Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-395/2021 01.06.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı, Vəkil və Cavabdeh iştirakı ilə, aliment tələbinə dair mülki işə Göyçay şəhərində 01 iyun 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xeyrinə hər ay 150 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı iddianı müdafiə edərək tələbini belə əsaslandırmışdır ki, xx xxx 1955-ci ildə Göyçay rayonunun Ulaşlı-Şıxlə kəndində anadan olmuş, 1973-cü ildə Cəyirli kəndinə ərə gəlmişdir. X4 04.11.2017-ci il tarixdə Cəyirli kəndində vəfat etmişdir. Həmin vaxtdan tənha yaşayır. Müxtəlif vaxtlarda Bakı şəhərində yaşayan bir qızı və iki oğlu bu və ya başqa formada onunla şəxsən gələrək və ya telefon vasitəsilə əlaqə saxlayır, səhhəti ilə maraqlanır, maddi və mənəvi cəhətdən ona dəstək olurlar. Onlar tənhalığım, qocalıq yaşım və səhhətimdə olan problemlərlə əlaqədar olaraq çətinliklərim yarandıqda məni evlərinə dəvət edərək orada saxlamaqla qayğıma qalır, ağır dərəcəli şəkər xəstəliyim və səhhətimdəki digər problemlərlə bağlı müxtəlif dövlət və özəl tibb müəssisələrində müalicə və müayinə olunmağıma yaxından köməklik göstərirlər. Cavabdeh 2012ci ildə ailə qurduqdan sonra əvvəlcə Bakı şəhərində, daha sonra isə Göyçay şəhərinə qayıdaraq ailəsilə birlikdə hazırkı ünvanda yaşamaqdadır. Atasının ölümündən sonra tənha qalmağına, ağır şəkər xəstəliyindən əziyyət çəkməyinə və səhhətində olan digər problemlərdən xəbərdar olmasına, daimi müayinə və müalicə olunmaq üçün maddi imkanının aşağı olmasına baxmayaraq ötən müddət ərzində oğlu ona ana kimi nəyinki maraqlanmamış, heç bir maddi və mənəvi dəstək göstərməmişdir. Pensiyaçıdır, ailə başçısının itirdiyinə görə hər ay 259 pensiya alır. Bundan başqa fərdi əməklə məşqul olur, həyətyanı torpaq sahəsində xurma ağaclarına qulluğ edir, hər il 3000- 4000 manat gəlir əldə edir. Hesab edir ki, xəstəliyi ilə əlaqədar oğlu ona aliment ödəməldir. Buna görə də iddianın təmin edilməsini xahiş edir. İş üzrə Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçı onun anasıdır. 2012-ci il tarixdən iddiaçı ilə yaşamır, belə ki, iddiaçı onu yaşadıqları evdən qovub çıxarmışdır. İddiaçının maddi imkanı yaxşıdır, həyətində yetişdirdiyi xurma ağacları ilə hər il 7000-8000 manat civarında gəlir əldə edir. Özü isə heç bir yerdə işləmir, 5-6 ay əvvəl ağır cərrahi əməliyyat olmuşdur. Ailəsi ilə birlikdə qaynanasına məxsus evdə qalır. İş axtaran kimi məşqulluq mərkəzində qeydiyyatdadır. Buna görə də iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə tərəflərin izahatını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəməyə təqdim edilmiş Nikah haqqında şəhadətnamədən görünür ki, X7 ilə X9 05.07.1973-cü il tarixdə nikah bağlamışlar. Məhkəməyə təqdim edilmiş doğum çıxarışında görünür ki, Cavabdeh xx.xx.1984-cü il tarixdə anadan olmuşdur. X1, atası X5r. Məhkəməyə təqdim edilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X9 04.11.2017-ci il tarixdə vəfat etmişdir. Məhkəməyə təqdim edilmiş X8 11 saylı ərazi məşğulluq mərkəzi filialı tərəfindən 31.05.2021-ci il tarixdə verilmiş arayışdan görünür ki, Cavabdeh ilə bağlanmış qüvvədə olan əmək müqaviləsi yoxdur. Məhkəməyə təqdim edilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-224F nömrəli şəhadətnamədən görünür ki, X2, Adgözəlova Almarə İsmayıl qızının, X10, X6 və X11 ümumi-birgə mülkiyyətinə 0.21 ha həyətyanı torpaq sahəsi verilmişdir. Elektron məhkəmə sistemi çıxarışından görünür ki, X7 ailə başçısını itirdiyinə görə 259 manat pensiya alır. Məhkəmə baxışı zaman müəyyən olunmuşdur ki, İddiaçı özünün fəaliyyət qabiliyyətli olmadığını və maddi yardıma ehtiyacı olduğunu əsas gətirərək oğlu Cavabdeh özünün saxlanması üçün aliment tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 82.1-ci maddəsinə əsasən Əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Həmin Məcəllənin 82.2-ci maddəsinə əsasən Aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs əlilliyi olan şəxs sayılır. Şərh edilən maddələrin tələblərindən görünür ki, yetkinlik yaşına çatmış övladlar valideynlərini saxlamağa və onlara qayğı göstərməyə o halda borcludurlar ki, aliment tələb edən valideynlər yardıma ehtiyacı olmasını təsdiq edən sübutu təqdim etsin, bunula bərabər əmək qabiliyyətli olmasın. Hazırki, işin faktiki hallarından görünür ki, iddiaçı X7 fəaliyyət qabiliyyəti olmaqla heç bir əlillik dərəcəsi yoxdur. Eyni zamanda hər ay 259 manat ailə başçısın itirdiyinə görə pensiya alır, bundan başqa Göyçay rayon Aqrar İslahat komissiyasının müvafiq qərarı ilə mülkiyyətinə verilmiş Göyçay rayonu Cəyirli kəndində 0.21 ha torpaq sahəsi olmaqla, həmin torpaq sahəsində yetişən xurma meyvəsinin satışından hər il 3000-4000 manat civarında vəsait əldə edir ki, həmin vəsait onun kifayət qədər minimum yaşayış xərclərini ödəməyə imkan verir. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minumumu haqqında qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı İddiaçı özünü əmək qabiliyyətli olmamaqla, maddi imkanın aşağı olmasını yəni, qazancının (gəlirinin) olmamasına dair hər hansısa bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia rədd edilməli, iddiaçı X3 Cavabdeh qarşı aliment tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanları və Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia rədd edilsin. iddiaçı X3 Cavabdeh qarşı aliment tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-395/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-395/2021
01.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver