Məhkəmə qərarları › İş №2(046)-728/2024

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-728/2024

15.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-728/2024 15.04.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Allahverdiyeva Sevinc Elçin qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10 mart 2010-cu il təvəllüdlü X2 və 03 sentyabr 2011 -ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay sabit pul məbləğində tutulan alimentin miqdarının dəyişdirilərək azaldılıb hər uşaq üçün 65 manat məbləğində müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Göyçay rayon Məhkəməsinin 13 sentyabr 2013-cü il tarixli, 2(046)-957/2013 saylı qətnaməsi ilə cavabdehlə aralarında olan nikah pozulmuş, 10 mart 2010-cu ildə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 75 (yetmiş beş) manat və 03 sentyabr 2011-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 75 (yetmiş beş) manat olmaqla, hər ay cəmi 150 (yüz əlli) manat məbləğində aliment 14 avqust 2013-cü il tarixdən başlayaraq, İddiaçı tutulub, X1 verilməsi qət edilmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, o, 1989-cu ildə sağ gözündən travma almış, bununla əlaqədar Bakı şəhərində stasionar əməliyyat olunmuş, lakin görmə qabiliyyəti bərpa olunmamışdır. Həkim rəyinə görə, sağ gözü görmədə iştirak etmir. 1989-cu ildən İİ qrup, xx.xx.2023-cü il tarixdən isə İİİ qrup gözdən əlildir. Eyni zamanda Göyçay rayon mərkəzi xəstəxanasında ağciyər xəstəliyi üzrə qeydiyyatdadır və davamlı olaraq müalicə olunur. Hal-hazırda işsizdir. Xəstəliklərinin səbəbindən iş üçün hara gedirsə, qapılar üzünə bağlanır və cavab bu olur ki, ona uyğun iş yoxdur. İndi çarəsizdir. Uşaqlarının təminat səviyyəsinin maksimal saxlanılması üçün kömək edə bilmədiyi üçün çox üzülür. Məhkəmə qətnaməsi icraya yönəldiyi gündən, İİ qrup əlilliyə görə ona verilən 180 (yüz səksən ) manat sosial müavinət kartını, sonradan isə İİİ qrup əlilliyə görə ona verilən 150 (yüz əlli) manat sosial müavinət kartını alimentin ödənilməsi məqsədi ilə Cavabdeh vermişdir. Buna baxmayaraq, alimenti tam ödəmək iqtidarında olmadığına görə aliment borcu da yaranmışdır. Onun adına heç bir əşya və əmlak yoxdur, adına torpaq sahəsi, ev, avtomobil, daşınar və ya daşınmaz əmlak yoxdur. Maddi imkanım olmadığı üçün özü də müalicə oluna bilmir. Bütün bunlara görə də, alimentin miqdarının azaldılmasını istəyir. Hər bir valideyn övladını tərbiyə edib sağlam böyütməlidir. Bu onun müqəddəs öhdəliyi, həm də müqəddəs arzusu və haqqıdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədi və izahatında göstərmişdir ki, Göyçay Rayon Məhkəməsinin 13 iyun 2016-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Göyçay rayon Məhkəməsinin 13 sentyabr 2013-cü il tarixli 2(046)-957/2013 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmış, 10 mart 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 (yüz) manat və 03 sentyabr 2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 (yüz) manat, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment İddiaçı alınaraq, ona verilməsi qət edilmişdir. Birgə niklahlarından doğulmuş uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəməkdə çətinlik çəkir. İddiaçının iddia tələbi əsassızdır. Məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından 10 mart 2010-cu ildə X6 və 03 sentyabr 2011-ci il tarixdə X5 anadan olmuşdur. Göyçay rayon Məhkəməsinin 13 iyun 2016-cı il tarixli 2(046)-1817/2016 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, Göyçay rayon Məhkəməsinin 13 sentyabr 2013-cü il tarixli 2(046)-957/2013 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmış, 10 mart 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 (yüz) manat və 03 sentyabr 2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 (yüz) manat, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment, 04 may 2016-cı il tarixdən cavabdeh İddiaçı alınaraq, iddiaçı Cavabdeh xeyrinə verilməsi və iddianın qalan hissəsinin əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli 2(107)- 1084/2016 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş,iş üzrə Göyçay Rayon Məhkəməsinin 13 iyun 2016-cı il tarixli, 2(046)-1817/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 66 saylı Ambulator kitabçadan çıxarışdan görünür ki, İddiaçı sağ gözü görmədə iştirak etmədiyi və sağ tərfli korluq müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumat vərəqəsindən görünür ki, İddiaçı ümumi xəstəlikdən üçüncü dərəcəli əlildir. “İlkin medisasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, hər iki tərəf ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin İddiaçı prosesin davam razılıq verməmişdir. Göyçay rayon İcra və Probasiya Şöbəsinin 15 aprel 2024-cü il tarixli məktubundan görünür ki, Göyçay Rayon Məhkəməsinin 13 iyun 2016-cı il tarixli, 2(046)-1817/2016 saylı icra vərəqəsinə əsasən İddiaçı Cavabdeh xx.xx.2024-cü il tarixinə 11250 manat borcu vardır. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. "Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsində təsbit edilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.1-75.4cü maddələr). Həmin Məcəllənin 78.1 -ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsaitin tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1 -ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlara görə 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli 8-2/2016 №-li qərarının 8.2-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır ("Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh birgə nikahda olmuşlar və onların birgə nikahından xx.xx.2010-cu il təvəllüdlü X6 və 03 sentyabr 2011-ci il təvəllüdlü X5 adlı övladları vardır. Uşaqlar hazırda Cavabdeh himayəsindədir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Göyçay rayon Məhkəməsinin 13 sentyabr 2013-cü il tarixli 2(046)- 957/2013 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmış, 10 mart 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 (yüz) manat və 03 sentyabr 2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 (yüz) manat, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment İddiaçı Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Məhkəmə iddia tələbi ilə əlaqədar qeyd edir ki, uşaqların saxlanılması hər iki valideynin vəzifəsidir. Eyni zamanda valideynlərin uşaqları saxlamaq vəzifəsi təkcə onlara edilən maddi yardımla məhdudlaşmır. Uşaqların saxlanılması, onlara qulluq edilməsi, təlim-tərbiyələri ilə məşğul olmaq və sair valideynlərin uşaqları saxlamaq vəzifələrinə daxildir. Hazırda iddiaçı ilə cavabdehin birgə nikahlarından olan uşaqları cavabdehin himayəsindədir. Uşaqların saxlanılması, bütün qayğıları ilə, təlim-tərbiyəsi ilə məşğul olmaq hazırda cavabdehin üzərindədir. Belə olan halda iddiaçının uşağa maddi yardım etmək vəzifəsindən də boyun qaçırması, bundan sonra isə alimentin azaldılmasını və uşaqların maddi tələbatının ödənilməsini də cavabdehin üzərinə qoymaq istəməsi əsassız və ədalətsizdir. Məhkəmə iddianın dəlili olaraq 1989-cu ildən İİ qrup, xx.xx.2023-cü il tarixdən isə İİİ qrup gözdən əlil olmasını, eyni zamanda Göyçay rayon mərkəzi xəstəxanasında ağciyər xəstəliyi üzrə qeydiyyatda olmaqla yanaşı davamlı olaraq müalicə olunması dəlilinə münasibətdə qeyd edir ki, iddiaçının göstərdiyi səbəblər onu uşaqlarını saxlamaq, saxlamadıqda isə aliment ödəmək vəzifəsindən azad etmir və uşaqların maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin, digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi İddiaçı da valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə iddia ərizəsi təmin edilməməlidir. Nəticə: Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə iddia ərizəsi təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Göyçay rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar