Məhkəmə qərarları › İş №2(047)-1378/2025

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №2(047)-1378/2025

29.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № 2(047)-1378/2025 29.01.2026 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, İddiaçı Mövlanverdiyeva (Həsənova) Məleykə Mirzaməmməd qızının iştirakı ilə, İddiaçı Mövlanverdiyeva (Həsənova) Məleykə Mirzaməmməd qızının Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Mövlanverdiyeva (Həsənova) Məleykə Mirzaməmməd qızı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması və məhkəmə qətnaməsinə əsasən tutulmalı olan aliment borcunun hesablanıb ona ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2026-cı il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iddiaçı Mövlanverdiyeva (Həsənova) Məleykə Mirzaməmməd qızı iddia tələbinin dəyişdirilməsinə dair ərizə təqdim edərək Cavabdeh birgə nikahlarından olan uşaqlarının yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 500 manat, cəmi 1000 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş və qeyd edilən ərizə məhkəmə tərəfindən mülki məhkəmə icraatına qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Mövlanverdiyeva (Həsənova) Məleykə Mirzaməmməd qızı izahat verərək bildirdi ki, o, Cavabdeh ilə xx.xx.2021-ci il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2021-ci il tarixdə X5 və xx.xx.2023-cü il tarixdə X7 adlı iki uşaqları anadan olmuşdur. Cavabdeh qarşı nikahın pozulması, uşaqların onun yanında qalması, aliment və əlavə xərcin tutulması tələbinə dair iddia qaldırmış, Laçın Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(047)-43/2024 saylı qətnaməsinə əsasən Cavabdeh ilə arasında xx.xx.2021-ci il tarixdə Ağcabədi Regional “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsində 103 nömrəli qeydlə bağlanmış nikahın pozulması, onların birgə nikahından xx.xx.2021-ci il tarixdə anadan olmuş X5 və xx.xx.2023-cü il tarixdə anadan olmuş X7 adlı uşaqların tərəflər arasında nikah pozulduqdan sonra onun yanında qalması, xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh xx.xx.2021-ci il tarixdə anadan olmuş X2 və xx.xx.2023-cü il tarixdə anadan olmuş X4 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 170 (bir yüz yetmiş) manat, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin və X4 müalicəsi üçün hər ay 40 (qırx) manat əlavə xərcin tutulub onun xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamə qət edildikdən sonra o, cavabdehlə barışdığı üçün icra və probasiya şöbəsində onun xeyrinə yığılmış aliment pulundan birdəfəlik imtina etmiş və artıq cavabdehlə barışdığını bildirərərək alimentə xitam verilməsini rəsmi qaydada bildirmişdir. O, icra və probasiya şöbəsinə müraciət edərək ərizəni geri götürmək istəsə də buna nail ola blməmiş, ona şifahi şəkildə izah olunub ki, bir daha məhkəməyə aliment tələbinə dair iddia ilə müraciət edə bilər. Məhkəmədən öncə o, mediasiya təşkilatına müraciət etmiş, mediasiya təşkilatı tərəfindən ona mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim edilmiş və bundan sonra məhkəməyə müraciət edə biləcəyi izah olunmuşdur. Cavabdeh öz qazancından uşaqların diqqətəlayiq ehtiyaclarının təmin olunması üçün heç bir vəsait ayrılmasını təmin etmir. Ona görə də məcbur olub yenidən məhkəməyə müraciət etmişdir. Odur ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə anadan olmuş X5 və xx.xx.2023-cü il tarixdə anadan olmuş X7 adlı uşaqlarının yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 500 manat, cəmi 1000 manat alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq mülki işə Cavabdeh iştirakı olmadan mahiyyəti üzrə baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materaiallarını araşdırıb hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş iki ədəd doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2021-ci il tarixdə X5 və xx.xx.2023-cü il tarixdə X7 adlı iki uşaqları anadan olmuşdur. İş materallarına əlavə edilmiş Laçın Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(047)- 43/2024 saylı qətnəməsindən görünür ki, iddiaçı X3 ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə Ağcabədi Regional “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsində 103 nömrəli qeydlə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından xx.xx.2021-ci il tarixdə anadan olmuş X5 və xx.xx.2023-cü il tarixdə anadan olmuş X7 adlı uşaqların tərəflər arasında nikah pozulduqdan sonra iddiaçının, yəni anaları X1 yanında qalması, xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh xx.xx.2021-ci il tarixdə anadan olmuş X2 və xx.xx.2023-cü il tarixdə anadan olmuş X4 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 170 (bir yüz yetmiş) manat, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin və X4 müalicəsi üçün hər ay 40 (qırx) manat əlavə xərcin tutulub X1 xeyrinə ödənilməsi qət edilmişdir. İş materallarına əlavə edilmiş Mövlanverdiyeva (Həsənova) Məleykə Mirzaməmməd qızının Bakı şəhər Xəzər rayon icra şöbəsinə təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizəsinin surətindən görünür ki, Cavabdeh ilə barışdığı üçün icra sənədinə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsi ilə xitam verilməsini xahiş etmişdir. İş materallarına əlavə edilmiş Bakı şəhər Xəzər rayon icra şöbəsinin xx.xx.2024-cü il tarixli icraata xitam verilməsi haqqında qərarından görünür ki, Laçın Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(047)-43/2024 saylı icra sənədinə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən xitam verilmişdir. İş materiallarına əlavə olunmuş mediator Camal Abbasov tərəfindən verilmiş xx.xx.2025ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixə saat 09:00-da keçirilməsi nəzərdə tutulan ilkin məcburi mediasiya sessiyasında iştirak etməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 2-ci bəndinə əsasən yardıma möhtac olanlara kömək etmək ilk növbədə onların ailə üzvlərinin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideyinlərindən məhkəmə tərəfindən iki uşağa görə qazancının (başqa gəlirlərin) üçdə biri miqdarında aliment tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağı əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həmdə bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə uşaqların saxlanılması ucun alimentin, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.1-ci maddəsinə əsasən aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş üzrə iddiaçı Mövlanverdiyeva (Həsənova) Məleykə Mirzaməmməd qızının Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulmasına dair ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə qeyd edilən hüquq normalarını və iddiaçının ərizəsini nəzərdən keçirib hesab edir ki, Cavabdeh xx.xx.2025-ci il tarixdən başlayaraq aliment tutulmalıdır. Bundan əlavə, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1ci maddəsinə əsasən ölkə üzrə təsdiq edilmiş yaşayış minimumu əmək haqqının, pensiyaların minimum məbləğinin, müavinətlərin, təqaüdlərin, digər ödənişlərin və ünvanlı dövlət sosial yardımın təyin edilməsi məqsədi ilə ehtiyac meyarının müəyyən edilməsinin əsasını təşkil edir. «Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən, 2025-ci il üçün ölkə üzrə minimum əmək haqqı 400 manat məbləğində müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmçinin, nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8 nömrəli qərarının 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Məhkəmə iddiaçının iddia ərizəsində göstərdiyi xüsusatlara hüquqi qiymət verərək belə hesab edir ki, iddiaçı Mövlanverdiyeva (Həsənova) Məleykə Mirzaməmməd qızı iki uşağın saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 500 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsini tələb etsə də, öz tələbini əsaslandıran halları, yəni cavabdehin qeyd edilən aliment məbləğini ödəməyə maddi cəhətdən imkanının olmasını təsdiq edən subutları məhkəməyə tam təqdim edə bilməmişdir. Məhkəmə eyni zamanda hesab edir ki, uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən (atadan) tutulan alimentin miqdarı müəyyən edilərkən uşağın maraqlarını və mənafeyini əks etdirən bütün diqqətəlayiq hallar xüsusən nəzərə alınmalı və atanın bir valideyn kimi uşağın maddi cəhətdən təmin edilməsində daha aktiv şəkildə iştirak etməsini səciyyələndirən xüsusatlar əsas götürülməlidir. Alimentin miqdarının müəyyən edilməsi zamanı əsas meyar kimi uşağın maddi təminatının normal səviyyədə təmin edilməsi təşkil etməlidir. Alimentin miqdarını müəyyən edərkən, uşağın tərbiyəsində və saxlanmasında ananın üzərinə daha çox yükün düşdüyünü, bu baxımdan cavabdehin (atanın) uşağın maddi təminatının təmin edilməsində daha fəal iştiraka cəlb edilməsi və habelə cavabdehin maddi vəziyyəti ilə əlaqədar halları nəzərə alınmalıdır. Bu səbəbdən əsas diqqət yetkinlik yaşına çatmamış uşağın mənafeyinə, uşağın maddi cəhətdən təmin olunmasına yönəlməli, həmçinin Azərbaycan Respublikasında 2025-ci il üçün mimimum əmək haqqının 400 manat, eyni zamanda cavabdehin qazancının qeyri-müntəzəm olmasını nəzərə alaraq, məhkəmə belə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, yəni xx.xx.2025ci il tarixdən başlayaraq xx.xx.2021-ci il tarixdə anadan olmuş X2 və xx.xx.2023-cü il tarixdə anadan olmuş X4 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün Cavabdeh iddiaçı Mövlanverdiyeva (Həsənova) Məleykə Mirzaməmməd qızının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində (400 x 0,45 = 180 manat) sabit pul məbləğində aliment tutulmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-ci maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.1-ci maddəsinə əsasən bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə iş üzrə araşdırılmış subutlara məcmu qaydada hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, yəni xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2021-ci il tarixdə anadan olmuş X2 və xx.xx.2023-cü il tarixdə anadan olmuş X4 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün Cavabdeh iddiaçı Mövlanverdiyeva (Həsənova) Məleykə Mirzaməmməd qızının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində (400 x 0,45 = 180 manat) sabit pul məbləğində aliment tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməli və qətnamə dərhal icraya yönəldilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-78, 100-cü maddələrini, Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. 11 dekabr 2025-ci il tarixdən başlayaraq xx.xx.2021-ci il tarixdə anadan olmuş X2 və xx.xx.2023-cü il tarixdə anadan olmuş X4 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün Cavabdeh iddiaçı Mövlanverdiyeva (Həsənova) Məleykə Mirzaməmməd qızının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia tələbi qalan hissədə isə rədd edilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar