Məhkəmə qərarları › İş №2(047)-414/2023

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №2(047)-414/2023

11.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № 2(047)-414/2023 11.12.2023 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində X2 Cavabdeh qarşı 1 ədəd yun darama aparatının (sintepon darayan maşın, qablaşdırma bölməsi ilə birlikdə, tutumu 120-150kq/saat güc 3-0.75 kv. Yize YZKM-200) natura şəklində qaytarılması və məhkəmə xərclərinin cavabdehdən tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində X5 Cavabdeh qarşı 1 ədəd yun darama aparatının (sintepon darayan maşın, qablaşdırma bölməsi ilə birlikdə, tutumu 120-150kq/saat güc 3-0.75 kv. Yize YZKM-200) natura şəklində qaytarılması və məhkəmə xərclərinin cavabdehdən tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, özünüməşğulluq proqramı çərçivəsində vətəndaş Cavabdeh ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 (bundan sonra - Agentlik) Mərkəzi Mühasibatlıq və Təyinat filialı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 2022-ci il 17 mart tarixli, 2022/ÖM/00026 nömrəli müqaviləyə əsasən Agentlik tərəfindən Cavabdeh “Yun darama” zərfinə daxil olan aktivlər, yəni 1 ədəd yun darama aparatı (sintepon darayan maşın, qablaşdırma bölməsi ilə birlikdə tutumu 120-150 kq/saat. Güc 3 + 0.75 kv. Yize YZKM-200) natura şəklində verilmişdir. Tərəflər arasında yuxarıda qeyd edilən əmlakların təhvil verilməsinə dair imzalanmış 2022-ci il 17 mart tarixli aktlarla vətəndaş Cavabdeh “Yun darama” zərfinə daxil olan və istifadəyə yararlı aktivləri əldə etdiyi müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli qərarı ilə təsdiq olunmuş “Özünüməşğulluğun təşkili qaydası”nın tələblərinə əsasən özünüməşğulluq proqramı çərçivəsində şəxslərə verilən aktivlərin təyinatı üzrə istifadə edilib-edilməməsi, habelə istifadənin biznes-plana uyğun olub-olmamasının yoxlanılması ilə bağlı monitorinq keçirilmiş və 24 yanvar 2023-cü il tarixli aralıq monitorinq aktına əsasən Cavabdeh verilmiş “Yun darama” zərfinə daxil olan aktiv, yəni 1 ədəd yun darama aparatı (sintepon darayan maşın, qablaşdırma bölməsi ilə birlikdə tutumu 120-150 kq/saat. Güc 3 + 0.75 kv. Yize YZKM-200) aşkar edilməmişdir. Agentlik tərəfindən vətəndaş Cavabdeh xx.xx.2023-cü il tarixdə verilmiş xəbərdarlıq məktubu ilə monitorinq zamanı aşkar olunmayan aktivlərin natura şəklində Agentliyə geri qaytarılması təklif edilmiş, əks halda məhkəmə qaydasında bərpası istiqamətində qanunvericilikdə nəzərdə tutulan üsul və vasitələrdən istifadə ediləcəyi bildirilmişdir. Qeyd edilən xəbərdarlıq məktubları ilə əlaqədar Cavabdeh tərəfindən hərəkətsizlik göstərilərək maddi aktivin natura şəklində Agentliyə geri qaytarılması təmin edilməmişdir. Hesab edirlər ki, yuxarıda qeyd edilən işin faktiki hallarına görə iddia ərizəsi təmin edilməli, Cavabdeh tərəfindən eyni növlü və keyfiyyətli 1 ədəd yun darama aparatının (sintepon darayan maşın, qablaşdırma bölməsi ilə birlikdə tutumu 120- 150 kq/saat. Güc 3 + 0.75 kv. Yize YZKM-200) natura şəklində agentliyə qaytarılması ilə bağlı qətnamə qəbul edilməlidir. Belə ki, şəxslərə özünüməşğulluq proqramı çərçivəsində verilən aktivlər ilk öncə onların mülkiyyətinə yox, sadəcə istifadəsinə verilməkdədir. Monitorinqlərin aparıldığı dövr ərzində şəxslər onlara verilən aktivlərdən istifadə edərək öz məşğulluqlarını təmin etməli, habelə aktivlərdən istifadənin onun verilmə anında nəzərdə tutulan təyinatından kənara çıxmamasını təmin etməlidirlər. Özünüməşğulluğa cəlb olunmuş şəxslərin fəaliyyətinin yekun monitorinqi zamanı tərtib edilən akta əsasən onların aktivlərdən biznes-plana uyğun istifadəsi müəyyən edildikdə və qanunvericilikdə nəzərdə tutulan 1 (bir) il müddət tamamlandıqdan sonra Agentlik tərəfindən özünüməşğulluq proqramı çərçivəsində verilən əmlakın mülkiyyət hüququ proqrama cəlb edilmiş şəxslərə keçir. Qeyd edilən müddət çərçivəsində şəxslərə verilən aktivlərin özgəninkiləşdirilməsi, habelə əvəzli və ya əvəzsiz qaydada üçüncü şəxslərin istifadəsinə verilməsi nə tərəflər arasındakı münasibətlərin xarakterinə, nə də mülki qanunvericilikdə nəzərdə tutulan mülkiyyət hüququna dair tələblərə uyğundur. İşin faktiki halları üzrə yaranan mübahisənin məhkəmədənkənar həlli məqsədi ilə Agentlik tərəfindən cavabdehə xəbərdarlıq məktubu göndərilərək ya aktivlərin geri qaytarılması və ya dəymiş zərərin əvəzinin ödənilməsi təklif olunsa belə, cavabdeh bu müraciətə münasibət bildirməmiş və nəticə etibarilə tərəflər arasında olan mübahisənin həlli məqsədilə iddiaçı tərəfindən məhkəməyə müraciət edilmişdir. Odur ki, göstərilən halları nəzərə alaraq cavabdehlə iddiaçı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 2022-ci il 17 mart tarixli, 2022/ÖM/00026 nömrəli müqaviləyə əsasən istifadəyə verilən aktivin aşkarlanmaması səbəbindən Cavabdeh tərəfindən eyni növlü və keyfiyyətli 1 ədəd yun darama aparatının (sintepon darayan maşın, qablaşdırma bölməsi ilə birlikdə. tutumu 120-150 kq/saat. Güc 3 + 0.75 kv. Yize YZKM-200) natura şəklində Agentliyə qaytarılması və məhkəmə xərclərinin cavabdehdən tutularaq Agentliyə ödənilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İddiaçı Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində X2 nümayəndəsi X7 məhkəməyə ərizə göndərərək məhkəmə iclaslarını iştirakları olmadan keçirib tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırkı işlə bağlı iddiaçının nümayəndəsinin onun iştirakı olmadan işə baxılması xahişini qanunauyğun sayır və mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, Cavabdeh ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 Mərkəzi Mühasibatlıq və Təyinat filialı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” xx.xx.2022ci il tarixli müqaviləyə əsasən Agentlik tərəfindən Cavabdeh “Yun darama” zərfinə daxil olan aktivlər, yəni 1 ədəd yun darama aparatı (sintepon darayan maşın, qablaşdırma bölməsi ilə birlikdə tutumu 120-150 kq/saat. Güc 3 + 0.75 kv. Yize YZKM-200) natura şəklində verilmişdir. Qəza zamanı qolu sındığı üçün həmin aparatı işlədə bilmədiklərinə görə ailəsinin dolanışığının təmin edilməsi məqsədilə həmin aparatı satmışlar. Bundan başqa o, bildirir ki, araşdırmalarına əsasən həmin aparatın qiyməti 1700 manat təşkil edir. Ona görə də iddia tələbinin qismən, yəni 1 ədəd yun darama aparatının (sintepon darayan maşın, qablaşdırma bölməsi ilə birlikdə, tutumu 120-150kq/saat güc 3-0.75 kv. Yize YZKM-200) özünün və ya həmin yun darama aparatının özünün qaytarılması mümkün olmadıqda isə onun dəyəri olan 1700 manat pulun iddiaçıya qaytarılmasına və iddia tələbinin digər hissələrdə isə rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İş üzrə Cavabdeh isə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli, 2022/ÖM/00026 nömrəli özünüməşğulluğa kömək göstərilməsinə dair müqavilədən və eyni tarixli özünüməşğulluğa cəlb olunmuş şəxsə əmlakın istifadəyə verilməsinə dair təhvil-təslim aktının surətlərindən görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 Mərkəzi Mühasibatlıq və Təyinat filialı özünüməşğulluğa cəlb olunmuş Cavabdeh istifadə etməsi üçün 1 ədəd yun darama aparatı (sintepon darayan maşın, qablaşdırma bölməsi ilə birlikdə, tutumu 120-150 kq/saat. Güc 3 + 0.75 kv. Yize YZKM-200) vermişdir. İşdə olan 24 yanvar 2023 tarixli özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin aralıq monitorinq aktlaından, həmçinin Cavabdeh izahatından görünür ki, özünüməşğulluğa cəlb olunmuş Cavabdeh fəaliyyətinin monitorinqi aparılmış, bu zaman onun istifadəsinə verilmiş 1 ədəd yun darama aparatı (sintepon darayan maşın, qablaşdırma bölməsi ilə birlikdə, tutumu 120-150 kq/saat. Güc 3 + 0.75 kv. Yize YZKM-200) aşkar edilməmiş, habelə cavabdeh həmin aparatı satmış və əldə edilmiş məbləğə 8 baş keçi almışdır. İşdə olan xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh Agentlik tərəfindən verilmiş əmlakı bu məktub ona təqdim olunduğu tarixdən 30 gün ərzində Agentliyə geri qaytarması, bu mümkün olmadıqda isə həmin əmlakın dəyərini məktubu aldığı tarixə olan orta bazar qiymətinə uyğun olaraq hesablanmaqla, Agentliyin xəzinə hesabına pul vəsaiti şəklində köçürməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə olunmuş “X6” MMC-nin xx.xx.2023-cü il tarixli qiymətləndirilmə hesabatından görünür ki, 1 ədəd yun darama aparatının (sintepon darayan maşın, qablaşdırma bölməsi ilə birlikdə, tutumu 120-150kq/saat güc 3-0.75 kv. Yize YZKM-200) hazırkı dövrə olan orta bazar qiyməti 6000 manat likvid dəyəri isə 5500 mant təşkil edir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Həmçinin “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun 24-cü maddəsinin İ, İİ, İİİ, İV və V hissələrinə əsasən işsiz, habelə bu Qanunun 4.1.3cü maddəsində nəzərdə tutulan mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan işaxtaran şəxslərin özünüməşğulluğunun təşkili müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir və özünüməşğulluğun təşkili ilə bağlı məsləhətlərin və məlumatların verilməsi, əmək bazarının təhlili əsasında iqtisadiyyatın sahələri üzrə özünüməşğulluq istiqamətinin seçilməsinə və təşkilinə kömək edilməsi, özünüməşğulluğun təşkili üçün biznes-planın hazırlanmasında yardım edilməsi, o cümlədən təlimlərin keçirilməsi və onların nəticələrinin qiymətləndirilməsi, seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün natura şəklində material, avadanlıq və digər əmlakın (bundan sonra - əmlak) 1 (bir) il müddətinə müqavilə əsasında verilməsi, eləcə də özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin bu Qanunun 24.1.4-cü maddəsində göstərilən müddət ərzində monitorinqi mərhələlərindən ibarətdir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin müqavilə müddəti ərzində monitorinqini (o cümlədən elektron monitorinqini) aparır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, özünüməşğulluğun təşkili üçün verilmiş əmlak özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir. Özünüməşğulluğa cəlb olunmuş şəxs müqavilə müddətində fəaliyyəti ilə bağlı, o cümlədən ona verilmiş əmlaka dair məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə daxil etməlidir. Özünüməşğulluğa cəlb olunmuş şəxs ona bu Qanunun 24.1.4-cü maddəsinə uyğun olaraq müqavilə əsasında verilmiş əmlakdan 1 (bir) il ərzində üzrlü səbəb olmadan istifadə etmədikdə, həmin əmlakı və yaxud onun dəyərini əmlak qaytarılan vaxt müəyyən edilmiş bazar qiymətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) qaytarır. Özünüməşğulluğa cəlb olunmuş şəxs ona verilmiş əmlaka müqavilə müddətində qəsdən ziyan vurduqda və ya həmin əmlakdan təyinatı üzrə istifadə etmədikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq vurulmuş ziyanın əvəzini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) ödəməlidir. Özünüməşğulluğa cəlb olunmuş şəxs bu Qanunun 24.3-cü və 24.4-cü maddələrinə uyğun olaraq ona verilmiş əmlakın dəyərini qaytarmaqdan və ya həmin əmlaka vurulmuş ziyanın əvəzini ödəməkdən imtina etdikdə tərəflər arasında yaranmış mübahisələr məhkəmə qaydasında həll olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2020-ci il tarixli, 168 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özünüməşğulluğun təşkili Qaydası”nın 8-ci bəndinin İ, İİ, İİİ və İV yarımbəndlərinə əsasən agentliyin müvafiq yerli qurumları və ya Mərkəz tərəfindən 1 (bir) il müddətində özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi (o cümlədən elektron monitorinqi) aparılır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, özünüməşğulluğun təşkili üçün verilmiş əmlak təhviltəslim aktı əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir. Özünüməşğulluğa cəlb olunmuş şəxs müqavilə müddətində fəaliyyəti ilə bağlı, o cümlədən ona verilmiş əmlaka dair məlumatları MAS-a daxil etməlidir. Özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi ildə ən azı iki dəfə foto və ya videoçəkilişdən istifadə etməklə aparılır. Monitorinq zamanı özünüməşğulluğa cəlb olunmuş şəxsin ona verilmiş əmlakdan təyinatı üzrə istifadə etmədiyi və ya həmin əmlaka qəsdən ziyan vurduğu aşkar edildikdə, həmin şəxs vurulmuş ziyanın əvəzini Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq Agentliyin hesabına köçürməlidir. Monitorinq zamanı özünüməşğulluğa cəlb olunmuş şəxsin ona verilmiş əmlakdan 1 (bir) il müddətində üzrlü səbəb olmadan istifadə etmədiyi aşkar edildikdə, özünüməşğulluğa cəlb olunmuş şəxs həmin əmlakı Agentliyə qaytarmalı və yaxud onun dəyərini əmlak qaytarılan vaxt müəyyən edilmiş bazar qiymətinə uyğun olaraq Agentliyin hesabına köçürməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Bu Məcəllənin 14-cü maddəsinin İİ hissəsinin İ bəndinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Qeyd olunan Məcəllənin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Sözügedən Məcəllənin 386-cı maddəsinin İ və İİ hissələrinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. Yenə həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443-cü maddəsinin İ və İİ hissələrinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin İ və İİ hissələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Bu Məcəllənin 448-ci maddəsinin İ və İİ hissələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Yenə bu Məcəllənin 450.1-ci maddəsinə əsasən öhdəliyin lazımınca icra edilmədiyi halda dəbbə pulunun və zərərin əvəzinin ödənilməsi borclunu, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin naturada icrasından azad etmir. xx.xx.2022-ci il tarixli özünüməşğulluğa kömək göstərilməsinə dair müqavilənin 4.3-cü bəndinə əsasən özünüməşğulluğa cəlb olunmuş şəxs ona verilmiş əmlaka bu müqavilə müddətində qəsdən ziyan vurduqda və ya həmin əmlakdan təyinatı üzrə istifadə etmədikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq ziyanın əvəzini qanunvericiliklə müəyyən edilmiş qaydada ödəməlidir. İşin faktiki hallarına və təqdim edilmiş sübutlara əsasən məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh xx.xx.2022-ci il tarixli özünüməşğulluğa kömək göstərilməsinə dair müqavilə üzrə özünüməşğulluğa cəlb olunmuş şəxs kimi üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmişdir. Belə ki, edilən xəbərdarlıqlara rəğmən cavabdeh iddiaçı ilə bağlanmış müqavilənin şərtlərinə əməl etməyərək onları əhəmiyyətli dərəcədə pozmuş, sonuncunun əmlakından (1 ədəd yun darama aparatının (sintepon darayan maşın, qablaşdırma bölməsi ilə birlikdə, tutumu 120-150kq/saat güc 3-0.75 kv. Yize YZKM-200)) irrasional şəkildə istifadə etməklə, ona maddi ziyan vurmuş, müqavilənin və mülki qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, sözügedən müqavilənin 3.3-cü bəndinə əsasən əmlakı biznes-planda göstərilən məqsədlə, təyinatına uyğun istifadə etmək, əmlakın verildiyi müddətdə onun saxlanılması, istifadəsi, (yetişdirilməsi və yemləndirilməsi), habelə əmlaka ziyan vurulmasının qarşısının alınması, korlanmaması və ya məhv olmaması üçün bu müqaviləyə əlavə 2-də göstərilən təlimata riayət etmək, əmlakı üçüncü şəxslərin istifadəsinə və sərəncamına verməmək özünüməşğulluğa cəlb olunmuş şəxsin vəzifələrindəndir. Bununla da, məhkəmə hesab edir ki, Cavabdeh öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliyə görə məsuliyyət daşıyır. İşin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, cavabdeh yazılı formada bağlanmış özünüməşğulluğa kömək göstərilməsinə dair müqavilənin şərtlərinə əməl etməməklə, iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmişdir. Bundan əlavə, iddia tələbinin digər hissəsi ilə əlaqədar qeyd edilməlidir ki, iddia tələbinin məhkəmə xərclərinin (dövlət rüsumunun) cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair hissəsi ilə bağlı iddiaçı tərəfindən məhkəməyə hər hansı bir sübut növü təqdim edilmədiyindən, eyni zamanda Cavabdeh məcburi köçkün olduğundan və qanunvericiliyin tələblərinə əsasən buna görə də müvafiq qaydada dövlət rüsumunun ödənilməsindən azad edildiyindən, hazırkı vəziyyətdə tələbin həmin hissədə təmin edilməsi qanunvericiliyin tələblərinə uyğun hesab edilə bilməz və ona görə də iddia tələbi həmin hissədə rədd edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli, 04 nömrəli qərarının 9.2-ci bəndində göstərilir ki, əmlak tələbi barədə iddialar təmin olunduqda gələcəkdə qətnamənin icrasının müəyyənliyini və mümkünlüyünü təmin etmək məqsədilə qət edilən əşyaların hər birinin ayrı-ayrılıqda dəyəri və qət olunan əmlakın cavabdehdən naturada alınması mümkün olmadığı hallarda həmin əmlakın dəyərinin pulla ödənilməsi də qətnamədə həll olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək onda yaranmış daxili inam əsasında belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1 ədəd yun darama aparatının (sintepon darayan maşın, qablaşdırma bölməsi ilə birlikdə, tutumu 120-150kq/saat güc 3-0.75 kv. Yize YZKM-200) özü və ya həmin aparatın qətnamə icra olunan vaxt natura qaydasında qaytarılması mümkün olmadıqda isə onun cəmi dəyəri olan 6000 (altı min) manat pul alınaraq iddiaçı Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində X4 ödənilməli və iddia tələbi qalan hissədə isə rədd edilməlidir. Həmçinin, məhkəmə onu da qeyd edir ki, iddiaçı Azərbaycan Respublikası ƏƏSMNnin tabeliyində X4 iddianın predmetini təşkil edən əmlakın qiymətləndirilməsi ilə bağlı müvafiq rəyin məhkəməyə təqdim olunmasının təmin edilməsi məqsədilə məhkəmə tərəfindən iddiaçı təşkilata müxtəlif vaxtlarda çöxsaylı müraciətlərin edilməsinə baxmayaraq iddiaçı təşkilat tərəfindən qeyd edilən əmlakın qiymətləndirilməsinə dair rəy məhkəməyə təqdim edilmədiyindən, ona görə də məhkəmə tərəfindən müvafiq qiymətləndirilmə ekspertizası təyin edilərək həmin əmlakın qiymətləndirilməsi ilə bağlı müvafiq rəy alındığından və bu prosessual hərəkətlərin edilməsi iddiaçı təşkilatın müəyyən təqsiri üzündən baş verdiyindən, eyni zamanda iddiaçının iddia tələbi qismən təmin edilməli olduğundan iş üzrə keçirilmiş “X6” MMC-nin xx.xx.2023-cü il tarixli qiymətləndirilmə tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində qiymətləndirmə xərcinin 100 manatı Cavabdeh, 100 manatı isə Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində X1 alınaraq “X6” MMC-nin VÖEN **********, "xxxx" ASC kod 201025, M/h: AZ37NABZ**********0 000001944, VÖEN **********, SWİFT AİİBAZ2XXXX H/h: AZ48AİİB400600C**********142 saylı hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1 ədəd yun darama aparatının (sintepon darayan maşın, qablaşdırma bölməsi ilə birlikdə, tutumu 120-150kq/saat güc 3-0.75 kv. Yize YZKM-200) özü və ya həmin aparatın qətnamə icra olunan vaxt natura qaydasında qaytarılması mümkün olmadıqda isə onun cəmi dəyəri olan 6000 (altı min) manat məbləğində pul alınaraq iddiaçı Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində X4 verilsin. İş üzrə keçirilmiş “X6” MMC-nin xx.xx.2023-cü il tarixli qiymətləndirilmə tədqiqatının dəyəri olan olan 200 (iki yüz) manat məbləğində qiymətləndirmə xərcinin 100 manatı Cavabdeh, 100 manatı isə Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində X1 alınaraq “X6” MMC-nin VÖEN **********, "xxxx" ASC kod 201025, M/h: AZ37NABZ**********0000001 944, VÖEN **********, SWİFT AİİBAZ2XXXX H/h: AZ48AİİB400600C**********142 saylı hesabına köçürülsün. İddia tələbi qalan hissədə isə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar