Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-509/2024 16.04.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Allahverdiyeva Sevinc Elçin qızının katibliyi, İddiaçı2 QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı2 QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: Göyçay Rayon Məhkəməsinin 2(046)-3699/2016 saylı 09 sentyabr 2016-cı il tarixli məhkəmə əmrinə əsasən borclular Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada kreditor "xxxx" ASC-nin xeyrinə 852 manat 29 qəpik əsas borc, 562 manat faiz borcu və 200 manat cərimə borcu olmaqla, cəmi 1614 manat 29 qəpik və 20 manat məbləğində dövlət rüsumunun tutulması əmr edilmişdir. Göyçay rayon Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli qərardadı ilə kreditor "xxxx" ASC-nin borclular Cavabdeh1 və Cavabdeh2 qarşı kredit, faiz və cərimə borcunun tutulması tələbinə dair Göyçay Rayon Məhkəməsinin 2(046)-3699/2016 saylı 09 sentyabr 2016-cı il tarixli məhkəmə əmri ləğv edilmiş və işə mahiyyəti üzrə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Göyçay rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə ilk iddiaçı "xxxx" ASC əsl İddiaçı2 QSC Bank Olmayan Kredit Təşkilatı ilə əvəz edilmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, "xxxx" ASC-nin Göyçay filialı ilə borclu Cavabdeh1 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 789 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana 12 ay müddətinə illik 21 faiz dərəcəsi ilə hesablanmaqla 1000 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin təmin edilməsi üçün bankla Cavabdeh2 arasında xx.xx.2012-ci il tarixli 789 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zamin müqavilə şərtlərinə əsasən borcalanın öhdəliklərinin yerinə yetirilməsinə görə bank qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 6.3-cü maddəsinə əsasən Cavabdeh1 aldığı kredit vəsaitini hər ay qrafikə uyğun ödəməli idi. Borclu Cavabdeh1 kredit vəsaitindən istifadə etmiş, lakin kredit borcunun və hesablanmış faizləri ödəməkdən boyun qaçırmışdır. Borclular kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borclular öz öhdəliklərini yerinə yetirməmiş və borcun ödənişini təmin etməmişlər. Hal-hazırda borcluların "xxxx" ASC-yə 852 manat 29 qəpik əsas borcu, 562 manat faiz borcu və 200 manat cərimə borcu olmaqla, cəmi 1614 manat 29 qəpik məbləğində borcu mövcuddur. Məhkəmə iclasında İddiaçı2 QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X2 iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər, Cavabdeh2 Oqtay oğlu məhkəməyə iddia müddətinin tədbiq edilməsi barədə ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını, iddia müddəti üzrsüz səbəbdən buraxıldığına görə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Cavabdeh1 isə gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Cavabdeh2 Oqtay oğlu iddia müddətinin tədbiq edilməsi barədə ərizəsində göstərmişdir ki, İş materiallarına əlavə edilmiş: xx.xx.2012-ci il tarixli, 789 №-li kredit müqaviləsindən görünür ki, "xxxx" ASC-nin Göyçay filialı tərəfindən Cavabdeh1 12 ay müddətinə, illik 21 faiz dərəcəsi ilə 1000 manat məbləğində kredit verilmişdir. xx.xx.2012-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, "xxxx" ASC-nin Göyçay filialı ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış, zamin Cavabdeh2 kredit alan Cavabdeh1 öhdəliyini icra etmədikdə (kredit və onun faizini, cəriməni və digər zərəri şərtləşdirilmiş müddət və qaydada ödəmədikdə) həmin öhdəliyin tam icra olunmasını üzərinə götürmüşdür. xx.xx.2016-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 banka 852 manat 29 qəpik əsas, 562 manat faiz və 200 manat cərimə olmaqla, cəmi 1614 manat 29 qəpik borcu vardır. xx.xx.2016-cı il tarixli bildirişin surətindən görünür ki, cavabdehlərə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınması barədə bildiriş göndərilmişdir. xx.xx.2024-cü il tarixli hesabdan çıxarışdan görünür ki, Cavabdeh1 tərəfindən kredit borcu üzrə sonuncu ödəniş xx.xx.2017-ci il tarixdə edilmişdir. xx.xx.2016-cı il tarixli, mədaxil qəbzindən görünür ki, işə baxılması ilə əlaqədar dövlət rüsumu üçün 20 manat məbləğində pul iddiaçı tərəfindən ödənilmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulmasıüzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 477.0.1,477.0.2,477.0.3,477.0.4-cü maddələrinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda, əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə, kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddəti institutu hüquq münasibətləri iştirakçılarının intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, müqavilə və ya maliyyə intizamının nizamlanmasına kömək etmək; mülki hüquq münasibətlərində qeyri müəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratmaq baxımından əhəmiyyətlidir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikincisi, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncüsü iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisəni obyektiv əsaslarla həll etmək imkanı yaradır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013- cü il tarixli qərarına əsasən iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Göründüyü kimi, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Həmin qərardaki mövqeyiyə görə MM-in 377.1-ci maddəsində iddia müddətinin axımının başlanmasının ümumi qaydası müəyyən edilmişdir. Həmin maddə müqavilədən irəli gələn öhdəliklərlə bağlı iddia müddətlərini deyil, müqavilədənkənar öhdəliklərin icrası ilə bağlı iddia müddətlərinin axımının başlanması hallarını ehtiva edir. Kredit müqaviləsinin öhdəlikləri üzrə iddia müddətinin axımının başlanması üçün, kreditorun bu öhdəliklərlə bağlı tələb hüququnun pozulduğunu və hətta belə bir hüququnun mövcud olduğunu bilməsi ilə şərtləndirilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanılır. 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanılır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 380.1-ci maddəsinə əsaən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə,habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanılır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmənin mövqeyi: Məhkəmə iclasında müəyyən edildi ki, "xxxx" ASC-i ilə Cavabdeh1 arasında etibarlı kredit müqaviləsinin bağlanmasına baxmayaraq, borclu Cavabdeh1 kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirməmişdir. Əsas öhdəlik icra edilmədiyinə görə zamin Cavabdeh2 borclu Cavabdeh1 ilə yanaşı kreditor "xxxx" ASC-i qarşısında birgə məsuliyyət daşıması barədə məsuliyyəti üzərinə götürmüşdür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, öhdəliyin təminatı kimi çıxış etmiş zamin Cavabdeh2 borclu Cavabdeh1 ilə birlikdə "xxxx" ASC-i qarşısında eyni həcmdə məsuliyyət daşıdığından, iddiaçı "xxxx" ASC-i tələbini öz seçimi ilə zaminə qarşı və ya borcluya qarşı, yaxud onların hər ikisinə qarşı irəli sürmək hüququna malik olmuşdur. Hazırki iş üzrə 09 avqust 2012-ci il tarixli 789 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 zaminliyinə xitam verilməsinə qanuni əsaslar müəyyən olunmuşdur. Belə ki, zamin Cavabdeh2 ilə bank arasından bağlanmış 09 avqust 2012-ci il tarixli 789 saylı zaminlik müqaviləsində onun verilmə müddəti göstərilməmişdir. Belə olan halda kredit müqaviləsi üzrə öhdəliyin icrası müddəti 12 ay müəyyən edildiyi və kredit müqaviləsinin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditor zaminə qarşı iddia irəli sürmək hüququna malik olduğu halda bunu etməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinin tələbi baxımından zaminliklə təmin edilmiş öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditor zaminə qarşı iddia irəli sürmək hüququna malikdir. Həmin müddət ərzində kreditorun zaminə qarşı iddiası irəli sürülmədiyindən məhkəmə hesab edir ki, zaminliyə xitam verilməlidir. Cavabdeh-zamin Cavabdeh2 iddia müddətinin tədbiqi ilə bağlı ərizəsinə gəldikdə, məhkəmə hesab edir ki, zaminliyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən xitam verildiyindən, iddia müddətinin təbiq edilməsi barədə ərizənin tədbiq edilməsinə lüzum yoxdur. Göründüyü kimi Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehlərdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur. Lakin məhkəmə, hesablanmış cərimə məbləğinin yüksək olmasını, həmçinin, tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, Cavabdeh1 iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq 85 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, zamin Cavabdeh2 zaminliyinə xitam verilməli olduğundan, Cavabdeh1 852 manat 29 qəpik əsas, 562 manat faiz, 85 manat dəbbə pulu olmaqla, ümumilikdə 1499 manat 29 qəpik kredit borcu tutularaq iddiaçı Aqrarkredit” QSC-in hesabına keçirilməli, iddia tələbi qalan hissədə və Cavabdeh2 aid hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddia tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 852 (səkkiz yüz əlli iki) manat 29 (iyirmi doqquz) qəpik əsas, 562 (beş yüz altmış iki) manat faiz, 85 (səksən beş) manat dəbbə pulu olmaqla, ümimilikdə 1499 (min dörd yüz doxsan doqquz) manat 29 (iyirmi doqquz) qəpik kredit borcu və 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı Aqrarkredit” QSC-in hesabına keçirilsin. İddia tələbi qalan hissədə və Cavabdeh2 aid hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №2(046)-509/2024
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-509/2024
16.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver