Məhkəmə qərarları › İş №2(1-8)-644/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-644/2026

17.04.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-644/2026 17.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh qarşı “qonşu təsirinin aradan qaldırılması və vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: qanunsuz tikilinin sökülməsi, maddi zərərin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlundan və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları:

1. Ünvan-də yerləşən, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış fərdi həyət evi Iddiaçı faktiki istifadəsindədir və o, həmin ünvanda yaşayır.

2. Qonşuluqda yerləşən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh mülkiyyəti kimi ## #### 2017-ci il tarixdən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilmiş və o, hazırda həmin fərdi yaşayış evində yaşayır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları:

a) Birinci instansiya məhkəməsində icraat

3. Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə və daha sonra Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ünvan 2 ünvanında inşa etdiyi evin divarının iddiaçının Ünvan fərdi evinin divarı ilə paralel tikildiyi evin divarının tikinti və şəhərsalma normalarına uyğun olaraq buradan sökülüb götürülməsi, evində nəmişlik yaratması ilə əlaqədar təmir-bərpa işlərinin aparılması üçün vurduğu maddi ziyana görə 5000 manat pulun cavabdehdən alınıb iddiaçıya verilməsi və ya öz hesabına iddiaçının evinin tam təmir etməsi və əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçı öz ailəsi ilə birlikdə Ağdam rayonundan məcburi köçkün kimi Ünvan fərdi həyət evində məskunlaşmışdır. Evin kommunal xidmətləri qaz, işıq, su iddiaçının adınadır. Özü 1-ci Qarabağ Müharibəsi veteranıdır. Cavabdeh iddiaçının qonşusudur, qeyd olunan ünvanda öz ailə üzvləri ilə birlikdə yaşayır. Cavabdeh özünə məxsus torpaq sahəsində fərdi həyət evi inşa edərkən evlər arasında ara məsafəsi saxlamamış, nəticədə iddiaçının evinin divarlarında nəmişlik yaranmasına səbəb olmuş və yaşayış sahəsindən istifadəsinə maneçiliklər yaratmışdır. Bununla bağlı cavabdehlə iddiaçı arasında danışıqlar aparsalar da, bunun heç bir nəticəsi olmamışdır. Özünə məxsus evin divar kağızları tamamilə tökülmüşdür. Cavabdeh onun istifadəsində olan evin damından evə məxsus su novunun başlanğıc yerinə sement qarışığı tökmüş, bu səbəbdən su novu normal işləməmişdir, ona görə də ona məxsus evin divarını nəm çəkmişdir.

5. Birinci instansiya məhkəməsində cavabdeh Cavabdeh iddiaya etiraz edərək göstərmişdir ki, iddiaçı onun qonşusudur. Cavabdeh evi alanda həm özünün, həm də iddiaçının evi tikilirdi. Iddiaçının özünün hasarına öz evinin 1-ci mərtəbəsinin hamamı söykənir. Oradan da nəm keçə bilər ona. Iddiaçının özünə aid su novunda problem vardı, bu onun da evinə ziyan vururdu. Sonra o problem aradan qaldırılmışdır. Evinə dair mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır.

6. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2024-cü il tarixli rəyinə əsasən mülki iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bakı şəhəri Ərazi Idarəsi tərəfindən verilmiş ************-***** nömrəli çıxarış və texniki pasporta əsasən Ünvanndə yerləşən ümumi sahəsi 102,0 kv.metr olan **F nömrəli fərdi yaşayış evi və 0,01 ha torpaq sahəsinin cavabdeh Cavabdeh xüsusi mülkiyyətində olduğu qeyd olunduğu üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2000-ci il tarixli, *** №-li qərarına əsasən həmin evin tikinti norma və qaydalarına uyğun inşa edildiyi müəyyən edilmişdir. Mülki iş materiallarında iddiaçı Iddiaçı istifadəsində olan Ünvan ** nömrəli evə dair hər hansı hüquqmüəyyənedici və texniki pasport olmadığı və baxış zamanı hər hansı sənəd təqdim edilmədiyi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2000-ci il tarixli, *** №-li qərarına əsasən həmin evin tikinti norma və qaydalarına uyğun inşa edilmədiyi müəyyən edilmişdir. Iddiaçının istifadəsində olan evin arxa tərəfində, yuxarı hissədə yerləşən atmosfer sularının axıntısı üçün quraşdırılmış su novunun və su novuna birləşdirilmiş boru xəttinin olduğu, həmin su novu və boru xəttinin ətrafında (aşağı hissəsində), eləcə də iddiaçının istifadəsində olan evin cavabdehə tərəf olan divarında, otaqlarda su sızmaya aid hər hansı izlərin, ləkələrin olmadığı müəyyən edilmişdir. Iddiaçının istifadəsində olan fərdi yaşayış evinin divarlarının fasad hissəsində və eləcə də, daxili otaqlarının bəzi hissələrində yaranmış çatlar su sızma əlamətlərinə xarakterli deyil. Yaranmış çatlar evin bünövrəsinin və yük daşıyan divarların norma və qaydalara (tikinti texnologiyasına) uyğun riayət olunmaması, seysmik hadisələrdən (zəlzələ) və s. səbəblərdən yarana bilər.

7. Iş üzrə keçirilmiş əlavə məhkəmə tikinti-texniki ekspertizası üzrə Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2025-ci il tarixli rəyinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.52-1 bəndində tikililər arasındakı məsafənin divar hündürlüyünün 0,3 hissəsi qədər olmasının göstərildiyi, lakin faktiki olaraq isə iş üzrə tərəflərə məxsus 53 və **F nömrəli fərdi yaşayış evlərinin sərhəd hasarına bitişik inşa olunduğunu nəzərə alaraq, hər iki fərdi yaşayış evinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.52-1 bəndinin tələblərinə uyğun inşa edilmədiyi müəyyən edilmişdir. Iddiaçının istifadəsində olan evin arxa tərəfində, yuxarı hissədə yerləşən atmosfer sularının axıntısı üçün quraşdırılmış su novunun və su novuna birləşdirilmiş boru xəttinin olduğu, həmin su novu və boru xəttinin ətrafında (aşağı hissəsində), eləcə də iddiaçının istifadəsində olan evin cavabdehə tərəf olan divarında, otaqlarda su sızmaya aid hər hansı izlərin, ləkələrin olmadığı müəyyən edilmişdir. Bu səbəbdən də beşinci, səkkizinci, on birinci və on üçüncü suallar üzrə tədqiqat aparılmamışdır. Qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilməmişdir. Suallarda göstərilən məsələlərlə bağlı qeyd olunmuşdur ki, navalçaların quraşdırılması tikinti norma və qaydaları ilə tənzimlənmir. Bu səbəbdən də suallar üzrə tədqiqat aparılmamışdır.

8. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)- **/**** nömrəli qətnaməsi ilə (hakim R.Qafarova) iddia təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, artıq 2017-ci ildə cavabdehin xüsusi mülkiyyətində olan fərdi yaşayış evi hazırda mövcud olan texniki göstəricilərlə mövcud olmuş, cavabdeh həmin fərdi yaşayış evi üzərində hüquqlarını dövlət qeydiyyatına aldırmışdır. Iddiaçı da orada yaşadığından bütün bunların şahidi olmuşdur. Iddiaçı iddiasını cavabdehin iddiaçının istifadəsində olan evin damından həmin evə məxsus su novunun başlanğıc yerinə sement qarışığı tökməsi, bu səbəbdən su novunun normal işləməməsi, nəticədə iddiaçıya məxsus evin divarının nəm çəkməsi ilə əsaslandırsa da, bu halları məhkəmədə sübuta yetirə bilməmişdir.

10. Məhkəmə həmçinin iş üzrə verilmiş ekspert rəylərinə və digər iş materiallarına qiymət verməklə müəyyən etmişdir ki, iddiaçının istifadəsində olan evin cavabdehə tərəf olan divarında, otaqlarda su sızmaya aid hər hansı izlər, ləkələr mövcud deyil.

11. Bu səbəbdən də məhkəmə hesab etmişdir ki, iddiaçının iddia tələbində irəli sürdüyü hallar sübuta yetirilə bilmədiyindən iddia təmin edilməməlidir.

12. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097, 1111, 1115-ci maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

13. Iddiaçı Iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə yanaşı həmçinin, onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin normaları pozulmuşdur. Məhkəmə iş üzrə səhv nəticəyə gəlmiş və iddia tələbini rədd etmişdir. Halbuki, həmin Məcəllədə bir mənalı olaraq vurğulanır ki, tikinti obyektində bərpa işləri aparılarkən qonşular arasındakı razılığa, belə razılıq olmadığı təqdirdə isə tərəflərdən birinin ərizəsi ilə məhkəmənin qərarına əsasən mövcud ortaq divar layihəyə uyğun olaraq sökülə və yenidən bərpa edilə bilər. Qonşuların arasında olan ortaq divar çökmüş, divarlarda çatlar yaranmış, ona məxsus divarın iç üzündən divar kağızları qopub yerə tökülmüşdür. Bütün bunlar ekspert rəyində öz əksini tapmamış, eyni zamanda məhkəmə tərəfindən evə baxış keçirilsə də buna düzgün qiymət verilməmişdir. Halbuki, bu göstərilənlərdən başqa bununla bağlı halları təsdiq edən şəkillərdə məhkəməyə təqdim edilmişdir. Məhkəmə və tərəflərin iştirakları ilə yerində evə baxış keçirilən zaman tikinti normalarının pozulması, evdəki divar kağızlarının nəmişlikdən qopub yerə töküldüyü, qonşunun təsiri nəticəsində bu ziyanların yarandığı müəyyən edilmişdir. Bundan başqa da müəyyən olunmuşdur ki, cavabdehin kanalizasiya xətti onun özünün həyətindən partlamış, daşların altından sızaraq, iddiaçının evinin zirzəmisini doldurmuşdur. Cavabdeh özünəməxsus kanalizasiya xəttini iddiaçının razılığı olmadan, evdə olmadığından istifadə edərək buradan çəkib aparmışdır ki, həmin xətt də iddiaçının həyətindən çıxarılmalıdır.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim A.Isgəndərovun sədrliyi və məruzəsi ilə, hakimlər S.Səlimova və İ.Şirinov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı iş üzrə iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir.

17. Mülki qanunvericiliyinin normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin, o cümlədən mənəvi zərərin əvəzinin ödənilməsi öhdəliyi qoyula bilməz.

18. Apellyasiya kollegiyası qeyd etmişdir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində zərərə məruz qaldığını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.

19. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, artıq 2017-ci ildə cavabdehin xüsusi mülkiyyətində olan fərdi yaşayış evi hazırda mövcud olan texniki göstəricilərlə mövcud olmuş, cavabdeh həmin fərdi yaşayış evi üzərində hüquqlarını dövlət qeydiyyatına aldırmışdır. Iddiaçı da orada qonşuluqda yaşadığından bütün bunların şahidi olmuşdur. Iddiaçı iddiasını cavabdehin iddiaçının istifadəsində olan evin damından həmin evə məxsus su novunun başlanğıc yerinə sement qarışığı tökməsi, bu səbəbdən su novunun normal işləməməsi, nəticədə iddiaçıya məxsus evin divarının nəm çəkməsi ilə əsaslandırsa da, bu halları məhkəmədə sübuta yetirə bilməmişdir.

20. Kollegiya həmçinin iş üzrə verilmiş ekspert rəylərinə və digər iş materiallarına qiymət verməklə müəyyən etmişdir ki, iddiaçının istifadəsində olan evin cavabdehə tərəf olan divarında, otaqlarda su sızmaya aid hər hansı izlər, ləkələr mövcud deyil. MPM-in 77.1-ci maddəsinin mənasına görə isə öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirmək iddiaçının vəzifəsidir.

21. Beləliklə, məhkəmə kollegiyası hesab etmişdir ki, iddia tələbi üzrə hər hansı mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən iddia tələbi əsaslı sayıla və təmin edilə bilməz və birinci instansiya məhkəməsi bu əsasla iddianı rədd etməkdə haqlı olmuşdur.

22. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097, 1111, 1115-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

23. Iddiaçı Iddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 21, 1096, 1097, 1115-ci, Şəhərsalma və Tikinti Məcəlləsinin 71, 72-ci, Mülki Prosessual Məcəllənin 88, 217-ci maddələrin tələbləri pozulmuşdur.

25. Belə ki, məhkəmə instansiyalarında müəyyən olunmuşdur ki, evlərin divarları iddiaçının divarına bitişik tikilmiş, yəni Şəhərsalma və Tikinti Məcəlləsinin normaları pozulmuşdur. Qonşuların arasında olan ortaq divar çökmüş, divarlarda çatlar yaranmış, iddiaçıya məxsus divarın iç üzündən divar kağızları qopub yerə tökülmüşdür. Bütün bunlar ekspert rəyində öz əksini tapmamış, eyni zamanda məhkəmə tərəfindən evə baxış keçirilsə də buna düzgün qiymət verilməmişdir. Halbuki, bu göstərilənlərdən başqa bununla bağlı halları təsdiq edən şəkillər həm birinci, həm də apellyasiya instansiyası məhkəməsinə təqdim edilmişdir. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən iş üzrə Şəhərsalma və Tikinti Məcəlləsinin heç bir normasına istinad etməmişdir. Bu tikililərin qanunvericiliyin tələblərinə uyğun tikilmədiyi ekspert tərəfindən təsdiq edilmişdir. Ekspert özünün rəyində qeyd etmişdir ki, ortaq divarların bitişik olması heç bir maneçiliklərin yaranmasına gətirib çıxarmamış, su novlarının bağlanması divarda nəmişliklərin yaranmasına səbəb olmamışdır. Halbuki, məhkəmə və tərəflərin iştirakları ilə yerində evə baxış keçirilən zaman tikinti normalarının pozulması, evdəki divar kağızlarının nəmişlikdən qopub yerə töküldüyü, qonşunun təsiri nəticəsində bu ziyanların yarandığı müəyyən edilmişdir. Bundan başqa da müəyyən olunmuşdur ki, cavabdehin kanalizasiya xətti onun özünü həyətindən partlamış, daşların altından sızaraq, iddiaçının evinin zirzəmisini doldurmuşdur. Bundan başqa da cavabdeh özünəməxsus kanalizasiya xəttini iddiaçının razılığı olmadan, evdə olmadığından istifadə edərək buradan çəkib aparmışdır ki, həmin xətt də iddiaçının həyətindən çıxarılmalıdır.

26. Iddiaçının vəkili vəkil2 məhkəməyə vəsatət verərək, kassasiya şikayətinə şifahi icraatda baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülmüş dəlillərin hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli olması üçün əsasları müəyyən etməmiş və kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

27. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Kassasiya baxışının hədləri:

28. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

29. Iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin bütövlüklə mübahisələndirdiyindən, hazırkı kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq:

30. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1111.2-ci maddəsinə əsasən əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış və müəyyən olunmuş hallara hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir.

34. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli tikilinin tikinti normalarına və qaydalarına uyğun inşa olunmaqla, cavabdehin mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması işin faktiki hallarını araşdıran məhkəmələr tərəfindən müəyyən edildiyindən, iddiaçının hazırkı tələbi əsassız olmuşdur.

35. Cavabdehin mülkiyyətində olan fərdi yaşayış evi ilə iddiaçının evinin bir-birinə bitişik olmasına dair kassasiya şikayətinin dəlili üzrə məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin evinin azı 2017-ci ildə inşa olunmaqla, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması işin müəyyən olunan halıdır. Iddiaçı öz evinin bundan əvvəl inşa olunmasını, habelə cavabdehin evinin inşası zamanı buna etiraz etməsini təsdiq edən sübutları işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim etməmişdir.

36. Həmçinin, cavabdehin iddiaçının istifadəsində olan evin damında həmin evə məxsus su novunun başlanğıc yerinə sement qarışığı tökməsi, bu səbəbdən su novunun normal işləməməsi, nəticədə iddiaçıya məxsus evin divarının nəm çəkməsi ilə əsaslandırsa da, bu halları məhkəmədə sübuta yetirə bilməmiş və iş üzrə keçirilmiş ekspertiza rəylərinə də iddiaçının istifadəsində olan evin cavabdehə tərəf olan divarında, otaqlarda su sızmaya aid hər hansı izlər, ləkələr müəyyən olunmamışdır.

37. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Odur ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən iş üzrə keçirilmiş ekspert rəyinə istinad etməklə, Azərbaycan Respublikası MPM-in 88, 101.7 və 103-cü maddələrinin tələblərinə riayət etmişdir.

38. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Iddiaçı Iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar