Məhkəmə qərarları › İş №2(046)-930/2022

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-930/2022

10.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-930/2022 10.03.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, aliment tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh birgə nikahdan anadan olmuş uşağın saxlanmaları üçün hər ay 170 manat sabit pul məbləğində aliment və bir uşağın 3 yaşına çatanadək saxlanması üçün hər ay 150 manat əlavə aliment tutularaq onun xeyrinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, cavabdeh ilə 29.09.2020-ci il tarixdə nikah bağlamışlar, birgə nikahdan 16.06.2021-ci il tarixdə X3 anadan olmuşdur. Aralarında bağlanmış nikah pozulmuşdur. Azyaşlı oğlu ilə birlikdə valideyinlərinə məxsus Ucar rayonunda yerləşən evdə yaşayır. Cavabdeh azyaşlı uşağın saxlanmasında heç bir maddi köməklik göstərmir. Buna görə də tələbin təmin edilməsin xahiş etmişdir. İş üzrə Cavabdeh iddianı qismən qəbul edərək göstərmişdir ki, iddiaçı ilə birgə nikahdan 16.06.2021-ci il tarixdə X3 anadan olmuşdur. Azyaşlı oğlu hazırda iddiaçının yanında qalır, iddiaçının tələb etdiyi 170 alimenti ödəmək iqtidarında deyil. Hər ay 100 manat aliment ödəyə bilər. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş Göyçay rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş X1 surətindən görünür ki, tərəflərin faktiki nikahdan 16.06.2021-ci il tarixdə X3 anadan olmuşdur. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, azyaşlı uşaq X3 İddiaçı yanında qalır, cavabdeh iddiaçıya könüllü olaraq aliment ödəmir. İddiaçı azyaşlı uşağına baxır, müstəqil qazancı yoxdur. Cavabdeh isə fərdi əməklə məşqul olur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda, uşaqlarının saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Hənin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideyinin qazançı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazançın hamısının və ya bir hissəsinin həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazançın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. Həmin Məcələnin 84.2.2-ci maddəsinə hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad qarşı tərəfdən maddi köməkliyi məhkəmə yolu ilə tələb edə bilər. Məhkəmə baxışı zamanı İddiaçı Cavabdeh bir uşağın saxlanması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin və azyaşlı uşağın üç yaşınadək saxlanması üçün 150 manat alimentin tutularaq onun xeyrinə ödənilməsinə əsas verən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Uşaq hüquqları haqqında Azərbaycan Respublikası qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 15.02.2022-ci il tarixdən başlayaraq 16.06.2021-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə hər ay hər uşağa görə 140 manat sabit pul məbləğində aliment və 16.06.2021-ci il tarixdə anadan olmuş X2 3 yaşına çatanadək hər ay 40 manat aliment tutularaq İddiaçı ödənilməlidir. Aliment dərhal icra edilməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü və Dövlət rüsumu haqqında qanunun 8.1-ci maddəsinə əsasən Cavabdeh illik alimentin məcmusu ilə dövlət rüsumu tutulmalıdır . Şərh olunanları və Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 357 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 15.02.2022-ci il tarixdən başlayaraq 16.06.2021-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə hər 140 manat sabit pul məbləğində aliment və 16.06.2021-ci il tarixdə anadan olmuş X2 3 yaşına çatanadək hər ay 40 manat aliment tutularaq İddiaçı verilsin. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə kecirilsin. Qətnamənin icrası Cavabdeh yaşadığı yer üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar