayış şəraitləri ilə maraqlanmamış və maddi yardım göstərməkdən tamamilə imtina etmişdir. Halbuki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, valideynlərdən biri ilə yaşamayan azyaşlı uşaqların saxlanılması üçün digər valideyn aliment ödəməlidir. Bu səbəbdən məhkəməyə müraciət etmişdir. "Azərbaycan Respublikasında 2025ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Hesab edir ki, xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X1 üçün yetkinlik yaşlarına çatanadək Cavabdeh onun xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. O, Göyçay 1 saylı Mediasiya Təşkilatına müraciət edərək “aliment tələbinə dair” mübahisəsi ilə əlaqədar mediatorun təyin edilməsini xahiş etmiş, Göyçay 1 saylı Mediasiya Təşkilatı tərəfindən Rauf Abdullayev mediator təyin edilmişdir. O, ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Bu səbəbdən X7 tərəfindən ona ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 20 avqust 2025-ci il tarixli arayış verilmişdir. İş materialları : Göyçay rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, tərəflərin birgə nikahından X6 xx.xx.2009-cu il tarixdə Zərdab rayonu, Çallı kəndində doğulmuşdur. Bu barədə xx.xx.2009-cu il tarixdə Zərab rayon Qeydiyyat Şöbəsi tərəfindən 262 saylı doğum haqqında akt qeydi tərtib edimişdir. Göyçay rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, tərəflərin birgə nikahından X5 xx.xx.2013-cü il tarixdə Zərdab şəhərində doğulmuşdur. Bu barədə xx.xx.2013-cü il tarixdə Zərab rayon Qeydiyyat Şöbəsi tərəfindən 226 saylı doğum haqqında akt qeydi tərtib edimişdir. Zərdab Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(035)-302/2024 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Zərdab rayon Qeydiyyat şöbəsində xx.xx.2006-cı il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 14 № ilə qeyd edilmiş nikah pozulmuşdur. Tərəflərin birgə nikahından doğulan xx.xx.2007-ci il təvəllüdlü X4, xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X5 Cavabdeh himayəsində saxlanılması və İddiaçı xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2007-ci il təvəllüdlü X4, xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay, hər uşağa görə 120 manat, cəmi 360 manat aliment tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Zərdab Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(035)-126/2025 saylı qətnaməsindən görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X5 Cavabdeh alınaraq İddiaçı himayəsinə verilməsi və İddiaçı ondan Zərdab Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(035)-302/2024 saylı qətnaməsinə əsasən xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2013cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh xeyrinə tutulması qət edilən aliment öhdəliyindən azad edilməsi qət edilmişdir. Göyçay 1 saylı Mediasıya təşkilatının mediatoru tərəfində verilmiş “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. İlkin mediasiya sessiyası ilə bağlı 50 manat mediasiya xərci və 10 manat dəftərxana xərci İddiaçı tərəfindən Göyçay 1 saylı Mediasıya Təşkilatına ödənilmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdi və məhkəmədən xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X1 üçün yetkinlik yaşlarına çatanadək Cavabdeh onun xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində aliment tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədi və izahat verərək bildirdi ki, mağazada satıcı işləyərək 450 manat əmək haqqı alır. Əmək haqqısının 250 manatın ev kirayəsinə verir. İddiaçı tələb etdiyi aliment məbləğini ödəməyə maddi imkanı yoxdur. İşin faktiki halı: Zərdab Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(035)-302/2024 saylı qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında Zərdab rayon Qeydiyyat şöbəsində xx.xx.2006-cı il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 14 № ilə qeyd edilmiş nikah pozulmuşdur. Tərəflərin birgə nikahından doğulan xx.xx.2007-ci il təvəllüdlü X4, xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X5 Cavabdeh himayəsində saxlanılması və İddiaçı xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2007-ci il təvəllüdlü X4, xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay, hər uşağa görə 120 manat, cəmi 360 manat aliment tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Zərdab Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(035)-126/2025 saylı qətnaməsinə əsasən xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X5 Cavabdeh alınaraq İddiaçı himayəsinə verilməsi və İddiaçı ondan Zərdab Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(035)-302/2024 saylı qətnaməsinə əsasən xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2013cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh xeyrinə tutulması qət edilən aliment öhdəliyindən azad edilmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2013-cü il X1 üçün yetkinlik yaşlarına çatanadək Cavabdeh onun xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində aliment tutulmasını xahiş etmişdir. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Konstitusiyası:

Maddə 17. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Maddə 17. Vİ. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Maddə 34. İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 234.2.1. Şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.

Azərbaycan Respublikası Ailə Məcəlləsi:

75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 100.3. Məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər.

“Uşaq Hüquqları haqqında” Qanun:

4. Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə, prokurorluq və digər hüquq mühafizə orqanları, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar.

5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.

19. Uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 13.Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarı :

Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s.

Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarı :

8.3. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar.

“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli 15 nömrəli qərarı:

8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir).

Məhkəmənin mövqeyi:

Məhkəmə mülki iş üzrə iddia ərizəsini, mülki iş materiallarına əlavə edilmiş sənədləri nəzərdən keçirib təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə ilk olaraq qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Göründüyü kimi, qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıb-yaşamamasından asılı olmayaraq uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. Uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. Məhkəmə hesab edir ki, iddiaçının himayəsində olan xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün iddiaçının xeyrinə aliment tutulmalıdır. Alimentin miqdarına gəldikdə isə məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: tərəflərin maddi və ailə vəziyyəti; diqqətəlayiq digər hallar; uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir (“Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarı). Məhkəmə eyni zamanda onu da qeyd edir ki, qanunun mənasına görə heç bir yerdə işləməmək, az gəlir etmək, yaxud digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. Məhkəmə qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayışın minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, ölkə üzrə dövlət tərəfindən vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən tədbirləri (ölkə üzrə minimum əmək haqqı, müavinətlər, təqaüdlərin artımı nəzərə alınmaqla), iddia tələbini, uşağın yaş həddini, diqqətəlayiq olan digər halları əsas tutaraq, həmçinin, yuxarıda qeyd edilən Plenum qərarı əsasında formalaşmış mövqeyi nəzərə alaraq hesab edir ki, aliment uşağa görə hər ay 2025-ci il üzrə minimum əmək haqqının (0.20) misli həddində müəyyən edilməlidir. İddiaçı alimentin təyin edilməsinə dair iddia ilə məhkəməyə 25 avqust 2025-ci il tarixdə müraciət etmişdir. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə müvafiq olaraq hesab edir ki, alimentin tutulmasının əvvəli iddia ərizəsinin məhkəməyə verildiyi vaxtdan, yəni 25 avqust 2025-ci ildən hesablanmalıdır.

Nəticə:

Məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,20 misli həddində sabit pul məbləğində aliment tutulmalı, alimentin hesablanması məhkəməyə müraciət edildiyi vaxtdan hesablanmalıdır.

Məhkəmə xərcləri:

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. “Dövlət rüsumu haqqında” Qanunun 8-ci maddəsinə əsasən, aliment tələbi üzrə iddiaçıları dövlət rüsumu ödəməkdən azad edilsə də, Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Mülki Prosessual Məcəllənin 112.1.3-cü maddəsinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehdən dövlət rüsumu qismində bir il ərzində ödənilməli olan alimentin məbləği nəzərə alınmaqla 39 manat 20 qəpik məbləğində pul vəsaiti tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,20 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Cavabdeh 39.20 (otuz doqquz manat iyirmi qəpik) məbləğində dövlət rüsumu alınaraq dövlət nəfinə keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar