Məhkəmə qərarları › İş №2(047)-322/2023

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №2(047)-322/2023

10.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № 2(047)-322/2023 10.04.2023 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı nikahın pozulması və alimentin sabit pul məbləğində tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Laçın Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı iddia tələbinin alimentin sabit pul məbləğində tutulmasına dair hissəsi ayrıca icraata ayrılmış, həmin hissəyə dair yeni mülki iş nömrəsi verilmiş və mülki işin məhkəmədə baxılması xx.xx.2023-cü il tarixə saat 17:00-a təyin olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2006-cı il tarixdə nikahlarını rəsmi qaydada qeyd etməklə ailə qurmuş, həmin nikahdan xx.xx.2006-cı il tarixdə X3 və xx.xx.2010-cu il tarixdə X4 adlı iki uşaqları anadan olmuşdur. Hal-hazırda ailə münasibətləri davam etmir. Uşaqları saxlamaqda çətinlik çəkir. Bundan başqa ailə problemlərinin artması ona çətinlik yaradır. Özünün və uşaqlarının artan tələbatını təkbaşına təmin edə bilmir. Cavabdeh isə öz qazancından uşaqların diqqətəlayiq ehtiyaclarının təmin olunması üçün heç bir vəsait ayrılmasını təmin etmir. Ona görə də məcbur olub məhkəməyə müraciət etmişdir. Odur ki, Cavabdeh xx.xx.2006-cı il tarixdə anadan olmuş X3 və xx.xx.2010cu il tarixdə anadan olmuş X4 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 190 manat, cəmi 380 manat məbləğində alimentin tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı məhkəməyə teleqram vuraraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilib tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırkı işlə bağlı iddiaçının onun iştirakı olmadan işə baxılması xahişini qanunauyğun sayır və mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq mülki işə Cavabdeh iştirakı olmadan mahiyyəti üzrə baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materaiallarını araşdırıb hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli nikah haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, tərəflər arasında olan nikah xx.xx.2006-cı il tarixdə 350 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarına əlavə olunmuş iki ədəd doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2006-cı il tarixdə X3 və xx.xx.2010cu il tarixdə isə X4 adlı iki uşaqları anadan olmuşdur. İş materiallarına əlavə olunmuş mediator Vüqar Cavadov tərəfindən verilmiş xx.xx.2022ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə keçirilməsi nəzərdə tutulan ilkin məcburi mediasiya sessiyasında iştirak etməmişdir. İş materiallarına əlavə edilmiş çıxarışdan görünür ki, Cavabdeh əmlak və gəlirləri barədə məlumat aşkar olunmamışdır. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 2-ci bəndinə əsasən yardıma möhtac olanlara kömək etmək ilk növbədə onların ailə üzvlərinin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideyinlərindən məhkəmə tərəfindən iki uşağa görə qazancının (başqa gəlirlərin) üçdə biri miqdarında aliment tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağı əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həmdə bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə uşaqların saxlanılması ucun alimentin, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş üzrə İddiaçı Cavabdeh qarşı nikahın pozulması və alimentin sabit pul məbləğində tutulması tələbinə dair iddia ərizəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə qeyd edilən hüquq normalarını və iddiaçının ərizəsini nəzərdən keçirib hesab edir ki, Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq aliment tutulmalıdır. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən ölkə üzrə təsdiq edilmiş yaşayış minimumu əmək haqqının, pensiyaların minimum məbləğinin, müavinətlərin, təqaüdlərin, digər ödənişlərin və ünvanlı dövlət sosial yardımın təyin edilməsi məqsədi ilə ehtiyac meyarının müəyyən edilməsinin əsasını təşkil edir. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən, 2023-cü il yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilir. Məhkəmə iddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsində göstərdiyi xüsusatlara hüquqi qiymət verərək belə hesab edir ki, İddiaçı uşaqların yetkinlik yaşına çatan kimi saxlanılması üçün Cavabdeh cəmi 380 manat alimentin tutularaq ona verilməsini tələb etsə, öz tələbini əsaslandıran halları, cavabdehin maddi vəziyyətində baş verən dəyişikliyi, onun aylıq qazancının tələb edilən alimenti ödəməyə maddi cəhətdən imkanının olmağını təsdiq edən sübutları məhkəməyə tam təqdim edə bilməmişdir. Məhkəmə eyni zamanda hesab edir ki, uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən (atadan) tutulan alimentin miqdarı müəyyən edilərkən uşağın maraqlarını və mənafeyini əks etdirən bütün diqqətəlayiq hallar xüsusən nəzərə alınmalı və atanın bir valideyn kimi uşağın maddi cəhətdən təmin edilməsində daha aktiv şəkildə iştirak etməsini səciyyələndirən xüsusatlar əsas götürülməlidir. Alimentin miqdarının müəyyən edilməsi zamanı əsas meyar kimi uşağın maddi təminatının normal səviyyədə təmin edilməsi təşkil etməlidir. Alimentin miqdarını müəyyən edərkən, uşağın tərbiyəsində və saxlanmasında ananın üzərinə daha çox yükün düşdüyünü, bu baxımdan cavabdehin (atanın) uşağın maddi təminatının təmin edilməsində daha fəal iştiraka cəlb edilməsi və habelə cavabdehin maddi vəziyyəti ilə əlaqədar halları nəzərə alınmalıdır. Bu səbəbdən əsas diqqət yetkinlik yaşına çatmamış uşağın mənafeyinə, uşağın maddi cəhətdən təmin olunmasına yönəlməli, eyni zamanada cavabdehin qazancının qeyri-müntəzəm olmasını, Azərbaycan Respublikasında bir uşaq üçün yaşayış minimumunun 220 manat olmasını, həmçinin iddiaçının iddia tələbini və cavabdehin paranoid formada şizofreniya xəstəliyinin olmasını nəzərə alaraq, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2006-cı il tarixdə anadan olmuş X1 və xx.xx.2010-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 130 (bir yüz otuz) manat, cəmi 260 manat sabit pul məbləğində aliment tutulub İddiaçı xeyrinə ödənilməlidir. Bundan əlavə Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-ci maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.1-ci maddəsinə əsasən bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə iş üzrə araşdırılmış subutlara məcmu qaydada hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2022-ci il tarixdən başlayaraq Cavabdeh xx.xx.2006-cı il tarixdə anadan olmuş X1 və xx.xx.2010-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 130 (bir yüz otuz) manat, cəmi 260 manat sabit pul məbləğində aliment tutulub İddiaçı xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməli və qətnamə dərhal icraya yönəldilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-78, 100-cü maddələrini və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. 07 sentyabr 2022-ci il tarixdən başlayaraq Cavabdeh xx.xx.2006-cı il tarixdə anadan olmuş X1 və xx.xx.2010-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 130 (bir yüz otuz) manat, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment tutulub İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə isə rədd edilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar