Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-518/2023 01.08.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «fərdi yaşayış evinə köçürmələri, yaşayış sahəsinə maneəsiz daxil olmaqları və orada yaşamaqları» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 1/7 hissədə İddiaçı1 ümumi birgə mülkiyyətində olan fərdi yaşayış evinə köçürülmələri, maneəsiz daxil olmaları və orada yaşamaları barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, atası X3 anası X13 ilə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. X3 ilə X13 birgə nikahda olduqları dövrdə 1964-cü il tarixdə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi inşa etmişlər. xx.xx.1975-ci il tarixdə anadan olmuş və uşaqlıqdan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində yaşayır və həmin ünvanda pasport qeydiyyatına alınmışdır. Bir müddət müvəqqəti başqa yaşayış məntəqəsinə getsə də, daimi yaşayış yerini dəyişməmişdir. Hazırda ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində pasport qeydiyyatındadır. Göyçay rayon Məhkəməsinin 2- 115/2006 nömrəli, 20 iyul 2006-cı il tarixli qətnaməsinə əsasən mirasin qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsi səbəbi üzürlü sayılaraq uzadılması, X1 adına olan Göyçay şəhəri 20 Yanvar küçəsi 15 saylı evin 1/2 hissəsi, birgə nikah dövründə tikildiyi üçün X7 mülkiyyətinə verilməsi, qalan 1/2 hissəsi isə miras əmlak kimi vərəsələr arasında bərabər olaraq bölüşdürülməklə 1/7 hissəsi X8, 1/7 hissəsi X10, 1/7 hissəsi X11, 1/7 hissəsi X4, 1/7 hissəsi X2, 1/7 hissəsi İddiaçı1, 1/7 hissəsi isə miras açılan vaxt sağ olmayan vərəsə X12 uşaqları X23, X19, Cavabdeh4 və X24 verilməsi qət edilmişdir. Göründüyü kimi, ailə üzvləri İddiaçı2 və İddiaçı3 ilə birlikdə köçüb yaşamaq istədiyi fərdi yaşayış evinin 1/7 hissəsi İddiaçı1 mülkiyyətinə verilmişdir. Axır zamanlar cavabdehlərin amansız davranışına dözməyərək həmin fərdi yaşayış evini tərk etmiş, lakin kirayədə qaldığına və ailə üzvlərinin başqa yaşayış yeri olmadığına görə həmin fərdi yaşayış evinə qayıtmaq istəyir. Cavabdeh1 ona “boşan gəl nə qədər istəyirsən yaşa, lakin ailənlə birlikdə həmin ünvana köçüb yaşamağına imkan verməyəcəm” deyir. Buna görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Hesab edir ki, o və ailə üzvləri məhkəmə qətnaməsi əsasında həmin fərdi yaşayış evinə köçürülməlidir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə digər İddiaçı3 qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin İddiaçı3 məhkəmə iclasına gəlməmiş, gəlməməsi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, İddiaçı3 iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etməyərək göstərmişdir ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi onun övladlarının, İddiaçı1 və digər mülkiyyətçilərin paylı mülkiyyətindədir. Hazırda mübahisəli fərdi yaşayış evində o və övladları yaşayırlar. İddiaçı1 həmin ünvanda uzun müddətdir ki yaşamamış, orada olmamışdır. Ona məlum olmayan səbəbdən, iddiaçılar hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Belə ki, o, İddiaçı1 həmin evdə yaşamasına maneə yaratmır. Digər tərəfdən, iddiaçının özünə məxsus evi var, ailə üzvləri ilə həmin evdə yaşayır. Digər iddiaçılar İddiaçı3 və İddiaçı2 İddiaçı1 əri və oğludurlar. Onların həmin ev üzərində hər hansı hüquqları yoxdur. Buna görə də, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh3 məhkəmə iclasında iddianı qəbul etmədi, digər Cavabdeh1 izahatına uyğun izahat verdi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə digər cavabdehlərə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: Qanuni qüvvəsini almış Göyçay rayon Məhkəməsinin 2-115 saylı xx.xx.2006-cı il tarixli qətnaməsindən görünür ki, Cavabdeh1 X8 qarşı “mirasın və vərəsəliyin qəbul edilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, X1 adına olan Göyçay şəhəri 20 Yanvar küçəsi 15 saylı evin 1/2 hissəsi, birgə nikah dövründə tikildiyi üçün X7 mülkiyyətinə verilmiş, qalan 1/2 hissəsi isə miras əmlak kimi vərəsələr arasında bərabər olaraq bölüşdürülməklə 1/7 hissəsi X8, 1/7 hissəsi X10, 1/7 hissəsi X11, 1/7 hissəsi X5, 1/7 hissəsi X2, 1/7 hissəsi İddiaçı1, 1/7 hissəsi isə miras açılan vaxt sağ olmayan vərəsə X12 uşaqları X23, X19, Cavabdeh4 və X24 verilmişdir. Məhkəməyə təqdim edilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Göyçay şəhəri 20 Yanvar küçəsi 15 saylı evi paylı mülkiyyət kimi 1/56 hissədə Cavabdeh3 qız, X28, Cavabdeh4, Cavabdeh2, 4/7 hissədə X7, 1/14 hissədə X16, X17, X9, X6 və İddiaçı1 xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Konstitusiyada təsbit olunmuş bu hüquq hər kəsin qanunla müəyyən edilmiş şərtlərə əməl etməklə daimi yaşayış sahəsinə malik olmasını və həmin sahədən maneəsiz istifadə edə bilməsini ifadə edir. Mənzil hüququnun əsas xüsusiyyəti mənzil münasibətləri iştirakçılarının bu hüququ öz mülahizələrinə və qanuni mənafelərinə uyğun, azad və sərbəst həyata keçirmələrinin mümkünlüyündən ibarətdir. Göstərilən konstitusiya normasından irəli gələrək mənzil sahəsində yaranan münasibətlərin hüquqi tənzimlənməsi sahəvi (mənzil və mülki) qanunvericilikdə öz əksini tapmışdır. Konstitusiyanın 43-cü maddəsinin İ hissəsi mənzil hüququnu neqativ formada ifadə edir (heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz). «R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, mənzil qanunvericiliyi mahiyyətcə mülki hüququn tərkib hissələrindən biridir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (bundan sonra – Mənzil Məcəlləsi) yaşayış sahələrinin verilməsi, onlardan istifadə olunması, belə istifadəyə xitam verilməsi, mənzil fondunun idarə olunması, onun saxlanılmasının təmin olunması, habelə mənzil sahəsində qanunçuluğun möhkəmləndirilməsi ilə bağlı olan hüquqi münasibətləri xüsusi normalarla tənzimləyir. Bununla yanaşı qeyd olunmalıdır ki, yaşayış sahələri yalnız mülki dövriyyənin predmeti olduqda mülki qanunvericilik onlara sahiblik, onlardan istifadə və onlara dair sərəncam verməklə bağlı məsələləri tənzimləyir. Yaşayış sahəsindən istifadə, onun istismarı və bir sıra başqa məsələlər yalnız mənzil qanunvericiliyi ilə tənzimlənir. Yaşayış sahələri mənzil hüququnun obyektidir. Yaşayış sahəsi dedikdə - Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. Sahənin yaşayış sahəsi hesab edilməsi qaydası və onun cavab verməli olduğu tələblər bu Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir (Mənzil Məcəlləsinin 12.1, 12.2 və 12.3-cü maddələri). Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 13.2-ci maddəsinə görə otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.3-cü maddəsinə əsasən paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Lakin onlar mülkiyyətçilərdən hər birinə mənsub olan aşağıdakı səlahiyyətləri ləğv edə və ya məhdudlaşdıra bilməzlər. Həmin Məcəllənin 215.4-cü maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq «affirmanti, non neganti, incumbit probation» (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. «Avşar Türkiyəyə qarşı» iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə «əsaslı şübhə yaratmayan» sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Göyçay rayon Məhkəməsinin 20 iyul 2006-cı il tarixli 2-115/2006 saylı qətnaməsi ilə Cavabdeh1 X8 qarşı “mirasın və vərəsəliyin qəbul edilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsinin səbəbi üzürlü sayılaraq uzadılmış, X1 adına olan Göyçay şəhəri 20 Yanvar küçəsi 15 saylı evin 1/2 hissəsi, birgə nikah dövründə tikildiyi üçün X7 mülkiyyətinə verilmiş, qalan 1/2 hissəsi isə miras əmlak kimi vərəsələr arasında bərabər olaraq bölüşdürülməklə 1/7 hissəsi X8, 1/7 hissəsi X10, 1/7 hissəsi X11, 1/7 hissəsi X5, 1/7 hissəsi X2, 1/7 hissəsi İddiaçı1, 1/7 hissəsi isə miras açılan vaxt sağ olmayan vərəsə X12 uşaqları X23, X19, Cavabdeh4 və X24 verilmişdir. Məhkəmənin sözügedən qətnaməsi qanuni qüvvəsini almış, vərəsələr mübahisəli fərdi yaşayış evi üzərində paylarına münasib olaraq mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldıraraq, bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışlar. İşin mübahisəsiz halı ilə müəyyən edilir ki, digər mülkiyyətçilər kimi İddiaçı1 mübahisəli fərdi yaşayış evi üzərində 1/7 hissədə mülkiyyət hüququ vardır. Digər mülkiyyətçilər kimi, onun da həmin fərdi yaşayış evindən istifadə etmək, öz payına sahiblik etmək, ona dair sərəncam vermək hüququ vardır. Məhkəmə iclasında müəyyən edildi ki, iş üzrə cavabdehlər İddiaçı1 paylı mülkiyyətində olan fərdi yaşayış evində yaşamağa imkan vermədikləri üçün, sonuncu hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə yuxarıda istinad olunan normativ-hüquqi aktların tələblərinə əsasən hesab edir ki, İddiaçı1 iddia tələbi əsaslıdır və o, paylı mülkiyyətində olan fərdi yaşayış evinə köçürülməli və mülkiyyətçi kimi hüquqları bərpa edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı2 və İddiaçı3 iddiası təmin edilə bilməz. Belə ki, digər iddiaçılar İddiaçı1 həyat yoldaşı və övladı olmaqla, mübahisəli fərdi yaşayış evi üzərində hər hansı hüquqları yoxdur. İddiaçılar İddiaçı2 və İddiaçı3 digər İddiaçı1 ailə üzvləridir. Hazırkı qətnamə ilə İddiaçı1 paylı mülkiyyətində olan mübahisəli fərdi yaşayış evinə köçürüləcəyi halda, digər iddiaçılar da onun ailə üzvləri kimi həmin evdə yaşaya biləcəklər. Onlar həmin evdə yaşamaqda israrlı olacaqları halda, buna İddiaçı1 şərait yaratmalı, sonuncu buna maneə yaradacağı halda onlar ailə üzvü kimi İddiaçı1 qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilərlər. Hazırda iddiaçılar İddiaçı2 və İddiaçı3 hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə subyektiv hüquqları yoxdur. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Göründüyü kimi, İddiaçı2 və İddiaçı3 hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə subyektiv hüquqları mövcud deyil. Eyni zamanda, onların hər hansı hüquqları cavabdehlərin hərəkət və yaxud hərəkətsizliyi nəticəsində pozulmadığından, iddiaçılar İddiaçı2 və İddiaçı3 iddia tələbləri əsassızdır və təmin edilə bilməz. İddianın evə maneəsiz daxil olma və yaşama hüququnun təmin edilməsi tələbinə dair hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, İddiaçı1 hazırki qətnamə ilə həmin evə köçürülməsi ilə onun evdən maneəsiz istifadə etməsi və yaşaması da təmin ediləcəyindən, iddia “yaşayış sahəsinə maneəsiz daxil olma və orada yaşama” tələbinə dair hissədə təmin edilə bilməz. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənlmiş 100 manat dövlət rüsumu iddiaçılara aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. İddiaçı1 ünvan 3 ünvanda yerləşən, ümumi birgə mülkiyyətində olan fərdi yaşayış evinə köçürülsün. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçılara aid edilsin. İddiaçılar İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı fərdi yaşayış evinə köçürmələri, yaşayış sahəsinə maneəsiz daxil olmaqları və orada yaşamaqları tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-518/2023
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-518/2023
01.08.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver