Məhkəmə qərarları › İş №2(046)-665/2025

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-665/2025

23.01.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-665/2025 23.01.2026 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qeyri-qanuni tikilmiş daş hasarının sökülməsi və onun əvvəlki yerində tikilməsi, ona dəymiş 5000 (beş min) manat məbləğində ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar: Mülkiyyətində Göyçay rayonu, Qaraxıdır kəndində 0.54 ha torpaq sahəsi və fərdi yaşayış evi vardır. Cavabdeh onun qonşusudur. Qonşuluqda münasibətləri yaxşı olmuşdur. Qeyd edir ki, cavabdeh ilə aralarında uzunluğu təxminən 76 metr olan koldan hasar var idi. Bir gün cavabdeh ona bildirdi ki, aralarında koldan olan hasarı daş barı ilə əvəz etmək istəyir və o da razılıq verdi. O, bir qonşu kimi cavabdehə inandığı üçün onun nə iş gördüyünə qarışmırdı. Bir neçə gün keçdikdən sonra ona məlum oldu ki, cavabdeh daş hasarı “kol” hasarın yerində yox, ona məxsus torpaq ərazisininin 2 metrini zəbt edərək 76 metr uzunluğunda yeni hasar tikmişdir. Belə ki, həmin ərazidə 10 ədəd heyva, 2 ədəd gavalı, 2 ədəd qoz, 1 ədəd alça, 2 ədəd nar, 15 ədəd gər ağaclarını kəsərək ona 5000 manat dəyərində ziyan vurmuşdur. O, dəfələrlə cavabdehdən tikdiyi daş hasarı sökməyi və əvvəlki yerindən tikməyi tələb etsə də, cavabdeh buna məhəl qoymayaraq onun tələbini yerinə yetirməmiş, əvəzində onu hədələmiş və “get kimə deyirsən de” ifadələri işlətmişdir. O, məcbur olub hazırki iddia tələbi iə məhkəməyə müraciət edir. İş materialları: Torpağın Mülkiyyətə verilməsinə dair JN – 101 F nömrəli şəhadətnamədən görünür ki, Göyçay raronu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 40 saylı qərarı ilə verilmiş 0.54 hektar fərdi yaşayış evi, həyatyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağlı İddiaçı, X1, X2 və X3 mülkiyyətinə verilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Göyçay rayonu Qaraxıdır kəndində yerləşən 0.54 ha torpaq sahəsi xx.xx.2025-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı, X1, X2 və X3 adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssis rəyindən görünür ki, **********07 reyestr, ********** saylı qeydiyyat nömrəli çıxarışa əsasən Göyçay rayonun Qaraxıdır kəndində yerləşən İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 0.54 ha həyətyanı torpaq sahəsinin və JN-102F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə Cavabdeh və ailə üzvlərinin mülkiyyətində olan 0.98 ha həyətyanı torpaq sahəsinin koordinatları və sərhədi mütəxəssis tərəfindən müəyyən edilmişdir. Baxış zamanı iddiaçının faktiki istifadə etdiyi həyətyanı torpaq sahəsinin 0.68 ha, cavabdehin faktiki istifadə etdiyi həyətyanı torpaq sahəsinin 1.26 ha olduğu mütəxəssis tərəfindən müəyyən edilmişdir. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, UNİ/M 53-270/2025 nömrəli ekspert rəyindən görünür ki, tədqiq olunan **********07 reyestr, ********** saylı qeydiyyat nömrəli çıxarışa əsasən Göyçay rayonun Qaraxıdır kəndində yerləşən İddiaçı və ailə üzvlərinin ümumi mülkiyyətində olan yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsində 10 ədəd heyva, 2 ədəd gavalı, 2 ədəd qoz, 1 ədəd alça, 2 ədəd nar, 15 ədəd gər ağaclarının kəsilməsi nəticəsində iddiaçıya (ağaclardan yığılan meyvənin hər il satışını həyata keçirərək gəlir əldə edilməsi və həmin ağaclara edilən qulluğun sərfiyyatı nəzərə alınmaqla) dəymiş zərər 3800 (üç min səkkiz yüz) manat təşkil edir. X5 Qiymətləndirmə Standartlarına (BQS) eləcə də, əmlakın qiymətləndirməsi üzrə digər beynəlxalq qiymətləndirmə birliklərinin peşakar qiymətləndirmə qaydalarına uyğun olaraq hazırlanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 iyul 2025ci il tarixli, 10/4288 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X6 Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2025-cü il tarixli, 3-21-3-36/2-1622/2025 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, tədqiq olunan **********07 reyestr ********** saylı qeydiyyat nömrəli çıxarışa əsasən Göyçay rayonun Qaraxıdır kəndində yerləşən İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 0 54 ha həyətyanı torpaq sahəsinin və JN-102F nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə Cavabdeh və ailə üzvlərinin mülkiyyətində olan 0.98 ha həyətyanı torpaq sahəsinin koordinatları və sərhəddi mütəxəssis tərəfindən müəyyən edilmişdir. Baxış zamanı iddiaçının faktiki istifadə etdiyi həyətyanı torpaq sahəsinin 0.68 ha, cavabdehin faktiki istifadə etdiyi həyətyanı torpaq sahəsinin 1.26 ha olduğu mütəxəssis tərəfindən müəyyən edilmişdir. Tərəflərin izahatları: Məhkəmə baxışında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədi və izahat verərək bildirdi ki, İddiaçı iddia tələbi əsassızdır. İddiaçının qeyd etdiyi həmin daş divar hər ikisinin sahəsinin arasında çəkilmişdir. Həmin daş divarın 10 metrini İddiaçı, 87 metrini isə o çəkmişdir. Sözügedən daş divarın tikilməsi üçün ustanı iddiaçı özü təşkil etmişdir. İddiaçının qeyd etdiyi ağacları isə iddiaçının nəzarəti altında onun icazəsi ilə çıxarılmış, tikinti işinə iddiaçı hər gün gələrək nəzarət edirdi. Məhkəmə iclasında 16 saylı Ucar Ərazi İdarəsinin nümayəndəsi X7 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssis rəyinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, İddiaçı mülkiyyətinə xəritədə göy rəngdə göstərilmiş 0.54 ha torpaq sahəsi verilmişdir. Hasar da bənövşəyi rəngdə göstərilmişdir. Həmin hasar çıxarışda göstərilən torpaq sahəsindən kənarda yerləşir. Onlar həmin əraziyə getdikdə çıxarılmış ağacların yerini müəyyən edə bilməmişdir. O, faktiki olaraq hasarın koordinatlarını götürmüşdür. Çıxarışda göstərilən torpaq sahəsi daş divardan içəri tərəfədir. Ağacların harada olması ilə bağlı onun heç bir fikri yoxdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlə qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui istifadə olmasın; Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; Maddə 172.3. Əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Sərhədi pozmuş qonşu pul kompensasiyası ödəməli və bundan sonra onu hər il ödəməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə 6. Ədalətli məhkəmə araşdırması hüququ: Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair Protokol: Maddə 1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.6-cı maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır; 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir; 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Belə ki, Mülki Məcəllənin 180.4-cü maddəsinin dispozisiya şərtlərinə əsasən iddiaçı özünə aid olmayan torpaq sahəsində inşa edilmiş qanunsuz tikilinin sökülməsini o halda tələb edə bilər ki, bu onun maraqlarına toxunsun. Yəni mübahisəli tikilinin qanunsuz tikili olması hər bir halda iddiaçıya onun sökülməsini tələb etmək üçün subyektiv hüquq vermir və qeyd edilən tikilinin iddiaçıya hansı maneələr yaratmaqla (giriş-çıxışa maneə, səs-küy və ya havalandırmaya məhdudiyyət və s.) hüququnu məhdudlaşdırdığı və ya pozduğu müəyyən olunmalıdır. Əks halda, qanunsuz tikililərin sökülməsini tələb etmək aidiyyəti dövlət qurumlarının səlahiyyətinə aid olacaqdır. Məhkəmə həmçinin qeyd edir ki, qonşu torpaq sahəsinin mülkiyyətçisi şübhəsiz ki qanunvericiliklə müəyyən edilmiş qaydalara riayət etməklə öz sahəsində tikinti və qazıntı işləri apara bilər. Lakin bu işlər görülərkən qonşu torpaq sahəsinin mülkiyyətçisinin hüquqları pozulmamalı və mənafeləri gözlənilməlidir. Öz sahəsində qazıntı və tikinti işləri aparan mülkiyyətçi qonşuya ziyan vurmamalı və onları hər hansı bir təhlükəyə məruz qoymamalıdır. Qonşu torpaq sahəsinin mülkiyyətçisi öz mülkiyyət hüququnu yolverilməz şəkildə poza biləcək belə qurğuların tikilməsini və ya istismarını qadağan edə bilər. Belə qadağanlara o zaman yol verilir ki, hüququ pozulan mülkiyyətçi pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi bu işlərin aparılmasına qarşı öz etirazını bildirmiş olsun. Belə bildiriş verilmədikdə onun hüququnun qərəzsiz şəkildə pozulmasının nəticələrinə dözməlidir. O da nəzərə alınmalıdır ki, heç bir zərurətdən doğmayan əsassız tikinti qonşunun hüququnu əhəmiyyətli dərəcədə pozarsa onun sökülməsi məsələsi qaldırıla bilər. Halbu ki, tərəflərin izahatından görünür ki, mübahisələndirilən hasar cavabdeh tərəfindən iddiaçı tərəfin razılığı əsasında ara sərhəddə (mütəxəssis rəyinə əsasən) inşa edilmişdir. Məhkəmə baxışı zamanı İddiaçı Cavabdeh tərəfindən zəbt edilmiş torpaq sahəsində inşa edilmiş daş hasarın qanunsuz tikilməsini, həmin ərazidə 10 ədəd heyva, 2 ədəd gavalı, 2 ədəd qoz, 1 ədəd alça, 2 ədəd nar, 15 ədəd gər ağaclarını kəsərək ona 5000 manat dəyərində ziyan vurduğunu bildirsə də, bu barədə hər hansı bir mötəbər sübut məhkəməyə təqdim edə bilməmişdir. Təqdim edilmiş fotoşəkillərdən də göstərilən ağacların növünü, sayını, eyni zamanda həmin ağacların tam olaraq haradan çıxarıldığını müəyyən etmək mümkün olmamışdır. Bununla yanaşı cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş torpağa və yaşayış sahəsinə dair sənədlərdən də göründüyü kimi, mübahisə predmeti olan torpaq sahəsinin zəbt edilmiş ərazi olmadığı, daş hasarın isə torpaq sahəsinin rəsmi sənədlər (fərdi yaşayış evinin texniki pasportu və onun əsasında verilmiş çıxarış) əsasında müəyyən olunmuş hüdudları daxilində tikildiyi müəyyən edilmişdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Göyçay rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar