Məhkəmə qərarları › İş №2(046)-872/2022

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-872/2022

18.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-872/2022 18.03.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, aliment tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 10 sentyabr 2007-ci il tarixdə anadan olmuş X2 və 09 avqust 2012-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 200 manat, cəmi 400 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi, 03 iyun 2003-cü il tarixdə anadan olmuş ikinci dərəcə əlil olan X4 göstərdiyim xidmətə görə Cavabdeh hər ay 100 manat alınıb ona ödənilməsi və İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat mediasiya xərci və hüquqi yardım almaq üçün vəkilə ödədiyi 100 manat məbləğində pul Cavabdeh alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianın müdafiə edərək göstərmişdir ki, cavabdeh ilə 17.09.2002-ci il tarixdə nikah bağlamışlar. Birgə nikahdan 03.06.2003-cü il tarixdə X7, 10.09.2007-ci il tarixdə X5 və 09.08.2012-ci il tarixdə X6 anadan olmuşlar. Cavabdehlə aralarında bağlanmış nikah Göyçay rayon Məhkəməsinin 07 dekabr 2021 -ci il tarixli 2(046)- 1565/2021 saylı qətnaməsinə əsasən pozulmuş, 10 sentyabr 2007-ci il tarixdə doğulmuş X5 və 09 avqust 2012-ci il tarixdə doğulmuş X3 onun yanında saxlanılması qət edilmişdir. Nikahlarının pozulması zamanı məhkəmə iclasında cavabdeh uşaqlarının saxlanılmasını təmin etməyə söz verdiyi üçün aliment tələb etməmişdir. Lakin cavabdeh uşaqların saxlanılması üçün mənə maddi yardım göstərmir. Bundan başqa oğlu Röyal uşaqlıqdan “Uşaq serebral iflici. Qıcolma tutmaları ilə. Hemiparetik serebral iflic-sağ tərəfli hemiparez. MSS-nin üzvi xəstəliyi. Yaddaş və intelektin enməsi ilə” diaqnozu ilə xəstədir və o, ikinci dərəcə əlil olmaqla kənar qulluğa ehtiyacı var. Uşaqlıqdan bu vaxta kimi Röyala baxır, yeməyini yedirir, təmizliyinə baxır. Röyal daim dərman qəbul edir və hər ay fizioterapevtin müalicəsini alır. Royalın müalicəsinə hər ay təxminən 100 manat pul xərcləyir. Himayəsində kənar qulluğa ehtiyacı olan xəstə uşaq olduğu üçün özü işləyə bilmir, cavabdeh isə nə sağlam uşaqların saxlanılması, nə xəstə uşağın müalicəsi üçün ona pul ödəmir. Buna görə də iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçı ilə birgə nikahdan üç uşaqları anadan olmuşdur. İddiaçı ilə aralarındakı mübahisələrə görə ayrı yaşayırlar, azyaşlı uşaqları iddiaçının yanında yaşayır. İddiaçının ondan tələb etdiyi alimenti ödəmək iqtidarında deyil. İş üzrə tərəfləri izahatını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş X1 təsdiq edilmiş surətlərindən görünür ki, tərəflərin birgə nikahdan 03.06.2003-cü il tarixdə X7, 10.09.2007-ci il tarixdə X5 və 09.08.2012-ci il tarixdə X6 anadan olmuşdur. Məhkəməyə təqdim edilmiş Göyçay rayon Məhkəməsinin 07 dekabr 2021 -ci il tarixli 2(046)-1565/2021 saylı qətnaməsindən görünür ki, Cavabdeh oğlu ilə İddiaçı arasında 17.09.2002-ci il tarixdə Göyçay rayon Qeydiyyat şöbəsində 415 nömrəli qeyd ilə bağlanmış nikah pozulmuş, 10.09.2007-ci il tarixdə anadan olmuş X5 və 09.08.2012-ci il tarixdə anadan olmuş X6 İddiaçı yanında saxlanılmışdır. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş Tibbi-Sosial Ekspert Komissiyasinda sonuncu müayinəyə dair məlumatdan görünür ki, X7 əmək qabiliyyətsiz ikinci qrup əlildir. Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh ilə aralarında bağlanmış nikah pozulmuş, birgə nikahdan anadan olmuş X6 və X5 iddiaçının himayəsinə verilmişdir. Cavabdeh azyaşlı uşaqların saxlanması üçün iddiaçıya könüllü olaraq maddi köməklik göstərmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda, uşaqlarının saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Hənin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideyinin qazançı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazançın hamısının və ya bir hissəsinin həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazançın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə baxışı zamanı İddiaçı Cavabdeh iki uşağın saxlanması üçün hər ay hər uşağa görə 200 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsinə əsas verən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Uşaq hüquqları haqqında Azərbaycan Respublikası qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən.Həmin konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Bronda İtaliyaya qarşı” işi üzrə qərarda göstərilmişdir ki, hər bir işdə uşağın mənafeyinə uyğun olan vəziyyəti daha dəqiq müəyyən etmək lazımdır. Məhkəmə sabit pul məbləğində cavabdehdən tutulacaq alimentin miqdarını müəyyən edən zaman uşağın mənafeyini iddiaçının əmlak vəziyyətini və digər diqqətəlayiq halları nəzərə alır. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin konvensiyanın 27-ci maddəsinin 2 bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Bundan başqa iddiaçının yetkinlik yaşına çatmış 03.06.2003-cü il tarixdə anadan olmuş oğlu X4 göstərdiyi xidmətə dair Cavabdeh 100 manat məbləğində pulun alınaraq ona verilməsinə dair tələb üzrə məhkəmə hesab edir ki, 03.06.2003-cü il tarixdə anadan olmuş oğlu X7 18 yaşına çatmış və ikinci qrup əlildir. Qanunvericilkdə isə Ər və arvad birbirinə 18 yaşından yuxarı İ dərəcə əlilliyi olan uşağa görə maddi cəhətdən kömək etməlidirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən Ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2.4-cü maddəsinə əsasən 18 yaşından yuxarı İ dərəcə əlilliyi olan ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad. Buna görə də məhkəmə hesab edir ki, iddia qeyd edilən hissədə təmin edilə bilməz. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 10 sentyabr 2007ci il tarixdə anadan olmuş X2 və 09 avqust 2012-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə iddiaçı məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 07.02.2022-ci il tarixdən etibarən hər ay hər uşağa görə 150 manat olmaqla cəmi 300 manat sabit pul məbləğində aliment tutulmalı və qətnamə alimentlə bağlı hissədə dərhal icra edilməlidir. Məhkəməyə təqdim edilmiş 03.02.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən hüquqi yardım üçün Göyçay rayon Vəkil Bürosuna 100 manat xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda hüquqi yardım üçün iddiaçı tərəfindən vəkilə ödənilmiş 100 manat pul cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü və Dövlət rüsumu haqqında qanunun 8.1-ci maddəsinə əsasən Cavabdeh illik alimentin məcmuyu ilə dövlət rüsumu tutulmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 357 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 07.02.2022-ci il tarixdən başlayaraq 10 sentyabr 2007-ci il tarixdə anadan olmuş X2 və 09 avqust 2012-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 150 manat cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə verilsin. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə kecirilsin. Hüquqi yardım üçün ödənilmiş 100 manat pul Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamə alimentlə bağlı hissədə dərhal icraya yönəldilsin. Qətnamənin icrası Cavabdeh yaşadığı ərazi üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İddia qalan hisəddə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar