Məhkəmə qərarları › İş №2(046)-884/2024

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-884/2024

24.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-884/2024 24.05.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Allahverdiyeva Sevinc Elçin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə yaşadığı müddətdə xx.xx.2015-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanmasına görə hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2015-ci il tarixdə birgə nikaha daxil olmuşlar. Birgə nikahdan xx.xx.2015-ci il tarixdə X3 anadan olmuşdur. Cavabdeh ilə aralarında bağlanmış nikah Mingəçevir şəhər Məhkəməsinin qətnaməsi ilə pozulmuş, xx.xx.2015-ci il tarixdə anadan olmuş X2 onun yanında saxlanılması qət edilmişdir. Cavabdeh uşağın saxlanılması üçün ona zəruri maddi yardım göstərmir. Halbuki atanın uşağını saxlanılması üçün maddi yardım göstərmək, aliment ödəmək borcudur. Qeyd edir ki, azyaşlı uşağını vaxtı-vaxtında müayinə və müalicə edilməsində maddi imkansızlığa görə çox əziyyət çəkir. Azyaşlı uşağına baxdığı üçün işləyə bilmir. Bu səbəbdən çox acınacaqlı vəziyyətdə yaşayır. Bundan başqa bildirir ki, Cavabdeh işləyib əmək haqqı alır. Buna görə də xx.xx.2015-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməlidir. Alimentin alınması üçün ilkin Mediasiya Şurasına müraciət etmiş, mediasiya şurası tərəfindən ona arayış verilmişdir. Ancaq nəticəsi olmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdehə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi vasitəsilə məlumat verilmiş, lakin Cavabdeh məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Mingəçevir şəhər X1 Vüsal Vaqif oğlunun İddiaçı ilə olan nikahı ləğv edilmiş, xx.xx.2018-ci il tarixdə nikahın ləğv edilməsi haqqında 205 № akt qeydlər kitabında qeydiyyat edilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin xx.xx.2015-ci il tarixdə X3 adlı uşağı anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. “İkin mediasiya sessiyasına iştirak edilməməsi barədə” xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh isə iştirak etməmişdir. Məhkəmənin sorğusuna əsasən Mingəçevir şəhər Məhkəməsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, /1-2148/2024 nömrəli məktubun qoşmasından görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında xx.xx.2015-ci il tarixdə Mingəçevir şəhər Qeydiyyat şöbəsində 142 № ilə qeydə alınmış nikah pozulmuşdur. Birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X2 cavabdeh İddiaçı yanında qalması müəyyən edilmişdir. AZEMİS Elektron Məhkəmə İnformasiya Sisteminin gəlir məlumatları bölməsindən sorğulanmış çıxarışdan görünür ki, Cavabdeh Mingəçevir şəhər Yaşıllaşdırma və Sanitar- Təmizlik İdarəsində ixtisassız fəhlə işləməklə 403.70 manat əmək haqqı alır. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin : 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Uşaq Hüquqları haqqında Qanunun : 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə, prokurorluq və digər hüquq mühafizə orqanları, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 19-cu maddəsinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci bəndinə görə uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır («Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası qanununa görə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmənin mövqeyi: Valideynlər uşaqlarını saxlamağa borcludurlar. (Ailə Məcəlləsinin 75.1-ci maddəsi). Tərəflər arasında yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün aliment ödənilməsi barədə saziş bağlanmadığından və iddiaçının aliment tutulması barədə tələbi olduğundan aliment məhkəmə qaydasında tutulmalıdır. Məhkəmə alimentin miqdarını müəyyən edərkən aliment ödəməli olan Cavabdeh uşağını saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsinin olmasını, habelə əmlak vəziyyətini və Mingəçevir şəhər Yaşıllaşdırma və Sanitar-Təmizlik İdarəsində ixtisassız fəhlə işləməklə 403.70 manat əmək haqqı əldə etməsini nəzərə alıb, hesab edir ki, Cavabdeh xx.xx.2015-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün aliment alınaraq İddiaçı verilməlidir. Eyni zamanda tərəflərin maddi və ailə vəziyyətini, iddiaçının uşağın valideyni olaraq onu saxlamaq vəzifəsinin olmasını, bununla belə uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulacaq alimentin məbləği hər ay 200 manat sabit pul məbləğində müəyyən edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişini almasına baxmayaraq ona qarşı irəli sürülmüş iddia tələbinə etiraz etməmiş, tələb edilən məbləği mübahisələndirməmişdir. Belə olan halda məhkəmə, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulmasını işin mübahisələndirilməyən halı kimi qəbul etmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməsi üçün 60 manat məbləğində pul vəsaiti ödənilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası qanununun 36.5-ci maddəsinə əsasən mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə qeyd edir ki, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyindən iddiaçı müvafiq tələb irəli sürdüyündən ilkin mediasiya sessiyasında iştirak üçün iddiaçının çəkdiyi 60 manat xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçı ödəməkdən azad edildiyi 44 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülməlidir. Nəticə: Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq, xx.xx.2015-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. Qalan hissədə iddia təmin edilməsin. Məhkəmə xərcləri cavabdehə aid edilsin. 60 manat mediasiya xərci Cavabdeh alınaraq İddiaçı verilsin. Cavabdeh 44 manat məbləğində dövlət rüsumu alınaraq dövlət nəfinə keçirilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Göyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar