Məhkəmə qərarları › İş №2(046)-689/2023

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-689/2023

13.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-689/2023 13.09.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-nə və Göyçay rayon Notariat Ofisinə qarşı alqısatqı müqaviləsinin etibarsız sayılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Göyçay rayonu Qaraməryəm kəndində yerləşən 0,85 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin satılması barədə mərhum X6 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X19 ilə Cavabdeh1 bağladığı, reyestrdə 4Ə-1021 nömrə ilə qeydə alınmış 17 oktyabr 2006-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız sayılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, onun, mərhumlar X4, X17, X14 və sonuncu ilə birgə nikahdan doğulmuş iki qızı ümumi birgə mülkiyyətində Göyçay rayonu Qaraməryəm kəndində yerləşən 3,09 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi var.Ümumi birgə mülkiyyətçilərdən X4 11 may 2009-cu ildə, X17 16 iyul 2009-cu ildə və X14 15 may 2016-cı ildə vəfat etmişlər. Ümumi birgə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Göyçay rayonu Qaraməryəm kəndində 2 müxtəlif ərazisində yerləşir. Torpaq sahəsinin Göyçay rayonu Qarayazı kəndi ilə sərhəddə yerləşən 0,85 ha hissəsi başqa şəxs tərəfindən istifadə edilir və həmin torpaq sahəsinin boşaldılmasını tələb edərkən torpaq sahəsini Rahim Şirinlinin icazəsi ilə əkdiyini, torpaq sahəsinin sonuncuya məxsus olduğunu bildirdi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinə vəkil sorğusu ilə müraciət edilmiş və sorğuya verilmiş 30 noyabr 2022-ci il tarxli xx/xx-7845/14 saylı cavab məktubuna əlavə edilmiş sənədlərdən aydın olmuşdur ki, keçmiş arvadı mərhum X14 17 oktyabr 2006-cı il tarixdə Cavabdeh1 ümumi birgə mülkiyyətdə olan Göyçay rayonu Qaraməryəm kəndində yerləşən 0,85 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini alqı-satqı müqaviləsi bağlamaqla cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə satmışdır. Notariat işinə əlavə edilmiş torpaq sahəsinin satılmasına dair ərizədəki imza onun deyil və digər ümumi birgə mülkiyyətçilərin imzaları eynidir. Maraqlıdır ki, həmin imza alqı- satqı müqaviləsinin sonunda 1 rəqəmindən sonra da edilmişdir və satıcı kimi mərhum anası Çiçək Ələsgərova göstərilsə də imzadan sonra mərhum həyat yoldaşı Hacıxanım Ələsgərovanın adı göstərilmişdir. X5 anasının əvəzinə imza etmək üçün səlahiyyət verən etibarnaməsi olmamışdır. Bundan başqa o, 2002-ci ildən “Yüngül əqli gerilik, anadangəlmə lal-karlıq” diaqnozu ilə psixiatrın qeydiyyatındadır və alqı-satqı ilə bağlı baş verən əməliyyatlar ondan gizlədilmişdir. O, ümumi birgə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin özgəninkiləşdirilməsinə razılıq verilməsi üçün ümumi birgə mülkiyyətçilərdən heç birinə etibarnamə verməmişdir. Bu səbəbdən də hesab edir ki, alqı-satqı müqaviləsi etibarsız sayılmalıdır. Cavabdehin etirazları: Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə3 iddiaya qarşı etiraz vermişdir. Etirazda göstərmişdir ki, Cavabdeh2 MMC rəsmi olaraq ailə başçısı olan Çiçək Ələkbərovadan qeyd olunan torpaq sahəsini 1700 manata xx.xx.2006-cı il tarixdə Notariat Kontorunda alqı-satqı etmişdir. Alqı-satqı zamanı ailə üzvləri, o, cümlədən aktda qeyd olunan şəxslər də torpağın satılmasına razılıq vermişlər. İmzalar ərizədə qeyd olunub və iş materiallarına əlavə edilmişdir. Torpağın satılmasına İddiaçı da imza edərək razılığını bildirmişdir. Qeyd olunanları nəzərə alaraq, habelə iddia qaldırmaq üçün müddətin keçməsinə əsas olaraq iş üzrə iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə3 iddianı etiraf etmədi, izahat verərək göstərdi ki, "xxxx" MMC Çiçək Ələkbərovadan qeyd olunan torpaq sahəsini 1700 manata xx.xx.2006-cı il tarixdə Notariat Kontorunda alqı-satqı müqaviləsi bağlamaqla almışdır . Alqı-satqı zamanı ailə üzvləri torpağın satılmasına razılıq vermişlər. İmzalar ərizədə qeyd olunub və iş materiallarına əlavə edilmişdir. Torpağın satılmasına İddiaçı da imza edərək razılığını bildirmişdir .İddia müddətini tətbiq edib iş üzrə iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh Göyçay rayon Notariat Ofisinin nümayəndəsi məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə Göyçay rayon Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş torpağa mülkiyyət hüququna dair kod 40807018, JN-194 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının 05 dekabr 1998-ci il tarixli 44 nömrəli qərarı ilə X9, İddiaçı, X3, X10, X13. X1 təsərrüfatı məhsullarının istehsalı üçün 3,09 ha torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş notariat işində olan 17 oktyabr 2006-cı il tarixli müqavilənin surətindən görünür ki, X15 0,85 ha torpaq sahəsini 1700 manata Cavabdeh2 MMC-nə satmışdır.Notariat işində olan xx.xx.2006-cı ildə notariat qaydasında təsdiq edilmiş ərizədən görünür ki,İddiaçı Ə.,Ələsgərova Hacıxanım S.,Ələsgərova Günay G.,Ələsgərov Əkbər G.,Ələsgərova Gülər G. Göyçay rayon Aqrar İslahatı Komissiyasının 05 dekabr 1998-ci il tarixli 44 №-li qərarı ilə dövlət aktı №194 0,85 ha torpaq sahəsinin satılmasına etiraz etməmişlər. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın ******* saylı xx.xx.2015-ci il tarixli dövlət reyestrindən çıxarışdan görünür ki, Göyçay rayonu Qaraməryəm kəndində yerləşən 0,73 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət kimi xx.xx.2015-ci ildə Cavabdeh2 MMC-nin adına qeydiyyata alınmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın ******* saylı xx.xx.2015-ci il tarixli dövlət reyestrindən çıxarışdan görünür ki, Göyçay rayonun Qaraməryəm kəndində yerləşən 0,11 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət kimi xx.xx.2015-ci ildə Cavabdeh2 MMC-nin adına qeydiyyata alınmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 06 yanvar 2023-cü il tarixli məktubundan görünür ki, Göyçay rayonu, Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 44 saylı qərarı əsasında X6, İddiaçı, X2, X7, X12 və X8 ümumibirgə mülkiyyətlərinə verilmiş JN-194 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında qeyd olunan 3,09 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,85 ha (iki konturdan ibarət 0,7324 ha və 0,11 ha) hissəsi Göyçay rayon Dövlət Notariat Kontorunun xx.xx.2006-cı il tarixli, 4Ə-1021 saylı alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-nə satılmışdır. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamələrin surətindən görünür ki, X4 11 may 2009-cu ildə, X17 16 iyul 2009-cu ildə və X14 15 may 2016-cı ildə vəfat etmişlər. İşə əlavə edilmiş Göyçay rayon X18 X24 Poliklinikanın xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.2002-ci ildən “Yüngül əqli gerilik, anadangəlmə lalkarlıq” diaqnozu ilə psixiatrın qeydiyyatındadır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 iyul 2023-cü il tarixli 4/661 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş İddiaçı adından Göyçay rayon dövlət notariat kontoruna ünvanlanmış 14 sentyabr 2006-cı il tarixli ərizənin imza hissəsində “İddiaçı. Ə.” yazıları önündəki imza İddiaçı tərəfindən icra olunmuşdur. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyasının 13.İ-ci maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29.3-cü maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka( əşyaya) öz istədiyi kimi sahib olmaq,ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Həmin Məcəllənin 222.3-cü maddəsinə əsasən birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli qərarında qeyd olunur ki, mübahisə edilən əqdlər baxımından yalnız əlaqədar şəxsin (subyektin) onu mübahisləndirməsi hallarında etibarsızlığın nəticələri əmələ gəlir və Mülki Məcəlləyə görə əqdi mübahisələndirməyə hüququ olan şəxs bununla bağlı iradəsini digər tərəfə bildirdiyi anda həmin əqd mübahisələndirilmiş hesab olunur . Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli qərarında göstərilmişdir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli qərarında göstərilmişdir ki, mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 124.2-ci iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki qanunvericiliyinin mənasına görə mülkiyyətçi öz əmlakı üzərində sahib olmaqda,ondan istifadə etməkdə və ona dair sərəncam verməkdə sərbəstdir,mülkiyyətçi ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər,bir şərtlə ki,həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın,yaxud hüquqdan sui-istifadə olmasın. Ümumi mülkiyyət isə hər hansı bir əşyanın mülkiyyət hüququ əsasında iki və ya bir neçə şəxsə mənsub olması deməkdir.Bu halda bir əşyaya eyni zamanda bir neçə şəxsin mülkiyyət hüququ olur.Əmlakın birgə mülkiyyətdə olması ona mülkiyyət hüququ olan mülkiyyətçilərin paylarının müəyyən olunmadığı halda yaranır. Birgə mülkiyyətdə olan əmlak barəsində sərəncam verilməsi də bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir.Lakin birgə mülkiyyətdə olan əmlaka dair sərəncam hüququnun həyata keçirilməsinin özünəməxsus xüsusiyyəti vardır.Belə ki,əgər mülkiyyətçilərin razılaşmasında ayrı qayda nəzərdə tutulmamışsa,mülkiyyətçilərdən hər biri ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər.Bu halda həmin əqdin bağlanmasına qalan mülkiyyətçilərin razılıq verib-verməmələrindən asılı olmayaraq belə razılığın verildiyi ehtimal (prezumpsiyası) edilir.Belə ki,ümumi mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi haqqında mülkiyyətçilərdən hər hansı biri ilə əqd bağlayan şəxs,qalan mülkiyyətçilərin razılığı haqqında məlumat tələb etmədən əqd bağlaya bilər.Buna baxmayaraq mülkiyyətçilərdən birinin ümumi əmlaka dair sərəncam verilməsi haqqında bağladığı əqd yalnız bir halda etibarsız sayıla bilər.Belə əqdin onu bağlayan mülkiyyətçinin lazımi səlahiyyəti olmadığına görə etibarsız sayılması haqqında qalan mülkiyyətçilərin tələbi ancaq əqdin digər tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilmiş halda təmin oluna bilər. Hazırki iş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, Göyçay rayonu Qaraməryəm kəndində yerləşən 3,09 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin həmmülkiyyətçisi İddiaçı arvadı mərhum X14 ümumi mülkiyyətdə olan torpaq sahəsinin 0,85 ha sahəsini cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə satmış,digər mülkiyyətçilərin razılığı notariat qaydasında təsdiq edilmiş ərizə ilə alınmışdır.İddiaçı razılıq ərizəsində olan imzanın ona məxsus olmaması barədə gətirdiyi dəlili iş üzrə keçirilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 07 iyul 2023-cü il tarixli 4/661 saylı rəyi öz təsdiqini tapmamışdır.Digər tərəfdən İddiaçı əmlakı almış cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin alqı-satqı müqaviləsini bağlamış X6 lazımi səlahiyyətinin olmamasını (pis niyyətlə razılığa gəlməsini) bildiyi və ya bilməli olduğu və ya vicdanlı alıcı olmaması qənaətinə gəlmək üçün hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə yuxarıda qeyd olunmuş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdığı hüquqi mövqeyini,daşınmaz əmlakın dövlət reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasını, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vicdanlı alıcı olmasını nəzərə alıb hesab edir ki,iddianın təmin olunmasından imtina edilməli,məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. O ki qaldı,iddia müddətinin tətbiqi barədə cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə3 iddiaya qarşı etirazına,məhkəmə qeyd edir ki,iddia ərizəsində göstərildiyi kimi İddiaçı hüququnun pozulduğunu Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivindən verilmiş sorğuya 30 noyabr 2022-ci tarixli cavab məktubundan bildiyini göstərdiyindən, bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət isə kəsici müddətlərə aid olduğundan və iddiaçı müəyyən edilmiş zaman ərzində öz hüququndan istifadə etdiyindən iddia müddətinin tətbiq edilməsindən imtina edilməlidir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. İşə əlavə edilmiş bildirişdən görünür ki, ekspertiza tədqiatının dəyəri 125 manatdır. İşə əlavə edilmiş dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki,100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməli, ekspertiza tədqiqatının dəyəri 125 manat məbləğində pul iddiaçıdan alınaraq dövlət nəfinə verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər "xxxx" MMC-nə və Göyçay rayon Notariat Ofisinə qarşı Göyçay rayonu Qaraməryəm kəndində yerləşən 0,85 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin satılması barədə mərhum X6 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X19 ilə Cavabdeh1 bağladığı, reyestrdə 4Ə-1021 nömrə ilə qeydə alınmış 17 oktyabr 2006-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız sayılmasına dair iddiası təmin edilməsin. İddiaçı ekspertiza tədqiqatının dəyəri 125 manat məbləğində pul alınaraq dövlət nəfinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar