Məhkəmə qərarları › İş №2(046)-593/2022

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-593/2022

01.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-593/2022 01.02.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı nümayəndəsi vəkil Nümayəndə və Cavabdeh iştirakı ilə, aliment tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh azyaşlı uşaqların saxlanması üçün hər ay hər uşağa görə 175 manat, cəmi 700 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı nümayəndəsi vəkil Nümayəndə iddianı müdafiə edərək tələbini belə əsaslandırmışdır ki, İddiaçı 2012-ci ildə Cavabdeh ilə ailə qurmuşdur. Birgə nikahlarından 12 avqust 2013-cü il tarixində X5, 13 yanvar 2015-ci il tarixində X2, 22 avqust 2016-cı il tarixində X3, 20 avqust 2019-cu il tarixində isə X4 anadan olmuşdur. Sonradan tərəflərin şəxsi münasibətləri pisləşmiş və nəticədə məhkəmə qaydasında boşanmışlar. Nikah pozulan zaman uşaqlar İddiaçı yanında saxlanılmışlar. Hazırda azyaşlı uşaqlar iddiaçının yanında qalır, lakin cavabdeh uşaqların taleyinə biganə yanaşmaqla onların necə saxlanılmaları barədə ümumiyyətlə maraqlanmır. Halbuki, valideynlərin hər ikisi uşaqlarını saxlamağa borcludurlar. Ona görə də iddiaçı məcbur olub cavabdehdən alimentin tutulması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Buna görə də iddianın təmin edilməsini xahiş edir. İş üzrə Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçı ilə aralarında bağlanmış nikah pozularkən onun Rusiya Federasiyasında daimi yaşayış yeri olmadığı üçün, birgə nikahdan anadan olmuş uşaqları, Rusiya Federasiyasının vətəndaşı olduqlarından, iddiaçının himayəsinə verilmişdir. 3 illik qeydiyyatı da keçmiş qaynatasının mənzilində olsa da müvəqqəti qeydiyyatın vaxtının tamam olmasına az müddət qalmış miqrasiya kartını əlindən alıb onu evdən çıxarıtmışlar ki, kirayə mənzil tuta bilməyi və yaşayış yeri olmadığı üçün uşaqlar atalrının himayəsinə verilmişdir. Nikah pozularkən iddiaçı uşaqlarından imtina etməyini xahiş etmiş, lakin razılıq verməmişdir. İddiaçının bu xahişlə ona müraciət etməyinin səbəbi onun tək ata kimi Rusiya dövlətindən iki qat məbləğdə yardım almaq niyyəti olmuşdur. Nikah pozulandan sonra dəfələrlə iddiaçının yaşadığı mənzilə, uşaqların təhsil aldıqları baxçaya və məktəbə getsə də iddiaçı onu təhqir edərək evdən və tədris yerlərindən qovmuş və Rusiyadan çıxıb getməyini tələb etmişdir. Miqrasiya kartı olmadığı üçün Azərbaycana qayıtmaq məcburiyyətində qalmışdır. İddiaçı ona uşaqlardan imtina etməyi təklif etmiş, bunun müqabilində min ABŞ dolları pul verəcəyini bildirmiş, razılaşmadığı halda ona qarşı aliment tələbinə dair iddia qaldıracağı ilə hədələmişdir. İddiaçının onun analığından məhrum etməsinə səbəb kimi iddiaçının hər ay hər uşağa görə 7000 rubl müavinat alacağı olmuşdur. Hazırda anasına məxsus Göyçay rayonu Potu kəndində yerləşən evdə yaşayır, heç bir yerdə işləmir, qazancı yoxdur. Lakin iddiaçı atasının və azyaşlı oğlu Əlinin də mülkiyyətində olan Moskva vilayətinin Kunçevsk rayonunda yerləşən 3 otaqlı mənzildə uşaqları ilə birlikdə yaşayır və hər ay uşaqlara görə 7000 rubl yardım alır. Bundan başqa iddiaçı Rusiya Federasiyasında maşın alveri ilə məşqul olur. Maddi imkanı yaxşıdır. Qeyd etdiklərinin təsdiqi kimi iddiaçının onunla sosial şəbəkə olan Viber ilə danışarkən səsləndirdiyi fikirləri qeydə alaraq məhkəməyə təqdim etmişdir. İddiaçı həmin vaxt külli miqdarda özünə məxsus pul əskinaslarını stolun üstünə qoyaraq şəkilini çəkərək ona nümayiş etdirmiş və onun pula ehtiyacı olmadığını qeyd etmişdir. Hazırda 3,6,7,9 yaşında azyaşlı uşaqlarının onun himayəsinə verilməsi üçün Rusiya Federasiyasının Məhkəməsi qarşısında iddia qaldırmışdır. Hesab edir ki, körpə və azyaşlı uşaqlar onun yanında saxlanılmalıdır. Buna görə də iddianın rədd edilməsini xahiş edir. İş üzrə tərəflərin izahatını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia rədd edilməlilidir. Məhkəməyə təqdim edilmiş Nikahı Pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh oğlu qızı arasında bağlanmış nikah 10.02.2021-cü il tarixdə Rusiya Federasiyasında pozulmuşdur. Məhkəməyə təqdim edilmiş doğum haqqında şəhadətnamələrin təsdiq edilmiş surətindən görünür ki, tərəflərin birgə nikahdan 12 avqust 2013-cü il tarixində X5, 13 yanvar 2015-ci il tarixində X2, 22 avqust 2016-cı il tarixində X3, 20 avqust 2019-cu il tarixində isə X4 anadan olmuşdur. Məhkəməyə təqdim edilmiş Rusiya Federasiyasının Moskva şəhəri Kuntsevo məhkəməsinin 07.06.2021-ci il tarixli qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, 12 avqust 2013-cü il tarixində anadan olmuş X5, 13 yanvar 2015-ci il tarixində anadan olmuş X2, 22 avqust 2016-cı il tarixində anadan olmuş X3 və 20 avqust 2019-cu il tarixində anadan olmuş X1 ataları İddiaçı yanında qalması müəyyən edilmişdir. Qətnamədə Cavabdeh Moskva şəhərində daimi yaşayış yeri və qeydiyyatı olmadığından azyaşlıl uşaqların atalarının himayəsinə veridliyi qeyd edilmişdir. Məhkəmə baxışı zaman müəyyən olunmuşdur ki, tərəflər Rusiya Federasiyasının Moskva şəhərində yaşamışlar, uşaqlar Moskva şəhərində anadan olmuşlar. Tərəflərin nikahı Rusiya Federasiyasında pozulmuş, iddiaçı Rusiya Federasiyası vətəndaşı olduğundan, Cavabdeh isə Azərbaycan vətəndaşı olduğundan, Rusiya Federasiyasında daimi yaşayış yeri və daimi yaşayış üçün icazəsi olmadığından, birgə nikahdan anadan olmuş uşaqlar boşanma zamanı iddiaçının himayəsinə verilmişdir. İddiaçı cavabdehdən uşaqlardan imtina etməsini və bu barədə yazılı ərizə verməsini tələb etmiş, əks təqdirdə uşaqların saxlanması üçün aliment tələb edəcəyini bildirmişdir.Təqdim edilmiş sübutlardan görünür ki, iddiaçı Rusiya Federasiyası vətəndaşıdır, Moskva şəhərində yaşamaqla kommersiya fəaliyəti ilə məşqul olur, daimi yaşayış yeri vardır. Cavabdeh isə Rusiya Federasiyasında daimi yaşayış yeri və daimi yaşayış üçün icazəsi olmadığından Azərbaycana qayıtmaq məcburiyyətində qalmışdır. Hazırda cavabdeh valideyinlərinə məxsus evdə yaşayır, heç bir qazancı yoxdur. iddiaçı isə azyaşlı uşaqların saxlanması üçün cavabdehdən hər ay hər uşağa görə 175 manat, cəmi 700 manat aliment tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.3-cü maddəsinə əsasən tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Hazırki işin faktiki hallarından görünür ki, cavabdeh Rusiya Federasiyasından Azərbaycan Respublikasına qaytımış, hal-hazırda valideyinlərinə məxsus evdə yaşamaqla heç bir yerdə işləmir. Azyaşlı uşaqlarının onun himayəsinə verilməsi üçün Rusiya Federasiyasında məhkəmə qarşısında iddia qaldırmışdır. İddiaçı isə Rusiya Federasiyasında maşın alveri ilə məşqul olur, maddi imkanı azyaşlı uşaqların saxlanması üçün yetərlidir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi Nümayəndə azyaşlı uşaqların saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 175 manat, cəmi 700 manat alimentin tutulmasına əsas olan bilən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Belə olan halda məhkəmə hesab edir ki, iddia rədd edilməli, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanları və Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 357 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia rədd edilsin. İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar