Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № 2(047)-181/2025 11.03.2025 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı Bakı 6 saylı Mediasiya Təşkilatında təsdiq edilmiş xx.xx.2024-cü il tarixli barışıq sazişinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı Bakı 6 saylı Mediasiya Təşkilatında təsdiq edilmiş xx.xx.2024-cü il tarixli barışıq sazişinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verib iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə Bakı 6 saylı Mediasiya təşkilatında Cavabdeh ilə xx.xx.2010-cu il tarixdə bağladığı nikahın 3 ay vaxt verilmədən pozulması, azyaşlı övladları xx.xx.2011-ci il təvəllüdlü X3, xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X1 analarının yanında saxlanılması və onların saxlanılması üçün Cavabdeh hər ay ümumilikdə 705 (yeddi yüz beş) manat məbləğində alimentin verilməsi ilə bağlı razılığa gələrək MSB/6-01481 saylı barışıq sazişi bağlamış, barışıq sazişi bağlayarkən bununla bağlı ona ətraflı məlumat verilməmiş, əslində alimentin məbləğinin, uşaqların kimin yanında saxlanılmasının nikahın pozulması ilə eyni vaxtda baxılan iş olması ona izah edilməmişdir. Ona bildirilmişdir ki, hazırda hər uşağa verilən alimentin məbləği 235 (iki yüz otuz beş) manatdır və o, minimum olaraq 705 (yeddi yüz beş) manat məbləğində aliment ödəməlidir. Mediasiya prosesi zamanı mediatora hüquqi anlayışının olmamasını və ümumilikdə aldığı 660 (altı yüz altmış) manat əmək haqqının bu məbləğin ödənilməsi üçün yetərli olmamasını və onu tamamilə əlverişsiz vəziyyətə salacağını deməyinə rəğmən, mediator bütün hallarda 705 (yeddi yüz beş) manat məbləğində aliment verməli olduğunu bildirmişdir. Yuxarıda qeyd etdiyi kimi, onun kifayət qədər hüquqi anlayışının olmamasından, təbii olaraq nikah pozularkən onsuz da aliment və uşaqların kimin yanında saxlanılacağı kimi məsələlərin həll ediləcəyi ilə əlaqədar məlumatı yox idi. Əks halda məhəkəmənin görəcəyi iş üçün əlavə olaraq mediatora 261 (iki yüz altmış bir) manat vəsaiti də ödəməzdi. Lakin sonradan ona izah edildi ki, Azərbaycan Respublikasının Ailə qanunvericiliyinə əsasən 3 uşağa görə alimentin məbləği qazancın (başqa gəlirlərin) 50 (əlli) faizi həcmində olmalıdır. Belə olan halda, başqa gəlirlər mənbəyinin olmaması və əmək haqqının sadəcə 660 (altı yüz altmış) manat məbləğində olmasından aşkardır ki, barışıq sazişi onu tamamilə əlverişsiz vəziyyətə salmışdır. Başa düşür ki, saziş tərəflərin iradə ifadəsinin göstəricisidir, amma yəqin heç birinə sirr deyil ki, heç kəs özünü əlverişsiz vəziyyətə salan sazişi könüllü olaraq imzalamaz. Onun bu sazişi imzalamağının ən böyük səbəbi məhz ona mediasiya prosesində başqa çıxış yolunun olmamasının deyilməsidir, halbuki, mediator bununla bağlı onu məlumatlandıra bilərdi. O, hazırda Laçın Rayon Məhkəməsində nikahın pozulması tələbinə dair iddia qaldırmış və orada da həm uşaqların kimin yanında qalması, həm də aliment məsələsinə münasibət bildirilməsini istəyir. Buna görə də qeyd edilən barışıq sazişinin etibarsız hesab edilməsinə zərurət yaranmışdır. Odur ki, Cavabdeh ilə bağladığı xx.xx.2024-cü il tarixli, MSB/6-01481 nömrəli barışıq sazişinin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş mediasiya xidməti göstərən mediator X4 tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, AZ 581506 nömrə ilə qeydə alınmış nikahın məhkəmə vasitəsilə üç ay vaxt verilmədən pozulması, birgə nikahdan anadan olmuş xx.xx.2011-cü il tavəllüdlü X3, xx.xx.2012-ci il tavəllüdlü X2 və xx.xx.2016-cı il tavəllüdlü X1 Cavabdeh himayəsində qalması, uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər hər uşağa 235 manat, cəmi 705 manat alimentin tutulması və iddiaçının sərbəst şəkildə uşaqları ilə ünsiyyətdə olması barədə tərəflər öz aralarında razılığa gəlmişlər. İş materiallarına əlavə olunmuş çıxarışdan görünür ki, İddiaçı "xxxx" ASC-də SƏB üzrə elektrik montyoru vəzifəsində işləyir və onun aldığı əmək haqqı 660 manat təşkil edir. Bundan başqa, Azərbaycan Republikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinin tələblərinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Republikasının Mülki Məcəlləsinin 337.2-ci maddəsinin tələblərinə görə əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Azərbaycan Republikasının Mülki Məcəlləsinin 337.3-cü maddəsinin tələblərinə görə əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Azərbaycan Republikasının Mülki Məcəlləsinin 337.4-cü maddəsinin tələblərinə görə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Republikasının Mülki Məcəlləsinin 337.5-ci maddəsinin tələblərinə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Azərbaycan Republikasının Mülki Məcəlləsinin 339.3-cü maddəsinin tələblərinə görə aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Azərbaycan Republikasının Mülki Məcəlləsinin 339.6-cı maddəsinin tələblərinə görə bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Bundan başqa, «Mahmudov Rusiyaya qarşı» iş uzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, «sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 100-cu maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, məhkəmə araşdırmaları zamanı iş üzrə tədqiq edilmiş sübutlarla və qeyd edilən münasibətlərə tətbiq edilməli olan hüquq normalarının tələblərinə əsasən belə müəyyən olundu ki, Bakı 6 saylı Mediasiya Təşkilatının mediatoru X4 tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli barışıq sazişinə əsasən İddiaçı ilə Cavabdeh arasında qeydə alınmış nikahın məhkəmə vasitəsilə üç ay vaxt verilmədən pozulması, birgə nikahdan anadan olmuş xx.xx.2011-cü il tavəllüdlü X3, xx.xx.2012-ci il tavəllüdlü X2 və xx.xx.2016-cı il tavəllüdlü X1 Cavabdeh himayəsində qalması, uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər hər uşağa 235 manat, cəmi 705 manat alimentin tutulması və iddiaçının sərbəst şəkildə uşaqları ilə ünsiyyətdə olması barədə tərəflər öz aralarında razılığa gəlmişlər. Bundan sonra isə İddiaçı kifayət qədər hüquqi anlayışının, eyni zamanda nikah pozularkən onsuz da aliment və uşaqların kimin yanında saxlanılacağı kimi məsələlərin həll ediləcəyi ilə əlaqədar məlumatının olmaması, həmçinin cavabdeh ilə arasında barışıq sazişi bağlanılarkən, bununla bağlı mediator tərəfindən ona ətraflı məlumat verilməməsi səbəblərinə görə Cavabdeh qarşı aralarında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də iddia ərizəsində göstərdiyi xüsusatlara dair məhkəməyə hər hansı bir mötəbər sübutları təqdim edə bilməmişdir. Sadalananlara əsasən də belə müəyyən olunur ki, tərəflər arasında həqiqətən də hər iki tərəfin sərbəst iradə ifadəsini əks etdirən bir barışıq sazişi bağlanmışdır. Qeyd olunanlara əsasən də məhkəmə belə hesab edir ki, Bakı 6 saylı Mediasiya Təşkilatının mediatoru X4 tərəfindən təsdiq edilən və İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin etibarsız hesab edilməsinə dair İddiaçı iddia tələbinin təmin edilməməsi qanuni və əsaslıdır. Bundan əlavə, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə subutların məcmusuna hüquqi qiymət verib, onda yaranmış daxili inam əsasında belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməməli, İddiaçı Cavabdeh qarşı Bakı 6 saylı Mediasiya Təşkilatında təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, MSB/6-01481 nömrəli barışıq sazişinin etibarsız hesab edilməsinə dair iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilməsin. İddiaçı Cavabdeh qarşı Bakı 6 saylı Mediasiya Təşkilatında təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, MSB/6-01481 nömrəli barışıq sazişinin etibarsız hesab edilməsinə dair iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cavad İbrahimov
Məhkəmə qərarları › İş №2(047)-181/2025
Laçın Rayon Məhkəməsi Qətnamə — İş №2(047)-181/2025
11.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver