Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № 2(047)-303/2024 20.06.2024 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Muradov (Muradzadə) Oktay Saday oğluna qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Muradov (Muradzadə) Oktay Saday oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verib iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, o, Bərdə rayon tikinti materialları bazarında tikinti materialları sataraq ailəsini dolandırmışdır. Lakin 2022-ci ilin avqust ayında maliyyə problemləri olduğu üçün tikinti materiallarının satışını dayandırmaq məcburiyyətində qalmış, onun qonşuluğunda tikinti materiallarının satışı ilə məşğul olan Muradov (Muradzadə) Oktay Saday oğlu qalan materialların ona verilməsini ondan xahiş etmiş, o, da qalan materialların dəyərini Oktayla birlikgə 25000 manata razılaşaraq həmin tikinti materiallarını cavabdehə təhvil vermiş, Oktay materialları təhvil götürdükdən sonra elə həmin gün axşamüstü 25000 manat pulu ona verəcəyini bildirmiş, ancaq Oktay sözünə əməl etməmiş və pulunu ödəməmişdir. Bundan sonra Oktay təxminən 3-4 ay ərzində 15200 manat ödəniş etmiş, lakin daha sonra isə qalan 9800 manat pulun ödənilməsindən imtina etmişdir. Bu barədə onlar arasında dəfələrlə mobil telefon vasitəsilə danışıqlar olmuş və həmin diski o, məhkəməyə təqdim etmişdir. Bununla bağlı dəfələrlə ödənilməmiş qalan 9800 manat pulunun qaytarmasını tələb etsə də nəticəsi olmamışdır. Cavabdeh hər dəfə onun pulunu qısa müddətə qaytaracağına söz versə də sözünə əməl etməmiş və qalıq qalan pulunu geri qaytarmamışdır. Bundan sonra yenə də dəfələrlə cavabdehlə mobil telefonla danışmış, evinə getmiş, bu barədə qardaşına və dayısına bildirsə də heç bir nəticəsi olmamışdır. Hətta 2023-cü ilin aprel ayında Oktayın onu aldadaraq ələ keçirdiyi tikinti materiallarını geri qaytarmaq istədikdə Oktay və onun dostları onu təhqir edərək döymüşlər. Bu barədə aidiyyatı qurumlara şikayət ərizəsi ilə də müraciət etmişdir. Bundan başqa bildirir ki, cavabdehin təqsiri ucbatından o, 400 manat əlavə pul da xərcləmişdir. Odur ki, cavabdeh Muradov (Muradzadə) Oktay Saday oğlundan 9800 manat pulun və əlavə xərcə görə 400 manat pulun, cəmi 10200 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İş üzrə cavabdeh Muradov (Muradzadə) Oktay Saday oğluna məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının vəsatətinə əsasən şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, İddiaçı onun yanında işlədiyi üçün tanıyır. Əsl həqiqəti üzə çıxarmaq üçün könüllü ifadə vermək istəyir. Belə ki, İddiaçı Bərdə rayon tikinti materialları bazarında tikinti materialları satmaqla məşğul olurdu. Lakin 2022-ci ilin avqust ayında maliyyə problemləri olduğu üçün İddiaçı tikinti materiallarının satışını dayandırmaq məcburiyyətində qaldı və onun qonşuluğunda tikinti materiallarının satışı ilə məşqul olan Muradov (Muradzadə) Oktay Saday oğlu isə Azərdən qalan materialları 25000 manata ona satmasını xahiş etmiş və Azər də bununla razılaşandan sonra o da X1 ilə birlikdə İddiaçı kömək edərək həmin tikinti materiallarını aparıb Muradov (Muradzadə) Oktay Saday oğlunun obyektinə yığmışlar. Lakin Muradov (Muradzadə) Oktay Saday oğlu qeyd edilən materiallarının pulunu həmin günü axşam ödəməyə söz versə də, qeyd edilən məbləği ödəməmiş, bundan sonra həmin puludan hissə-hissə ödənişlər etmiş və hal-hazırda Muradov (Muradzadə) Oktay Saday oğlunun İddiaçı 9800 manat borcu qalmışdır. Məhkəmə iclasında iddiaçının vəsatətinə əsasən şahid qismində dindirilmiş X1 da digər şahid X3 ilə eyni məzmunlu ifadə verərək göstərilənləri bir daha təsdiq etmişdir. Məhkəmə iddiaçının izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına iddiaçı tərəfindən əlavə olunmuş diskə baxış keçirilməsindən görünür ki, İddiaçı ilə cavabdeh Muradov (Muradzadə) Oktay Saday oğlu arasında mobil telefon vasitəsilə müxtəlif vaxtlarda müxtəlif məzmunlu danışıqlar olmuş, həmin danığıqlar zamanı Muradov (Muradzadə) Oktay Saday oğlu İddiaçı 25000 manat dəyərində tikinti materiallarını aldığını və onun hal-hazırda İddiaçı 9800 manat borcu qaldığını etiraf etmişdir. İş materiallarına əlavə edilmiş 8 saylı ƏVİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan və elektron məhkəmə informasiya sistemindən edilmiş çıxarışlardan görünür ki, İddiaçı vergi ödəyicisi kimi uçotda olmasına dair məlumatlar aşkar edilməmiş, lakin Muradov (Muradzadə) Oktay Saday oğlu isə 11 saylı ƏVİ-də təsərrüfat mallarının pərakəndə satışı ilə məğgul olması barədə uçotda olsa da hal-hazırda fəaliyyətini müvəqqəti dayandırmışdır. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə əsasən “Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur”. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 600.1-ci maddəsinin tələbinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MM-nin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. MM-nin 601-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Bundan əlavə, MM-nin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. МM-nin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiə hüququ və bu hüquqla əhatə olunan məhkəməyə müraciət hüququ beynəlxalq hüquqi aktlarda ədalətli məhkəmə araşdırması hüququ kimi geniş əks olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin Vİİ hissəsinə görə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Bu prinsip Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır və bu qaydaya görə işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edir. İşə hərtərəfli baxılması məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması, tərəflərin prosesdə fəallığı, öz mövqeyini müdafiə etmək üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini rədd etməsi üçün geniş imkanlara malik olması ilə təmin olunur. Çəkişmə prinsipi tərəflərin prosessual hüquq bərabərliyi prinsipindən ayrılmazdır. Belə ki, məhz bərabər hüquq və vəzifələr onlara məhkəmə qarşısında çəkişmək imkanı verir. Tərəflərin prosessual hüquq bərabərliyi o deməkdir ki, onlar öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malik olurlar və bərabər səviyyədə konkret prosessual hüquqlarla təmin edilirlər. Tərəflərin prosessual hüquq bərabərliyi prinsipi prosesin bütün mərhələlərində mühüm əhəmiyyət daşımaqla prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır. Bu prinsipin mahiyyəti əslində ondan ibarətdir ki, prosesin istənilən mərhələsində hər bir tərəfə bərabər prosessual imkanlar yaradılmalı, tərəflər prosesdə tam bərabər olmalı, onların hüquqları birbirinə uyğun olmalı və uzlaşmalıdır. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvesiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvesiyasının iştirakçısı və onu 15 aprel 2002-ci ildə ratifikasiya etmiş Dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. «Mahmudov Rusiyaya qarşı» iş uzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, «sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Bundan əlavə, MM-nin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-nin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu göstərir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 100-cu maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, məhkəmə araşdırmaları zamanı iş üzrə tədqiq edilmiş sübutlarla və qeyd edilən münasibətlərə tətbiq edilməli olan hüquq normalarının tələblərinə əsasən belə müəyyən olundu ki, İddiaçı Bərdə rayon tikinti materialları bazarında tikinti materialları satmaqla məşğul olmuş, lakin 2022-ci ilin avqust ayında maliyyə problemləri olduğu üçün iddiaçı tikinti materiallarının satışını dayandırmaq məcburiyyətində qalaraq həmin tikinti materiallarını ucuz qiymətə, yəni maya dəyərindən də aşağı qiymətə satmaq qərarına gəlmiş, bu zaman onun qonşuluğunda tikinti materiallarının satışı ilə məşğul olan Muradov (Muradzadə) Oktay Saday oğlu iddiaçıdan qalan tikinti materiallarının ona satılmasını xahiş etmiş, İddiaçı da bu təkliflə razılaşaraq qeyd edilən tikinti materiallarını ümumilikdə 25000 manata cavabdeh Muradov (Muradzadə) Oktay Saday oğluna satmışdır. Bundan sonra cavabdeh Muradov (Muradzadə) Oktay Saday oğlu qeyd edilən tikinti materiallarının pulunu həmin günü axşam İddiaçı ödəməyə söz versə də bunu etməmiş, lakin 3-4 ay ərzində qeyd edilən məbləğdən ümumilikdə 15200 manat ödəniş etmiş və cavabdehin iddiaçıya ümumilikdə 9800 manat məbləğində borcu qalmışdır. Belə ki, bununla bağlı İddiaçı ilə cavabdeh Muradov (Muradzadə) Oktay Saday oğlu arasında mobil telefon vasitəsilə müxtəlif vaxtlarda müxtəlif məzmunlu danışıqlar olmuş və həmin danışıqlar zamanı Muradov (Muradzadə) Oktay Saday oğlu İddiaçı 25000 manat dəyərində tikinti materiallarını aldığını və onun hal-hazırda İddiaçı 9800 manat borcu qaldığını etiraf etmişdir. Həmçinin, qeyd edilən fakt məhkəmə iclasında dindirilmiş şahid ifadələri ilə də bir daha öz təsdiqini tapmışdır. Bundan sonra iddiaçı cavabdehdən dəfələrlə qeyd edilən pul məbləğinin ona ödənilməsini tələb etsə də hal-hazıradək cavabdeh iddiaçıya olan həmin pulu geri qaytarmamışdır. Ona görə də iddiaçı məcbur olub belə bir tələblə məhkəməyə müraciət etmişdir. Bundan başqa, iş üzrə İddiaçı cavabdeh Muradov (Muradzadə) Oktay Saday oğlundan əlavə xərc qismində 400 manat pulun cavabdehdən alınıb ona ödənilməsini tələb etsə də öz tələbini əsaslandıran halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiyindən, yəni iddiaçı ona 400 manat məbləğində maddi ziyan dəydiyini sübut edə bilmədiyindən məhkəmə həmin hissədə iddia tələbinin rədd edilməli olduğunu bildirir. Qeyd olunanlara əsasən də məhkəmə belə hesab edir ki, iddia tələbi qismən təmin edilərək cavabdeh Muradov (Muradzadə) Oktay Saday oğlundan 9800 manat pulun alınıb İddiaçı verilməsi qanuni və əsaslıdır. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə subutların məcmusuna hüquqi qiymət verib, onda yaranmış daxili inam əsasında belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Muradov (Muradzadə) Oktay Saday oğlundan 9800 manat pul alınıb İddiaçı verilməli və iddia tələbi qalan hissədə isə əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Muradov (Muradzadə) Oktay Saday oğlundan 9800 (doqquz min səkkiz yüz) manat pul alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə isə əsassız olduğundan rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Cavad İbrahimov
Məhkəmə qərarları › İş №2(047)-303/2024
Laçın Rayon Məhkəməsi Qətnamə — İş №2(047)-303/2024
20.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver