Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № 2(047)-346/2024 17.04.2024 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizəsini məhkəməyə təqdim edərək xx.xx.2023-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 235 manat və X1 3 yaşına çatanədək saxlanılması üçün əlavə olaraq hər ay 200 manat sabit pul məbləğində aliment tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş və qeyd edilən ərizə məhkəmə tərəfindən mülki məhkəmə icraatına qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirdi ki, o, Cavabdeh ilə xx.xx.2021-ci il tarixdə nikahlarını rəsmi qaydada qeyd etməklə ailə qurmuş, həmin nikahdan xx.xx.2023-cü il tarixdə X2 adlı bir uşağı anadan olmuş, lakin o, xeyli müddətdir ki, uşağı ilə birlikdə cavabdehdən ayrılaraq atası evində yaşayır. Uşağı saxlamaqda çətinlik çəkir. Bundan başqa ailə problemlərinin artması ona çətinlik yaradır. Özünün və uşaqlarının artan tələbatını təkbaşına təmin edə bilmir. Cavabdeh isə öz qazancından uşaqların diqqətəlayiq ehtiyaclarının təmin olunması üçün heç bir vəsait ayrılmasını təmin etmir. Ona görə də məcbur olub məhkəməyə müraciət etmişdir. Odur ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə anadan olmuş X2 adlı uşağının yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin və uşağının 3 yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq mülki işə Cavabdeh iştirakı olmadan mahiyyəti üzrə baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materaiallarını araşdırıb hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Ağcabədi regional Asan xidmət mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli nikah haqqında şəhadətnamənin çıxarışından görünür ki, tərəflər arasında olan nikah xx.xx.2021-ci il tarixdə 468 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarına əlavə olunmuş Ağcabədi regional Asan xidmət mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli doğum haqqında şəhadətnamənin çıxarışından görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2023-cü il tarixdə X2 adlı bir uşağı anadan olmuşdur. İş materiallarına əlavə olunmuş mediator X3 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı və Cavabdeh xx.xx.2024-cü il tarixə saat 14:30-da keçirilməsi nəzərdə tutulan ilkin məcburi mediasiya sessiyasında iştirak etmiş, lakin tərəflər prosesin davam etdirilməsi barədə razılığa gəlməmişlər. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 2-ci bəndinə əsasən yardıma möhtac olanlara kömək etmək ilk növbədə onların ailə üzvlərinin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideyinlərindən məhkəmə tərəfindən bir uşağa görə qazancının (başqa gəlirlərin) dörddə biri miqdarında aliment tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağı əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həmdə bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə uşaqların saxlanılması ucun alimentin, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.1-ci maddəsinə əsasən aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş üzrə İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulmasına dair ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə qeyd edilən hüquq normalarını və iddiaçının ərizəsini nəzərdən keçirib hesab edir ki, Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq aliment tutulmalıdır. Bundan əlavə “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən ölkə üzrə təsdiq edilmiş yaşayış minimumu əmək haqqının, pensiyaların minimum məbləğinin, müavinətlərin, təqaüdlərin, digər ödənişlərin və ünvanlı dövlət sosial yardımın təyin edilməsi məqsədi ilə ehtiyac meyarının müəyyən edilməsinin əsasını təşkil edir. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.2.2-ci maddəsinə əsasən hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iddiaçının məhkəməyə verdiyi izahatında göstərdiyi xüsusatlara hüquqi qiymət verərək belə hesab edir ki, İddiaçı uşağının yetkinlik yaşına çatan kimi saxlanılması üçün Cavabdeh cəmi 235 manat və X1 3 yaşına çatanədək saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsini tələb etsə, öz tələbini əsaslandıran halları, cavabdehin maddi vəziyyətində baş verən dəyişikliyi, onun aylıq qazancının tələb edilən alimenti ödəməyə maddi cəhətdən imkanının olmağını təsdiq edən sübutları məhkəməyə tam təqdim edə bilməmişdir. Məhkəmə eyni zamanda hesab edir ki, uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən (atadan) tutulan alimentin miqdarı müəyyən edilərkən uşağın maraqlarını və mənafeyini əks etdirən bütün diqqətəlayiq hallar xüsusən nəzərə alınmalı və atanın bir valideyn kimi uşağın maddi cəhətdən təmin edilməsində daha aktiv şəkildə iştirak etməsini səciyyələndirən xüsusatlar əsas götürülməlidir. Alimentin miqdarının müəyyən edilməsi zamanı əsas meyar kimi uşağın maddi təminatının normal səviyyədə təmin edilməsi təşkil etməlidir. Alimentin miqdarını müəyyən edərkən, uşağın tərbiyəsində və saxlanmasında ananın üzərinə daha çox yükün düşdüyünü, bu baxımdan cavabdehin (atanın) uşağın maddi təminatının təmin edilməsində daha fəal iştiraka cəlb edilməsi və habelə cavabdehin maddi vəziyyəti ilə əlaqədar halları nəzərə alınmalıdır. Bu səbəbdən əsas diqqət yetkinlik yaşına çatmamış uşağın mənafeyinə, uşağın maddi cəhətdən təmin olunmasına yönəlməli, eyni zamnada cavabdehin qazancının qeyri-müntəzəm olmasını, Azərbaycan Respublikasında bir uşaq üçün yaşayış minimumunun 235 (iki yüz otuz beş) manat olmasını, həmçinin iddiaçının iddia tələbini nəzərə alaraq, məhkəmə belə hesab edir ki, iddia tələbi qismən təmin edilməli Cavabdeh xx.xx.2023-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 170 (bir yüz yetmiş) manat və X1 3 yaşına çatanədək saxlanılması üçün əlavə olaraq hər ay 40 (qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməli və iddia tələbi qalan hissələrdə isə rədd olunmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-ci maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.1-ci maddəsinə əsasən bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə iş üzrə araşdırılmış subutlara məcmu qaydada hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh xx.xx.2023-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində və X1 3 yaşına çatanədək saxlanılması üçün əlavə olaraq hər ay 40 (qırx) manat sabit pul məbləğində aliment tutulub İddiaçı xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməli və qətnamə dərhal icraya yönəldilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-78, 84, 100-cü maddələrini, Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh xx.xx.2023-cü il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 170 (bir yüz yetmiş) manat və X1 3 yaşına çatanədək saxlanılması üçün əlavə olaraq hər ay 40 (qırx) manat sabit pul məbləğində aliment tutulub İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə isə rədd edilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Cavad İbrahimov
Məhkəmə qərarları › İş №2(047)-346/2024
Laçın Rayon Məhkəməsi Qətnamə — İş №2(047)-346/2024
17.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver