Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № 2(047)-29/2024 11.03.2024 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, İddiaçı və Cavabdeh MMC-nin direktoru X3 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı əmək haqqının ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh MMC-yə qarşı əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, o, 01 sentyabr 2018-ci il tarixdən "xxxx" MMC-də (VÖEN **********) 60 saylı marşrutda sürücü işləmiş, işə qəbul olunan gün əmək kitabçasını əmək müqaviləsi bağlanılması üçün müəssisənin rəhbərliyinə təqdim etmiş, ona 300 (üç yüz) manat əmək haqqı təyin edilmiş, lakin işlədiyi müddət ərzində bir dəfə də olsun ona əmək haqqı ödənilməmişdir. 2023-cü ilin yanvar ayında o, işlədiyi dövrlər üçün əmək haqqı tələb etmiş, məhz buna görə də xx.xx.2023-cü il tarixindən ona işdən azad olunduğunu bildirmişlər. Bununla əlaqədar o, X5 Xidmətinin Bakı şəhər idarəsinə müraciət etmiş, əmək müfəttişliyinin 13 mart 2023-cü il tarixli, 3-17-5/2 M 8301/2023 saylı məktubunda ona iş vaxtından əlavə istirahət günləri də işlədiyi, lakin buna görə əmək haqqı ödənilmədiyi və əmək müqaviləsi olmadan işlədildiyinin aşkar olunduğu qeyd edilmiş, buna görə də işəgötürən barəsində müvafiq tədbirlər görüldüyü bildirilmişdir. O, işlədiyi müddətdə ödənilməyən əmək haqqının ödənilməsi üçün müəssisənin rəhbərliyinə müraciət etmiş, lakin tədbir görülmədiyi üçün mediasiya təşkliatına müraciət etmiş, həmin təşkilatda da problem həll olunmamış, bu barədə ona MŞB/16-00870 saylı, xx.xx.2023-cü il tarixli mediasiya arayışı təqdim edilmiş və tələb olunan mediasiya xərci onun tərəfindən ödənilmişdir. Ona görə də 01 sentyabr 2018-ci ildən 25 yanvar 2023-cü ilə qədər müddət üçün (53 ay x 300 manat = 15900 manat) ödənilməmiş 15900 (on beş min doqquz yüz) manat məbləğində əmək haqqının Cavabdehndən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin direktoru X4 izahatında bildirmişdir ki, o, iddia ərizəsinin surətini almış və oxuyub tanış olmuşdur. İddia tələbini qəbul etmir. Belə ki, cavabdeh İddiaçı eyni məzmunlu ərizə ilə, yəni əmək müqaviləsi olmadan, əmək haqqı ödənilmədən 2018-ci ildən Cavabdeh MMC-də işləməsi barədə Əmək Müfəttişliyinin Bakı şəhər İdarəsinə şikayət ərizəsi ilə müraciət etmiş, həmin idarə isə heç bir araşdırma aparmadan mötəbər mənbələrə istinad etmədən qərəzli olaraq xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC barədə İXM-nin 192.1-ci maddəsinə əsasən ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Laçın Rayon Məhkəməsinə göndərmişdir. Laçın Rayon Məhkəməsi də eyni qaydada əlavə heç bir araşdırma aparmadan xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC barədə 20.000 manat miqdarında inzibati cərimə tənbehi tətbiq etmişdir. Bundan sonra Laçın Rayon Məhkəməsinin 13 aprel 2023-cü il tarixli 3(047)48/2023 saylı qərarından Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına onlar tərəfindən müraciət edilmiş və Şirvan Apellyasiya Məhkəməsi Laçın Rayon Məhkəməsinin 13 aprel 2023-cü il tarixli, 3(047)-48/2023 saylı qərarını ləğv edərək Cavabdeh MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən xitam vermişdir. Şirvan Apellyasiya Məhkəməsində məhkəmə prosesində təqdim olunmuş mötəbər sənədlər əsasında sübut olunmuşdur ki, İddiaçı yazdığı şikayətlər tam əsassız və qərəzlidir. Belə ki, o, iddia edib ki, 2018-ci ildən Cavabdeh MMC-də sürücü işləyib və 2023-cü ilin yanvar ayına qədər heç bir əmək haqqı ilə təmin olunmamışdır. Hansı ki, Cavabdeh MMC Bakı Nəqliyyat Agentlyinin sərəncamı əsasında 12 mart 2020-ci ildən fəaliyyətə başlamışdır. İddiaçı isə xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilə qədər rəsmi olaraq Cavabdeh MMC-də sürücü işləmiş, lakin işə gəlmədiyi üçün birtərəfli olaraq xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. Əmək haqqının hesablanması və ödəniş cədvəllərinə əsasən İddiaçı Cavabdeh MMC-də işlədiyi 2022-ci ilin sentyabr, oktyabr, noyabr və dekabr aylarında əmək haqqı almış, lakin 2023-cü ilin yanvar ayına olan 64 manat son əmək haqqını isə təhvil almadığına görə həmin məbləğ Azərpoçt MMC-nin ********* nömrəli qəbzi ilə onun yaşadığı ünvana göndərilmişdir. Eyni zamanda Cavabdeh MMC-nin müdafiəçisi Şirvan Regional Vəkillər Bürosunun vəkili X1 Bakı Nəqliyyat Agentliyinə və "xxxx" MMC-yə verdiyi sorğu əsasında məlum olmuşdur ki, İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər həqiqətən də "xxxx" MMC-də sürücü vəzifəsində işləmişdir. Təkrar verilmiş sorğu əsasında İddiaçı 01 may 2022-ci il tarixdən 01 iyun 2022-ci ilə qədər müddətdə də "xxxx" MMC-də ay ərzində işdə olmağı da rəsmi cavabda təsdiq edilmişdir. Odur ki, qeyd etdiklərinin nəzərə alınaraq iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları araşdırıb sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş 8 saylı Ərazi Vergilər İdarəsinin məlumatından və Bakı Nəqliyyat Agentliyinin xx.xx.2020-ci il tarixli sərəncamının surətindən görünür ki, Cavabdeh MMC xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmış, lakin 60 nömrəli marşrut üzrə sərnişindaşıma xidmətinin göstərilməsi xx.xx.2020-ci il tarixdən Cavabdeh MMC-nə həvalə edilmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC-nin məktubundan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər həqiqətən də "xxxx" MMC-də sürücü vəzifəsində işləmişdir. İş materiallarına əlavə olunmuş əmrin, əmək müqaviləsinin və əmək müqaviləsi bildirişinin surətlərindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən Cavabdeh MMC-də sürücü vəzifəsinə işə qəbul olunmuşdur. İş materiallarına əlavə olunmuş əmək haqqının ödənilməsi cədvəllərindən görünür ki, İddiaçı 2022-ci ilin sentyabr, oktyabr, noyabr və dekabr ayları üzrə əmək haqqının ödənilməsi cədvəllərinə imza edərək sentyabr ayı üzrə 109,62 manat digər aylar üzrə isə hər ay 276,50 manat məbləğində əmək haqqını almışdır. İş materiallarına əlavə olunmuş Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli, 02/23-XX nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmrindən və xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh MMC-nin sürücüsü İddiaçı əmək müqaviləsi üzrə üzərinə düşənləri yerinə yetirmədiyinə və əmək intizamını kobud şəkildə pozduğu üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “e” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh MMC tərəfindən tərtib edilmiş cədvəldən və müvafiq poçt qəbzindən görünür ki, İddiaçı son haqq hesab olaraq hesablanmış 63,89 manat pul vəsaiti poçt vasitəsilə onun ünvanına göndərilmişdir. İş materiallarına əlavə olunmuş Laçın Rayon Məhəməsinin xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, Cavabdeh MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 20000 (iyirmi min) manat miqdarında inzibati cərimə tənbehinin tətbiq edilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, barəsində inzibati qərar qəbul edilmiş hüquqi şəxs Cavabdeh MMC-nin direktoru X4 tərəfindən verilmiş şikayətin təmin olunması, Laçın Rayon Məhəməsinin xx.xx.2023-cü il tarixli qərarının ləğv olunması və Cavabdeh MMCnin barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən xitam verilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş mediator X6 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı Cavabdeh MMC-yə qarşı əmək haqqı mübahisəsi üzrə mediatora müraciət etmiş, lakin tərəflər xx.xx.2023-cü il tarixə saat 15:00-16:00-da keçirilən ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməsi barədə razılığa gəlməmişlər. İş materiallarına əlavə olunmuş məhkəmə ekspertizası mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mülki işin 93-94-cü vərəqələrində olan sentyabr, oktyabr və dekabr 2022-ci il tarixlərə dair əmək haqqının hesablanması və ödəniş cədvəlinin 27-ci, 12-ci və 8-ci sıralarında “imzalar” qrafalarında İddiaçı adından olan imzalar-İddiaçı tərəfindən icra olunmuşdur. Mülki işin 98-97-ci vərəqələrində olan noyabr 2022-ci il tarixə dair əmək haqqının hesablanması və ödəniş cədvəlinin (əlavə-02) 9-cu sırasında “imzalar” qrafasında İddiaçı adından olan imzanın- İddiaçı tərəfindən icra olunub-olunmamasını tədiqat prosesinin təsviri hissəsində göstərilən səbəblərdən müəyyən etmək mümkün olmamışdır. Bundan başqa, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin “d” bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci və 2-ci hissəsinə əsasən əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə görə aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əmək haqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinə əsasən işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 288-ci maddəsinin 1-ci hissəsinin "d" yarımbəndinə əsasən əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli Əmək Məcəlləsi ilə nizama salınır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin 1-ci hissəsinə əsasən bu maddənin ikinci hissəsində (Kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır) nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən təqdim edilir və bununla əlaqədar, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsi). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması göstərilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra - Avropa Məhkəməsi) məhkəmələr tərəfindən ədalətli məhkəmə araşdırılması hüququ ilə bağlı irəli sürülən tələblərə əməl edilməməsini həmin hüququn pozulması kimi qəbul edərək bir sıra qərarlarında bununla bağlı öz hüquqi mövqeyini ifadə etmişdir. Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığı hallarda, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Kuznetsov və digərlərinin işləri üzrə 21 yanvar 2007-ci il tarixli Qərar). Sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Avropa Məhkəməsi xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur (Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli Qərar). Konstitusiya Məhkəməsinin Plenumu ədalətli məhkəmə araşdırılması hüququ ilə bağlı bir sıra qərarlarında Avropa Məhkəməsinin hüquqi mövqeyinə oxşar mövqelər formalaşdırmışdır. Belə ki, E.Həkimovun şikayəti üzrə 3 noyabr 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Bu hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquq və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Beləliklə də mülki işin məhkəmədə araşdırılan halları ilə müəyyən edilmişdir ki, Cavabdeh MMC xx.xx.2019-cu il tarixdə 8 saylı Ərazi Vergilər İdarəsində qeydiyyata alınmış, lakin Bakı Nəqliyyat Agentliyinin xx.xx.2020-ci il tarixli sərəncamına əsasən İddiaçı iddia ərizəsində qeyd etdiyi sürücü kimi işlədiyi 60 nömrəli marşrut üzrə sərnişindaşıma xidmətinin göstərilməsi isə xx.xx.2020-ci il tarixdən Cavabdeh MMC-nə həvalə edilmişdir. Bundan sonra İddiaçı xx.xx.2022-ci il tarixdən Cavabdeh MMC-də sürücü vəzifəsinə işə qəbul olunmuş, Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli 02/23-XX nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmrinə əsasən Cavabdeh MMC-nin sürücüsü İddiaçı əmək müqaviləsi üzrə üzərinə düşənləri yerinə yetirmədiyinə və əmək intizamını kobud şəkildə pozduğu üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2ci maddəsinin “e” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən xitam verilmiş və iddiaçı həmin MMC-də işlədiyi dövrdə, yəni 2022-ci ilin sentyabr, oktyabr, noyabr və dekabr ayları üzrə əmək haqqının ödənilməsi cədvəllərinə imza edərək sentyabr ayı üzrə 109,62 manat digər aylar üzrə isə hər ay 276,50 manat məbləğində əmək haqqını almış, 2023-cü ilin yanvar ayı üzrə İddiaçı son haqq hesab olaraq hesablanmış 63,89 manat pul vəsaiti isə poçt vasitəsilə onun ünvanına göndərilmişdir. Eyni zamanda məhkəmə baxışı iclasında İddiaçı əmək haqqının ödənilməsi cədvəllərinə imza etmədiyini və buna görə də həmin aylar üzrə əmək haqqı almadığını bildirsə də məhkəmə tərəfindən təyin edilmiş məhkəmə xətşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən ekspertizaya təqdim edilmiş, mülki işin 93-94-cü vərəqələrində olan sentyabr, oktyabr və dekabr 2022-ci il tarixlərə dair əmək haqqının hesablanması və ödəniş cədvəlinin 27-ci 12-ci və 8-ci sıralarında “imzalar” qrafalarında İddiaçı adından olan imzaların İddiaçı tərəfindən icra olunduğu müəyyən olunmuş, lakin 98-97-ci vərəqələrində olan noyabr 2022-ci il tarixə dair əmək haqqının hesablanması və ödəniş cədvəlinin 9-cu sırasında “imzalar” qrafasında İddiaçı adından olan imzanın isə İddiaçı tərəfindən icra olunub-olunmamasını tədiqat prosesinin təsviri hissəsində göstərilən səbəblərdən, yəni tədqiq olunan imzada qrafiq materialın azlığı, cizgilərin sadəliyi, həm uyğunlaşdırıcı, həm də fərqləndirici əlamətlərin olması müqayisə vaxtı imkan vermədiyindən həmin imzanın İddiaçı tərəfindən icra olunub-olunmaması haqqında qəti (müsbət və ya mənfi) bir rəyə gəlmək mümkün olmamışdır. Belə olan halda isə məhkəmə hesab edir ki, BUS TRANS” MMC tərəfindən 2022-ci ilin noyabr ayı üçün İddiaçı hər hansı bir əmək haqqı məbləği ödənilməmişdir. Bundan başqa məhkəmə araşdırmaları zamanı İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər həqiqətən də "xxxx" MMC-də sürücü vəzifəsində işlədiyi də müəyyən olunmuşdur. Həmçinin İddiaçı məhkəmə araşdırmaları zamanı xx.xx.2018-ci il tarixdən Cavabdeh MMC-də işə qəbul olunaraq işləməsi barədə məhkəməyə hər hansı bir mötəbər sübut da təqdim edə bilməmişdir. Belə ki, İddiaçı şikayəti əsasında Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX-nin Bakı şəhər idarəsi tərəfindən Cavabdeh MMC barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Laçın Rayon Məhkəməsinə göndərilmiş və həmin məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə Cavabdeh MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 20000 (iyirmi min) manat miqdarında inzibati cərimə tənbehinin tətbiq edilməsi qərara alınsa da, lakin Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Laçın Rayon Məhəməsinin xx.xx.2023-cü il tarixli qərarının ləğv olunması və Cavabdeh MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən xitam verilməsi qərara alınmışdır. Qeyd edilənlərə əsasən də belə müəyyən olunmuşdur ki, İddiaçı yalnız xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Cavabdeh MMC-də sürücü vəzifəsində işləmiş və 2022-ci ilin noyabr ayında iddiaçıya ödənilməli olan 276,50 manat əmək haqqından başqa digər ayların əmək haqqı, həmçinin İddiaçı işlədiyi müddət ərzində son haqq hesab olaraq hesablanmış 63,89 manat pul vəsaiti BUS TRANS” MMC tərəfindən İddiaçı ödənilmişdir. Göstərilənlərə əsasən də məhkəmə iddia tələbinin qismən təmin edilərək Cavabdeh MMCdən ödənilməmiş qalan 276,50 manat əmək haqqı məbləğinin tutulub İddiaçı ödənilməsini və iddia tələbinin qalan hissədə isə təmin edilməməsini qanuni və əsaslı hesab edir. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək və onda yaranmış daxili inam əsasında belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh MMC-dən ödənilməmiş qalan 276,50 manat məbləğində əmək haqqı alınıb İddiaçı verilməli və iddia tələbi qalan hissədə isə əsassız olduğundan təmin edilməməlidir. Eyni zamanda iş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-4/1873 nömrəli ekspertiza tədqiqatının dəyəri olan 110 (bir yüz on) manat ekspertiza xərcinin 100 manatı İddiaçı və 10 manatı isə Cavabdeh MMC-dən alınıb Dövlət büdcəsinin Az.MEM, VÖEN **********, Hesab AZ34CTRE 00000000 **********01, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ0136 **********003944, S.W.İ.F.T. Bik CTREAZ 22 saylı hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh MMC-dən ödənilməmiş qalan 276,50 (iki yüz yetmiş altı manat əlli qəpik) manat məbləğində əmək haqqı alınıb İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə isə rədd edilsin. İş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-4/1873 nömrəli ekspertiza tədqiqatının dəyəri olan 110 (bir yüz on) manat ekspertiza xərcinin 100 (bir yüz) manatı İddiaçı və 10 (on) manatı isə Cavabdeh MMC-dən alınıb Dövlət büdcəsinin Az.MEM, VÖEN **********, Hesab AZ34CTRE **********00020 88501, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ0 136**********003944, S.W.İ.F.T. Bik CTREAZ 22 saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Cavad İbrahimov
Məhkəmə qərarları › İş №2(047)-29/2024
Laçın Rayon Məhkəməsi Qətnamə — İş №2(047)-29/2024
11.03.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver